Vakxanaliya mövsümündə Çalıquşu

Vakxanaliya mövsümündə Çalıquşu
10 fevral 2014
# 12:58

Kulis.az Kamal Abdullanın “Vakxanaliya mövsümündə Çalıquşu” hekayəsini təqdim edir.

Camal həkim yorğun-arğın bir halda gəlib təpə üstündəki evinə yetişəndə səhərin gözü hələ açılmamışdı. Üzü həyət qapısına tərəf durub əlini açar üçün cibinə saldı. Bir xeyli bu cibində, o cibində açar axtardı. Arxasında dərin bir dərənin boşluğu vardı və o bilirdi ki, indi dərənin o tayında yaşıl sərv ağaclarının cərgəylə sıralandığı yerdə şəfəq al qan içindəki ciyər parçası kimi sökülməkdədi.

… Biçarə qız palatada gözlərini açan kimi Camal həkimin dərin qırışlı üzünü başının üstünə əyilmiş gördü. Qızın qara, azacıq qan sızmış gözləri ağır-ağır həkimin üzündəki bir qırışdan o biri qırışa gəzdi. "Görəsən, mən hardayam?" – qız düşündü.

Hər şey isə belə başlamışdı.

Axşam düşürdü. İkimərtəbəli, balaca qəsəbə xəstəxanası onu bürüyən qaranlığın içində özü boyda başqa qaranlığa çevrilirdi. Qəflətən xəstəxananın həyətinə sürətlə bir maşın girdi. Cansız, taqətsiz qızı üç kişi maşından çətinliklə endirib az qala əlləri üstdə xəstəxana otağına gətirdirlər. Dedikləri bu oldu ki, qızın evdə birdən-birə halı xarablaşıb, qısa müddət hətta huşunu itirmiş halda özündə-sözündə olmayıb, özünə gəldikdə isə artıq dili söz tutmurmuş.

Qızı xəstəxanaya təhvil verən kişilər içkili idilər və bunu gizlətməyə çalışırdılar. İkisi yaşlı kişi, biri də bir cavan oğlan idi. Qızı palataya yerləşdirəndən sonra tələsik, az qala gizlincə çıxıb getmişdilər. Baş həkim, növbətçi həkimi çağırıb dedi ki, bu işdən, əslində, bu adamlardan heç gözü su içmədi və o, səhər tezdən polis çağırmağı düşünür.

-Mənə belə gəlir ki, qıza təcavüz ediblər. Fikir verdinsə, bədənində qara ləkələr vardı. Döyüblər, elə bil… Bunun dilini hökmən sabaha qədər açmaq lazımdı. -- Baş həkim alnını ovuşdura-ovuşdura belə dedi və sonra başını qaldırmadan, altdan-altdan sual dolu baxışla bu gecə növbətçi həkim olan Camal həkimin üzünə baxdı.

-Əlbəttə, əlbəttə…-- Camal həkim onunla razılaşdı.

"Demək asandı. Damcılıq altında huşu-başı özündə olmayan bir qızcığaz, möcüzə lazımdı ki, heç olmasa, gözünü açsın, dili qalsın hələ bir yana." – Bu cür düşüncə ilə Camal həkim xəstənin palatasına qayıtdı. Xəstəni çarpayıya uzadıb sol qoluna damcılıq keçirmişdilər. O hələ də gözlərini açmamışdı. Huşu özündə deyildi. Gecə növbətçisi tibb bacısı Sədirə xəstənin başı üstdə oturub damcılığa nəzarət edirdi. Sədirənin üz-gözündən yuxu tökülürdü. Camal həkim onu yatmağa göndərdi.

-Mən burdayam. Ehtiyac olsa, səni oyadaram. -- dedi.

Bütün gecəni palatada keçirən Camal həkimin yarıgözü damcılıqda qaldı. Aramla, tələsmədən gombul şüşədəki damcı damcı dalınca yuxarıdan aşağı ucuna iynə keçirilmiş rəngsiz, polietilen boruya düşür, ordan da zavallının sol qolunun venasına taxılmış iynədən bütün canına yayılırdı. Gecə yarısından azacıq keçmişdi ki, qızın göz qapaqları tərpəşən kimi oldu. Qanı qaçmış dodaqları azca aralandı və o, nəsə pıçıldadı. Həkim tələsik əlini atıb xəstənin damcılıqda olmayan sağ biləyini əlləşdirdi, nəbzini yoxladı. Nəbz ahəstə-ahəstə titrəməyə başlamışdı.

…Camal həkim bu qızı görən kimi adını Çalıquşu qoydu. Qızı xəstəxanaya gətirənlər bir-birindən xəbərsiz hərəsi bir ad demişdi. Baş həkimi şübhəyə salan məqamlardan biri də elə bu idi. Cavan oğlan xəstəxananın qeydiyyat şöbəsində anket dolduran qəbul şöbəsinin işçisinə belə cavab vermişdi ki, qızın adı Fəridədi, familiyasını isə bilmir, onun özü hadisə baş verən evdə təsadüfi qonaq olub. İki kişidən biri artıq palatada tibb bacısına demişdi ki, qızın adı, deyəsən, Fəzılədi. O biri başı daz, qaşları ağappaq ağarmış kişinin isə baş həkimə verdiyi məlumata görə qızın adı Aşiqəydi. Aşiqə bu adamların qohumuydu. Özü rayonda yaşayırmış, ailəsi göndərib şəhərə ki, mümkünsə bir iş tapıb işləsin. Danışarkən bu kişinin gözləri civə kimi ora-bura qaçırdı və o, tez-tez dəsmalını çıxarıb tərləmiş boynunun dalını silirdi.

Bu üç kişi qəfildən peyda olduğu kimi qəfildən də yoxa çıxdı. Nə baş həkim, nə də tibb personalı qızın adını xəstəxana dəftərinə nə cür qeyd eləməyi uzun müddət müəyyənləşdirə bilmədi. Camal həkim yarıciddi, yarızarafat belə bir çıxış yolu təklif elədi:

-Burda fikirləşməli bir şey yoxdu ki. Yazın hələlik adını "Çalıquşu", qurtarıb getsin…

-Çalıquşu???

Qeydiyyatdakı qız təəccübləndi, amma bir kəlmə artıq söz demədən xəstənin adını dəftərə elə belə də yazdı.

Və indi Camal həkim çarpayıda büzüşüb qalmış bu taqətsiz, fağır, köməksiz, yazıq qızcığaza baxdıqca qəlbinin yavaş-yavaş ilıq şəfqət hissilə dolduğunu hiss edirdi: "Bu, Çalıquşudu. Özü də əsl Çalıquşudu. Gec də olsa, gəldi."

Bu axşam bir qəribə axşam idi. Palatanın zəif işığı yanmaqdan çox titrəyir, bayırdakı qaranlığın xofu qəlbə qüssə gətirirdi. Gözlərini qızın üzündən çəkə bilməyən Camal həkimin də qəlbinə belə bir qüssə gəlib dolmuşdu. Camal həkim düşünürdü ki, düzmü edib ömrü boyunca həyatına işıq gətirən bir Çalıquşu axtarıb-axtarıb, amma tapa bilməyincə indiyənədək tək-tənha qalıb. Vaxtilə özünü inandırmışdı ki, hardasa onun taleyində bir Çalıquşu var. Bir də ona inanmışdı ki, bu Çalıquşuna həyatda rast gəlmək şərt deyil. Taleyində olan həyatında olmaya da bilər. Camal həkim çoxdan idi ki, onu görmək ümidini büsbütün itirmişdi. Az qala Camal həkim onu unutmuşdu. O zavallı isə budur, gəlib. Qarşısındakı çarpayıda köməksiz bir halda uzanıb qalıb. Təsadüf idimi?! Bəlkə də. Qanunauyğunluq idimi?! Niyə də yox?!

…Çalıquşu gözlərini açıb başının düz üstündə uzunburun, ortayaşlı bir kişi sifəti gördü. Camal həkim diqqətlə qızın üzündə müxtəlif nöqtələrə baxır və çalışırdı anlasın ki, qızın donuxmuş gözlərinə o özü görükür, yoxsa yox…

-Əgər məni görürsənsə, əgər eşidirsənsə, gözünü yum, aç…-- Camal həkim qıza çox həlim bir səslə müraciət elədi.

Əvvəlcə qızın burnuna naşatır, dərman iyi doldu. Sonra o, eşitdiyi əmrə tabe olub gözlərini aydın bir şəkildə yumub açdı. Zəif səslə ancaq bunu soruşa bildi:

- Mən hardayam?

Camal həkim dərindən, rahat nəfəs aldı.

…Gecə yarıdan keçmişdı. Növbətçi həkimdən, yəni, ondan, qonşu palatada hərdən "ah" edib yuxusunda diksinən tibb bacısı Sədirədən və həyətdə oturduğu balaca qarovulçu budkasında gözlərini qaranlığa dikib dərin fikrə getmiş qarovulçu Qədir kişidən başqa xəstəxanada işçi adına heç kim yox idi. Bu gecə heç xəstə də qalmamışdı. Xəstələr yerli camaatdan ibarət idi və qaranlıq düşən kimi yatmağa evlərinə getmişdilər.

Çalıquşunun qolu hələ də damcılıqda idi, amma vəziyyəti dəqiqəbədəqiqə, anbaan yaxşılaşırdı. Yanaqlarına, dodaqlarına qan gəlir, qara gözlərinin dibində işıltı sezilirdi. Sözləri get-gedə aydın və rabitəli olurdu. Qızın anadangəlmə bir şirinliyi vardı -- yavaş-yavaş bu şirinlik üzünə-gözünə, danışığına qayıdırdı. Bir gözü Camal həkimdə, o biri gözü başı üstündəki damcılıqda incə səsilə narahat bir halda eyni sözləri neçənci dəfə təkrar etdi:

-Həkim, vallah mən heç kimdən şikayətçi deyiləm. Gəlin, siz bir yaxşılıq eləyin, buraxın məni, çıxım gedim. Səhər bilirəm, çağırassız, polis gələcək. Nolar, etməyin…

Camal həkim Çalıquşu adlandırdığı bu qızın belə tez yaxşılaşmasından daxili məmnunluq duyur, səsini bir musiqi kimi dinləyirdi. Onlar artıq min ilin tanışları kimi söhbət edirdilər. Yavaş-yavaş, hiss edilmədən söhbət "xəstə-həkim" münasibətindən kənara çıxdı. Qız çəkinmədən qəfil avtomobil qəzasında həlak olmuş əri haqda danışır, atası evində başına gələnlərdən, arzu-niyyətindən, balaca oğlundan söz açır, amma elə ki söhbət dünənki hadisənin və adamların üstünə gəlib çıxırdı, dişləri kilidlənirdi, ağzından yalvarış dolu bu sözlərdən başqa heç bir söz çıxarmaq mümkün olmurdu. Yenə də:

- Siz Allah, həkim, yalvarıram, kömək eləyin mənə, burdan çıxım gedim. Vallah, mən yaxşıyam. Heç kimdən də şikayətçi deyiləm. Mən hökmən burdan getməliyəm, hökmən… – deyib dururdu.

Çalıquşu elə yanıqlı-yanıqlı sısqayıb elə məhzun-məhzun yalvarırdı ki, sanki bütün həyatı bu saat burdan çıxıb getməyindən asılı idi. Onu dinlədikcə Camal həkimin ürəyi yavaş-yavaş yumşalırdı.

-Axı sən mənə Çalıquşu dedin. Niyə dedin? – Qız həkimin tövründə nə isə hiss edib gözlənilmədən "sən"ə keçdi. Səsində şıltaq bir əda yarandı. -- Mən bəyəm o kinodakı aktrisaya oxşayıram? İndiyənə qədər bunu mənə deyən olmamışdı, bilirsən?!

-Yox, oxşamırsan. – Camal həkim gözlərini yana qaçırdı və nə oldu, nə olmadısa, düşündüyünü dilə gətirərək, -- amma hər adamın həyatında bir Çalıquşu olur, -- dedi.

Bu gözlənilməz sözdən sonra qızın gözləri parıldadı və ona sanki yeni həvəs gəldi:

-Kömək elərsən mənə? – Çalıquşu bütün vücudunu sarmış dəli bir ümid içində həkimin canına işləyən mənalı bir pıçıltıyla soruşdu.

-Yox, bunu eləyə bilmənəm. Burdan çıxmaq asan deyil. Səni qeydiyyatdan keçiriblər.

Bunu eşidən Çalıquşunun gözlərindən yaş bir an içində bulaq suyu kimi axıb getdi. Səssiz-səmirsiz ağlayan Çalıquşunu qəhər az qala boğurdu. Ona baxdıqca adamın ürəyi elə sıxılırdı ki… Camal həkim qızın bu əzablı halına dözmədi. Biixtiyar damcılıq altındakı əlini əlinə alıb tumarlamağa başladı. Qız sakitləşdi. Hıçqırığı kəsildi. Camal həkimə elə gəldi ki, Çalıquşu onun əlini yüngülcə sıxan kimi oldu. Həkimin qəlbi sürətlə döyündü və o, qızın əlini buraxdı.

Nəhayət, xeyli tərəddüddən, düşünüb-daşınandan sonra Camal həkim bir qərara gəldi. Qızın qarşısına şərt qoydu:

-Bəsdi, ağlama, -- dedi. -- Sən mənə dünənki əhvəlatı olduğu kimi danış, mən də burdan çıxıb-çıxmamağın barədə bir qərara gəlim. Razısan?

Qızın qəlbinə yenə haman dəli ümid gəlib doldu və tezcə də yox oldu:

-Sən mənə onsuz da inanmırsan ki… İnanırsan mənə? -- O, məlul-məlul həkimə baxdı.

-Bilmək olmaz. Bəlkə hələ fikrimi dəyişəcəm?! -- Camal həkim birdən-birə kallaşmış bir səslə qıza cavab verdi. Özü də təəccüb elədi ki, səsi niyə bu cür dəyişdi.

Çalıquşu içini çəkdi. Qızın, elə bil, gözləri açıldı. Əlini atıb üzünə tökülmüş telini tələsik yana yığdı:

-Başa düşdüm. Nə istəsən, elərəm. İstəyirsən… qapını bağla…

Çalıquşunun gözəl gözləri bir an içində dəyişib şəhvətdən axdı. Səsi ehtirasla doldu. Adyal altda vücudu tərpəşdi. Camal həkim təəssüflə düşündü ki, o bais oldu qızın bu cür dəyişməyinə.

Çalıquşu dərin bir maraq içində idi, alışıb-yanan gözlərini həkimin üzündən çəkmirdi. Təklifinə cavab gözləyirdi. Bu dəfə qaşları çoxmənalı bir şəkildə yuxarı dartıldı və o, işvəli-işvəli gülümsədi:

-Peşman olmassan…

-Olmaq üzrəyəm. – Camal həkimin səsindəki quruluq hər şeyi əvvəki düzənə gaytardı. Qonşu palatadan tibb bacısı Sədirə yuxusundaca diksinib dərindən bir "ah" çəkdi, mürgülü-mürgülü kiməsə deyindi, sonra təzədən yuxuya getdi.

Çalıquşunun adyal altdan çıxmağa hazır baldırı adyal altdaca yaxşı-yaxşı gizləndi. Qız əlacsız bir halda başını yenə yastığa atdı. Göz yaşları yenə biixtiyar axdı. Camal həkim stolun üstündən bint götürüb onun gözlərini, üzünü səbrlə, ehmal-ehmal silməyə başladı.

-Mən batdım, mən bədbəxt oldum… Mən onu bir də görməyəcəyəm. – Çalıquşu qəhər içində öz-özünə pıçıldadı.

-Sakit ol, özünə gəl… Kimi görməyəcəksən?

-Oğlumu! Körpəmi! Kimi…

-Sən hələ bir söylə, razısan mənim şərtimlə? – Camal həkim ciddi tərzdə soruşdu.

Qızın gözlərində sual yazıldı.

-Sən mənə dünən baş verəni, olub-keçəni danışırsan…-- Camal həkim yada saldı.

Çalıquşu həkimə baxıb "başqa əlacımmı var?" düşündü.

-Başqa çıxış yolun onsuz da yoxdur. – Çalıquşunun beynindən keçənləri Camal həkim dilinə gətirdi.

Çalıquşu yanıqlı bir ah çəkərək başına gələnləri yavaş-yavaş ona danışmağa başladı:

-Bilirəm ki, nədən başlayım, bilmirəm. Mənim atam bir kasıb kişidi, bazara gedib-gəlir, onun-bunun əlinə baxır… İndi mən onu başa düşürəm. Dedi ki, Salehlə danışmışam, söz verib sənə kömək eləyəcək, uşağı tapacaq. Ərimin ailəsi ərim öləndən sonra məni rayona atamgilə göndərəndə min bəhanəylə uşağı məndən saxlamışdılar. Beş il... – Çalıquşu acı-acı gülümsədi, -- beş il ilim-ilim itib yoxa çıxdılar. Əjdərin qəfil ölümü bir tərəfdən, oğlumun dərdi bu biri tərfdən… Əlim heç bir işə yatmırdı. Atam narazıydı, istəyirdi, məni təzədən ərə versin, anama deyirdi, xalxln qızları yıxılmış evin dirəyidilər, özlərinə də, ailələrinə də gün ağlayırlar. Bu isə ağlamaqdan başqa bir iş bilmir... Sənsə deyirsən Çalıquşu…-- Son sözləri həkimə ünvanlayandan sonra həmən istehzalı, acı təbəssüm yenə qızın dodaqlarına qondu.

-Saleh kimdi? – Camal həkim soruşdu.

-Məni bura gətirən… dazbaş… Atamın köhnə müdiri.

-Əvvəlcə Çalıquşu atasının bəzi sözlərini dilə gətirib həkimə söyləmək istəmirdi, amma nə düşündüsə onları da danışdı. Atası ona eşitdirə-eşitdirə anasına belə demişdi:

-Bəsdi yatıb-yatıb un çuvalına tay oldu. Ölənlə ölməzlər. Adam kimi ərə getməyi düşünsün. Odu, Saleh, köhnə müdirümüz, hər dəfə şəhərdən gələndə deyir. Heç nəyə baxmanam, bu dəqiqə alaram onu deyir. Məni Salehə sırımaq atamın köhnə dərdi-səri idi. Mən bədbaxt başımı götürüb Əjdərlə altı il əvvəl qaçmasydım, bu hələ o vaxt məni Salehə satasıydı. Mənsə Əjdəri sevmişdim, Əjdər də məni. Nə onun ailəsi razı idi bu işə, nə də mənim ailəm. "Götür məni, qaçaq gedək…" Əjdərə dedim. Qaçdıq, getdik. Allah verdi cəzamızı. O öldü, mən qaldım.

Çalıquşu artıq özü də anlamırdı ki, nə üçün ürək qızdırıb ən məhrəm, ən gizli sözlərini, söz hələ nəydi, düşündüklərini ilk dəfə gördüyü bu həkimə söyləyir. Ürəyi elə bil, çoxdan idi yük altında əzilirdi, o da indi bu yükü bir-bir çıxarıb atır, atdıqca yüngülləşirdi. "Bəlkə insafa gəldi, üzündən, gözündən pis adama oxşamır, gözütoxdu, tamahsızdı…" Belə düşünüb Çalıquşu yenə də ümidlə sözünə davam etdi:

-Sabah balamı gətirməlidilər mənnən görüşə. Bağrıma basıb aparacam onu. Hara? Necə? Bilmirəm. Dazbaş söz verib. Bir ay mənim evimdə qal, dedi, sənin işini düzəldim. Yerin dibindən tapdıracam oğlunu, dedi. Dünən bir ay tamam idi. Bu bir ayda mən bunun evində görmədiklərimi gördüm. Şəhər evində də, bağ evində də hər gün həngaməydi. Cürbəcür qadınlar, kişilər… Elə bil, dünyanın sonuydu. Gecə yox idi, gündüz yox idi. Bir arzu-kamla sabahın gözü açılmamış kef məclisi qururdular ki, sanasan, hər yaşadıqları gün bunlar üçün axırıncıdı, elə bil, qadın nədi, heç doyunca çörək üzü də görməyiblər. İnsan nə qədər yeyərmiş?! Nə qədər içərmiş?! Bu boyda malın-dövlətin başından aşa, gözün yenə də ac qala… Hamısı elə bil, dəli olmuşdu. Kim kimlə yatıb dururdu, bilinmirdi. Bu bir ayı elə bildim, əməlli-başlı dəlixanadayam. Dostları danışırdı ki, Saleh, tutulmamağının kefini çıxarır… Salehin şəhərdə böyük vəzifəsi vardı, işdən qovmuşdular, amma özünə dəyməmişdilər.

-Sən bir soruş, bəs mən necə oldu gəldim bunun evinə?! Məni bunun evinə öz ailəm göndərdi. Bir gün, olardı, təxminən, bir ay bundan əvvəl atam bazardan qayıdıb evin içində var-gəl eləyə-eləyə anamla xosunlaşdı. – Çalıquşu davam etdi. -- Dedi, hayıfdı ona Allahın verdiyi bu gözəllik. Bir qız baxdıqca göz oxşayan yaşıl bir zəmi kimidi. Amma o yaşıl zəmiyə gərək yaxşı-yaxşı yağış yağa, suyu bol ola, sahibi karlı ola. Bir söz, Saleh şəhərə çağırır bunu. Deyir, uşağı da tapacam, lap istəsə ikinci arvad kimi siğə də elərəm.

Salehin uşağımla bağlı verdiyi söz səbrimi tükətdi. Tənələrə, atmacalara da dözəsi halım qalmamışdı. Anama dedim, razıyam, şəhərə getməyə. Salehdi, nədi, o dazbaşın adresini verin mənə. Yox, dedi, özüm səni aparacam. Anam məni gətirdi bunun evinə. Necə deyərlər, əldən-ələ təhvil verdi. – Çalıquşu yenə hıçqırdı. --…Məni dünən qovmaq istəyirdi. Döydü, söydü, alınmadı. Verdiyi sözdən axırıncı gün qaçırdı. Amma qaça bilməz. Bu bir ayda haqqında o qədər şeylər öyrənmişəm ki… Üzünə dedim, öldürsən də məni, sabah uşağımı görüb sonra öləcəm. Hünərin var, gətirmə uşağı. Ürəyimə damıb, sabah körpəmi görəcəm. Sən axı bir yaxşı adamsan… Çıxar məni burdan. Qoy bir balamı tapım, istərsən, apar məni evinə, ömür boyu bir qəpiksiz qulluqçuluğunu elərəm. Bir qarın çörəyə. Eləmərəm?! Elə elərəm…-- Çalıquşu gözlərini yana qaçırdı.

Camal həkimin ürəyi yarpaq kimi titrədi.

-Sənin dərdin bilirsən, nədi?! Sən ölümdən qorxmursan. Bilirsən ki, bu adamlar səni öldürə biləllər, amma yenə də qorxmursan. Bu, məni üzür. -- Camal həkim, nəhayət, bir qərara gəldi və qətiyyətlə ayağa qalxdı.

…Zülmət qaranlığın içində qarovulçunun həyətdəki budkasına çatanda Çalıquşu bərk-bərk ona sığındı. Bütün vücudu əsim-əsim əsirdi. Camal həkim düşündü, bəlkə qızdırmadı. Amma yox, Çalıquşu həyəcandan beləydi.

-Aç qapını, Qədir kişi, Sədirədi, ötürək, getsin evinə. Səhərdən bütün günü ayaq üstündə olub. Çox yorulub.

-Xəstə qız özünə gəldi? Çalıquşu? – Qədir kişi fikirli-fikirli "Sədirə"yə ötəri nəzər salıb Camal həkimdən soruşdu.

-Yox hələ, özünə gəlməyib. Yatır…

Qarovulçu Qədir kişi pəncərənin dalından hansısa düyməni basdı və qapı açıldı. Sədirə -- Çalıquşu Camal həkimin əlini bərp-bərk sıxdı, üzünü Qədir kişidən gizlədərə-gizlədə bir anın içində dar keçiddən özünü bayıra atdı və qaranlığın içində əridi. Bu elə tez baş verdi ki, Camal həkim mat-məəttəl qaldı. Sanki Çalıquşu heç əzəldən yox imiş. Bu adda bir adamı, elə bil, bu axşam bu xəstəxanaya gətirib eləməmişdilər.

… Camal həkim yaşadığı evin qapısı ağzına çatanda Çalıquşunun vida zamanı ona dediyi son sözləri düşünürdü. Qədir kişinin budkasına çatmamış ikisi də eyni zamanda ayaq saxladı. Başlarının üstündə çox yaxınlarda özünə yer eləmiş ulduzların işığından gizlənərək şam ağaclarının qaranlığına çəkildilər. Ağlamaqdan qızarmış gözlərini gizlətməyə çalışan Çalıquşu bütün vücudu ilə Camal həkimə qısılaraq üzünü onun köksünə sıxdı. Bir müddət beləcə dayanıb durdular. Çalıquşu pıçıldadı:

-Sən özünə dərd eləmə. Mən yaşaya bilmirəm. Bilsəydim, ölümdən qorxardım.

Camal həkimin evi yerləşən təpənin üstündə, arxasındakı dərənin boşluğunda hər tərəf sükut içində idi. O, səhərin gözü açılmamış səs salmamağa çalışıb küçə qapısını ehtiyatla açdı. İçəri girərkən beynindən sürətlə bu fikir keçdi: Çalıquşunu görmək bir daha ona nəsib olmayacaq. "Bəlkə də belə yaxşıdı…" düşünüb dodağının ucu ilə gülümsədi. "Niyə belə yaxşıdı?" sualına cavab aramaq istəmədi. Taqətsiz idi. Birdən-birə hiss elədi ki, bütün vücudu çoxdan, lap çoxdan qupquru quruyub, anladı ki, bunun səbəbi var, çünki çox güman əvvəlcə ruhu vücudunu tərk edib və beləliklə, içi bombalanboş qalıb, sonra isə o özü, özü boyda bir qaxaca çevrilib… Camal həkim hələ də gülümsəyirdi.

"Məni yaşıl bir zəmini uçan quşlardan qorumaq üçün taxtaya keçirib əllərimi yana mıxlayasan və torpağa sancasan…"

SON

# 3619 dəfə oxunub

Oxşar xəbərlər

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

21:00 25 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
# # #