Komandir öz əsgərini niyə güllələdi?

Komandir öz əsgərini niyə güllələdi?
14 fevral 2013
# 11:43

Kulis.az Aqil Abbasın “Sonuncu post” povestini təqdim edir. Povest çovğunda azuqələri qurtaran azərbaycanlı hərbçilərin həyatla girdiyi amansız döyüşdən bəhs edir. Zabitimizin erməni əsirlə münasibəti ən çətin şəraitdə belə insani hisslərin ölmədiyini göstərən gözəl bədii sübutdur.

Birinci hissə

Çovğun güclənirdi. "Bir tikə çörək bir dağ aşırar" desələr də indi bu

bir tikə çörəyin bu uşaqları bu dağı aşıracağına, bu dəhşətli gecədən

sabaha çıxaracağına Komandir inanmırdı. Əgər uşaqları yatmaqdan

qoruya bilsəydi, deməli, ölümdən də qoruyacaqdı. Əzrayıl artıq

böyür-başlarında fırlanırdı, daha doğrusu, asılmışdı uşaqların

kirpiklərindən. Elə Komandirin də kirpiklərindən sallanırdı, amma

Komandir bunu hiss eləmirdi, özünü unutmuşdu. Onu yalnız bu uşaqları

sabaha salamat çıxartmaq düşündürürdü.

Qara daha dözə bilmirdi, sısqaya-sısqaya dedi:

- Komandir, ölürəm, qoyma...

Komandirə güllə dəyəndə belə ağrıtmamışdı ki, indi ağrıtdı,

hönkürməkdən özünü zorla saxlayıb qalxdı ayağa, yaxınlaşdı domuşub

oturmuş erməniyə, ayağı ilə vurub dedi:

- Çıxart buşlatı.

Erməni gözlərini döydü.

- Snimay buşlat.

Sonra da erməninin kürkü çıxarmağını gözləmədi. Çəkib kürkü onun

əynindən çıxartdı və atdı Qaranın üstünə.

- Götür bunu da geyin.

- Bəs o? Yazıqdı axı.

- Onun yazıq anasını!- deyə Komandir əmr elədi,- Götür!

Qara yenə geyinmək istəmədi, insanlıq hissi güc gəlirdi. Amma iliyə

işləyən şaxta vurub Qaranın iliyindəki o müqəddəs hissi çıxartdı.

Büründü kürkə.

- Komandir! Komandir! Ora bax, kimsə gəlir,- deyə Şair qara bata-bata

onlara tərəf gələn qaraltını göstərdi.

Bir nəfər əlindəki ağ bayrağı başının üstündə yelləyə-yelləyə

posta tərəf qalxırdı.

Komandir:

- Atmayın! Əlində ağ bayraq var. Hörək nə istəyir.

Postun 30-40 addımlığında dayandı, bayrağı yenidən başının

üstündə yelləməyə başladı, sonra hər iki əlini yuxarı qaldırıb işarə

elədi ki, silahsızdı və bağıra-bağıra dedi:

- Komandir! Ara, Komandir!

Ratsiyada bir-birlərinin danışıqlarını tutduqlarından demək olar ki,

hamısı bir-birlərinin adlarını da bilirdilər, bir-birlərini yaxşı da

tanıyırdılar, bu ermənilərin komandiri Lyonikin səsiydi.

Komandir getdi Lyonikə tərəf.

- Nədi ə, dığa?

- Salam, Komandir.

- Salam. Nə istəyirsən?

- Komandir, bilirəm ki, iki-üç gündü yeməyə bir tikə çörəyiniz də

qalmayıb, Arseni burax nə qədər istəyirsən yemək də verim, araq

da, odun da.

- Lyonik, yeri get. Çörəyimiz də var, arağımız da. Sizin yoxdursa,

biz verək.

- Komandir, gop eləmə, gəl sən Arseni burax. Sən yaxşı oğlansan,

burax Arseni, mən də dediklərimi verim. Onsuz da ya acından

öləcəksiniz, ya da donub öləcəksiniz. Arsen sənin nəyinə lazımdı?

Çörək verim, benzin verim, sizin də ananız ağlar qalmasın, onun da.

Mazandaran Pələngi arxadan bağırdı:

- Dəyiş, Komandir.

Komandir geriyə baxmadan işarə elədi ki, oturun yerinizdə.

Lyonik:

- Komandir, gəl daşı ətəyindən tök. Heç olmasa qonşu kənddənik, bir

məktəbdə oxumuşuq, bir yerdə futbol oynamışıq.

- Nə yaxşı yadına düşdü, Lyonik. Bunu evimizi-eşiyimizi yandıranda,

bizi qarda-qiyamətdə bu dağlarla ayaqyalın qovanda niyə

fikirləşmirdin?

- Komandir, sən uşaq deyilsən, bilirsən ki, bunu eləyən-eləyib. Mən

əsgərəm, sən də əsgərsən. Astvaz haqqı, bu müharibə də qurtaracaq, siz

də qayıdacaqsız Sevana. Yenə xeyirimiz-şərimiz bir olacaq. Burax

Arseni, qoy o da yaşasın, siz də.

- Erməni dilini işə salma Lyonik, buraxmıram. Çıx get.

- Komandir, sənin dədən bir yaxşı kişi olub, yüz dəfə qabağına yemək

qoymuşam, araq süzmüşəm. Gəl daşı ətəyindən tök.

- Sənin də dədən yaxşı kişiydi, özün oğraş çıxdın. Dedim ki, vermirəm!

- Axırıncı sözündü?

- Axırıncı sözümdü.

- Di ölün acından - dedi Lyonik.

Komandir:

- Lyonik, Arseni çox istəyirsənsə buşlatını çıxart ver, verim ona,

donmasın.

Lyonik əynindəki kürkü çıxarıb atdı Komandirin üstünə və çıxıb getdi.

Komandir də kürkü gətirib verdi Arsenə:

- Geyin, ə.

Şair:

- Neyniyirsən bu itoğlunu? Acından ölürük, bunu kəsib yeyəcəyik?

Komandir:

- Sizə qurban olum! Səhərəcən dözün! Səhər çovğun kəsəcək, bizimkilər

də gəlib çıxacaq, nə qədər istəyirsiniz yeyib-içəcəksiniz. Bu əsiri

verib əsirlikdə olan qardaşlarımızın birini alacağıq. İndi bir qarın

yemək əsirlikdəki bir qardaşımızdan irəli oldu?!

Daha uşaqlar söhbətin üstünə gəlmədilər.

Hava qaralmışdı. Komandir görürdü ki, artıq uşaqların nəinki

üzlərində, heç gözlərində də həyat işartısı qalmayıb. Əzrayıl bir

yuxuya çevrilib qarışmışdı uşaqların qanına və götürüb aparırdı

onları.

İndiyədək özünü birtəhər saxlayan Bakılı Balası da indi dözə bilmədi:

- Komandir, elə bil ayaqlarım yoxdu.

Komandir Bakılı Balasının ayaqqabılarını çıxartdı, corablarını da

soyundurdu. Möhkəm-möhkəm ovmağa başladı, dodaqlarını onun ayaq

barmaqlarına dayayıb xeyli hovladı, sonra yenidən ovdu.

- Komandir, heç nə hiss eləmirəm.

Nə qədər ovxaladı bir şey çıxmadı, Bakılı Balasının barmaqları

ağappaq ağarmışdı, Komandir başa düşdü ki, barmaqları don vurub.

Qara yenə zarıdı:

- Ölürəm, Komandir...

Komandir Əzrayılla tək qalmışdı. Milyon il idi, bəlkə də yüz milyon

il idi (və bəlkə də Allah üçün bir saat idi, ya bir gün idi) dünyaya

gələn bütün insanlar, hətta Allahın ən sevimli bəndələri olan

peyğəmbərlər belə Əzrayılla vuruşsalar da, məğlub olmuşdular. İndi

Komandirlə Əzrayılın arasında qeyri-adi, tarixdə görünməmiş və heç

vaxt tarixə düşməyəcək bir savaş gedirdi. Komandir indiyədək doğulan

bütün insanlardan və hətta peyğəmbərlərdən də fərqli olaraq Əzrayılla

öz həyatı üçün yox, Mazandaran Pələnginin, Şairin, Bakılı Balasının

və hələ qadın dadının nə olduğunu bilməyən Qaranın həyatı üçün

vuruşurdu. Əzrayılın arxasında Əzrayılı da, bu dağı-daşı da, bu donan

uşaqları da yeri-göyü xəlq eləyən Allah dayanmışdı. Komandirin

arxasında isə Əzrayılı onların canını almağa göndərdiyi həmin

yeri-göyü xəlq eləyən Allaha bir inam. Əzrayıl da Allahın bir əsgəri

idi və Allahın əmrini sözsüz yerinə yetirirdi. Komandir də bir əsgər

idi, amma bu Vətənin, bu torpağın əsgəri idi. Və ona heç kəs əmr

eləməmişdi ki, Əzrayılla vuruş. Allahın əsgəri ilə bu Vətən əsgəri

arasında neçə gündü gedən savaş sona yetməkdəydi.

Komandir avtomatın lüləsindən yapışıb necə qəzəblə qayaya vurdusa

avtomatın qundağı parçalandı. Mazandaran Pələnginin də, Şairin də,

Bakılı Balasının da, bayaq əsir gətirdiyi erməninin də avtomatlarının

qundağını qırdı. Bircə Qaranın avtomatına dəymədi, hər ehtimala qarşı

silahın birini saxladı.

Mazandaran Pələngi güclə eşidiləcək bir səslə soruşdu:

- Neyləyirsən, Komandir?

- Qoymaram öləsiniz.

Qundaqların parçalarını üst-üstə qaladı. Bayaq ermənilərin maşınından

gətirdiyi benzindən də tökdü üstünə, alışqanı çıxarıb od vurdu.

Qupquru qundaq qırıqları çırthaçırtla yanmağa başladı.

Bir-bir hamısının ayaqqabılarını çıxarıb dedi:

- Ayaqlarınızı tutun oda.

Uşaqların donmaqda olan və bəlkə də artıq donmuş ayaqlarına isti

dəydikcə elə bil bu ayaqlara yüzlərlə iynə batırdılar. Od uşaqların

ayağını yaladıqca bərk ağrı verirdi. Bu ağrı bir tərəfdən

damarlarında donmaqda olan qanı isidirdi, bir tərəfdən də yuxularına,

daha doğrusu, yuxu halında iliklərinə işləyən Əzrayılı o ilikdən

vurub çıxarırdı.

Kənarda domuşub oturmuş erməni ocağa elə həsrətlə baxırdı ki,

bu Komandirin diqqətindən qaçmadı, başını buladı və dedi:

- Yaxına gəl, ə qurumsaq!

Erməni dizin-dizin ocağa tərəf süründü və tir-tir əsən əllərini oda

tutdu.

Komandir:

- İndi ayaqqabılarınızı geyinin.

Bircə Mazandaran Pələngi ayaqqabısını özü geyinə bildi,

qalanlarınkını Komandir geyindirdi.

Ocaq getdikcə öləziyirdi. Bu onların həyatda qızışdıqları son

ocaq idi. Və bu közərən közlər də son işıq işartısı.

Komandir hamısının ayaqqabılarının bağlarını çıxartdı, bıçağı

çıxarıb ayaqqabıların dillərini də kəsdi və atdı ocağa, ocaq bir

az gurlaşdı, amma çox tez də öləzidi.

Komandir əlcəklərini də çıxarıb atdı ocağa. Sonra ciblərini eşələdi.

Cibindən evdən gələn məktublar çıxdı, bir də bu dəqiqə mışıl-mışıl

nənələrini qucaqlayıb yatan övladlarının şəkilləri. Məktubları da oda

atdı. Xeyli gül üzlü balalarının şəkillərinə baxdı, ağladı və onları

da atdı oda. Day yandırılası heç nə qalmamışdı.

Əynindəki kürkü də çıxarıb atdı ocağa...

Və...

... ocaq söndü.

İt kimi ulayan külək öz kefindəydi, çovğun öz kefindəydi, şaxta da öz

kefindəydi. Bu cavanların canını almağa gəlmiş Əzrayıla kömək eləyən

hər nə vardı kef eləyirdi. Əzrayıl da lap gül vurmuşdu, altı can

götürüb gedəcəkdi.

- Pələng, ay Pələng,- deyə Komandir Mazandaran Pələngini dürtmələdi...

Mazandaran Pələngi məktəbin həyətində ayaqyalın futbol oynayırdı,

necə vurdusa top məktəbin hasarını aşıb düşdü Telli müəllimgilin

həyətinə. Uşaqlar kömək elədi, Mazandaran Pələngi çıxdı hasara.

Telli müəllim deyinirdi:

- Ay bala, nə evdə pəncərə şüşəsi qaldı, nə də həyətdə ağac budağı.

İndi sizin əlinizdən köçüb gedək bu məhlədən? Bəsdi də, vermirəm topu.

- Müəllim, qələt eləmişik, bir daha olmayacaq.

- Yox, vermirəm topu. Sizin toplarınızın əlindən hələ bu ağacların

bir meyvəsini dadmamışıq. Doğrayacam bu topu.

- Müəllim, sən Allah doğrama, vallah bu boyda Ağdamda futbol topu

tapılmır. Yalvarıram doğrama, bir də eləməyəcəyik.

Telli müəllim başını buladı:

- Axırıncı dəfə olsun, bir də düşsə doğrayacam.

Telli müəllim bu sözü bəlkə yüzüncü dəfə deyirdi, topu atdı hasarın o

biri tərəfinə. Uşaqlar "ura" deyib yenidən başladılar top qovalamağa.

Yenə "ura" səsləri qalxdı, amma bu dəfə "ura" deyənlər uşaqların

yarısıydı- Mazandaran Pələngi qol vurmuşdu. Və şəstlə məktəbin ikinci

mərtəbəsinin pəncərəsinə baxdı. Sərvinaz yenə pəncərədəydi, yenə

Mazandaran Pələnginə azarkeşlik edirdi.

Baxışları bir-birinə ilişdi. Bu baxışlardan bir-birinin ürəyinə

nələr axırdı, Allah. Uçurdu Mazandaran Pələngi, Sərvinaza tərəf

uçurdu...

- Pələng! Ay Pələng!

Komandir nə qədər silkələsə də Mazandaran Pələngindən səs gəlmədi.

Neyniyirdi Mazandaran Pələngi Komandirə səs versin. Mazandaran

Pələngi uçurdu Sərvinaza tərəf.

O Sərvinaza tərəf ki, ermənilər Ağdama girəndə özünü yaşadıqları

beşmərtəbəli binanın dördüncü mərtəbəsindən atmışdı. Amma Allahın ona

yazığı gəlməmişdi, canını o saat almamışdı. Ermənilər yarımcan olan

bu qızı əzabla öldürmüşdülər...

Və indi Mazandaran Pələngi uçurdu öz Sərvinazına tərəf.

Komandir Mazandaran Pələngini buraxdı, yapışdı Şairdən...

... Həyətdə bir vurçatlasın var idi ki! Şairin müharibədən

qayıtdığını, özü də Şuşaya bayraq sancıb qayıtdığını eşidən bütün

kənd həyətdə idi. Kimi qoyun kəsirdi, kimi ocaq qalayırdı, kimi süfrə

hazırlayırdı.

Şair də uşaqları anası ilə tanış edirdi:

- Ana, bu Mazandaran Pələngidi, bu Bakılı Balasıdı, bu Qaradı. Ana,

bu da bizi ölümdən qurtarıb Şuşaya aparan Komandirdi.

Anası Komandirin boynuna sarıldı:

- Boyuna qurban olum, ay bala, Allah köməyin olsun.

Tut ağacının altında gözəl bir süfrə açmışdılar. Süfrənin başında da

Komandiri oturtmuşdular. Elə altında süfrə açdıqları tutun arağından

da bala-bala vururdular. Şair də şer oxuyurdu.

Komandir:

- Ə, Şair, sizin Qazaxda hamı şeir yazır?

- Niyə, hekayə yazanlar da var.

Gülüşdülər. Bir kənarda kabab bişirən Şairin Atası söz atdı:

- A bala, qazaxlıların başı şerə qarışmasaydı, indi dünyanın

yiyəsiydilər.

Yeyib-içəndən sonra Şair dedi:

- Gedəyin Kürə balıq tutmağa. Heç qırmaqla balıq tutmusunuz?

O balıq ki sudan çıxır ey, əlini atıb tilovdakı balıqdan yapışırsan

ey, elə bil əlin qız məməsinə dəyir.

Qırmaqları götürüb düşdülər Kürün qırağına. Balıq tuturdular.

Balaca uşaqlar həsədlə Şuşaya bayraq sancmış bu əsgərlərin zərli

paqonlarına baxırdı. Uşaqların ən ürəklisi:

- Əmi, ay əmi, papağını ver də mənə.

Şair papağını çıxarıb qoydu həmin uşağın başına, uşaq da ona bir

əsgər salamı verib sevinclə tüpürdü dabanına. O biri uşaqlar da onun

ardınca.

... Komandir Şairi silkələyirdi. Şair də qarmağın ağzındakı çırpınan

qızın məməsindən yapışmışdı...

Komandir Şairi də buraxdı. Başladı Bakılı Balasını şillələməyə:

- Qədeş, dur qədeş! Sənə demədim yatma. Qədeş...

... Göydən od tökülürdü və Bakılı Balası da özünü vurmuşdu min

illərdi bakılıları bu göydən tökülən oddan qoruyan Xəzərin sularına,

ləzzətlə üzürdü özüyçün. Sahildən aralı onu çağıran Komandiri nə

görürdü, nə də eşidirdi. Bir balığa çevrilmişdi və pırıl-pırıl

balıqlara qoşulub Xəzərdə üzürdü ey...

Komandir Bakılı Balasını sinəsinə sıxıb hönkür-hönkür ağladı:

- Ölmə, sənə qurban olum. Ölmə! Bizimkilər gələcək. Yoldadılar ey,

çıxıblar. Gəlirlər ey. Bax, gözünü aç bax, gəlirlər. Ölmə, sənə

qurban olum. Ölmə!

Və sonra Komandir necə bağırdısa Qaranın sinəsinə çökmüş Əzrayıl

səksəndi.

Komandir Bakılı Balasını də buraxıb Qaranı qucaqladı, indi

Qaranı şillələməyə başladı.

- Ay ana!- deyə Qara zarıdı.

Komandir Qaranın başını sıxdı sinəsinə:

- Ağla, başına dönüm, ağla, ayağının altında ölüm. Ağla, amma yatma.

Dədəm-nənəm sənə qurban yatma. Sabahacan döz. Nə qalıb ki, ey sabaha.

Əslində bütün sabahlar qurtarmışdı.

Komandir flyaqanın ağzını açdı. Son araq damcılarını Qaranın boğazına

tökdü. Qara çeçədi.

Erməni də donurdu. Komandir donan erməniyə baxıb dodağını necə

dişlədisə qan çənəsindən üzüaşağı axmağa başladı. Və ağzında öz

qanının şirin tamını hiss elədi.

Bu erməninin də anası vardı, bacısı vardı, yəqin ki, hər gün

məktubunu gözlədiyi sevdiyi qız vardı. Onun da anası həsrətlə oğlunun

yolunu gözləyirdi. Onun da anası bütün əsgər anaları kimi Allaha

yalvarırdı. Amma son illər Allah analardan üz çevirmişdi, ya da

anaların dualarını eşitmirdi.

Amma bir-iki gündən sonra onun da anası, bacısı, sevdiyi qız şivən

qoparacaqdı, saçlarını yolacaqdı.

Komandirin də, Qaranın da həyatları Allahın əlindəydi. Amma bu

erməninin həyatı indi Allahlıq deyil, Komandirlikiydi. Və indi

Komandir bir insanı ölümün pəncəsindən qopara bilərdi, bir insana

həyat bağışlaya bilərdi, anasının, bacısının, sevdiyi qızın yanına

göndərə bilərdi. Hərçənd ki, Komandirin ölümün pəncəsindən qoparmağa

qadir olduğu bu insan sabah əlinə silah götürüb elə bu Komandirin

övladlarına güllə atacaqdı.

Komandirin də, Qaranın da həyatları Allahın, amma bu erməninin həyatı

isə Komandirin əlindəydi. Və Komandir bir insanı ölümün pəncəsindən

qurtara bilərdi...

...Professor Kamal Abdulla Ağdam rayonunun Mahrızlı kəndində Rahib

Məmmədov adına məktəbdə ermənilərin Qarabağda kəndlərimizi yandırdığı

vaxtda yuxarı sinif şagirdləri ilə görüşürdü.

Gürcüstanda hərbi xidmətdə olan Rahib Məmmədov selin-suyun ağzına

alıb apardığı bir gürcü kəndində 28 nəfəri təkbaşına azğın suların

pəncəsindən xilas eləmişdi. 29-cu adamın arxasınca gedərkən həlak

olmuşdu. Çox böyük bir hadisəyə çevrilmişdi bu. 19 yaşlı azərbaycanlı

balasının bu qeyri-adi qəhrəmanlığı bütün Sovet İttifaqının

yaxasından tutub silkələmişdi və onun bu qəhrəmanlığı bir əfsanəyə

çevrilib bütün Sovet İttifaqını dolaşmaqdaydı.

Professor Kamal Abdulla həmin Rahib Məmmədovun oxuduğu məktəbdə

görüşdə şagirdlərdən soruşur:

- Siz də Rahib Məmmədov kimi ölümdən qorxmayıb özünüzü suların

ağzına atıb o adamları xilas edərdinizmi?

Görüşün bütün iştirakçıları professora müsbət cavab verir.

Və qəfildən professor sualı tamamilə başqa şəkildə qoyur:

- Əgər o suda boğulan erməni olsa necə, xilas edərsinizmi?

Uşaqlar bir-birinin üzünə baxır. Heç kim cavab vermək istəmir.

Bu vaxt arxa sıralarda oturmuş bir uşaq əlini qaldırır.

Professor:

- Buyur, oğlum.

Uşaq:

- Mən xilas edərdim.

- Axı o ermənidir. Ermənilər evlərimizi yandırır, uşaqları doğrayır...

Uşaq belə cavab verir:

- Müəllim, insan ölüm anında olanda onun milləti itir. O yalnız

insandır. Mən bir ermənini yox, bir insanı xilas etmiş olardım.

Ermənini insan sayıb xilas etmək istəyən həmin uşaq böyüyəcəkdi,

könüllü döyüşə gedəcəkdi, Naxçıvanikdə yaralanıb əsir düşəcəkdi və

insan sayıb xilas eləmək istədiyi erməni onun əl-qolunu bağlayıb

üstünə benzin töküb yandıracaqdı.

... Erməni də donub ölürdü. Komandir Qaranın başını sinəsinə

sıxmışdı. Komandir bir Qaraya baxdı, bir elə Qara yaşda olan erməniyə

baxdı, erməninin hələ özündən əvvəl ölmüş gözlərinə baxdı, bir az əvvəl

qorxaqlıq və yazıqlıq yağan gözlərin ifadəsi də donmuşdu...

- Vstavay.

Erməni udqundu.

- Vstavay ya skazal.

Erməni birtəhər qalxdı ayağa.

- İdi k svayim.

Erməni çaşdı. Dili topuq vura-vura soruşdu:

- Vı çto skazali?

- İdi k svayim. İdi, itoğlu, idi! Jivi sebe.

- Tı menya otpuskayeş?

- İdi də, ya skazal, idi.

Erməni çevrilib bir postlarına baxdı, bir Komandirə baxdı və

üzüaşağı postlarına tərəf necə götürüldüsə, heç elə bir bayaqdan donan

bu deyildi. Amma qəfil dayandı və nə fikirləşdisə geri qayıtdı.

Komandir:

- Zaçem vernulsya?

Erməni əynindəki kürkü çıxarıb verdi Komandirə, sonra qucaqlayıb onu

öpdü və yenidən üzüaşağı postlarına tərəf götürüldü.

Komandir ölümdən qurtulub qara bata-bata özününkülərin yanına qaçan

və bu dəqiqə bəlkə də dünyanın ən xoşbəxt insanı olan erməninin

ardınca sonuncu dəfə həsədlə baxdı, sonra kürkü geydi əyninə və

yenidən ölümdən qurtarmağa gücü çatmadığı Qaranın başını sıxdı

sinəsinə. Qara daha ağlamırdı. Hərdən burnunu çəkirdi.

Əsərlərdə, kinolarda həmişə belə məqamlarda mütləq kömək gəlib

çıxırdı. Amma bu nə əsər idi, nə də kino. Bu həyatın özü idi. Həyatın

özündə isə möcüzələr baş vermir.

Qara soruşdu:

- Uşaqlar necədi?

Komandir onu sinəsinə bir az da bərk sıxdı.

- Onlar yaxşıdı, sən yatma. Sənə qurban olum, yatma. Səhərə lap az

qalıb.

Amma onlar yaxşı deyildi. Bu şaxtadan, bu çovğundan, bu dəhşətli və

işgəncəli gecədən canlarını birdəfəlik qurtaran Mazandaran Pələngi

də, Şair də, Bakılı Balası da cənnətə çathaçatdaydılar. Və mələklər

də cənnətin qapısını taybatay açıb onları gözləyirdilər.

Və artıq nə Mazandaran Pələngi vardı, nə Şair, nə də Bakılı Balası.

Komandir Qarayla özünün də həyatlarının son saatlarını yaşadıqlarını

çox gözəl başa düşürdü. Və bu son saatların əzabını yaşamaq daha

çətin idi.

İlahi, qəfil ölmək və öldüyünü bilməmək nə böyük xoşbəxtlik

imiş.

Yox, hələ ölməmişdi, ölməmişdisə hələ ölümlə mübarizə apara bilərdi,

ölməməliydi, ölməyə haqqı çatmırdı. O ölsə balası kimi sinəsinə

sıxdığı Qara da öləcəkdi. O Qara ki, hələ qız öpməmişdi, hələ qadın

dadı görməmişdi. Yox, o qoymayacaqdı Qara qadın dadı görməmiş ölsün.

Yox, qoymayacaqdı bir bala kimi sinəsinə sıxdığı Qara, hələ qadın

dadı görməyən Qara, qadın dadı görmədən də ölsün.

- Qara, eşidirsən?

Qara başı ilə bildirdi ki, eşidir.

- Qara, müharibədən sonra səni aparacam Moskvaya, nataşaları yığacam

nömrəyə. Səhərədək hamısını sıradan çıxar ey. Qara, bir dəfə Moskvada

bir urus qızını apardım saunaya...

Qaranı nə Moskva maraqlandırırdı, nə də səhərədək kef edəcəyi

nataşalar. Qara anasını görmək istəyirdi, bacısını görmək istəyirdi,

Hünəşi görmək istəyirdi, əsgər toqqasını balaca qardaşına bağışlamaq

istəyirdi, doyunca kotlet yemək istəyirdi. Və bir də bu dəqiqə yatmaq

istəyirdi. Bu yatış onun son yatışı olsa belə ölürdü yatmaqdan ötəri.

- Yatma, Qara. Ay itoğlu, sənə demirəm yatma...

Komandir sözünün arxasını gətirə bilmədi, hönkürdü...

Qara isə artıq yatmışdı. Daha doğrusu, yatmamışdı, ləzzətlə kotlet

yeyirdi, anası da yanında oturmuşdu. Balaca qardaşı da toqqanı

vururdu belinə, amma toqqa sürüşüb düşürdü.

Komandir nə qədər əlləşdi, nə qədər sillələdi Qara oyanmadı. Yox,

oyatmalıydı Qaranı, necə olur-olsun oyatmalıydı.

Komandir artıq cənnətin qapısında dayanmış Mazandaran Pələnginə

baxdı, Şairə baxdı, Bakılı Balasına baxdı, sonra qucağında artıq üzü

cənnətə gedən Qaraya baxdı və:

- Qoymayacam yatasan, itoğlu!- deyə Komandir bağırdı.

Bağıra-bağıra da tapançasını çəkib çıxartdı və Qaranın baldırına bir

güllə vurdu. Qara ağrıdan necə cikkə çəkdisə, səsi it kimi ulayan

küləyin vıyıltısını bir an eşidilməz elədi.

Qara ağrıdan qovrulurdu, Komandir sevinirdi- Qaranı oyada bilmişdi.

Qara:

- Ay ana, -deyib çığırırdı.

Komandir bıçağını çıxarıb Qaranın şalvarının balağını cırdı, güllə

onun baldırını deşib keçmişdi, buğlana-buğlana qan axırdı, deməli,

Qaranın qanı hələ donmamışdı. Yaranı möhkəm-möhkəm sarıdı.

Qara yavaş-yavaş özünə gəlirdi:

- Məni kim vurdu, Komandir?

- İt uşağının atdığı güllə dəydi.

- Uşaqlara dəymədi ki?

- Yox, yox, uşaqlara dəyməyib. Qorxma, yaran yüngüldü.

- Ağrıya dözəmmirəm, Komandir.

- Döz, qurban olum, döz. Bax, səhər açılır ey.

Qaranın başını yenidən qoydu dizinin üstünə. Qara zarıyırdı,

Komandir isə Qaranın bu zarıltısından ləzzət alırdı. Bu ağrı Qaranı

yatmağa qoymayacaqdı.

Komandir için-için ağlayırdı. Ağlaya-ağlaya da danışırdı:

- Səni aparacam Moskvaya, Qara. Urus qızlarını da yığacam, səhərədək

bazlığın kefin çıxart. Səni aparacam Moskvaya...

... Komandir day şaxtanı hiss eləmirdi. Çovğun da kəsmişdi, küləyin o

əclaf səsi də. Aylı- ulduzlu, ilıq bir gecəydi. Həyətə girən kimi

Alabaş yüyürdü qabağına, üzünü onun ayaqlarına sürtüb yalmanmağa

başladı. Əyilib Alabaşın başını tumarladı, neçə il idi bu əlin ətri

üçün darıxmışdı Alabaş. İt dal ayaqları üstə qalxıb pəncəsini qoydu

Komandirin sinəsinə və onun üz-gözünü yalamaq istədi, amma boyu

çatmadı, bunu hiss edən Komandir dizini yerə qoydu və Alabaşın

boynunu qucaqladı:

- Darıxmısan məndən ötrü?

Alabaş öz zingiltisi ilə cavab verdi ki, darıxmışam.

Qalxdı eyvana, işıqlar yanmırdı. İşıqlar yanmırdısa, televizor

da işləmirdi, televizor da işləmirdisə, deməli, hamı yatmışdı.

Sakitcə qapını açıb girdi içəri. Stolun üstündəki lampa zəif

közərirdi. Anası taxta çarpayıda üzü qibləyə yatmışdı. Arvad həmişə

üzü qibləyə yatırdı ki, bəlkə qəfil öldüm, qoy üzü qibləyə ölüm.

Barmaqlarının ucunda yeridi ki, heç kimi oyatmasın. Körpələri evin

küncündə yerdən salınmış yataqda uyuyurdular. Yavaşca soyundu, girdi

körpələrinin yanına. Körpələrin doğma, yazıya gəlməyəcək istiliyini

hiss edəndə bədəninə çox qəribə bir cənnət havası keçdi. Bu havanı

daha möhkəm, daha yaxından duymaq üçün körpələri bərk-bərk sıxdı

sinəsinə. Hər iki körpə onun möhkəm qolları arasında sıxıldılar,

əzildilər və bu əzilməyə dözməyib ayıldılar. Ayılıb özlərini

atalarının qucağında görəndə sevincdən hər ikisi birdən çığırdı:

- Ana, atam gəldi, atam gəldi.

Səsə Gəlin də, Komandirin Anası da hövlnak yuxudan ayıldılar-

uşaqlar sevinclə qışqırışırdılar:

- Atam gəldi, atam gəldi.

Həlin cəld tərpənib stolun üstündəki lampanın işığını artırdı.

Komandirin Anası təəccüblə nəvələrinə baxdı:

- Bismillah! Bismillah! Sizə qurban olum. - dedi və uşaqları basdı

bağrına.

Gəlin çaşmışdı.

- Qorxma, qızım, yəqin yuxu görüblər.

Və sonra uşaqlar bayaqdan onları bağrına basan atalarını yanında

görməyib başladılar ağlamağa.

Komandir ikisini də sıxdı sinəsinə.

- Can, atanız sizə qurban, kişilər. Burdayam, niyə ağlayırsınız?-

Sonra anasını qucaqladı:- Ana, yuxu görmürlər, burdayam.

Ana uşaqları bağrına basmışdı. Komandir də uşaqları anası ilə

birlikdə qucaqlamışdı, uşaqlar da: -Ata!- deyib ağlayırdılar.

Gəlin hönkürdü və çıxdı çölə.

Uşaqlar isə indicə onların başını sığallayan, bağrına basıb əzizləyən

atalarının bircə anda qeyb olduğunu görüb bu yoxluğun təsiri altında

hələ də ağlayırdılar...

... Ataları isə Kürün qırağında qarmağı atmışdı çaya gözləyirdi ki,

indicə tilova balıq düşəcək və o da sudan çıxartdığı çırpınan balığı

tutacaq və Şair kimi onun da əlləri qız məməsinə dəyəcək. Komandir

balıq tutmağın bu qədər ləzzətli olduğunu indiyəcən duymamışdı. Adam

sevəndə sevgilisini necə intizarla, ürəyi çırpına-çırpına gözləyirsə,

balıq tutanda da adam elə bir intizarla, ürəyi çırpına-çırpına

balığın nə vaxt qarmağa düşəcəyini gözləyir.

Qarmaq bir balaca titrəyən kimi Komandir çəkirdi, amma tilovun ucunda

heç nə çıxmırdı. Dilxor olurdu , yenidən tilovu atırdı suya. Və yenə

sevgilisini gözləyən bir adam kimi intizarla qarmağın titrəməyini

gözləyirdi. Və yenə boşa çıxırdı.

Komandirin də, Bakılı Balasının da, Mazandaran Pələnginin də

qarmağına balıq düşmürdü. Bircə dəfə Bakılı Balasının qarmağına

balaca bir balıq düşdü. O da güldü, balığı təzədən qaytarıb çaya atıb

dedi:

- Get, valideynlərini çağır.

Amma balıq gedib valideynlərini çağırmadı.

Qəribə idi, onların qarmağına balıq düşmürdü, amma elə bil Şairin

qarmağına düşmək üçün balıqlar növbəyə düzülmüşdülər. Və hər dəfə də

Şair balığı sudan çıxaranda sevinclə elə qışqırırdı ki, uşaqlar

səksənirdi.

Komandir:

- Ə, Şair, bu nədi bizim qarmaqlara balıq düşmür, səninkinə düşür?

Şair gülə-gülə:

- Komandir, bizim Qazax camaatı kimi balıqlarımız da yerlibazdılar.

Mənim qarmağımı qoyub sizin qarmağa yaxın getməzlər.

Mazandaran Pələngi:

- Şair, mən ölüm, Füzuli necə şairdi?

- Çox böyük şair ola bilərmiş, amma onun da bəxti o sarıdan

gətirməyib ki, Qazaxda doğulmayıb. Şair gərək Qazaxda doğula. Day ən

uzağı Tovuzda doğula bilər ey. Day lap sinəsini cırsa, Ağstafada.

Gülüşdülər. Elə ləzzətlə Kürün qırağında zarafatlaşırdılar.

Bakılı Balası:

- Komandir, amma o gecə sən olmasaydın hamımız qırılmışdıq ey. İndi

burda balıq tutmurduq, Allah bilir hardaydıq.

Mazandaran Pələngi:

- Sən ermənini yeməyə dəyişməyəndə az qalmışdı səni atım, indi

görürəm düz elədin. Yəqin indi onu verib bir qardaşımızı əsirlikdən

alıblar.

Şair:

- Komandir, Allah haqqı, sən o tikəni erməniylə böldün ey, mənim də

ürəyimdən keçirdi ki, yazıqdı, çörəyimi onunla bölüm. Amma

köpəyuşağına yazıq sözü düşmür.

Bakılı Balası:

- Bu Qara harda qaldı ey, gəlib çıxmadı?..

... Qara hələ ölümlə əlləşirdi...

... Arsen posta girəndə hamı çaşdı, bir ağızdan soruşdular:

- Qaçdın?

- Yox. Özləri buraxdılar.

- Nə axmaq-axmaq danışırsan, necə yəni buraxdılar?

- Buraxdılar də! Mən nə bilim niyə buraxdılar, Komandirləri dedi ki,

get yaşa.

Lyonik:

- Elə heylə dedi.

- Hə. Elə heylə dedi. Dedi get yaşa.

Əsgərlərdən biri əsəbi halda Lyonikə dedi:

- Komandir, nə istintaqa çəkmisən? Hörmürsən ölür. Qoy bir özünə

gəlsin, sonra nə qədər istəyirsən sorğu-suala tutarsan.

Stəkana bir az spirt töküb verdilər Arsenə, o da bir nəfəsə çəkdi

başına. Sonra onu soyundurdular. Spirtlə möhkəm-möhkəm ovdular,

üstünü də möhkəm-möhkəm basdırdılar. Bir saata qədər Arsen ölü kimi

qaldı. Nəhayət, özünə gəldi.

Özünə gələn kimi də Lyonik soruşdu:

- İndi danış görüm necə oldu?

- Komandir, bilmirəm necə oldu. Bilmirəm niyə buraxdılar.

Komandirləri dedi , dur çıx get. Het yaşa özünçün.

- Axı mən onlara bir o qədər şey verirdim ki, səni buraxsınlar, qəbul

eləmədilər. Bəs sonra niyə buraxsınlar?

- Dedim ki, bilmirəm. Get özün soruş ki, məni niyə buraxıblar, soruşa

bilirsənsə,- deyə Arsen bozardı.

- Buna yemək verin.

Yemək qoydular, amma Arsen yemədi.

- Niyə yemirsən?

- Komandir...

- Nədi?

- Komandir, bir söz demək istəyirəm.

- De.

- Qorxuram...

- Dedim ki, qorxma, sözünü de.

- Komandir, onların yeməyə bircə tikə də çörəkləri yoxdu, özləri də

soyuqdan donurlar. İcazə ver onlara bir az yemək aparım, spirt aparım.

- Qələt eləmə, çörəyini ye.

Arsen əlini yenə çörəyə uzatmadı.

- Komandir, özün verirdin ki?!

- Onda sən onların əlindəydin. Səni xilas eləməkçün verirdim.

- Komandir, elə bil indi də onların əlindəyəm. Ver aparım, Komandir.

Lyonik əlinin arxasıyla Arsenin ağzından vurdu:

- Dedim ki, qələt eləmə, çörəyini ye. Cəhənnəmə ölsünlər. Beş-altı

türk cəhənnəmə vasil olsa dünya dağılmaz.

- Yalvarıram, Komandir. Allah göydən baxır.

- Allah göydən baxsa, hamımız öz xarabamızda- balalarımızın yanında

olarıq, bu dağlarda, bu dərələrdə qırılmarıq. Otur yerində, çörəyini

ye. Allah səni özünə vəkil eləməyib.

Amma Arsen yenə heç nə yemədi. Çəkildi bir kənara, oturdu və başını

da qoydu dizlərinin üstünə, başladı ağlamağa.

Lyonik hirsləndi:

- Bəlkə sənin anan türklə yatıb?

Arsen cavab vermədi. Əvəzində əsgərlər öz komandirlərinə etiraz

elədilər:

- Lazım deyil, Komandir! Vermirsən vermə! Təhqir niyə eləyirsən?

Türklər onun həyatını bağışlayıblar, o da borclu qalmaq istəmir.

- Komandirə qarşı çıxırsınız?

- Komandirə qarşı çıxmırıq, amma Arseni də başa düşürük. Beş-altı

saat əvvəl özün türklərə ilan dili çıxarmışdın.

Lyonik xeyli susdu. Heç nə danışmadı. Əsgərlər də dillənmirdilər.

Arsen də başını qoymuşdu dizlərinin üstünə, içini çəkirdi.

Lyonik Arsenə baxdı, baxdı və başını bulayıb dedi:

- Zarıma! Dur nə istəyirsən apar...

... Arsen qara bata-bata yuxarı dırmaşırdı. Posta yaxınlaşanda

bir-iki dəfə bərkdən çağırdı:

- Ey, Komandir! Komandir! Eta ya! Ya, Arsen!

Amma qarşı tərəfdən səs gəlmirdi. Yenə çağırdı:

- Komandir! Eta, ya! Ya! Arsen!

Amma yenə səs gəlmədi. Yaxınlaşdı posta. Hamısı yatmışdı. Komandiri

tutub silkələdi:

- Komandir! Eta ya, Arsen. Slışiş menya? Ya vam yedu prinyos.

Komandir, slışiş?

Komandirdən yenə səs gəlmədi.

Və Arsen başa düşdü ki, Komandir donub. Komandiri qucaqlayıb başladı

ağlamağa.

- Komandir! Tı zaçem umer? Ya v jizni ne videl çeloveka kak tı. Komandir,

tı zaçem umer? Boq ubil ne tebya, a çeloveçnost!

Arsen elə ağlayırdı ki, elə bil ölən nə onun dünən güllə atdığı, nə

də ona güllə atan adam idi. Elə ağlayırdı, elə ağlayırdı, elə bil

atası ölmüşdü...

Sonra Arsen ağlaya-ağlaya o biri uşaqları da bir-bir silkələdi.

Hamısı donmuşdu, özü də nəinki özləri, əyinlərindəki paltarlar da buz

bağlamışdı. Birdən hiss elədi ki, biri zarıdı.

Arsen tez flyaqasını çıxartdı, Qaraya spirt içirtmək istədi. Amma nə

qədər elədi, Qaranın ağzını aça bilmədi. Spirtlə Qaranın sir-sifətini

möhkəm-möhkəm ovxaladı. Bundan sonra birtəhər onun ağzını aça bildi

və spirti tökdü boğazına. Qara çeçədi. Gözlərini açmaq istədi və çox

çətinliklə də açdı, amma başının üstündə kimin olduğunu anışdıra

bilmədi.

Arsen bir az da spirt tökdü onun boğazına. Sonra Qaranı güc-bəla ilə

soyundurdu. Spirtlə möhkəm-möhkəm əlini-ayağını ovxaladı, yenidən

geyindirdi. Qalxdı ayağa. O biri donan əsgərlərin də kürklərini

çıxartdı. Birini yerə sərib Qaranı uzatdı üstünə, o biriləri ilə də

Qaranı möhkəm-möhkəm bürüdü.

Bundan sonra gəlib çöməldi Komandirin yanında, xeyli əllərini

qoltuğuna qoyub Komandirə baxdı və onu möhkəm-möhkəm qucaqlayıb öpdü:

- Komandir, ya ne koqda tebya ne zabudu!

Qalxdı ayağa və yendi aşağı öz postlarına. Posta çatanda Lyonik

soruşdu:

- Nə oldu? Hələ ölməyiblər?

Arsen Lyoniki vurmaqdan özünü zorla saxladı:

- Yox! Yemək-içməyə görə də sənə sağ ol dedilər.

Keçib oturdu bir küncdə, dizlərini qucaqladı. Arsenə bir şey aydın

oldu ki, o bir də heç vaxt türkə güllə ata bilməyəcək. Amma

qorxmasaydı Lyoniki deşik-deşik edərdi.

***

Çovğun dayanmışdı. İt kimi ulayan külək də kəsmişdi və qıpqırmızı bir

gün çıxmışdı. Və bu qıpqırmızı günün altında əsgərlər Komandirin,

Bakılı Balasının, Şairin, Mazandaran Pələnginin və Qaranın quruyub

taxtaya dönmüş cəsədlərini göz yaşı içində boğula-boğula atlara

yükləyirdilər.

Birdən hiss elədilər ki, biri tərpəndi. Duruxdular. Əsgərlərdən biri

çığırdı:

- Cənab mayor! Cənab mayor! Deyəsən kimsə sağdı!

Mayor özünü atdı indicə bir balaca tərpənən əsgərinin üstünə. Nə

qədər əlləşdi kürkü onun əynindən çıxara bilmədi, kürk donmuşdu.

Əsgərlərin birinin fin bıçağını aldı və birtəhər bıçağın ucu ilə

kürkü cıra bildi, sonra kürkü əsgərin əynindən çıxartdı və çığırdı:

- Naşatır verin! Tez eləyin naşatır verin!

Naşatır verdilər. Mayor dəsmalını çıxarıb naşatırladı və tutdu

əsgərin burnuna. Əsgər dərhal tərpəndi.

Mayor:

- Sağdı!- deyib bağırdı və əsgərini sinəsinə sıxıb bağıra-bağıra

da ağlamağa başladı.

Əsgərlər hamısı hayqırıb "ura" çəkdilər:

- Qara sağdı!

Ermənilər öz postlarında dayanıb durbinlə hadisələri izləyirdilər.

Lyonik "ura" səsini eşidəndə dilxor-dilxor dedi:

- Ölməyiblər, it uşaqları.

Arsen isə gözlərini yumdu, dərindən nəfəs aldı, indiyədək özünü belə

xoşbəxt hiss eləməmişdi.

***

Qəbiristanlığa bütün kənd yığılmışdı. Bəlkə də bu qəbiristanlıq

indiyədək bir belə adam görməmişdi. Komandirin hələ ölümün nə

olduğunu anlamayan iki balası da nənələrinin ətəyindən yapışıb gah

qəbirə, gah camaata, gah da şirin bir avazla "Quran" oxuyan mollaya

baxırdılar.

Bayaqdan saçlarını yolan kənd arvadları mollanın səsini eşidəndən

sonra səslərini çəkmişdilər içlərinə, için-için hıçqırırdılar. Və

gözləyirdilər ki, molla "Qur'an"ı oxuyub qurtarsın, yenə əllərini

atsınlar üzlərinə, saçlarına.

Qəbiristanlığa bütün kənd yığılmışdı, bəlkə də bu qəbiristanlıq

indiyədək belə bir adam görməmişdi. Komandirin hələ ölümün nə

olduğunu anlamayan iki balası da nənələrinin ətəyindən yapışıb gah

torpağı buğlanan qəbirə, gah camaata, gah da şirin avazla "Quran"

oxuyan mollaya baxırdılar. Bayaqdan saçlarını yolan kənd arvadları da

mollanın səsini eşidən kimi səslərini içinə çəkib için-için

ağlayırdı. Və gözləyirdilər ki, molla "Quran"ı oxuyub qurtarsın. Yenə

əllərini atsınlar üzlərinə, saçlarına.

Qara da onu ölümün pəncəsindən qopara bilməyən Komandirin ağacdan

kəsilib yonulmuş və hələ heç adı da yazılmamış başdaşının yanında

dayanmışdı. Amma nə mollanın dediyini eşidirdi, nə də qəbiristanlığa

yığılmış bu qədər adamı görürdü.

Bircə onu fikirləşirdi ki, Allah elə bir möcüzə göstərəydi ki,

Komandir üstünə tökülən bu torpağı qaldırıb qalxaydı ayağa. Bütün

doğmaları ölənlər dünya yaranandan belə bir möcüzə arzulasalar da bu

möcüzə indiyədək baş verməmişdi və heç baş verməyəcəkdi də. Hər bir

doğması ölən hər dəfə qəbiristanlığa gedəndə, əzizinin qəbiri

qarşısında dayananda bir anlıq da olsa ürəyindən əzizinin bu dəqiqə

ayağa qalxacağına özünü inandırmağa çalışır.

Qara başdaşına bir az da yaxınlaşdı. Və üzünü başdaşına qoyub

hönkürdü. Kimsə qoluna girib onu sakitləşdirmək istədi, amma

ağsaqqallardan biri dedi:

- Dəyməyin, qoyun ağlasın.

Qara için-için ağlayırdı, ürəyində də gah Allaha yalvarırdı, gah

Komandirə:

- Komandir, dur ayağa! Dur ayağa, Komandir! Nə olar dur ayağa. Sənə

qurban olum, balalarına qurban olum, dur ayağa! Bəs bizi Şuşaya

aparacaqdın?! Bəs Şuşaya bayraq sancacaqdıq?!

... Əlini qoynuna atıb üçrəngli müqəddəs bayrağı çıxartdı və sarıdı

başdaşına...

...Gətirmişəm bayrağı, Komandir. And içmişdin axı?! And içmişdin ki,

bu bayrağı Cıdır düzünə qaldıracaqdıq. Nə oldu komandir? Dur apar

bizi Şuşaya! Şairin xətrinə qalx! Mazandaran Pələnginin xətrinə qalx!

Bakılı Balasının xətrinə qalx! Mənim xətrimə qalx! Qalx, Komandir!

Bizim xətrimizə qalxmırsan, bu bayrağın xətrinə qalx! Şuşanın xətrinə

qalx!..

... Molla "Quran" oxuyurdu. Amma Qara eşitmirdi bu "Quran" ayəsini.

Qara da öz bildiyi bir ayəni oxuyurdu...

... Apar bizi Şuşaya, Komandir! Apar bu bayrağı Cıdır düzündə

qaldıraq! Ay Allah! Ey yeri-göyü yoxdan var eləyən kişi! Qaldır

Komandirimi! Qaldır! Qoy qalxsın ayağa, ya Rəsul-Allah, ya Əli, ya

İmam Hüseyn, ya Mehdi Sahib Əz-Zaman! Sizi and verirəm Həzrət Abbasın

qələm olmuş qollarına! Yalvarın yerin-göyün sahibinə! Yalvarın

Komandirimi qaldırsın ayağa! Qalx, Komandir! Bu bayrağın xətrinə,

Şuşanın xətrinə, o iki gül balanın xətrinə, qalx Komandir! Apar bizi

Şuşaya! Qalx, ay namərd oğlu namərd!

Və birdən...

Və birdən...

Və birdən...

Milyon illərdi insanların umduğu, arzuladığı və heç vaxt baş verməyən

və heç vaxt baş verəcəyi inanılmayan o möcüzə baş verdi.

Qəbir başladı titrəməyə. Titrədi, titrədi, başdaşı da titrədi. Və

birdən buğlanan torpaq qalağı ətrafa səpələndi...

Və...

Və Komandir qəbirdən qalxdı. Başdaşını qucaqlayıb bütün müqəddəslərə

və Allaha yalvaran Qaranı da başdaşı ilə birgə çiyninə qaldırdı.

Və üz tutdu Şuşaya - çiynində Qara, Qaranın qucağında Komandirin

başdaşı və başdaşında da dalğalanan bayraq!

Komandir gedirdi Şuşaya.

Çiynində Qara, Qaranın qucağında Komandirin başdaşı və başdaşında da

dalğalanan bayraq!

Komandir gedirdi.

Ardınca "Quran"ı göyə qaldırmış Molla gedirdi.

Mollanın ardınca Komandirin iki gül üzlü balası gedirdi.

İki gül üzlü balanın ardınca da bütün kənd! Kiminin əlində yaba,

kiminin əlində dəhrə, kiminin də əlində balta.

Komandir gedirdi!

Şuşaya gedirdi Komandir!

ŞUŞAYA GEDİRDİ KOMANDİR!

ŞUŞAYA GEDİRDİ KOMANDİR!

... Ey bu yazını oxuyan oxucu!

Atam, qardaşım, əmim, dayım, dostum, arkadaşım, balam, əmim oğlum,

dayım oğlu, xalam oğlu, ay bu Vətənin övladları! Ya Komandirin

ardınca get!

Ya da get yaşa! ƏGƏR ŞUŞASIZ YAŞAMAĞI YAŞAMAQ SAYIRSANSA!

***

28-31 dekabr 2001-ci il.

Artıq yeni ilin ilk sabahı açılır. Saat 5-ə 22 dəqiqə işləyir. 3

saatdan sonra dan söküləcək, sabah açılacaq. O sabah ki, Hinal dağda

qırılan oğlanlara, qız görməmiş sinəsindən yaralanıb səngərlərdə

qalanlara heç vaxt açılmayacaq!

Amma biz bu Vətənin xətrinə balalarımız Hinal dağda qırılmasın deyə,

balalarımız qız görməmiş sinəsindən yaralanıb səngərlərdə qırılmasın

deyə, o sabahı heç olmazsa şəhidlərimizin ruhu xatirinə açmalıyıq!

Özləri görməyən sabahı heç olmazsa ruhları görsün!

Eşidirsənmi, Vətən oğlu!

-SON-

# 5512 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #