Qadının ağzından səssizcə küçəyə adlamaq

Qadının ağzından səssizcə küçəyə adlamaq
27 noyabr 2013
# 13:47

Kulis.Az Nicat Məmmədovun tərcüməsində rusdilli müasir özbək şairi Şəmşad Abdullayevin şeirlərini təqdim edir.

Vadidə. 1976 il

Kişi incə danışırdı, incədən də artıq.

Qadın şəhadət barmağı ilə laqeyd-laqeyd

onun sözlərinin sabun köpüyünü deşdi.

Kişi vəcdlə danışırdı,

antik teatrdakı korifey kimi.

Qadın gülüşü ilə

onun məhrəm səmimiyyətini puç etdi.

Nəhayət kişi “Duin elegiyaları”ndan

bir neçə sətir söylədi.

Qadın əsnədi – yenə də və yenə də...

Kişi səssizcə onun ağzının içindən

küçəyə adladı.

Pazolini ətrafında

On dörd ya da on beş yaşın olanda

sənin qardaşlarına, məktəb və məhəllə yoldaşlarına

oxşamayan birisi

mütləq taleyinə daxil olur. O yaşca səndən böyükdür,

ona görə də

sənə qarşı ədavət bəsləmir. Ən

maraqlısı odur ki, o heç də səndə qüsur

axtarmır, –

bu təsiredicidir. Günəşlə dolu ilk görüşün açılışı.

Sonra –

onun səbəbsız və ciddi qayğıkeşliyindən

tükün ürpəşir...

Yol kənarı. Ucqar məhəllələrin tozuna batmış pəncərələr.

Külək yaşıllığı aramsız yelləyir, və aramsızlıq

burada bu yerin bir parçası kimi lövbər salır.

Öz kiçikliyini yavaş-yavaş biləcəksən – özün.

Və nəbadə bu tanışlıq barədə dostlarına danışasan:

səsin dəyişəcək, sanki səni bir anlıq cərəyan vurub,

və elə bil sənin “mən”in indi haradasa kənardadır,

və sən onu – yenidən – həyəcanlanman keçməyincə, öz içinə çəkmək

gücündə deyilsən. Utanırsan səsin yad,

o qədər yad olanda ki, hətta haqqında

inadla belə düşündüyün şey

sənin yaşıdlarının qavramağa hazır olmadığı

başqa birisi ola bilərsə.

Budur, sən boş küçə ilə yavaş-yavaş uzaqlaşanda

elə hey dönüb onlara baxarkən

onların üzündəki ifadə dəyişir.

Köhnə ev

Özgə səs: asta külək

və günəş. Qarışqalar tale xəttinin

yanında qaynaşır, sanki sözsüz filmi

şəffaf havaya göstərirlər. Əl və ənginlik:

sadə zənginlikləri unudursan. Axşamüstü,

namaz köhnə otaqlar üstündəki sarılaşan havanı açır. Pişik

tək əli ilə dua edən şiə kimi salavat çəkir.

Yay mücərrədliyində iqlim dəyişir və işıq

ilan sükutunu ikiyə bölür.

Çıxış?

Adsız

Düz təpəsində - səma kimi iri göz

Dağ onun nəhəng bədəni altında

güclə tarazlığı qoruyur

İndi gecədir

O öz geniş və qaranlıq mağarasında şirin-şirin uyuyur

Bir neçə dəqiqədən sonra müdrik Uliss

onu kor edəcək və biz tanrıların zəifliyinə təəccüblənərək

yenidən çiynimizi çəkəcəyik

Ortada

Çırağı və parlaq sözləri söndürmək.

Güldan gözünü öz dibinə dikib.

Ayaqaltda caz işarıb

sənin süurunla musiqi arasında

çat salır.

Tiryək-ölüm yer sürüşməsi kimi

qana yuvarlanır.

Dərviş, dərviş, sən öz param-parça olmuş

səndəllərinə hörülmüş yolla gedirdin.

Qatılaşır qızmar yay – səni təkcə o

həlak etmədi. Yol. Kafedə səslənir

Mayls Devis. Sarışın saksofonçunun alnından

boğucu tər axır. Yeganə güzgünün çərçivəsindən

rəqs edən cütlüklərin siluetləri həzin-həzin

bir-birini sıxışdırır, amma heç kim

bu həzinliyi sıxışdırmağa qadir deyil. Qaradərili

pianoçu çalğını bitirib

qeyri-ixtiyari iki dəfə qışqırdı, sanki bu sayın özü

musiqini bitirdi. Bir azdan –

yuxusuz gecə. Səhər alatoranlığında yol bomboşdur,

kimsəsizdir, hərçənd

onlarca gənc avara bu zaman

dolaşır hər yanda. Marşrutsa dəyişmir.

Naturadan

Mavi pəncərələr, boz divarlar, üfüqün

güclə sezilən xətti; qapı çırpıldı və

qırmızı dodaqları yandıran ənginlik qabağa atıldı.

Çürüyən torpağın tünd qoxusu. Daş damarlara

söykənib susduq – intihar

edənlər kimi. Öləziyir

paslanmış tələ. Kərtənkələlər

köhnə əşyaların solğun varlığı rəngindədir.

Məkana

ağır-ağır çırkli qarğalar yapışır, onları burada

qızmar səhrada qədim dildəki

sözlərlə qovlamaq lazımdır. Gülləni gicgaha...

istərdin? Yox, indi yox;

yaşlandıqca sənin üçün şəffaflaşır, durulur

həyatın sirləri. Qatılaşdı sükut – barbarların peyda olmasından

bir saat qabaq Əbədi şəhər susduğu kimi.

Torpaq

diksinməyə cürət etmir. Ancaq qarışqa barmaqların

arasını

qıdıqlayır,

bir də Əzrayıl gözləyir.

# 2282 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
# # #