Qanlı 10 min dolların aqibəti - HEKAYƏ

Qanlı 10 min dolların aqibəti - HEKAYƏ
8 yanvar 2014
# 11:52

Kulis.Az Qalib Arifin “Qanla çirklənmiş pullar” hekayəsini təqdim edir.

Çirkli pullar, onların yuyulması haqqında yəqin ki, hamının məlumatı var. Çirkli pullar dedikdə qeyri-qanuni, yəni narkotik maddə, silah və insan alveri, korrupsiya, qaçaqmalçılıq, dələduzluq və s. yolla əldə edilmiş gəlirlər nəzərdə tutulur. Çirkli pulların yuyulması (money laundering) isə bu gəlirlərin leqallaşdırılması prosesidir. Bu zaman qeyri-qanuni mənimsənilən pulların mənbəyi, cinayətin və cinayətkarın gizlədilməsi məqsədilə, açıqlanmır. Qanla çirklənmiş pullar da qeyri-qanuni gəlirlərin bir növüdür, amma elə ağır növüdür ki, bundan hətta qatı cinayətkarlar da imtina edir. Dostum Tofiq Mamedovla da söhbəti çirkli pullardan başladıq, «qanla çirklənmiş pullar»da dayandıq. Boynuma alıram ki, bu vaxta qədər bu axırıncı barədə məlumatım yox idi. Necə deyərlər, yüz il yaşa, yüz il öyrən…

Tofiq Mamedov daxili işlər orqanlarında xidmətə Moskvanın Ximki qəsəbəsində sahə müvəkkili kimi başlayıb. 5-6 il işləyib və əməliyyat sahəsinə keçib. «Qanla çirklənmiş pullar» haqqında hadisə də həmin dövrə təsadüf edir. Dostum deyir mən xeyli müddət, on ilə yaxın bu qəsəbədə işləmişəm, xidməti fəaliyyətimdə, həyatımda nəyə nail olmuşamsa, nə qazanmışamsa, burda qazanmışam.

Ximki Moskvadan aralı, paytaxtın ucqarında yerləşsə də, həmişə elitar yer sayılıb və imkanlı adamlar bura can atıb. Hələ sovet dövründə, iki maşın almağa, ikimərtəbəli villa qaldırmağa icazə verilməyəndə burda torpaq sahələri baha idi. Qiymətlər 80-ci illərdən başlayaraq daha da artmış, hətta Moskva üçün, fantastik həddə çatmışdı. Təsəvvür edin ki, rubla baxan yox idi, torpaqlar ancaq dollara satılırdı. Odur ki, Ximkidə bağ sahəsi, torpaq yeri olanlar satmağa, özləri demiş, kasıblığın daşını atmağa çalışırdılar. Amma sən saydığını say…

Dostum burda bir siqaret çıxarıb yandırır, fikrə dalır… Mən səbrlə gözləyirəm, uzun bir girişdən sonra nəhayət mətləbə keçəcəyini hiss edirəm. İnsafən o da məni çox gözlətmir…

- Dediyim kimi, 80-nin axırları idi, «yenidənqurma» bütün sovet respublikalarını «ağzına alsa» da, Moskva milisində yaxşılığa doğru heç nə dəyişməmişdi. Əksinə, işimiz birə-beş artmışdı, maaşımız isə həmin səviyyədə qalmışdı, hətta aylarla ala bilmirdik. Amma kişi kimi işləyirdik. İndi də düşünəndə məni təəccüb və heyrət bürüyür: niyə işləyirdik və necə işləyirdik?! Nə isə, mətləbdən uzaqlaşmayaq… Həmin dəhşətli hadisə, səhv etmirəmsə, 88-ci ilin mayında baş vermişdi. Orta məktəbdə riyaziyyat müəllimi işləyən İqor İvanıç Malikov adlı 40 yaşlarında kişi evinin qabağında, maşınının yanında güllələnmişdi. May ayı olsa da, havalar bir az qızsa da, axşamlar soyuq olurdu. Həm də qarışıq zamanlar idi, qaranlıq düşəndən sonra küçədə adam olmurdu. Hadisə də axşam saatlarında baş verdiyindən həyətdə adam olmamışdı.

Mən həmin dövrdə artıq baş əməliyyat müvəkkili idim, təvözəkarlıqdan bir az uzaq olsa da, artıq özümü göstərmişdim. Odur ki, ağır işləri mənə verirdilər, «nerusskiy» olsam da, etibar edirdilər. Malikovun da işi ağırdı, amma işıq ucu görünən məqamlar da vardı. Doğrudur, qatil gülləni səsboğuculu tapançadan atmışdı, amma silahı atmamışdı. Deməli, killer deyildi. Bu, bizim işimizi ağırlaşdırsa da, axtarış dairəsini daraldırdı. Müəllimin qətlinin motivi də aydındı. Həmin axşam onun üstündə həmin dövr üçün fantastik məbləğdə, 10 min dollar pul olmuşdu. Və qətldən sonra yoxa çıxmışdı…

Mən boş vaxt itirmək istəmirdim, odur ki, hadisənin ertəsi günü müəllimin evinə getdim. Mərhumun cənazəsi hələ tibbi ekspertizada idi, evə gətirilməmişdi. Evdə Malikovun arvadı, qızı, bir də ağ xalatlı həkim vardı. Həkimi mən hələ sahə müvəkkili işlədiyim dövrdən tanıyırdım, bizim poliklinikanın sahə həkimi idi. Mərhumun ailəsi ilə isə tanışlığım yox idi. Mən burda öyrəndim ki, İvanıçın artıq dul qalmış və yəqin ki, bu səbəbdən rəngi saralmış arvadı da müəllimədir, rus dili və ədəbiyyatdan dərs deyir. Artıq 8-ci sinifdə oxuyan və əlaçı olan 15 yaşlı qızları Nataşa isə şikəstdir, gəzmir, yalnız əlil arabasının köməyi ilə hərəkət edir. Müəllimlər qızın valideynlərinə və qabiliyyətinə görə gəlib evdə dərs keçirlər. Həkimlər də deyir ki, Nataşanın Moskvada müalicəsi müşkül, Almaniyayada mümkündür. 17 yaşına çatınca mütləq əməliyyat olunmalıdır, sonra gec olar. Nataşanın valideyinləri isə dediyim kimi, müəllim idilər, qızlarını nəinki Almaniyada əməliyyat etdirməyə və böyük pullar xərcləməyə, hətta Moskvada müalicəni davam etdirməyə imkanları yox idi. Odur ki, Malikovlar yeganə qızlarını əlil arabasından qurtarmaq üçün yeganə sərvətlərini satışa çıxarmışdılar…

İqor Malikovun atası əməkdar müəllim olmuşdu, buna görə də Ximki ətrafında 10 sot bağ yeri almış, hələ sağlığında burda taxtadan bağ evi də qaldırmışdı. Malikovlar bağları ilə fəxr edir, bütün yay tətilini burda keçirirdilər. Əkir, becərir, sözün əsil mənasında, aktiv istirahət edirdilər. İndi isə bütün bunlardan imtina etmək lazım idi. Və etmişdilər. Evi alan Aleksandr Yakovlev isə, mənim yaxşı tanıdığım adam idi.

Aleksandr Yakovlev hələ o vaxtlar imkanlı idi. Zarafat deyildi, Moskvada beş-üç «Jiquli profilaktoriya»larından birinin müdiri idi. Belələri sovet dövründə pula pul demirdi. Özü Ximkidə həyət evində yaşayırdı, Moskadakı üç otaqlı mənzili isə qızının adına idi. İki maşınları vardı, «Mersedes»-i özü sürürdü, qızı «VAZ-2109»-da gəzirdi. Aleksandr mənim ərazimin sakini idi, münasibətlərimiz pis deyildi. Ən azı on beş yaş fərqimizə baxmayaraq (onda üçüncü onilliyi yola salmaq üzrə idim), mən onu Saşa, o mənə Tolik çağırırdı. Bizi birləşdirən, yaxınlaşdıran ovçuluğa həvəs olmuşdu. İkimizin də ov tüfəngimiz vardı, tez-tez bazara-bayrama salıb, yaxın meşələrə, göllərə ova gedərdik. Əliboş gəlməzdik, qaban vurmasaq da, quşdan, dovşandan gətirərdik. O vaxtlar mən təzə «VAZ-2109» almışdım, Saşa da işimə yarayırdı, təkərdən tutmuş hansı «zapçast» lazımdırsa, mənə öz qiymətinə verirdi, lap elə öz maşınına qoyub Ximkiyə gətirirdi. Onun da işi mənə yayda düşürdü. Camaat yayda Moskvadan Ximkiyə axışanda, Aleksandr arvadını, uşaqlarını da götürüb, öz maşını ilə Çexoslavakiyaya, Rumıniyaya gedirdi. Bəzən bir ay, ay yarım görünmürdü. Mənzilini mənə tapşırır, hətta ehtiyat açarlarını da verirdi. Kişi mənə etibar edirdi. Mən də evinə göz qoyur, tez-tez baş çəkirdim. Siz Bakıya baxmayın, orda əmin-amanlıqdır. Rusiyada bir evdə iki gün işıq yanmasa, üçüncü gün aparırlar.

Malikovların bağı Yakovlevlərin həyəti ilə bitişik idi. Aleksandr bu bağı çoxdan gözaltı eləmişdi, almaq, öz həyətinə qatmaq istəyirdi, amma İqor yola gəlmirdi. İndi isə birdən-birə özü müştəri düşmüşdü. Torpağın sotunu min dollara, o dövr üçün od qiymətinə danışmışdılar. Həmin o məşum may günü Aleksandr Yakovlev öz ofisində İqor Malikova 10 min dollar vermiş və bağın qanuni sahibinə çevrilmişdi. Malikov isə nəinki halal puluna sahib ola bilməmiş, hətta evinə salamat gedib çata bilməmişdi…

Hadisədən artıq bir həftədən çox keçirdi, mərhumun yeddisi də çıxmışdı. İşıq ucu isə görünmürdü. Aleksandr Yakovlev Ximkidə tanınmış adam idi, odur ki, bütün şübhələrdən uzaq idi. Hadisədən sonra özü milis şöbəsinə gəlmiş və mərhumla son görüşü barədə məlumat vermişdi. Mən demək olar ki, yatmırdım, gecə-gündüz ayaq üstündə idim. Sanki bu hadisənin xidməti həyatımda dönüş nöqtəsi olacağını hiss edirdim. Vaxt da daralmışdı, Malikovun qızı iyun ayında anası ilə Almaniyaya, əməliyyata getməli idi. Atası öləndən sonra daha da kövrəkləşmiş şikəst qızın solğun çöhrəsi gözlərimin önündən getmirdi. Bizlərdə deyirlər, əl tutmaq Əlidən qalıb, ona kömək etmək istəyirdim. Bu fikirlə də Yakovlevin evinə getdim. Saşa yaxşı oğlandı, məni də həmən anladı. Kişi kimi 10 min dollar saydı. Gülə-gülə dedi ki, deyəsən bu torpaq sahəsi mənə 20 minə başa gələcək, belə qiymətlər heç Almaniyada da yoxdur. Dedim darıxma, mənə bir ay vaxt ver. Bizim qafqazlılar demiş, sən halal pulunu halal adama vermisən, doğrudur araya haram girib, amma söz verirəm burnundan gələcək. Saşa işin gedişiylə maraqlandı, mən də imkan olan qədər açıqladım. Sonda dedi ki, İqoru yaxşı tanıyırdım, köhnə bir "011"-i vardı, tez-tez məndən "zapçast" alırdı.

Yakovlevin evindən Malikovgilə necə gəldiyim yadıma gəlmir. Yol boyu özümü söyürdüm, bilmirəm heç maşını necə sürürdüm. Mərhumun maşınına baxış keçirməyi unutduğumu özümə bağışlaya bilmirdim. Malikovlar 9 mərtəbəli binanın 7-ci mərtəbəsində qalırdılar, qaça-qaça qalxdım. Nə qədər tələssəm də Nataşa ilə ayaqüstü söhbət etdim. Saşadan aldığım 10 min dolları onlara verdim, dedim bu, sizin bağın puludur. Mənə ünvanlanan çoxsaylı suallardan yayındım, qarajın və maşının açarlarını alıb aşağı düşdüm. Maşını ələk-vələk elədim, amma bir şey tapmadım. Doğrudur, «bardaçok»dan yazılı, möhürlü bir kağız tapdım. Burda deyilirdi ki, İqor Malikov filan saylı Moskva bankının filialından (filial Ximkidə yerləşirdi) 10 min dollar valyuta götürüb. Amma mənim bildiyimə görə, Malikov valyutanı bankdan yox, Yakovlevdən almışdı. Odur ki, təcili qarajı bağlayıb Yakovlevgilə qayıtdım, hətta qalxıb qarajın açarlarını verməyi də unutdum. Saşa kağıza diqqətlə baxdı, dedi bu kağızı Malikova mən təşkil etmişəm. Məsələ ondadır ki, müvafiq bankın belə sənədi olmasa, sən SSRİ-dən heç 100 dollar pul çıxara bilməzsən. İqor Malikov isə Almaniyaya qızının müalicəsi üçün 10 min dollar aparmalı idi. Ximski bankının mühafizə xidmətinin rəisi mənim dostumdur, ona zəng etdim, İqor üçün belə bir kağız təşkil etdim. Yeri gəlmişkən, həmin gün Malikovun məndən pul aldığı və axşam evə pulla qayıdacağı barədə məlumat bankın mühafizə xidmətində də var idi. Xidmətin rəisinə mənim adımdan müraciət elə. Mən özüm də ona zəng vuracam…

Artıq ipin ucu, türkün sözü əlimdə idi. Deməli, qatil bankın mühafizə xidmətində idi?! Səsboğucu silahın olması, hadisədən sonra atılmaması da aydınlaşırdı. Qatilin silahı mühafizə xidmətində qeydiyyatda idi, odur ki, ata bilməzdi. Bu cür düşünə-düşünə banka gəldim. Doğrudur, mühafizənin rəisi əvvəl mənimlə danışmaq istəmədi, amma Saşanın zəngindən sonra hər şey düzəldi. Mühafizə xidmətində rəisdən başqa daha üç işçi vadı. İkisinə rəis özü kimi inanırdı. İvan Salnikov adlı birisi isə içkiyə və qumara meylli adam idi. Gəncliyində tanınmış idmançı olan bu adam otuzdan sonra düşmüşdü, deyilənə görə borcun içində üzürdü. Bu gün növbədə deyildi, evdə idi. Bölməyə gedib sahə müvəkkilini tapdım, iki nəfər də milis nəfəri götürüb «idmançı»nın evinə getdik. Sahə müvəkkili bir milis nəfəri ilə yuxarı, 6-cı mərtəbəyə qalxdı. Mən isə hər ehtimala qarşı (şübhəli şəxs keçmiş idmançı idi) bir nəfərlə aşağıda, «yanğın pilləkanı»nın yanında qaldım. Çox gözləmək lazım gəlmədi, «idmançı» axşamın qaranlığında pilləkanla düz üstümüzə gəldİ. Amma bu dəfə silahsız idi, axı, növbədə deyildi…

Salnikov axmaq deyildi, ayrı yolu da yox idi. Axı, günahın etirafı məhkəmənin gedişində istintaqla əməkdaşlıq kimi nəzərə alınır. Odur ki, hər şeyi etiraf etdi, amma bir qəpiyi də yox idi. Demə hadisədən bir ay əvvəl Ximkidə «Şkolnik» kimi tanına avtoritetə qumarda böyük məbləğdə pul uduzubmuş və ay ərzində borc faizi ilə birlikdə kritik həddə - 10 min dollara çatıbmış. Həftə sonunda İvan Salnikovu ən sərt cəza (ölüm, zorlama və s.) gözləyirdi. Odur ki, İvan bütün alçaqlar kimi öz yerinə başqasını qurban vermək istəmişdi…

«Şkolnik»i mən qiyabi tanıyırdım, Yakovlevlə isə tay-tuş idi, bildiyimə görə, münasibətləri də pis deyildi. Yenidən Saşaya müraciət etdim. Bir xeyli güldü, dedi söhbət mənim pullarımdan gedir, odur ki, istəsəm də, istəməsəm də sənə kömək etməliyəm. Amma onu deyim ki, «Şkolnik» indi adi «uqolovnik» deyil, şəhərdə tanınmış, hörmətli kişilərdən biridir. Ximkidə ilk fərdi mühafizə xidmətini o, yaradıb, idmançıları başına toplayıb. Əməlli-başlı iş adamıdır, mənimkindən on dəfə böyük ofisi, 15-20 işçisi var. Amma onun da zəif yeri var. Yanına get, məsələni konkret izah et. De ki, Salnikov sənə borcu «qanla çirklənmiş pullar»la qaytarıb. İş məhkəməyə getsə, sən də gedəcəksən. Vəssalam…

Elə həmin axşam «Şkolnik»in ofisində getdim, qabağında neçə xarici maşın dayanmışdı, qapıda mühafizəsi də vardı. Özümü təqdim etdim, məni dərhal qəbul etdi. Bu, orta yaşlı, orta boylu sarışın adamdı, ağıllı mavi gözləri vardı. Vaxt itirmədim, «qanla çirklənmiş pullar» haqqında məlumat verdim. Diqqətlə qulaq asdı, dedi, baxarıq. Ruslar deyir «doveryay, no proveryay»...

İki gündən sonra tanımadığım idmançı görkəmli cavan oğlan işə yanıma gəldi. Nahar fasiləsi idi, otaqda tək idim. Qonağım dedi məni «Şkolnik» göndərib, «batya» məhkəmədə onun adının çəkilməsini istəmir. Stolun üstünə uzunsov ağ bükülü qoyub getdi. Mən pulları saymadım, dərhal götürüb Yakovlevgilə yollandım.

# 2719 dəfə oxunub

Oxşar xəbərlər

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

12:00 3 may 2024
Ərinə itaət edən qadının böyüklüyü - Dinozavr yumurtası, yoxsa əjdaha yumurtası?

Ərinə itaət edən qadının böyüklüyü - Dinozavr yumurtası, yoxsa əjdaha yumurtası?

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
# # #