“Azərbaycan” jurnalınının “Çağdaş ədəbi tənqid: problemlər, mülahizələr” mövzusunda keçirtdiyi müzakirə (birinci və ikinci hissə) Kulisdə çap edilmişdi. Həmin müzakirədə haqqında iddialar səsləndirilən tənqidçi Cavanşir Yusifli ilə müsahibəni təqdim edirik.
Əsəd Cahangir sizin haqqınızda belə deyib: “Cavanşir Yusifli mətni poststruktualizm metodu ilə təhlil etmək istəyir, yəni onun necə yazılmasına daha çox önəm verir. Birincisi, poststrukturalizm Belinskiyə baxanda müasir olsa da, hər halda 30-40 il bundan öncənin hadisəsidir. İkincisi, nəzəri sxemlərə ifrat aludəçilik hələ mətnin təhlili demək deyil. Nəticədə tənqidi mətn bədii əsəri açmaqdansa, daha qalın bir dumana bürüyür”.
Opponentim burada “post strukturalizm” məsələsini uydurur və bu məsələdən heç lüğət anlamında da xəbərdar olmadığını nümayiş etdirir. Onda belə bir təmayül əvvəllər də var idi – 15-20 il öncə yazdığı məqaləsində o dövrün ədəbi prosesinin iştirakçılarının hərəsini bir “izmə” bağlamışdı – filankəs simvolist, bəhmənkəs ekspressionistdir və sair və ilaxır. Məsələ burasındadır ki, cümləni, yazını yazdıqdan sonra onun üçün “nə olsun?”, “niyə?” sualları meydana çıxmır. Hər şeyi konspekt kimi oxumaq mütaliənin funksiyasını öldürür, insana həzdən çox əzab verir. Başa düşürəm, Əsəd bir həmləylə fantastik zirvələrə ucalmaq istəyir, ancaq Kamilov demişkən, özünə bax, zirvəyə bax. Mən indiyə kimi bir çox filoloqun dəyərli əsərlərini dilimizə çevirmişəm, opponentim müzakirədə bu isimlərdən sitat səviyyəsində danışır və çoxlu səhvlər buraxır, publikanı aldatmağa nə var ki? Bu şou deyil, filologiya çox ciddi elmdir. Getsin Rolan Bartın “Kollej dö Frans”a professor kimi qəbul edildiyi zaman söylədiyi mühazirəni oxusun, Azərbaycan dilində var (“Müəllifin ölümü” və “Hakimiyyət”- mən tərcümə eləmişəm).
Məsələ burasındadır ki, Bart və bu kimi orda adları çəkilən müəlliflər şouya gəlmir, onların mətnlərini anlamaq üçün əlavə çox şeyi bilməlisən. Bütün bunlardan yan keçildiyinə görədir ki, indi bizdə şeir və hekayəni necə gəldi “təhlil edirlər”, mətndən gələcək informasiyanın qarşısını alıb, onun haqqında hədyan danışırlar. Elə buna görədir ki, bir bədii mətn haqqında bizdə yüzlərlə yazı meydana çıxır. Çingiz müəllim (Çingiz Əlioğlu-red.)Axmatovadan növbəti sitatı gətirməklə belə bir fikrə yön verir ki, tənqidi yazı ən azı təhlil etdiyi mətn qədər maraqlı olmalıdır. Xub, anladıq. Ancaq bəs bu maraq hardan doğacaq? Mətnə baxıb variasiyalar etməknənmi, yoxsa, əlinə karandaşı götürüb eybəcər şəkillər çəkməkləmi? (Nizaməddin Şəmsizadədə olduğu kimi, deyir, Allahın əmanəti olan insan ruhunun sözdə cism və can tapmasına ədəbiyyat deyilir, - siz bunamı dərin zəka deyirsiniz? Bəs onda zəka nədir?) Xeyr.
Tənqidi yazıda ideya olmalıdır. İndi bizim tənqidçilərin bəzi “ideyalarını” tərsinə oxuyub-yoxmağın əsl zamanıdır. Bu adamlar xaosdan danışırlarsa, siz gedin orda harmoniya axtarın. Yaxud tərsinə. Kimisə şərləyib haqqında təxribat yaradırlarsa, demək bu adam...lar xalqa, millətə fayda verməyi düşünən kəslərdir. Yuxarıda adını çəkdiyim ideya isə elə belə doğmur – təhlil elədiyin mətnə qarşı durmaqla yaranır. Bu isə güc, savad və intellekt tələb eləyir. Bizdə bədii mətnlərdə yer alan “qarşı durmaq” anlamını (yəni, bədii mətnin gerçəkliyi ötüb keçmək stixiyasını) heç kəs görmək istəmir, buna görədir ki, ideyadan və intellektdən məhrum olmuş tənqid mətnləri şikəst görünür. Tənqidlə məşğul olmaq qəzəl yazmaqdan çox fərqli bir şeydir. O cür qəzəlləri yazmaq üçün təcrübə də göstərir ki, intellekt gərəkməz!
“Azərbaycan” jurnalının ədəbi tənqid müzakirəsini ümumi şəkildə necə qiymətləndirirsiniz?
Jurnalın sizin portalda təqdim edilən müzakirə materialları da göstərir ki, söhbət alınmayıb. Çünki moderator iştirakçıların dilini açmağa nail olmayıb. Özü danışır, hökm verir, qarşı tərəfin fikirlərinə hörmətsiz yanaşır və ən vacibi budur ki, mətndə şantaj elementləri çoxdur. Qədim insanlar yağışı necə çağırardılarsa (torpaq od tutub yanır susuzluqdan) bu tənqidçi də repressiyanı o cür səsləyir: gəl...Onun düşüncəsindəki naqisliklər haqqında bir neçə il öncə elə onun növbəti səhvlərinə cavab kimi bir məqalə yazmışdım: Dəyirman daşı. Bir şeyin o biri şeyə oxşadığını görə kimi şığıyır üstünə. İndi “Azərbaycan” jurnalında da həmin hadisə baş verir – müzakirə necə başlayır, iki insan sitatla bağlı narazılıqlarını bildirir və qəribədir ki, bu sitatlar müzakirənin sonuna qədər davam edir. Belə yazını kimsə oxumaz, oxusa belə, ordan nəsə götürməz. Orda “Oxu zalı” haqqında deyilənlər donosdur, başqa bir şey deyildir. Mən heç istəməzdim Əsəd tənqidçi kimi funksiyasını və təyinatını itirsin. Tənqid müzakirəsinin alınmaması məhz moderatorun əvvəldən axıra kimi “mənəm-mənəm ” deməsindən irəli gəlir. Bu da təsadüfi deyil, son zamanlar ədəbi nəşrlərə verilən təyinatların bir çoxu səhvdir.
Doğrudanmı, orda deyildiyi kimi nəzəri sxemlərə ifrat aludəçilik hələ mətnin təhlili demək deyil? Bəs mətni təhlil etmək üçün nə lazımdır?
Yuxarıda bu sualınızı qismən izah etdim. Əsəd bu şeyləri özündən uydurur və sizi inandırıram heç “poststrukturalizm” haqqında anlayışı da tam deyil, orda Rüstəm (Rüstəm Kamal-red.) oturmuşdu, heç olmasa ondan soruşaydı ki, bu kateqoriya nəmənədir. İstəsəydi, Akimova da ona dekadensi izah eləyərdi.
Sizin şeirləriniz doğrudanmı Əsəd Cahangirin dediyi kimi uğursuzdur. Ümumən, tənqidçinin bədii mətn yazmasına necə baxırsınız?
Tənqidçi bədii mətn yaza da bilər, yazmaya da. Amma bütün təsadüflərdə Əsəd kimi gülməli şeyləri yazmaqdan vaz keçməlidir. Məsələn onun son zamanlar Elçibəyə həsr etdiyi şeir bu qəbildəndir. Belə bir sual veriləndə Çingiz müəllim Əsədin poetik irsindən bəhs etsəydi daha maraqlı alınardı müzakirə. Ancaq Çingiz müəllim neyləyir? Axmatova haqqında mühazirə söyləyir və deyir ki, Azərbaycan ədəbi prosesində yerlibazlıq baş alıb gedir. Ha, ha , ha ...
Və sonda. Azərbaycan tənqidinin əsas problemi haqda qısa bir arayış verə bilərsinizmi?
Bəhs etdiyimiz müzakirə arayışın, yəni xəstəliyin anamnezi ola biləcək səviyyədədir. Bizim tənqid xroniki ürək çatışmazlığından əziyyət çəkir. Bir dəfə çəmənlikdə boyundan yuxarı tullanmaq istərkən qılçalarını bada vermiş, indi də yataqda göylərə səyahətin dadını çıxarır. Halon ki, bu sənətin ən əlamətdar nümunəsi sayılan Əsəd tənqidçidir və namıdəyər jurnalda baş redaktorun ikinci müavinidir, ancaq, amma və lakin... özünü ən azı tənqid naziri kimi aparır. Problem budur. Arada “nəfəs dayanacağı” yarandıqda özünün “Dəmirbaşlar” poemasını tərifləyir, ancaq... məncə tam əksinədir, Əsədin ən yaxşı yazıları 90-cı illərin əvvələrinə təsadüf edir, SÖZ və sair... Bu yazıda (“Dəmirbaşlar”) Əsəd uzun və mənasız yazı yazmağın rekordunu qırıb. Orada elə fraqmentlər var ki, ağzını tut qaç, öləcəksən gülməkdən. Ümumi durum pisdir. Alınmayan bir müzakirəni müzakirə eləməyin özü də pisdir. Tənqid müəllifə yazdığı mətni göstərə bilmir. Buna görə yersiz və şit epitetlər yaranır: dahi, böyük sənətkar, filan-bəşməkan. Hərənin əlində bir bayraq var, üstündə “MƏN” sözü yazılıb. Bu mətnin içində “Azərbaycan ədəbiyyatı” sözü yoxdu.
Müzakirədə belə bir fikir də səsləndi ki, bu gün Azərbaycan tənqidində gənclər yoxdu. Deyirlər ki, təssüf. Yaxşı, bunu qoy mən də deyim. Ancaq gəlin bir səbəbini də araşdıraq. Ona görəmi ki, tənqid rentabelli deyil? Niyə rentabelli olmalıdır ki? Bu sahədə güclü mütəxəssislərin yetişməsi üçün sahənin özünü bir balaca təmizləmək lazımdır (repressiyasız-!). Mətnləri qoyun ortaya, müzakirələr açın, insanların şəxsiyyətinə toxunmadan onların mülahizələrini tənqid edin. Lap yazınlarda “Ədəbiyyat qəzeti”ndə də tənqid haqqında yazı getmişdi. Müəllifi də professor Nizaməddin Şəmsizadə idi. Əsəd Cahangirin bu müzakirəsinin girişi adlandırmaq olar onu: şəxs kimi münasibətinin pozulduğu insanlardan öc almaq. Həqiqət budur. “Roman ədəbiyyatın qocalıq şəklidir “ deyən adam, Çingiz müəllim demişkən, professordur. Bu insanlar bir neçə ildə necə oldu ki, bu qədər irəli getdilər, ən gülməli fikirlərini yazıb nümayiş etdirməkdən çəkinmədilər? Demək, problem heç də təkcə... ədəbi prosesin özündə deyil.