Cavid Təvəkkül
K dostu rəssamın emalatxanasında başını aşağı salıb oturmuşdu, qırmızı qan onun ayaqlarının altından özünə yol açıb ilan kimi sürünürdü. K diqqətlə qanın özünə açdığı yolu seyr edirdi, birdən başını qaldırıb hələ də işləyən televizora baxırdı. K-nın həyat yoldaşı müəllifi və aparıcısı olduğu proqramda qonaqlarıyla nə haqdasa danışırdılar. Televizorun səsini bayaq Q-nan sekslə məşğul olanda almışdı, ona görə də onun nə haqda danışdığını bilmirdi.
K keçmiş həyat yoldaşına baxdı, onun gözlərinə, burnuna, qaşlarına, sinəsinə. İri planda olan K-nın keçmiş həyat yoldaşı özünə əl qatmışdı, özünü ağıllı aparmağa çalışırdı, K onu yaxşı tanıyırdı.
K gözlərini televizordan çəkdi, rəssam dostunun çəkdiyi divar boyu düzülmüş rəsmlərə baxırdı. Onun dostu ancaq mələk qanadları çəkirdi, mələksiz qanadlar. K Q ilə həmişə burda görüşərdi, ümumiyyətlə o evdən çıxandan sonra burda yaşayırdı.
K fikrə getdi, keçmişi yadına düşdü, lap uşaq vaxtından, məktəb illərindən başladı xatirələr, ilk dəfə məktəbin arxasında çəkdiyi ilk siqaret, dərsdən qaçıb çayxanaya getməkləri, 8-ci sinifdə ilk dəfə çəkdiyi anaşanı yada saldı birdən, sonra evə gəlib bir qazan dolmanı necə yediyi düşdü yadına.
K ilk dəfə vurulduğu qızın gözlərini xatırladı, saatlarla binalarının qarşısında o eyvana çıxacaq deyə gözlədiyi günlər keçdi gözünün önündən, ilk dəfə içki içib qəhbə yanına getdikləri, beş nəfərin adama üç rubldan yığıb qadına verdikləri, qadınında “pilka”yla dırnaqlarını “pilkalayaraq” uşaqları yola verdiyini yenidən canlandırdı xəyallarında.
10-cu sinfi bitirib son zəng günü çimərlikdə ilk məhəbbətiylə gecə hamının gözündən qaçıb, xəfif küləkdə, ilk, əbədi və bir də heç vaxt belə sevgini yaşamayacağına inanmışdı onda, bunun səhəri gün qızın ona yazdığı qısa məktubu təkrarən oxudu: “Biz bir yerdə ola bilmərik”. Qız bu məktubdan sonra təhsil almaq üçün Rusiyaya yollandı. Çox axtardı, cavab alınmadı, tüpürdü ona, içkiyə qurşandı, içdi, içdi, ayıldı.
Qürbətdə ac-yalavac tələbəçilik keçirdi, çox qızlar, qadınlar gördü, çox zibillərdə oyunlardan çıxdı, vətənə qayıtdı.
Heroin öz sözünü dedi, təslim oldu.
Dinə, namaza gəldi, yaxın dostu saydığı heroinə bir gün qəti “yox” dedi...
Başqa sahələrə meyl etdi, başqa dünyalar axtarmağa başladı, insanları rengen kimi görməyə alışdı.
Tablolar yaratmağa zövq etdi, yaratdı da, sevdilər onu, sevmədilər də, alçaltdılar onu, alçatdı da, amma bir gün ayıldı ki, mən kiməm. K bir səhər yuxudan qalxıb hamam otağındakı güzgüdən özünə baxıb bir sual verdi özünə: “Sən kimsən? Nədir sənin missiyan?”-deyəsən cavab da tapdı.
K ayağının altında ilan kimi sıyrılıb sürüşən qana baxdı, qıpqırmızı qana, sonra hələ də işləyən televizora diqqət kəsdi, keçmiş həyat yoldaşı ekranın o tayından ona baxırdı. K televizora tüpürdü.
Q -nı yadına saldı, ilk dəfə onun K-nın yanına naturaçı kimi gəldiyi yadına düşdü. Onun Q-ya necə baxdığını xatırladı, kino dilində buna “slow motion” deyirlər. Və elə o vaxtdan vuruldu. Bəli, K ilk baxışdan vuruldu, kefli yazarların, narkoman rejissorların yaratdığı qəhrəmanlar kimi.
K Q-nı dəli kimi sevməyə başladı, bütün əsərlərini yaradarkən ancaq onu düşünürdü, ancaq ona ithaf edirdi tabloları. K onunla nə baş verdiyini anlaya bilmirdi, başa düşmürdü, indiyə kimi gördüyü qadınların heç birindən bu cür ilham, bu sayaq enerji almırdı və bir müddət sonra anladı ki, həyatından keçən qadınların heç biri Q deyil. K onu sevirdi, onu heç kimlə paylaşmaq istəmirdi, istəyirdi ki, o həmişə onun yanında olsun. K –ya elə gəlirdi ki, Q onun yanında olsa o daima ölməz əsərlər yaradacaq, o dahi olacaq, çünki bir dəfə hardasa oxumuşdu ki, sənətkar əsl sevgisini tapanda mükəmməl əsərlər yaradır.
K başının üstündən asılmış kəndirə baxdı, o bunu bayaq özünü asmaq üçün hazırlamışdı. K ayağa qalxdı, stulun üstünə çıxdı, başını halqanın içinə soxdu və axırıncı dəfə ilan kimi sürüşüb divara dirənən qıpqırmızı qana baxdı. K baxışlarını qanın yoluyla gətirib yerdə qalmış Q-nın cəsədində saxladı. Sonuncu dəfə Q ilə sekslə məşğul olduqdan sonra K onun kürəklərində mələk qanadları görmədi, yadına Butusovun oxuduğu bir mahnının sözləri düşdü: “ Где твои крыля, каторые так нравились мне”. Həmişə bu qanadları görərdi, amma bu gün görmədi...
K bu sevginin sonunun necə olacağı haqda özündən soruşdu, axırı necə olacaq bunun deyə Q-dan aldı. Q çiyinlərini çəkdi, K yenə öldü. K bilirdi ki, Q ərindən ayrılmayacaq, K bilirdi ki, Q heç vaxt onunla olmayacaq, K onu da gözəl bilirdi ki, onun yerinə hər hansı bir kişi olsaydı elə belə də gününü keçirərdi, gizli sevgi, gizli məhəbbət, elə onda da böyük əsərlər yaranarmış sən demə, amma K belə istəmirdi...
12 bıçaq zərbəsi vurmuşdu Q-ya...
Hirsi soyuduqdan sonra kəndir düzəltdi özünü asmaq üçün.
Gözlərini yumdu, sənətkar əsl sevgisini tapanda mükəmməl əsərlər yaradır cümləsinə nifrət etdi, amma gec idi və ayağının altındakı stulu kənara itələdi. Bir neçə dəqiqə havada qaldı.
Bu vaxt otağa Q-nın əri daxil oldu.
Q –nın əri havada qalmış K-nı xilas elədi. K hələ ölməmişdi. Q-nın əri yerdə qanın içində qalmış Q-ya baxdı.
K gözlərini Q-nın ərinin qucağında açdı.