Kulis.Az tanınmış qələm sahiblərinə “Nə yazırsınız?” sualı ilə müraciət etdi.
Maqsud İbrahimbəyov: “Uzun müddətdir ki, bir pyes üzərində işləyirəm. Hələlik adını müəyyənləşdirməmişəm.”
Azər Abdulla: “Hazırda roman yazıram. Hələ təzə başlamışam. Cəmi 10 səhifə yazmışam. Bir romanım da var. Onu yarımçıq saxlamışam hələ ki... Niyə yarımçıq saxlamışam, bunun detallarını açıqlamaq istəmirəm. Bundan başqa 5-6 çap olunmamış hekayəm var”.
Mövlud Süleymanlı: “Bir-birinin davamı olan, silsilə hekayələr üzərində işləyirəm”.
Aqil Abbas. “Hazırda bir roman və povest üzərində işləyirəm. Adlarını demək istəmirəm. Amma povest haqqında onu deyə bilərəm ki, əsərdə Rəmişin obrazını yaratmışam. Bu povesti hələ 1983-cü ildən yazmağa başlamışam. Hətta, bir hissəsi 1998-ci ildə “Ədalət” qəzetində çap edilib. 30 ilə povest yazılmaz, mənsə bu əsərin üstündə bu qədər vaxt işləmişəm. Çünki Rəmiş necə çalırsa, mən də o cür yazmağa çalışmışam. Rəmişin obrazını yaratmaq çətindir, çünki bilinmir Rəmiş şeytandır, yoxsa mələk. Bax buna görə də bu povest üzərində bu qədər uzun müddət işləmişəm. Yəqin ki, bu ilin sonuna bitirəcəm.”
Səfər Alışarlı: “Heç nə yazmıram. İşim çox olur. Halbuki vaxtilə bizə demişdilər ki, yazmadığınız gün sizin ömrünüzdən deyil.”
Mübariz Cəfərli: “Roman yazıram, dəqiq bilmirəm nə vaxt bitəcək. Bəlkə də gələn il bitdi. Nə haqda olmağı da əsər bitəndən sonra bilinəcək. Roman “İkinci Adəm” adlanır.”
Natiq Rəsulzadə: “Haradasa 30 il əvvəl “Gecə süvarisi” adlı roman yazmışdım. O romana görə başım çox ağrımışdı. Məni «antisovet» adlandırmışdılar. Hazırda o romanın ikinci hissəsini yazıram. Hadisələr günümüzdə baş verir. Romanın adı şərti olaraq “Gecə süvarisi 2”-dir.”
Qan Turalı: “Biradamlıq sevgi” adlı uzun hekayənin üstündə işləyirəm.”
Seymur Baycan: “Uşaqlar üçün hekayələr yazıram. Bir də publisistika ilə məşğul oluram.”
Cavid Zeynallı: “Hazırda heç nə yazmıram. Hələlik yazmaq niyyətim də yoxdur. Gələcək üçün ağlımda bir roman mövzusu var, amma xeyli ağır və məsuliyyətli mövzudur. Daha doğrusu, romanın ölçü-biçisini özüm üçün tam aydınlaşdıra bilməmişəm. Bunun üçün xeyli materiallar oxumalıyam. Ona görə də tələsmək istəmirəm.”
Qismət Rüstəmov: “Bir esse silsiləsi üzərində işləyirəm, dünya poeziyasından tərcümələr toplusu hazırlayıram və Nabokovun mühazirələrini tərcümə edirəm.”
Kənan Hacı: "Hal-hazırda şərti adı "Fironun dəftəri" olan bir roman üzərində işləyirəm. Xeyli hissəsi yazılıb, istilər ardıcıl işləməyə imkan vermədi, yarımçıq qalmışdı, bu aydan əsəri başlayıb ilin sonunadək tamamlamaq istəyirəm. Bir də silsilə hekayələr yazmaq istəyirəm, bu silsilədən artıq bir hekayə yazılıb."
Mirmehdi Ağaoğlu: “Üç ildir ki, müxtəlif səbəblərdən yazıb bitirə bilmədiyim bir povestim vardı. Artıq bitirmişəm, redaktə işləri gedir.”
Elçin İsgəndərzadə: “Sentyabrın 16-da 50 yaşım tamam olur. Bu yay demək olar ki, yubiley nəşrləri üzərində işləmişəm.
Akademiyamızın rəhbərliyi türk elmi və ədəbiyyatı qarşısındakı xidmətlərimi nəzərə alaraq, yubileyimə töhfə olaraq mənim beşcildlik seçilmiş əsərlərimi çap edir.
Yubileylə bağlı Ankaradakı dostlarımın da 2 hədiyyəsi var. Adil Mirseyidin 2005-ci ildə mənim yaradıcılığımdan bəhs edən “Hardan baxsan görünən adam” esse-monoqrafiyasını və mənim son dövr şeir və poemalarımdan ibarət “Mavi Mərmərə” kitabımı türkcə yayına təqdim ediblər. Hər iki kitab gələn həftə işıq üzü görəcək.
Bu gün Azərbaycan, türk, ingilis və rus dillərində “Eşq” kitabım (eyniadlı poema) çap olundu. Maraqlananlara bildirmək istəyirəm ki, kitab “Ulduz” jurnalının 9-cu sayına hədiyyə olaraq qoyulacaqdır.
Ayın sonunda Almaniyada da şeir və poemalarımdan ibarət irihəcmli bir kitabım çap olunacaq.
Dəyərli qələm dostlarım və müəllimlər elmi və ədəbi fəaliyyətimi əks etdirən 6 kitab hazırlayıblar. Üzərində işlədiyim əsas işimdən biri də onları diqqətlə oxuyub özümü yenidən dərk etməyimdir.
Ən nəhayət 30 illik elmi-ədəbi fəaliyyətimi əks etdirən böyük bir Biblioqrafiya kitabı da hazırlayırıq. Böyüklüyünə görə yox, zənginliyinə görə bu kitabın bir ilk olacağı qənaətindəyəm.
Və bir də “Kombinə olunmuş maşınlar” adlı fundamental elmi monoqrafiyam gələn ay Azərbaycan, Türkiyə, Rusiya və Almaniyada çap olunacaqdır”.
Şərif Ağayar: “İrihəcmli bir əsər üzərində işləyirəm... Xeyli hissəsi yazılıb. Ancaq hiss edirəm ki, bir az daha çox informasiyaya, müşahidəyə və düşünməyə ehtiyac var. Mövzu müasirdir. Hadisələr ümumiləşdirilmiş obraz kimi götürülən Gülüstan adlı qəsəbədə baş verir. Təbii ki, Bəxtiyar Vahabzadənin eyni adlı poeması və Sədi Şirazinin “Gülüstan” kitabı ilə paralellik də var. Var ki, var! Çox şey var. Sağlıq olsun, yazıb bitirə bilsəm, hamınız görəcəksiniz. Daha bir roman da var planımda. Mümkündür ki, indikini əsəri yarımçıq qoyub onu yazım. Nəsə çəkir məni... Müharibə bölgəsinə yaxın balaca bir şəhərdə cərəyan edən hadisələr olacaq. Avtobioqrafik materiallar boldur”.
Etimad Başkeçid: “Hazırda Dostoyevskinin dilimizə tərcümə olunmamış hekayələrinin tərcüməsi ilə məşğulam. Bu, hardasa iki ay çəkəcək. Eyni zamanda xeyli əvvəl tərcümə etdiyim Jirmunskinin məşhur "Xalq qəhrəmanlıq eposu" kitabını çapa hazırlayıram. Oktyabrın sonlarından yeni roman üzərində işləməyə başlayacam.”
İlqar Fəhmi: “Gələn il qırx yaşım tamam olur. Ona görə də bütün əsərlərimi toplayıb çap edəcəm. Xeyli çap olunmamış əsərim var. Hazırda onları çapa hazırlamaqla məşğulam. Təxminən on iki cild olacaq. Həm bu vaxtacan çap olunanlar, həm də olunmayanlar o seriyada nəşr ediləcək. Bunları yekunlaşdırandan sonra iri bir əsərim var, onun üzərində işləyəcəm. Birinci cildini keçən il bitirmişəm”.
Əvəz Qurbanlı: “Şeirlər kitabını çapa hazırlayıram. Hüseyn Cavidlə bağlı araşdırma yazıram. Və bir də əruz vəzninin çağdaş şeirdə tətbiqi haqda elmi monoqrafiya işləyirəm”.
Alik Əlioğlu: “Roman yazıram. Bir kəndin romanıdır... Bir-iki aya hazır olar yəqin. Tənbələm, yavaş yazıram. Mövzu bir kənddə baş verən ayrı-ayrı hadisələrdir”.
İlham Qəhrəman: “Təzə şeirlər yazıram... Başqa heç nə”.
Rəbiqə Nazimqızı: “Vaxtım yoxdur, ara-sıra şeir yazıram, esselər və şeir üçün payızı gözləyirdim, çünki istidə yaza bimirəm. Düşünürəm ki, yaz üçün artıq bir kitablıq şeir yığılacaq. Bir də, esselərdən ibarət kitab çıxarmağı düşünürəm. Material var, sadəcə, saf-çürük etmək, ardıcıllığı müəyyənləşdirmək lazımdır. Mənə elə gəlir, mövsüm çox uğurlu olacaq yaradıcılıq üçün, hərçənd, ciddi vaxt problemi var”.
Faiq Balabəyli: “Yeni şeirlər yazmışam. Bundan əlavə "Türmə əhvalatları" adı altında müşahidələrimi, yaşantılarımı qələmə almışam və demək olar ki, yekunlaşdımışam. "Bakirə qayalar" adlı roman üzərində də işləyirəm və deyim ki, yazı prosesi uğurlu gedir”.
Fərid Hüseyn: “Hazırda "Bir də heç vaxt" adlı romanıma alternativ roman yazıram. Adı da "Həmişə, hər vaxt"dır”.
Əsəd Qaraqaplan: “Sayca beşinci romanımı çapa hazırlayıram. Adı "Yaz paltolu qadin"ır... Bu romanı keçən il yazsam da, bu il çap etməli olacam deyəsən. Doqquz məktubdan ibarət romandı. Düşünürəm ki, bu romanla yazdıqlarımın birinci mərhələsi bitməkdə, növbəti mərhələsi başlamaqdadır... Bir də zaman-zaman şeirlər ortaya çıxır ki, bu da son vaxtlar durğunluqdandı nəsə...”
Narıngül: “İndi bir povest yazıram. Demək olar ki, başa çatıb. Hazırda redaktə edirəm. Bu yaxınlarda bir nəsr kitabı nəşr etdirmək istəyirəm. 8 hekayə və bir povestdən ibarət. Kitabın adı yəqin ki, "Qar çiçəyi" olacaq”.
Fərqanə Mehdiyeva: “Təzə şeirlər üzərində işləyirəm... “Şeirin ucbatından” adlı şeirlər kitabımı nəşr etmək istəyirəm... Bir də illər öncə Kəlbəcərin tanınmış şairləri ilə olan deyişmələrimi çap eəcəm. Adı belədir: “Kəlbəcərli yuxularəm çin olsa.”