Kulis.az yazıçı Mirmehdi Ağaoğlunun “Olaylar”a verdiyi müsahibəsini təqdim edir.
- Bizə özünüzdən danışardınız. Mirmehdi Ağaoğlu kimdir?
- Yazıçı. 1982-ci ildə Neftçalada doğulmuşam. 90-cı ildən Bakıda yaşayıram, orta və ali təhsilimi də burada almışam. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm. Hərbi xidmətdən qayıdandan sonra uzun müddət işsiz qalmışam. Tikintidə fəhlə, istilik sistemlərinin quraşdırılması işində, bankda işləmişəm. 2005-ci ildən isə yazıram. Yaradıcılığa şeir və hekayələrlə başlamışam. 30 yaşımda ixtisasımdan tamam ayrılıb yaradıcılıq işlərinə start vermişəm. Tələbə vaxtlarımda da yazırdım, lakin onlar cızma-qaralar idilər. Sentimental yazılar idi, indi də onları oxuyanda gülürəm. Həmin yazılarımı çap etməyi ağlıma gətirməmişəm. Hamıda belə şeylər olur. Əvvəl hamı elə bilir ki, içində nəsə böyük bir şey var. Yazdıqca sözlər tükənir və sonradan başa düşürsən ki, içindəkilər sadəcə impuls imiş. Dünyaya söyləniləcək böyük bir həqiqət yoxmuş. Deyilənlər deyilib, söylənilənlər söylənilib. Nəsə demək üçün gərək oxuyasan. Sentimental yazılarıma baxdıqca, gördüm ki, artıq onların vaxtı keçib. Qərara aldım ki, ciddi surətdə bu işlə məşğul olmaq lazımdır. Ədəbi janr, cərəyanlar var ki, onları mənimsəmək vacibdir. Ədəbiyyat da texnika kimi inkişaf edir. Nimdaş vasitələrlə yazmaq mümkün deyil. Yüz il əvvəl Henri Fordun ixtira etdiyi maşını, yenidən kəşf etməyin mənası yoxdur. Ədəbiyyat zəhmət tələb edir.
- Mövzuları necə seçirsiniz? Təsadüfi olur, yoxsa ki, içinizdəkiləri kağıza tökmək üçün özünüzdən uydurursunuz?
- Yazıçı üçün müxtəlif mövzular var. Adi bir hadisəni eşidib onun ətrafında hekayə yazmaq mümkündür. Bir cümləlik hadisədən böyük əsər yarada bilərsən. “Küləyi dişləyən”i kiçik bir əhvalat üzərində yazmışam. Beyində olan ideya da yazmaq üçün stimuldur. “Çərçivə” hekayəm kənardan aldığım impulsdur. Mənə dedilər ki, kimsə fotostudiyada yaraşıqlı əsgər oğlunun şəklini çıxartdırırdı. Bu dəm televizorda “Xəbərlər” proqramı idi. Düşündüm ki, o kişi şəkli evə aparanda oğlunun şəhid olması xəbərini efirdə eşidir. O hekayə belə yarandı. “Alman malı” hekayəsi beynimdəki ideyadan əmələ gəlib. Bu hekayə fərqli sivilizasiyaların toqquşmasıdır. Tamamilə uydurmadır, kiçik bir detal tapıb yaratmışam. İdeya olandan sonra süjet vermək asandır.
- Yazıçı Cəlil Cavanşir “Görüş” kitabınızı tənqid etdi və qeyd etdi ki, dil, uzunçuluq problemləri var. Qəbul edirsinizmi?
- Dünən təsadüfən Cəlilin bu tənqidi gözümə sataşdı. Cəlil yəqin, məqaləsində kitabdan sitatlar gətirərək əsaslandırıb. Hansı sitatları gətirdiyi dəqiq yadıma deyil. Baxıb müzakirə etmək olar. Əyani şəkildə onu görüb müqayisə etdikdən sonra Cəlillə razılaşaram. Heç bir qəbahət yoxdur.
- Niyə az kitab nəşr etdirirsiniz?
- Kitablarımın sayı az deyil. 32 yaşım, iki kitabım var. Üçüncü kitabım hekayələr toplusu olacaq. Əsəd Qaraqaplan kimi dalbadal roman çap etdirim? (gülür)
- Qaraqaplanın kitablarında nəsə qüsur var?
- Oxumamışam. Əsəd kimi adamın il yarıma bir kitab çap etdirməyi qeyri-ciddi görünür. Köşə yazılarını nəzərə almasaq, Əsəd Qaraqaplanın dövri mətbuatda hekayələrinə rast gəlmirəm. Roman yazmaq ciddi işdir. Məsələn, Orxan Pamuk kitablarını 4-5 il ərzində hazırlayır. Romanlar on günə, bir ilə yazılmır. Onu yazmağa böyük enerji və vaxt lazımdır. Təcrübə vacibdir. Əsədin yaş azlığına görə deyirəm. Hal-hazırda hekayələrimi toplayıram, yəqin ki, il ərzində üçüncü kitabım işıq üzü görəcək. Gələcəyə bir roman yazmağı düşünürəm. Bu il həmin romanı başlamağı planlaşdırıram. Düşünmürəm ki, az kitabım var. Yaşıdlarımız arasında istisna hal Əsəd Qaraqaplandır. Çoxusunun iki, maksimum üç kitabı var. 470 səhifəlik roman yazmaq – bu dünya qurmaq kimidir. Hər şey öz yerində olmalıdır. Şərtilik, sual doğuracaq məsələlər olmalı deyil. Bütöv, mükəmməl qurğu olmalıdır. Qalın bir şey yazıb üzərinə roman yapışdırmazlar. Məsələn, Salman Rüştü “Təlxək Şalimar” romanının 10-cu səhifəsinə Şalimarla bağlı bir detal verirsə, 450-ci səhifədə detal işlənilib öz nəticəsini tapır. Ağzına gələn cümlələrlə qəhrəmanını təsvir etmir. Əvvəlki cümlələr sonrakına ayaq verir.
- Yazıçının öz həmkarını tənqid etməsini düzgün hesab etmirəm.
- Nəyə görə?
- Bunun üçün tənqidçilər var. Yoxdursa olmalıdır.
- Tənqidçilər var. Amma bununla paralel yazıçı da bu işin içərisindədir. Tək, bizdə yox, hər yerdə bu cürdür. Öz müasirini tənqid etmək düşmənçiliyə aparır. Bununla bağlı nümunələr var. Bütün zamanlarda belə olub. Fransız, rus, amerikan ədəbiyyatında elələri var ki, biri digərini bəyənmir. Nəticədə aralarındakı şəxsi münasibətlər də soyuq olur. Şəxsi münasibətləri qurban verib, belə bir iş görmək düzgün deyil. Azərbaycan kiçik ölkədir. Amerika kimi 50 ştatı yoxdur ki, burada oturub 3000 km o yandakı yazıçıya nəsə deyəsən. Qarşı-qarşıya gəlməyəsən. “Üz-üzdən utanar” kimi məsəl var. Bakı balaca yerdir, hamımız bura yığışmışıq. Metro qatarında gündə üç dəfə rastlaşa bilərik. Ona görə də bəzən həqiqəti deyə bilmirsən. Susursan. Demək də lazım deyil. Yazırsa, qəlbinə dəymə. Zaman özü qiymət verəcək. Bizdə digərini tənqid edən yazıçı ilə onun arasında həmişə şəxsi konflikti olur. Rast gəlinməyib ki, iki möhkəm dost olsun, amma bir-birini tənqid etsinlər.
- Yazıçılıq qabiliyyət işidir, yoxsa ki, öyrənmək olar?
- Folknerin bir sözü var, 99 faiz zəhmət, iş, əziyyətdir. Fransız yazıçısı Bernard Verber fentezi janrında əsərlər yazır. Onun qaydası var ki, gündə 5 saat oturub yazır. Hər nə olursa olsun, Verber gününün 5 saatını yazmağa ayırır. Yazıçılıq işdir. Ciddi zəhməti sevən yazıçılar da bilirlər ki, bu işin başında zəhmət dayanır. Yazıçılıq qabiliyyət işidir, amma onun kökündə ciddi çəkilən zəhmət var. Dostoyevskinin “Netoçka Nezvanova” əsərində Yefimoviç və S. adlı iki skripkaçıdan bəhs edilir. Biri çox istedadlı skripkaçıdır, amma istedadına güvənib içkiyə qurşanır və məhv olur. Digəri isə zəhmət çəkib məşhur skripkaçı olur. Tək istedadla qabağa getmək olmaz, gərək zəhmət çəkəsən.
- Oxucular daha çox hansı mövzuda olan əsərləri oxumağa üstünlük verirlər? Hansı mövzu seçmək lazımdır ki, oxucu kütləsi qazana biləsiniz?
- Oxucu qazanmaq üçün bir sıra mövzular var. Azərbaycanda insanlar daha çox detektiv və sevgi əsərlərinə üstünlük verirlər. Dünyanın hər yerində belədir. Fentezi janrında, fantastik əsərləri sevənlər daha çoxdur. Kütləvi oxucuları var. Amma bizdə fantastik əsərlərin oxucuları azıdır. Azərbaycanda fentezi janrında yazan yazıçı demək olar ki, yoxdur. Halbuki dünya ədəbiyyatında bu janrın kifayət qədər nümunələri var. “Harri Potter”in müəllifi Joan Roullinq, Bernar Veber fentezi janrında yazırlar. Xəyali orta əsrlər dövrü, gələcək və keçmişi təsvir edirlər. Oxucu auditoriyası və kinematoqrafiyada bu cür əsərlərə tələbat çoxdur. Məsələn, Tolkeinin “Üzüklərin hökmdarı” əsəri öz filmində də ciddi maraq oyadıb. Hətta onun fan-klubları var ki, bayramlarda, müxtəlif karnavallarda Tolkeinin qəhrəmanları kimi geyinirlər. Azərbaycanda satılan kitab onluğu göstərir ki, detektiv əsərlər ölkədə daha çox tələb olunur. Sevgi mövzusuna da üstünlük verirlər.
- Lakin hesab etmək olar ki, erotik mövzulara maraq daha çoxdur.
- Bizdə erotik mövzu kasadlığı olub, yazılmayıb. İndi də o qədər üstünlük verilmir. Dünya ədəbiyyatında da bu cür nümunələr var, amma bu o qədər də səs-küy doğurmur. Sən “Bozun 50 çaları” kimi bir əsər yazarsan, məşhur olar. Çox satarsan. Amma heç vaxt peşəkar yazıçılar ona bədii əsər deməz. Heç bir yazıçı “Bozun 50 çaları”na roman demir. Amerika həmin əsərlə dünyada tanınmır. Amerika Pol Osteri, Xalid Hüseynisi, yəni ciddi ədəbiyyatla tanınır. Erotik mövzularda epataj yaratmaq üçün istifadə edilir. Məsələn, Sarokin açıq-saçıq yazmağı sevir. Sovet ədəbiyyatında erotizm, cinsi aktın təsviri yazılmırdı. Amma yazıçının erotikadan yazması normaldır. Yazmağa başlayanda ilk dəfə mən də cəsarətimi yoxlamaq üçün bundan istifadə edirdim. İndisə ehtiyac olduqda üz tuturam. Yazıçı əsərdə ehtiyac lazım olduğu vaxt qəhrəmanını həmin dildə danışdırmasa, onu yaxşı bilən adam oxuyanda biləcək ki, bu həqiqət deyil. Ütülü yazsan oxumayacaqlar. Olduğu kimi daha səmimidir. Cem Yılmaz məşhur yumorlarından birində deyirdi, keçmiş türk filmlərində heroin alverçiləri elə dildə danışırlar ki, elə bil Türkiyə Dil Qurumunun üzvüdürlər. Amma biz bilirik ki, həyatda o cür danışmırlar. Bunlara görə də belə şeylərə normal yanaşmaq lazımdır. Əgər həyati şeylərdən yazılırsa, normaldır, qəbahət deyil.
- “Küləyi dişləyən” – maraqlı addır. Axı küləyi dişləmək olmur? Ad hardan gəldi, küləyi dişləmək nə deməkdir?
- Küləyi dişləmək də Sizif əməyi kimi bir şeydir. Sizif əməyinin analogiyasıdır. Küləyi həqiqətdə dişləmək olmur. Nə qədər cəhd etsən də heç nə alınmayacaq. Sizifin də əməyi boş cəhdlərdən ibarət idi. Sizif mifində o daşı dağın başına qaldırırdı, amma yuxarı çatanda daş yenə də aşağı yuvarlanırdı. Küləyi dişləməyi buna analoq olaraq düşündüm.
- Sizi hekayələrə cəlb edən nədir?
- Hekayə yazmaq çətindir. Amma roman yazmaq qədər çətin deyil. Məsələn, bir romanda onlarla, yüzlərlə obraz olur. Onları öz yerlərində yerləşdirmək çətindir. Hərdən əsərin başında qəhrəmana Əli adı verib, ortasında Vaqif deyə müraciət edirsən. Axırda yadında düşür ki, Əlinin adını ortada Vaqif yazmısan. Roman hekayə ilə müqayisədə ciddi janrdır. Hekayə bu baxımdan daha yüngüldür. Təbii ki, onun da öz çətinlikləri var. Roman yazmaq üçün birinci kiçik həcmli əsərlərdən başlamaq olar. Bir il oturub sərasər nəsə yazmaq olmur. Axı sənin dolanışığın da var. Əvvəl özünü hekayələrlə sınamaq daha düzgündür. İndiyədək 30-40 hekayə yazmışam.
- Başqalarından yazmaq daha rahatdır, ya özündən?
- Yazıçı üçün başqaları, ya özündən yazmaq kimi bir şey yoxdur. Özündən yazmaq üçün gərək müdriklik yaşına çatasan. Axı özündən nə yaza bilərsən ki? Mən dahi deyiləm, filosof deyiləm ki, oturub özümdən aforizmlər deyim. Pamuk deyir, yazıçılıq – bir hadisənin sözlərlə təsviri deməkdir, rəssamlıq işidir. Biz də özümüzü burada sınamağa çalışırıq. Təbii ki, obrazlarda hərədən bir şey var. Yazıçılar öz həyat təcrübələrindən keçirdikləri şeylərdən yazırlar. Məsələn, yazsam ki, mən səhər tezdən durub özüm üçün qəhvə dəmlədim, bu düz olmaz. Axı mən heç həqiqətdə qəhvə dəmləməyi bacarmıram axı. Ona görə bundan yazmaq düzgün olmazdı. Hər obrazda hardasa səndən bir az var. Səndən bir az var – o bütöv sən demək deyil. Təcrübələrimizi daha yaxşı bildiyimiz üçün özümüzdən yazırıq. Əgər əsərində qəhrəmanın at çapırsa, birinci bunu özün bacarmalısan. At çapmaqdan yazıb səhər yerindən qalxan kimi avtomobillə işə gedirsənsə, ondan yazmaq səmimi deyil.
- Müasirlərinizdən yazdıqları əsərlərdə plagiatçılıq edənləri var?
- Postmodernizmdə pastiş deyilən bir şey var. Məsələn, sən biri-birinə aidiyyəti olmayan iki yazını götürüb, bir-birilə əlaqələndirib yeni nəsə yazırsan. Plagiatçılıqda daha çox Seymur Baycanı ittiham edirlər. Plagiat oğurluq deməkdir. Sən kimdənsə, oğurlayırsan və bunu öz əsərin kimi təqdim edirsən. Amma Seymur açıq şəkildə deyir ki, bu mətnləri götürüb, onlardan yazıb. Onları birləşdirib yazmaq, heç də asan deyil. Bir neçə müxtəlif mətni biri-birilə əlaqələndirmək peşəkarlıq tələb edir. Bu pastiş deməkdir. Rəssamlıqda da bu cür qaydalar var. Rəssamlıqda ridimeyd var, müxtəlif əşyalarla konsept yaratmaq. Bu oğurluq deyil, priyomdur. Hazır əsəri götürüb özününküləşdirmək isə oğurluqdur.
- Sizə daha çox təsir etmiş yazıçılar hansılardır və siz hansı müəllifləri oxumağı sevirsiniz?
- Xeyli əsər var ki, onları oxumamışam. Orta məktəbdə “Xəmsə”, Məhəmməd Füzuli, Seyid Əzim, Əliağa Vahiddən, klassik Azərbaycan ədəbiyyatından mütaliə etmişəm. Dünya ədəbiyyatından az məlumatım vardı. Əlimə keçənləri oxuyurdum, sistemli şəkildə mütaliə etmirdim. Selinceri 16 yaşımda oxumalı idim, amma 28 yaşımda oxudum. Amma 16 yaşımda oxuduğum bir çox əsərlər var ki, bəziləri onları indi oxuyurlar. Markeslə mən orta məktəbdən tanışam. Azərbaycan dilinə tərcümə edilməmişdi, mən “100 ilin tənhalığı”nı oxumuşdum. Məsələn, mənim “Don Kixot”la heç bir tanışlığım yoxdur. Lakin bununla fəxr etmirəm. İndi isə dünya ədəbiyyatını ardıcıllıqla oxumağa çalışıram. Bununla bərabər müasir ədəbiyyatdan da geridə qalmağa səy göstərmirəm. Bu yaxında “Qırmızı və qara”nı, Salman Rüşdünü oxudum. İndi də Murad Menteşi oxuyuram. Axtardığım əsərləri tapıb mütaliə etməyə çalışıram.
- Artıq neçə illərdir ki, gündəmdə olan əsas məsələlərdən biri Dostoyevksi və Tolstoyla bağlıdır. Fikrinizsə, üstünlük hansı tərəfdədir?
- Ədəbiyyatda 100 ildir ki, bu məsələ var. Dünya ədəbiyyatından mütaliə edənlər iki yerə parçalanıblar: dostoyevkiçilər və tolstoyçular. Dostoyevski daha üsyankar, daha amansızdı. Amma Tolstoy sanki peyğəmbərdi. Əgər Dostoyevksi insana inanmırdısa, Tolstoy insana inanır. Lev Tolstoy mənəvi kamillik yolunu göstərir. Dostoyevski və Tolstoy arasındakı fərq budur. Onları sevmək və qəbul etmək insan psixologiyası ilə bağlı olan məsələdir. Bir insan daha çox özünü Tolstoya, digərisə Dostoyevskiyə yaxın bilir. Amma birdən-birə özünü bir tərəfə aid etmək gülüş doğurur. Bunun üçün zamanla formalaşmalısan. Öz keyfiyyətlərinlə bunu sübut etməlisən. Bəzi insanlar gəncliyində özlərini dostoyevskiçi adlandırırdılarsa, yaşlaşdıqca tolstoyçu olduqlarını deyirdilər. Dostoyevskinin bir sıra əsərlərini oxumuşam. Böyük yazıçıdır. Mən Dostoyevskini sevirəm. Amma özümü tolstoyçu hesab edirəm. İndiyədək oxuduğum əsərlər içərisində “Sergi ata” kimi mənə təsir edəni olmayıb, heç xatırlamıram da.