Fikrət müəllim, təşəkkür edirəm, amma...

Fikrət müəllim, təşəkkür edirəm, amma...
20 aprel 2016
# 09:00

Kulis.Az Fikrət Qocanın açıq məktubuna Mirmehdi Ağaoğlunun cavabını təqdim edir.

Hörmətli Fikrət Qoca!

Məktubunuzu oxudum. Əvvəla, yaşınızın bu çağında “Bu gün səbr elə” kitabını çox qısa müddətə oxuyub, üstəlik təqdir edərək mənə məktub yazdığınız üçün sizə təşəkkür etmək istərdim. Deməli, AYB rəhbərliyində oturanlar bizim düşündüyümüz qədər də “fəaliyyətsiz” deyillərmiş. Deməli, bu yaşlı vaxtlarında da oxuyurlarmış, mütaliə edirlərmiş, çağdaş Azərbaycan ədəbiyyatını izləməyə çalışırlarmış. Sizin də məktubunuzda, dediyiniz kimi, hələ enerjili imişlər.

Elə bu həssasiyyətiniz, bu çevikliyiniz üçün bir neçə məsələyə açıqlıq gətirmək istədim.

Məktubda qeyd etdiyiniz kimi müsahibədə sizə təxminən belə bir sual vermişdim: “Siz də, Anar müəllim də qocalmısız, niyə vəzifədən çıxıb getmirsiz?”

Fikrət müəllim, mənim nə sizin, nə də Anar müəllimin vəzifəsində gözüm var. Lap gözüm olsa belə məni heç kəs aparıb o vəzifəyə qoyan deyil. Bu sadə həqiqət hamı kimi mənə də aydındır, sizə də. Bəs ilin-günün bu vaxtı o sualı niyə sizə verim? Heç bu barədə düşündünüzmü?

Gəlin, bu barədə fikirlərimi deyim, mənzərə bizə də aydın olsun, elə bu məktublarımızı oxuyan oxuculara da!

Fikrət müəllim,

1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibisiniz. Şiddətlə müdafiə etdiyiniz dostunuz Anar isə 1987-ci ildən bu qurumun sədridir. Bu illər ərzində sizin rəhbərlik etdiyiniz qurum Azərbaycan ədəbiyyatı üçün ciddi nələr edib?

Əlbəttə, indi siz mənim üçün statistika tutub uzun-uzadı bir siyahı təqdim edə bilərsiniz. Bu cür “pambıq pripiska”larını bütün təşkilatlarda hazırlayırlar. Nəticə isə göz qabağındadır. 1987-ci ildən bu yana Azərbaycan ədəbiyyatı bircə addım addımlayıb demirəm, heç olmasa saat kəfkiri kimi yerində dəbəribmi?

Yox!

Əvəzində biz daim bu qurum ətrafında intriqalar, qalmaqallar görmüşük. Hər dəfə də gənclər sizdən hesabat, vəzifədən getməyinizi tələb edəndə, AYB-nin artıq işə yaramaz qurum olduğunu söyləyəndə şiddətlə özünüzü və qurumunuzu müdafiə etmisiz. Hələ üstəlik deyirsiniz ki, keçmiş sovet ölkələrində, hətta Rusiyada yazıçılar birliyi dağılıb, parçalanıb, biz isə bu qurumu qoruyub saxlaya bilmişik. Fəaliyyətsiz bir qurumu kimin üçün, nə üçün saxlayırsız, muzeyə təqdim etməyə eksponat hazırlayırsız?

Son 30 ildə dünya ədəbiyyatında baş verən dəyişiklərin Azərbaycan ədəbiyyatına da təsir etməsi üçün, Azərbaycan ədəbiyyatının da dünya ədəbiyyatının tərkib hissəsinə çevrilməsi üçün nələr etmisiz?

Sizin qurum dünyadakı ədəbi yeniliklərin ölkəmizdə əks olunması üçün hansı addımı atıb?

Allah bizə göydəndüşmə şans yetirib. Dili dilimizdən, mədəniyyəti mədəniyyətimizdən olan Orhan Pamuk kimi bir yazıçı Nobel mükafatı alıb. Onu Azərbaycana dəvət etmək, master-klasslar təşkil etmək, onun Azərbaycan yazıçıları ilə görüşünü keçirmək AYB-nin əlində “iki vur iki” olardı. Amma siz deyin, Orhan Pamuku qurultaydan sonra bircə kərə Azərbaycana dəvət etdinizmi? Yox. Orhan Pamuku keçdik, bəs Rusiyadan, Gürcüstandan hansı tanınmış yazıçıları ölkəmizə dəvət etdiniz?

Anarın və sizin AYB-nin rəhbəri olduğu bu illər ərzində nə qədər kitab mağazaları bağlandı, yazıçıların kitab çap etdirmələri, yaymaları katorqa əməyinə çevrildi. Amma sizin qurum özünü qabağa verib həyəcan təbili çaldımı? Məktubda da qeyd edirsiz ki, qoca olanda nə olar, enerjilisiz. Lap yaxşı. O zaman dünyada son 30 ildə istifadə olunan yeni ədəbi metodların hansındansa xəbəriniz varmı, onun Azərbaycan ədəbiyyatına tətbiq olunmasına cəhd etdinizmi?

Bu illər ərzində özünüzdən başqa kimləri xaricdə çap etdirdiniz?

Gənc qələm adamlarının stimullaşdırılması üçün hansı işləri gördünüz?

Başında əyləşdiyiniz qurum gənclərə hansı ciddi dəstəyi əsirgəmədi?

Onlara verilən təqaüdü deyirsinizsə özünüzün də dəfələrlə etiraf etdiyiniz kimi, gənclər o mükafatı almaq üçün üzv olurlar, təqaüd bitəndən sonra AYB sıralarını tərk edirlər. Yəni bu işiniz də səmərəsizdir!

Əvəzinə mənə deyirsiniz ki, istedadlısan, amma özün özünü doğurmalısan, yazıçı olmaq üçün qarşıda səni ağır yol gözləyir.

Hörmətli, Fikrət müəllim. Əgər sizə oturduğunuz AYB kabinetinin pəncərələrindən Azərbaycanın gənc yazıçılarının hazırkı durumunu görmək çətinlik yaradırsa mən sizə bu mənzərəni qısaca rəsm edim:

Bizim siz və sizin həmyaşıdlarınız kimi gedib “Qorki”də oxuyub ədəbiyyatın incəliklərinə vaqif olmaq, ədəbi ezamiyyətlərə getmək şansımız olmayıb. Bizim uşaqlığımız və gəncliyimiz Sovetlərin dağılması, müstəqilliyin əldə olunması kimi keşməkeşli bir dövrə təsadüf edib. Bir də ayılanda görmüşük ki, sosial qayğılar göy qübbəsi kimi üstümüzə gəlir və biz də Atlas əzəməti göstərərək bir əlimizlə o sosial qayğıları üstümüzə çökməsin deyə tutub saxlamalı, o biri əlimizlə yazmalı idik. Bizim uşaqlıq, gənclik illərimizdə dünya ədəbiyyatından tərcümə olunan kitablarımız da yox idi. Üstəlik, o qarışıqlıq illərində məktəbdə doğru-düzgün bir xarici dil də öyrənə bilməmişdik. Deməli, imkan tapıb dil də öyrənməliydik ki, xaricdə çap olunan əsərləri, bizim dilimizə hələ yüz il sonra çap olunacaq müasir yazıçıların əsərlərini oxuya bilək, çağdaş dünya ədəbiyyatından xəbərdar olaq.

Uzağa getmirəm, bizdə Gürcüstanda olduğu kimi gənc yazarlar dövlət və ya başqa qurumlar hesabına xaricə təhsil almağa və yazıçılıq ezamiyyətlərinə göndərilmir, Frankfurt, London, İstanbul və başqa nəhəng kitab yarmarkalarında iştirakları təmin olunmur.

Biz nə ediriksə, nə yazırıqsa, nə qazanırıqsa öz əməyimiz hesabına gecə-gündüz çarpışaraq əldə edirik. Əgər dünyanın sivil ölkələrində yazıçı təkcə kitabı yazmaqla kifayətlənirsə biz hətta onun çap məsələləri, yayımı ilə də məşğul oluruq. Bəzən yazdığımız əsərləri zənbillərə doldurub kitab mağazalarını gəzirik, mənasız bulvar ədəbiyyatları satan satıcılara yaxınlaşıb boynumuzu bükərək kitabımızı satmasını xahiş edirik.

Bizə sizlər kimi dövlət kitablarımızı yüz minlərlə tirajla çap edərək satıldı-satılmadı yüksək qonorar verməyib. Biz nə eləmişiksə öz gücümüzə eləmişik.

Orhan Pamuk deyir ki, yazıçılıq iynə ilə gor qazmaq kimidir; bizim iynəmiz küt oldu, gorumuz dərin.

Bütün bu zülüm-zillətdən sonra ortaya qoyduğumuz əsərləri hələ kamil hesab etmirsinizsə, üstəlik çox işləməli, çox yazmalı, çox oxumalı olduğumuzu iddia edirsinizsə bunda tək bizim yox, elə sizin də, sizin dostunuz Anarın da, elə AYB-nin də günahı var.

Yəqin, bu açıqlamadan sonra mənim sizə verdiyim “Siz də, Anar müəllim də qocalmısız, niyə vəzifədən çıxıb getmirsiz?” sualı cavan bir oğlanın ağsaqqal adama qarşı sayğısızlığı kimi qəbul olunmaz, əksinə nə qədər haqlı olduğu üzə çıxar.

Hörmətlə, Mirmehdi Ağaoğlu

# 1552 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #