Bu kitabı oxuyanlar ölüm mələyini görür

Bu kitabı oxuyanlar ölüm mələyini görür
9 dekabr 2015
# 12:58

Nədənsə son vaxtlar bu qənaətdəyəm ki, insanın keçmişdə oxuduğu kitablar onun gələcəyini formalaşdırır. Kim bilir bizim indi bu səviyyədə olmağımızda hansı kitabın rolu olub? Hafizəmizin “Google”unda axtarış düyməsini sıxıb baxaq. Görək uşaqlığımızın oxu siyahısından hansı kitablar çıxacaq?

Səkkiz yaşımda mənə Hüseyn Cavidin, Cəfər Cabbarlının, Mikayıl Müşfiqin, Səməd Vurğunun əsərlərindən ibarət kitab hədiyyə olunmasaydı indi mən tamam başqa bir adam olardım. Tutalım, Robert Lyuis Stivensonun “Dəfinələr adası”nı oxumasaydım qaranlıqdan qorxmazdım. Nümunələri istənilən qədər uzatmaq olar. Keçmişdə oxuduğumuz kitablar, baxdığımız filmlər bizim şüurumuzu formalaşdırır, iradəmizdən asılı olmayaraq o əsərin verdiyi mesajdakı kimi olmağa başlayırıq.

Əlbəttə, bu qənaəti sueveriya da hesab edərdim, əgər Orxan Pamukun “Yeni həyat” romanını oxumasaydım. Bir kitab oxuyub həyatı dəyişən Osmanı tanımasaydım.

***

“Yeni həyat” həcm etibarı ilə Pamukun sonuncu “Kafamda bir tuhaflık”, “Məsumiyyət muzeyi”, “Mənim adım Qırmızı” əsərləri kimi qalın olmasa da ən sirli, türklər demiş, ən gizəmli əsərlərindəndir. Pamukun bir çox araşdırmaçıları da onun yaradıcılığına əsasən “Yeni həyat” kontekstindən yanaşıblar.

Əsər olduqca məftunedici, olduqca cəlbedici, maqnetik xüsusiyyətə malik bir cümlə ilə başlayır: Bir gün bir kitab oxudum və bütün həyatım dəyişdi. Bu ilk cümlə oxucunu əsərə bağlamağa kifayət edir. Ədəbiyyat bilicilərinin deməyinə görə hekayənin birinci cümləsi, romanın isə ilk bir neçə səhifəsi çox vacibdir. Təbiri cazisə bu iş tilov atmağa bənzəyir. İlk həmlədən oxucunu “tut”dunsa, tutdun, yoxsa, balıq kim sürüşüb əlindən çıxacaq. Bu baxımdan “Yeni həyat”ın ilk cümləsi hekayə cümləsi siqlətindədir. İlk cümlədəncə oxucunu özünə çəkir. Oxucu bir an içində bu kitabın nə kitab olduğu ilə maraqlanır. Axı nədir bu kitab? Qurandırmı, İncildirmi, Tövratdırmı, yoxsa “Kapital”dırmı? Bəlkə “Cinayət və cəza”? Beləliklə, Pamukun felinə tuş gələn oxucu əsərin baş qəhrəmanı Osmanın peşinə düşərək əlindəki kitabı oxumağa davam edir. Osman oxuyur, oxucu oxuyur...

Əsər Aligiyeri Dantenin vəfat etmiş xanımı Beatriçe Portinariyə həsr etdiyi “Yeni həyat” əsəri ilə eyni addadır. Yeni həyat dini mifologiyada ölümdən sonrakı həyatı simvolizə edir. Pamukun əsərində isə yeni həyat həm də Atatürk inqilabından sonrakı, Türkiyə Cümhuriyyətinin qurulması ilə başlanan həyatı və bu dövrdə yenilikçilərlə mühafizəkarların mübarizəsini birləşdirir. Sənaye inqilabının simvolu qatar olduğu üçün əsərdə adı keçən kitabın yazarı da məhz dəmiryolçu Rıfkı əmidir. Amma nədənsə kitabda qəhrəmanı yeni həyata aparan vasitə qatar yox, məhz avtobuslardır. Kitabda dəfələrlə adı keçən QƏZA da məhz avtobus səyahətlərində baş verir. Qəza təkcə yol-nəqliyyat hadisəsi deyil, o, həm də insanın taleyidir. Məhz qəza nəticəsində qəhrəmanlar yeni həyata yetişə bilir. Məhz qəza nəticəsində onlar mələklə qovuşa bilir, onun həm qorxunc, həm də arzuolunan simasını görə bilirlər.

Universitetdə oxuyan Osman tələbə yoldaşı Cananın əlində bir kitab görür. Qıza ilk gördüyü andan aşiq olan Osman o kitabı alıb oxuyandan sonra Cananla tanış olub kitab barədə söhbət edir. Canan Osmanı Məhmətlə tanış edir. Amma Məhmət Osmana kitab barədə heç nə demək istəmir, kitabda haqqında söz açılan yeni həyatın mövcud olmadığını bu axtarışın sonunun təhlükə ilə bitəcəyini deyir. Osman Məhmətin küçədə vurulduğunu görür, Canan isə yoxa çıxır. Osman Cananı axtarmaq üçün Türkiyəni avtobuslarda gəzməyə başlayır. Elə 89 günlük səyahətlərinin birində də ilk dəfə QƏZA ilə, mələk ilə rastlaşır. Sufizmdə Canan Allah anlamına gəldiyi üçün Osmanın səyahəti həm də Allah axtarışıdır. O, bu səyahətlərdə o biri dünyanın, mələyin, Allahın axtarışlarına çıxır. Əsərin bəzi yerləri elə məhz buna görə mələyə xitabla yazılıb.

Romanın “açar” qəhrəmanlarından biri də dəmir yolçu Rıfkı əmidir. Rıfkı əmi uzun illər Osmanın atası ilə bir yerdə işləyib, qonşuları olub və bir neçə il əvvəl öldürülüb. Rıfkı əminin heç vaxt uşağı olmayıb (Atatürk kimi) amma əvəzində dəmir yolçuluğundan qalan zamanını uşaqlara həsr edib. Onlar üçün cizgi-romanlar-komikslər yazıb.

Bu komikslərin qəhrəmanları bir qayda olaraq türk uşaqlarıdır. “Petrev ilə Peter”, “Ali ilə Mari” kimi komikslərdə balaca türk qəhrəmanlar Vəhşi Qərbə səyahət edir, buradakı amerikan uşaqlarını bəlalardan xilas edirlər. İstər Osman, istər Canan, istər Məhmət, istərsə də onların yaşında başqa uşaqlar Rıfkı əminin bu komikslərini oxuyaraq böyüyüblər. Onlar da Petrevə, Əliyə qoşularaq, Yeni Dünyaya - Qərbə səyahət ediblər. Osman Məhmətin əşyalarından ibarət muzeydə olanda da uşaq vaxtı oxuduğu komiksləri orada görür.

Rıfkı əmi əsərdə Qərblə Şərqi birləşdirən, onları vəhdətdə saxlamağa çalışan bir obrazdır. Orxan Pamukun hələ “Bəyaz Qala”dan başlayan kimlik axtarışını başqa əsərlərində olduğu kimi “Yeni həyat”da da görürük. Rıfkı əmi təkcə uşaqlar üçün komiks yazmayıb, o, həm də Osmanın oxuyandan sonra həyatını dəyişən kitabın da yazarıdır. Kimlər ki, uşaq vaxtı Rıfkı əminin komikslərini oxuyub, onlar böyüyəndən sonra Rıfkı əminin sanki komikslərin davamı olaraq onlar üçün yazdığı bu kitabı oxuyub valeh olublar. Rıfkı əmi sanki özünün komiksləri ilə bu yeni Türkiyənin uşaqlarının taleyini, gələcəyini müəyyənləşdirib. Onlar Rıfkı əminin komikslərini oxumasaydılar, bəlkə də tamam başqa bir insan olardılar. O uşaqlar ki, komikləri oxuyub, yalnız onlar o sehirli kitabda yazılanları anlaya bilərlər və yalnız onlar yeni həyata gedə bilərlər.

Oğlunu (Məhməti) yolundan azdıran kitabın müəllifini öldürtdürən Doktor Narin bu kitabın da, qərbləşmənin də, amerikanlaşmanın da əleyhdarıdır. O, həm də qırıq qəlblər bayisi (dükanı) adlı gizli bir təşkilatın rəhbəridir. Yeni iqtisadi sistemə, iqtisadi liberallaşmaya qarşı olan Doktor Narin “əski üsul” ticarətçidir. Rıfkı əmidən fərli olaraq Qərbdən gələn hər şeyə nifrət edir. Bizdə məşhur olan “Qərbin yaxşı tərəflərini götürək, pis tərəflərini ataq” fikri sanki Doktor Narin üçün deyilib. O, Qərbdən yalnız bir şeyi qəbul edir-saatı: “Muvakkitxanələrimiz (günəş vasitəsilə namazın vaxtını təyin edən yer) və saatlarımız Qərbdə olduğu kimi dünyaya çatmağın deyil, Allaha doğru tələsməyin vasitəsidir. Heç bir millət bizlər qədər saat düşkünü olmadı. Avropa saatçılığının ən böyük müştərisi bizdik. Onlardan alıb ruhumuza qəbul etdirdiyimiz tək şey saatlardır. Buna görə də silah kimi saatın da, yerlisi, xaricisi olmaz. Bizlər üçün Allaha qovuşmağın iki yolu vardır. Cihadın vasitəsi silahla və namazın vasitəsi saatla.”

Məhz buna görə də Doktor Narinin tutduğu xəfiyyələrin hər birinin ləqəbi saat adıdır: Zenit, Movado, Omeqa, Serkisof.

Pamuk təkcə əsərinin heyranedici strukturu, postmodernist yazı texnikasından istifadə ustalığı ilə deyil, həm də bənzərsiz təsvirləri ilə də oxucunu heyrətləndirir. Bəlkə də buna görə mistik, konspiroloji ismarıclarla dolu olan kitab oxucunu yormur. Avtobusda səyahət, qəza anı olduqca mükəmməl tərzdə təsvir olunub. 80-ci illərin avtobuslarının təsvirini gördükdə adam özünü Bakı-Qazax avtobusunda hiss edir.

“Əli və Nino” əsəri olduqca ciddi bir sualla başlayır: Biz kimik, Qərblimi, Şərqlimi? Və hara üz tutmalıyıq? Pamuk da hələ təxminən bir əsr əvvəl qoyulmuş suala cavab tapmağa çalışır. Onun yaradıcılığının əsas qayəsini demək olar ki, bu sual təşkil edir. Hələ “Bəyaz Qala”da qaldırılan bu suala Pamukun “Qara kitab”, “Mənim adım Qırmızı” (“Yeni həyat”dan sonra yazılsa da) romanında da cavab axtarılır.

Doğrudan da, biz axı kimik, ey mələk?!

# 1567 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #