Hamı nəyisə unutdu və dünya çox gözəl oldu

Hamı nəyisə unutdu və dünya çox gözəl oldu
12 fevral 2014
# 12:48

Rudolf Otto Vimer (Rudolf Otto Wiemer) tanınmış alman şairi, nasiri və dramaturqudur. O, Azərbaycan dilinə ilk dəfə tərcümə olunur.

Kulis.az Vimerin “Belə bir gün idi” hekayəsini təqdim edir.

Xüsusi bir gündə - babam belə danışırdı və xüsusilə gözəl bir gün olduğunu əlavə edirdi – şose yolu ilə bir nəfər addımlayırdı. Qonşusunu məhkəməyə vermək üçün şəhərdəki məhkəməyə getmək istəyirdi. Quşlar oxuyur, günəş şəfəq saçır, fəqət o adam – deyəsən adı Mayer idi, fəqət babam bunu tam olaraq bilmirdi - üzünü turşutmuşdu, çünki əsəbi və kefsiz idi. Yolda gedərkən dəfələrlə hündürdən: “onu məhkəməyə verəcəyəm, məhkəməyə verəcəyəm!” deyirdi. Elə bu məqamda haqqında danışdığı şəxslə, qonşusu ilə qarşılaşdı.

Qonşusu dayandı: “Hər vaxtın xeyir! Hara gedirsən?” deyə onu çağırdı. Mayer başını qaşıdı. Bir müddət düşündü. Sonra təəccüblə qonşusuna baxdı və “Bu... bunu mən... mən...yadımdan çıxarmışam” dedi kəkələyərək.

“Doğrudan?” dedi qonşusu, “Bəs heç olmasa orda nə edəcəyini bilirsən?”

“Bunu hardan bilim?” – Mayer cavab verdi. “Hara getdiyimi unutmuşam”.

Haqlı idi. Ancaq qonşusu sual verməkdə davam edirdi:

“Keçən dəfə mənə yumruq silkələməyinin axırı necə oldu?”

Mayer çiynini çəkdi. Xeyr, heç nə xatırlaya bilmədi. Belə olanda ikisi də gülüşdü, əl sıxışdılar və qucaqlaşdılar. Belə bir gün idi.

O gün çox şey oldu. Məsələn, müəllim uşaqları cəzalandırmaq üçün verəcəyi tapşırığı yadından çıxardı. Əgər vermiş olsaydı, uşaqlar onu yazmağı unudacaqdı. Uşaqlar daş atmağı və bir-birlərinin saçlarını yolmağı unutdular. Ovçu dovşan vurmağı unutdu. Tülkü balaca siçovulları yeməyi unutdu. Oğru oğurluq etməyi unutdu. Yolkəsən soyğunçuluğu, brokonyer meşəbəyinin evinin arxasında tor qurmağı unutdu. Əsgərlər müharibəni unutdu; silahlarını atıb evlərinə getdilər. Bütün küçələrdə gülüşən və bir-birini qucaqlayan, böyüklü-kiçikli, kasıb-varlı, ağlı-qaralı insanlar görünürdü.

İnsanlar indiyə qədər heç qucaqlaşmadıqlarını və bir-birlərinə qarşı kinli olduqlarını unutmuşdular. Qəribə, maraqlı bir gün idi. Gözəl bir gün. Çox təəssüf ki, tez başa çatdı. Sabahısı gün Mayer (hekayə onunla başlamışdı) qəfildən hara gedəcəyini və orda kimi məhkəməyə verəcəyini yenidən xatırladı. İnsanlar bir-biri ilə qucaqlaşmadıqlarını və bir-birlərini xoşlamadıqlarını xatırladılar. O gündən artıq gülmürlər.

Və müəllim cəza məqsədi ilə tapşırıqlar verir. Uşaqlar daş atır və bir-birinin saçını yolur. Ovçu dovşan ovlayır. Tülkü balaca siçovulları yeyir. Oğru öz işindədir. Quldur soyğunçuluq edir. Əsgərlər müharibəyə gedir. Heç kəs başqasını qucaqlamır; heç bir varlı kasıbı, heç bir ağdərili, zəncini. Çünki heç biri azacıq da olsa utanmırlar.

Hər halda hamının beynindəki pis düşüncələri unutduğu gün olmalıdır. Əks halda babam bu hekayəni danışmazdı. Orası da dəqiqdir ki, babam yaşadığı müddətdə (çox yaşayıb) bu hekayəni unutmayıb. Fəqət o bu hekayəni xüsusi olaraq bu sözlərlə tamamlayırdı: “Bəlkə də unutmaq təkbaşına mümkün deyil. Deyəsən başqa şeylər də lazımdır.”

Amma bu “başqa”nın nə olduğunu heç vaxt demədi...

Tərcümə edən: Cəlil Cavanşir

# 2105 dəfə oxunub

Oxşar xəbərlər

Hekayənin qəhrəmanı nə ətdir, nə də balıq - Müzakirə

Hekayənin qəhrəmanı nə ətdir, nə də balıq - Müzakirə

12:00 17 may 2024
Dünyanı dəyişmək mümkün deyilsə, çıxış yolu nədədir?

Dünyanı dəyişmək mümkün deyilsə, çıxış yolu nədədir?

15:00 15 may 2024
Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO

09:00 8 may 2024
"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

15:00 6 may 2024
Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

09:01 6 may 2024
Ərinə itaət edən qadının böyüklüyü

Ərinə itaət edən qadının böyüklüyü

09:00 3 may 2024
# # #