Mədəniyyət Nazirliyinin “porno” senzurası

Mədəniyyət Nazirliyinin “porno” senzurası
16 fevral 2016
# 12:22

Mədəniyyət və Turizm Nazirliyinin İnzibati Xətalar Məcəlləsində dəyişikliklə bağlı məlumatı mediada, sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb oldu.

Məlumatda deyilir ki, mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq milli, xarici və ya müştərək bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi və başqa janrlarda çəkilmiş filmlərin qanunsuz nümayişi, pornoqrafiya və zorakılıq təbliğ edən filmlərin yayımının qarşısının alınması, tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmalı və filmlərin dövlət reyestrinə daxil edilməlidir. Əks halda İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsinə əsasən Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə iki min manat cərimə edilir.

Məlumat yayımlanadan sonra ortaya bir neçə sual çıxdı. Suallardan biri budur ki, bura reklam, sosial çarxlar və digər audiovizual məhsullar da daxildirmi? Yuxarıda da qeyd edildiyi kimi qaydalar yalnız kino növünə daxil olan janrları nəzərdə tutur.

Dəyişikliklə bağlı narahatlıq doğuran digər məsələ, tətbiq olunan cərimənin müstəqil kinoya zərbə vura biləcəyi ilə bağlıdır. Məsələ ilə bağlı nazirliyin Milli filmlərin istehsalı və qeydə alınması sektorunun müdiri Aydın Hüseynov söhbətimizdə ən əvvəl diqqəti ona çəkdi ki, dəyişikliyin əsas məqsədlərindən biri piratçılığın qarşısını almaqdır.

Aydın müəllimin fikrini sadə və ətraflı şəkildə oxuculara izah edim. Yəni heç kəsə sirr deyil ki, telekanalların çoxunda əcnəbi filmlər qanunsuz yolla göstərilir. Kanallar istənilən filmin diskini alır, heç bir qanuna, müqaviləyə söykənmədən həmin filmləri nümayiş etdirir. Yadıma gəlir ki, Kannda yenicə mükafat alan bir film az müddət sonra özəl telekanalda yayımlanmışdı. Halbuki, həmin film heç Avropada prokata belə çıxmamışdı. Üstəlik, yeni çəkilən filmlərin alınması böyük pullar tələb edir. Kanallar isə böyük xərclərə maraqlı olmadığından asan üsul seçərək pirat disklərə üstünlük verir. Bu isə ona gətirib şıxarır ki, kanallar piratçılıq səbəbindən ölkədə yeni çəkilən sənədli, bədii filmlərin nümayişinə, müzakirəsinə maraqlı olmur, həm də özləri müxtəlif janrlarda olan filmlərin istehsal etmirlər.

Teleknallar əcnəbi filmləri nazirlikdə qeydə aldırdıqda onlara yayım vəsiqəsi verilir. Yayım vəsiqəsini almaq üçün isə onlar mülkiyyətçi və ya filmdən istifadə hüququnu ona məxsus olduğunu təsdiq edən sənəd təqdim etməlidir.

A.Hüseynovun sözlərinə görə, qeydiyyatdan keçməklə bağlı dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, “Lider” kanalı istisna olmaqla digər telekanallar buna məhəl qoymayıblar. Və nazirlik qaydaların işləkliyi üçün cərimə mexanizmini tətbiq edilməsini uyğun görüb.

Digər məsələ, kinoteatrlarla bağlıdır. Məlumdur ki, kinoteatrlarda yayımlanan filmlər ya rus, ya da ingiliscə təqdim olunur. Kulisdə bir neçə dəfə bu mövzunu işıqlandırıb. Şərtlərdən biri budur ki, kinoteatrlarda yayımlanan filmlər ya Azərbaycan dilinə dublyaj olunmalı, bu da yoxdursa, ən azı subtitrlərlə verilməlidir. Nazirliyin yayım vəsiqəsini əldə edən kinoteatrlar buna əməl etməyə borcludur.

A.Hüseynovun sözlərinə görə, qanun pirat diskləri satan dükanlara da aiddir. Satılan disklər də dövlət qeydiyyatından keçməli və filmin rəsmi əldə edilməsi haqda nazirliyə müqavilələr təqdim olunmalıdır.

Filmin tamaşaçı auditoriyasının yaş kateqoriyası da Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilir, yayım vəsiqəsində də bu qeyd olunur. Sektor müdiri bildirdi ki, bu günlərdə bir tamaşaçı zəng vurub şikayətləndi ki, kinoteatrlardan birində filmə “18 +” kateqoriyası qoyulsa da, zalda əsasən yeniyetmələr olub. Yəni bu hallar da qanundan kənar qalmayacaq.

Bayaqkı sualmıza qayıdaq:Təzə-təzə təşəkkül tapan kommersiya məhsulları və ya müstəqil art-house filmləri qeydiyyatdan keçmə prosesində, tutalım, hər hansı səhnəyə görə milli mentalitetimizə zidd adı ilə qeydə alınmaya, bu isə subyektiv qərarlara gətirib çıxara bilərmi?

A.Hüseynov dedi ki, mübahisəli məqam yaranacağı təqdirdə təhsil, səhiyyə ekspertlərindən ibarət nümayəndələr qrupu cəlb olunacaq. Müsahibim onu da əlavə elədi ki, elə açıq və ya zorakııq səhnələr var ki, o filmin mesajına, dramaturgiyasına xidmət edə bilər, film o səhnələrsiz mövcud ola biməz. O, misal olaraq “Əsas instinkt” erotik tirllerini göstərdi. Onu da qeyd elədi ki, açıq səhnələrin estetik göstərilməsi də mühümdür.

Filmlərin intermetdə, məsələn, Youtube-da yerləşdirilməsinə nəzarət olacaqmı sualının cavabında müsahibim bildirdi ki, bu istiqamətdə mütəxssislər işləyir və yəqin, hansısa qərarlar qəbul ediləcək.

Məsələ ilə bağlı sorğularda da mütəxəssislərin qeyd elədiyi kimi flmlərin qedyiyyata alınması normaldır. Amma hər halda bu sual aktuallığını itirmir: filmlərdən hər hansı səhnənin çıxarılması zamanı subyektiv amillərdən qaçmaq ehtimalı nə qədər mümkündür?

Məsələn, dünya praktikasında ən sivil cəmiyyətlərdə belə bunlardan qaçmaq mümkün olmayıb. Keçən əsrin ortalarında Amerikada filmlərin prokatı üçün Senzura üzrə komissya lisenziya verirdi. Komissiya alman rejissoru F. Şlöndorfun 1979-cu ildə ekranlaşdırdığı “Tənəkə təbili”nin nümayişinə icazə versə də, Katoliklər Təşkilatı onu uşaq pornosu kimi qiymətləndirdilər, eitraz aksiyaları keçirdilər. Nəticədə filmin yayım lisenziyası ləğv edildi. Halbuki, “Tənəkə təbili” ən vacib filmlərdən sayılır.

Yaxud Otto Premingerin “Qətlin anatomiyası” (1959) filminin nümayişinə Senzura komissiyası ona görə izn vermədi ki, təsvir edilən məhkəmə prosesində “zorlama”, “sperma” sözləri səslənirdi.

Preminger qadağanın götürülməsi üçün məhkəməyə müraciət edir. Məhkəmənin qərarına görə, filmi dəyərləndirmək üçün hər şeydən əvvəl onun orta statistik tamaşaçıya ümumuilikdə necə təsir elədiyini nəzərə almaq lazmdır. Belə qərara gəlinir ki, bu sözlər normal tamaşaçının təcrübəsini üstələyəcək qədər ehtirasa səbəb ola bilməz. Beləliklə, məhkəmə filmin xeyrinə qərar çıxarır.

Yəni onlarla belə nümunə var. Bizdə müəlliflər, prokatçılar analoji problemlə rastlaşacağı təqdirdə məhkəmənin ədalətli qərarına ümid edə bilərlərmi? Pornonun sevgi səhnəsindən, hər hansı sıradan sosial problemin təsvirini dövlətçilik əleyhinə motivdən ayıra bilən obyektiv mütəxəssislərimiz varmı?

Əgər bu qərar işlək olacaqsa, bir açıqlamada dediyim kimi arzulayıram ki, yayım vəsiqəsində belə bir bənd əksini tapsın: Film kino zövqünü korlamamalıdır.

Məsələn, bu bəndə əsasən bir sıra seriallarımızı, nazirliyin sifarişli bəzi filmlərini (“Qatil”, “Cavid ömrü”) estetik zövqsüzlüyü aşıladığına görə nümayişini yasaq eləmək olar. Ancaq İncəsənət Universitetinin tələbələrinə “Filmi belə çəkməzlər” məqsədilə tədris eləmək olar.

Ümumiyyətlə, sənət məsələsi ilə bağlı qərarlarda incə nüanslar çox olur həmişə. Siz filminizi qeydiyyatdan keçirmək istəmirsizsə, onda onu məsələn, telereportaj və ya sosial çarx kimi çəkin. Əsas odur ki, mesajınızı ötürə biləsiz.

# 2099 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
# # #