Kulis Kənan Hacının tərcüməsində Andrey Platonovun “Ana” hekayəsini təqdim edir.
Ana öz evinə qayıtmışdı. O, almanların əlindən qaçmışdı, amma başqa heç bir yerdə qərar tuta bilmədiyindən təzədən doğma yurda qayıtmışdı.
O, iki dəfə alman istehkamlarının arasındakı boş sahənin yanından keçdi, burada nəzarətsiz ərazilər də vardı, o isə kəsə yolla birbaşa gedirdi. Onda qətiyyən qorxu hissi yox idi, özünü heç kimdən qorumurdu və xoşbəxtlikdən düşmənlər ona toxunmadı. O, kədərli, başıaçıq vəziyyətdə, üzündəki səksəkəli ifadə ilə kor adamlar kimi yeriyirdi. Dünyada nələr baş verir, onun vecinə deyildi, dünyada heç bir şey onu həyəcanlandıra, sevindirə bilməzdi. Çünki onun dərdi əbədi dərd idi, bu dərd heç cür səngiyəsi dərd deyildi. Ana bütün övladlarını itirmişdi. O, bütün dünyaya biganə idi, küləyin qovaladığı ot saplağı kimi baş alıb hara gəldi, gedirdi. Mütləq öz evini görməliydi, o yeri ki, onun övladları orada öldürülmüşdü.
Yolda qarşısına düşmənlər çıxırdı, amma onlar bu yaşlı qadına toxunmurdular. Bu cür dərdli qadınla rastlaşmaq onlara bir az qəribə gəlirdi, onlar insanın bu hala düşməsindən dəhşətə gəlir, onun tezliklə canını tapşıracağından ona əl bulamaq istəmirdilər. Bu cür dəhşətli sifət ancaq vəhşi heyvanları qorxudan adamlarda olur və onları məhv etməyə heç kimin gücü çatmır. Vəhşi heyvan və insan özlərinə bənzəyən adamlarla həvəslə döyüşürlər, zəiflərə isə toxunmurlar. Naməlum qüvvələrin hesabına qalib görünməkdən qorxurlar.
Ana müharibənin dağıtdığı yerlərdən keçib evinə gedirdi. Amma indi bu doğma yerlər bomboş idi, bir kimsə gözə görünmürdü. Divarları gillə suvanmış, sarı boyanmış, fikrə getmiş insanı xatırladan bacası olan, bir ailənin yaşadığı, almanlar tərəfindən çoxdan dağıdılmış balaca evin yerində yalnız kömür qalağı qalmışdı, artıq orada alaq otları boy atmışdı. Qonşuların yaşadığı evlər də, bu qədim şəhər də məhv edilmişdi, ətraf kədər içindəydi, uzaqda isə sükuta bürünmüş torpaq görünürdü. Bir müddətdən sonra vaxtilə insanların yaşadığı yerlərdə otlar bitəcək, külək bu otları döyəcləyəcək, yağış torpağı yuyub aparacaq, insanlardan, canlı həyatdan bir iz qalmayacaq. Onun yer üzündəki əzablarından heç kimin xəbəri olmayacaq, mərhəmət, nəsihət hissi irsən heç kimə keçməyəcək. Çünki artıq burada sağ qalan bir kimsə olmayacaq. Ana bu məhv olmuş həyat üçün dərindən bir ah çəkdi. Amma o, mərhəmətli insan idi, bütün ölənlərin əvəzinə yaşamaq istəyirdi.
Ana yanmış evin soyumuş yanğın yerində yerə çökdü, əlləriylə külü ovucladı. O, öz aqibətini bilirdi, bilirdi ki, tezliklə öləcək, amma bu qismətlə heç cür barışmaq istəmirdi. Axı o, öləndən sonra onun övladlarını kim xatırlayacaqdı?
Ana nəsə düşünsə də heç nə dərk etmirdi. Bu vaxt cavan qadın olan qonşusu, əvvəllər dolu bədənli olan, indisə zəifləmiş, sakit təbiətli Yevdakiya Petrovna ona yaxınlaşdı; o, iki azyaşlı uşağı ilə şəhərdən çıxmaq istəyəndə yaşadığı yerə bomba düşmüşdü və zavallı uşaqlar tələf olmuşdu, əri isə itkin düşmüşdü. İndi qayıtmışdı ki, uşaqlarını dəfn eləsin və öz əcəlini burada gözləsin.
- Salam, Mariya Vasilyevna, - Yevdakiya Petrovna dedi.
- Bu sənsən, Dunya? Otur yanımda, bir az söhbət edək. Bir az saçlarımın bitini təmizlə, gör nə vaxtdır çimmirəm, - Mariya Vasilyevna qonşusunu görüb dil açdı.
Dunya dinməz-söyləməz onun yanında oturdu. Mariya Vasilyevna başını onun dizləri üstünə qoydu və qonşusu onun başını bitləməyə başladı. Bu məşğuliyyət hər ikisinə rahatlıq gətirdi; biri cani-dildən işləyir, o birisi isə yumşaq dizin üstündə sakitcə mürgüləyirdi.
- Səninkilərin də hamısı öldülər? – Mariya Vasilyevna soruşdu.
- Hamısı! – Dünya cavab verdi. – Səninkilər də?
- Hamısı. Heç kimim qalmadı, - Mariya Vasilyevna dedi.
- İkimiz də eyni dərddəyik, - Dunya özünə həmdərd tapdığından bir az yüngülləşdi.
- Mənim dərdim səninkindən çoxdur. Mən əvvəllər də dul olmuşam. – Mariya Vasilyevna dedi. – İki oğlum isə kəndin kənarında həlak olub. Faşistlər Petropavlovkadan Mitrofan yoluna çıxanda onlar fəhlə batalyonunda imişlər... Qızım isə məni götürüb çıxdı, ayağımız hara, başımız da ora, baş alıb getdik. Qızım məni çox sevirdi, sonra başqalarını sevdi, hamını sevdi... Onun üstünə əyiləndə o, yaralı idi, sonra öldü. Onu da yuxarıdan, qırıcı təyyarədən vurdular. Mənsə geri qayıtdım. İndi mən də ölü kimi bir şeyəm...
- Sən neyləyə bilərsən ki?! Mən də sənin günündəyəm, -Dunya dedi. – Mənimkilər də ölüb, səninkilər də. Mən səninkilərin harada basdırıldığını bilirəm, öz gözlərimlə görmüşəm. Bütün ölənləri sürüyüb bir yerdə basdırdılar. Əvvəlcə öldürülənləri saydılar, siyahı tutdular, bizimkiləri kənara tulladılar, öz ölülərini isə ayrıca bir yerə düzdülər. Sonra bizimkiləri soyundurub onların üstlərindəki əşyaları topladılar, kağıza nəsə qeyd elədilər. Sonra isə meyitləri sürüyüb dərəyə quyladılar...
- Heç olmasa, qəbir qazdılar? –Mariya Vasilyevna nigaran-nigaran soruşdu. - Qəbir dərin qazılsaydı, onlara isti olardı!..
- Yox əşi, nə qəbir? Mərminin oyduğu bir dərə idi. Onların qəbir qazmağa həvəsi, vaxtı nə gəzir? Hələ dəfn olunmayanlar da oldu, onların da üstündən tankla keçib torpaqla bir etdilər. Dunya məlumat verdi. Rəhmətliklər, yəqin indi üşüyürlər. Yalnız ölülər bu əzaba dözə bilərlər, soyuq torpaqda əbədi çılpaq uzananlar...
- Mənimkiləri də tankla əzdilər? – Mariya Vasilyevna soruşdu.
- Səninkiləri? – Dunya dedi. – Heç fikir vermədim... Hamısı kənddə, yolun qırağında basdırılıb, gedib görərsən. Mən iki ağac parçasından xaç düzəldib ora sancdım, amma bu, işə yaramayacaq. Sən dəmirdən bir xaç düzəltdirərsən. Adamlar ölüləri tez unudurlar...
Hava qaralmağa başlayanda Mariya Vasilyevna ayağa qalxdı, qoca idi, tez yorulurdu. Dunya ilə sağollaşdı və övladlarının basdırıldığı yerə tərəf yollandı.
Mariya Vasilyevna şəhərə yaxın olan qəsəbəyə çatdı. Əvvəllər burdakı evlərdə bağbanlar, təsərrüfatla məşğul olanlar yaşayırdı. Onlar əkinçiliklə dolanırdılar. İndi buralarda heç nə qalmamışdı, torpaq yanıb külə dönmüşdü, adamlar isə ya ölmüşdülər, ya da əsir düşmüşdülər.
Mitrofan şossesinə çıxdı. Əvvəlki kimi yolun kənarında ağ söyüdlər bitmişdi, boş yolların hüznlü görkəmi ürək ağrıdırdı. Sanki dünyanın sonu idi.
Mariya Vasilyevna axtardığı yeri tapdı. Ana xaçın böyründə oturdu, onun övladları burda yatırdı.
Axşam düşdü və ardınca gecə gəldi. Payızın soyuq ulduzları sanki ağlayırdılar, göz yaşı kimi parlaq idilər. Zülmətə qərq olmuş yerə dikilən təəccüb dolu gözlər elə mehriban idi ki, bu gözləri görən adam üçün bu baxışlardan ayrılmaq çətin olardı.
- Əgər sağ olsaydınız, - ana torpağa basdırılmış övladlarına pıçıldadı, - bəxtinizi sınayardınız, nə qədər işlər görərdiniz. Amma artıq ölmüsünüz, sizin yaşamağa macal tapmadığınız həyatınızı görəsən indi kim yaşayır? Matveyin neçə yaşı vardı? O, iyirmi üç yaşın, Vasili isə iyirmi yeddi yaşın içindəydi. Qızımın isə on səkkiz yaşı vardı, on doqquza keçmişdi. Dünən onun ad günü idi...
Ürəyimin yağını əritdim onlar üçün, qanımı verdim, amma onlar öldüsə, demək, mənim qanım azlıq edib, onları qoruya bilməmişəm. Onlar bu dünyaya gəlməyi məndən xahiş etməyiblər. Onları doğmuşam ki, yaşasınlar. Görünür, dünya uşaqların yaşaması üçün hazır deyilmiş... Biz heç nə edə bilmədik! Onlar burada yaşaya bilməzdilər. Başqa yer də yoxdur. Bəs biz nə edə bilərdik? Bu göyün altında tənha yaşamağın da bir mənası yoxdur.
O, üzünü torpağa söykədi, torpaq sükut içində idi.
- Yatırlar, - ana pıçıldadı. – Ölmək onlar üçün çətin olub. Onları qırıb çatıblar. Eybi yox, mən gözləyərəm, qoy yatsınlar. Bundan sonra mən onlarsız yaşaya bilmərəm...
Ana üzünü torpaqdan ayırdı, bir anlıq ona elə gəldi ki, qızı Nataşa onu çağırdı: o, ətrafı dinşədi, sanki bu səs onun zəif iniltisi idi. Ana qızını görmək ümidilə səsin gəldiyi çöllüyə tərəf boylandı. Onun qızı haradadır? Bəlkə bu səs ananın ürəyindəki xatirədən gəlir?
Sonra ana mürgülədi və torpaq topasının üstündə uzanıb yatdı.
Gecənin bir aləmi uzaqlardan, döyüşlər gedən tərəflərdən topların səsi gəldi. Mariya Vasilyevna oyandı və topların gurultusunu dinlədi. “Yəqin bizimkilərdir, yaxınlaşırlar. Qoy tez gəlsinlər, özlərini yetirsinlər” deyə düşündü. Ana yenə torpağa uzandı ki, övladlarına bir az yaxın olsun. Onlarsa susurdular.
Günorta rus tankarı Mitrofan yolunda göründü və yanacaq doldurmaq, ətrafı müşahidə etmək üçün qəsəbənin yaxınlığında dayandı. Qızıl əsgərlərdən biri tanklardan aralanaraq azadlıq Günəşinin isitdiyi torpağın üzərində gəzişməyə başladı.
Əsgər iki ağac budağından düzəldilmiş xaçın kənarında torpağın üstünə uzanmış bir qarı gördü. Ona tərəf əyildi və nəfəsini dinlədi. Sonra qadını arxası üstə çevirdi, qulağını onun sinəsinə söykədi. “Ürəyi dayanıb”, əsgər hər şeyi bildi və meyitin donuq üzünü kətan parça ilə örtdü:
- Rahat yat, - qızıl əsgər anayla vidalaşdı, - başqa birisinin anası olsan da, mən də sənsiz yetim qaldım.
Tərcümə edən: Kənan HACI
aydinyol.az