Kulis Azər Abdullanın tərcüməsində Qabriel Qarsia Markesin “Baltasarın həyatında unudulmaz gün” hekayəsini təqdim edir.
Qəfəs hazır idi, Baltasar da adəti üzrə onu damın çardağından asmışdı. Hələ o, səhər naharnı yeyib qurtarmamış, yan-yörədəki adamların hamısı bu qəfəsdən danışırdılar, deyirdilər bu, dünyada ən gözəl qəfəsdi. Tamaşaya o qədər adam yığışmışdı, iynə atsaydın yerə düşməzdi. Bltasar qəfəsi çardaxdan götürüb emalatxanasına aparmalı oldu. Ursula ərinə dedi:
– Üzünü qırx, lap keşişə oxşayırsan.
– Nahardan sonra qırxmaq yaxşı deyil.
İki həftəydi, saqqalnı qırxmamışdı qısa, cod tükləri qatır yalmanına oxşayırdı, sifəti də qorxaq uşaq üzünə bənzəyirdi. Ancaq bu üzün ifadəsi aldadıcı idi. Fevralda Baltasarın otuz yaşı tamam oldu, dörd iliydi Ursulayla kəbinsiz yaşayırdı, uşaqları olmurdu, heç nədən qorxusu yoxuydu, ancaq həyat onu ehtiyatlı olmağa öyrətmişdi. Hətta onun xəbəri belə yoxuydu ki, yenicə düzəltdiyi qəfəs kim üçünsə dünyanın ən gözəl qəfəsidi. O, uşaqlıqdan qəfəs düzəltməyə adət eləmişdi, sonuncu bu işi qabaqkılardan bir az çətin başa gəlmişdi. Ursula dedi: - Onda dincəl. Belə saqqalla camaatın arasına çıxmaq olmaz.
O, itaətlə gedib çarpayıya uzandı, ancaq tez-tez də durub qəfəsi qonşularına göstərməli olurdu. Ursula bu vaxtacan qəfəsə fikir verməmişdi. Baltasarın dülgərlik işini atıb iki həftə bir qəfəsin üstündə əlləşməsi, pis yatması, yuxuda sayaqlaması, diksinməsi, üzünü qırxmaq bircə yol da yadına düşməməsi, Ursulanın ürəyincə deyildi. Ancaq o, hazır qəfəsi görəndə bütün narazılığı yox olub getdi. Baltasar yuxuda ikən Ursula onun köynəyini, şalvarını ütülədi, çarpayının yanındakı stulun üstünə saldı, qəfəsi otağa gətirib masanın üstünə qoydu. Səssizcə tamaşa elədi. Baltasar ayılanda arvadı ondan soruşdu:
– Qəfəsi neçiyə verəssən?
– Bilmirəm. İstəyirəm otuz peso deyəm, bəlkə iyirmi verdilər.
– Əlli de. Bu iki həftəni yatmamısan. Həm də qəfəs böyükdü. Mən ömrümdə belə böyük qəfəs görməmişəm.
Baltasar üzünü qırxmağa başladı.
– Səncə əlli verəllər?
– Xose Monteldən ötürü bu, boş şeydi, ancaq qəfəs əlliyə dəyər. Sən altımış istə.
Evdə cansıxıcı bürkü vardı, cırcıramanın cırıltısında bürkü adama daha ağır-dözülməz gəlirdi. Baltasar geyindi, qapını açdı ki, heç olmasa evin havası dəyişsin, bu vaxt uşaqlar otaga girdi.
Artıq təzə xəbər hər yana yayılmışdı. Qoca doktor Oktavio Xiraldo həyatından razı bir adam idi, ancaq sənətindən bezmişdi, o, adamların əhatəsində uzun zaman xronik xəstə qadınıyla nahar edərkən Baltasarın yeni qəfəsi barədə düşünürdü. İsti günlərdə eyvana apardıqları masanın üstündə gül olan çoxlu güldanlar və içərisində tutuquşu olan iki qəfəs vardı. Doktorun qadını öz quşlarını çox sevirdi, pişiklərin hər an onları yeyə biləcəyindın qorxduğu üçün pişiklərə bərk nifrət edirdi. Doktor Xiraldo xəstələrin yanından qayıdanda qadını barədə düşünürdü, o, qəfəsə baxmaq üçün Baltasargilə gəldi.
Baltasarın evində çox adam vardı. Masanın üstünə parıldayan məftildən düzəldilmiş böyük bir gümbəz qoyulmuşdu, içərsi üc qata bölünmüşdü. Quşların yemlənməsi, yatıb dincəlməsi üçün ayrıca yerlər ayrılmışdı, balaca keçid yerləri vardı, elə bil buz istehsal edən nəhəng fabrikin maketiydi. Həkim toxunmadan qəfəsə diqqətlə baxdı, gördü qəfəs eşitdiyindən qat-qat gözəldi, haçansa qadını üçün arzuladıgı qəfəslərin hamısından müqayisə edilməz dərəcədə gozəldi.
Doktor dedi:- Bu, sənin fantaziyanın qüdrətidi.
O, göz gəzdirib Baltasarı adamların arasında axtardı, mehriban ana baxışlarıyla onu süzüb dedi:
– Sənnən görkəmli memar olardı.
Baltasar qıpqırmızı qızardı.
– Sağ ol.- dedi.
– Gerçəkdən belədi.- həkim söylədi. Onun sığallı, zərif, qadınsayağı dolu bədəni və incə, qəşəng əlləri vardı. Həkimin səsi latınca danışan rahibin avazına oxşayırdı. Həkim:
–Hətda onun içinə quş da salmasan olar. -dedi, maraqla baxan adamların yanında qəfəsə sarı çevrildi, elə bil demək istəyirdi, qəfəsi alın.
– Ağacların arasından as, onun özü oxuyacaq.
O, qəfəsi yerinə qoyub bir az fikirləşdi, yenidən ona baxıb dedi: -Yaxşı, mən onu alıram.
– Artıq satılıb.- Ursula dedi.
– Xose Montelin oğlu ismarış eləmişdi.- Baltasar əlavə etdi.
Bütün görkəmiylə hörmət hissi aşılayan həkim: - O, sənə modelini vermişdimi?- soruşdu.
– Yox, sadəcə demişdi böyük qəfəs lazımdı, elə bunun kimi, bunda iki sarıköynək qalacaq.
Həkim yenidən qəfəsə baxdı: - Bu, sarıköynək üçün deyil.
– Onnardan yanadı, doktor – deyib Baltasar masaya yaxınlaşdı. Uşaqlar onun başına yığışdılar. –Bütün ölçüləri dəqiq hesablanıb.- Baltasar şəhadət barmağıyla qəfəsin ayrı-ayrı hissələrini göstərdi. Sonra o, sümüklü barmaqlarının arxasıyla qəfəsin günbəzini döyəclədi, qəfəs dərin akkordlarla doldu.
– Bundan möhkəm məftil tapamazssan, məftillərin hər biri həm içəridən, həm də çöldən lehimlənib bərkidilib. Uşaqlardan kimsə dedi: - Hətda, meymun üçün də yarıyar.
– Elədi.- Baltasar razılaşdı.
Həkim başını döndərib dedi: -Yaxşı, axı o, modelini verməyib? Sənə müəyyən bir şey deməyib, bircə deyib böyük olsun, sarıköynəklərdən yana, eləmi?
– Elədi,- Baltasar cavab verdi.
– Onda hər şey asandı,- dedi həkim,- sarıköynək üçün böyük qəfəs ayrı şeydi, bu qəfəs bambaşqa şey. Bu qəfəsin ismarıclanmış həmin qəfəs olduğunu kim sübut eliyə bilər?
– Bu elə həmin qəfəsdi.- Baltasar çaşdırıcı tonla dedi.- onnan yana düzəltmişəm.
Həkim dilxorluqla çiynini çəkdi.
– Sən başqasını da düzəldə bilərsən.- Ursula deyib diqqətlə Baltasara baxdı, sonra həkimə sarı çevrilib- axı, siz tələsmirsiniz.-söylədi.
– Arvadıma bu gün boyun olmuşam.
– Çox təəssüflənirəm, doktor.- Baltasar dedi.- Axı, satılmış şeyi başqasına vermək düzgün deyil.
Həkim çiyinlərini çəkdi. Yaylığıyla boynunun tərini sildi, səssizcə baxışlarını qəfəsə dikdi. Gözünü çəkmədən başqalarının görmədiyi bir nöqtəyə baxdı. Elə bil uzaqlarda itməkdə olan gəmiyə tamaşa edirdi.
– Bunun üçün sənə nə qədər veriblər?
Baltasar cavab vermədi, baxışlarıyla Ursulanı axtardı. Ursula dedi: Altımış peso.
Həkim qəfəsə baxdıqca baxırdı.
– Cox yaxşı. - Həkim köks ötürdü.- Son dərəcə yaxşıdı.- dedi.
Sonra o, qapıya sarı getdi, gülümsünərək yaylığını bərk-bərk çırpdı, bu epizodla bağlı xatirə həmişəlik onun yaddaşından silindi. Otaqdan çıxanda - Montel çox varlıdı.- dedi.
Əslində Xose Montel o qədər də varlı deyildi, ancaq varlanmaq üçün hər şeyə hazır idi. Onun evi bir neçə küçə aralıdaydı, ağzınacan cürbəcür şeylə dolu evlərində satılmalı heç nə yox idi, Baltasarın yeni qəfəsi barəsində ağızda gəzən söhbətə Montel heç əhəmiyyət vermirdi. Montelin qadını ölüm haqqında düşünməkdən üzülüb təngə gəlmişdi, günorta yeməyindən sonra arvadı qapı-pəncərəni bərk-bərk örtdü, yarıqaranlıq otaqda iki saat gözləri açıq tərpənmədən uzandı, bu vaxt Xose Montel şirin-şirin mürgüləyirdi. O, səs-küyə oyandı. Qapını açanda evinin qarşısında bir dəstə adam gördü. Baltasar da ordaydı, əlində qəfəs vardı, üzü yenicə qırxılmışdı, ağ geyimdəydi, varlıların evinə gələn bütün yoxsulların sifətində olduğu kimi onun üzündə də sadəlövh hörmət ifadəsi vardı.
– Nəsə bu, sadəcə bir möcüzədi!- Xose Montelin qadını sevinc və heyranlıqla qışqırıb Baltasarı içəri saldı. –Ömrümdə buna bənzər şey görməmişəm.
Bu qələbəlikdən həyəcanlanmış qadın Baltasarın dalınca içəri girib qapının ağzında dedi:
– Yox, yaxşısı budu içəri aparın, yoxsa onlar, Allah bilir, qonaq evmizi nə günə qoyallar.
Baltasar Xose Montelin evində qabaqlar da olmuşdu. Yaxşı usta olduğuna və öz işini sevdiyinə görə o, bir neçə yol Baltasarı çağırıb xırda-mırda dülgərlik işləri ona tapşırmışdı. Ancaq Baltasar varlıların arasında sıxılırdı, onların çirkin və deyingən qadınları, dözülməz xəstəlikləri, eşidilməmiş cərrahiyyə əməliyyatları haqqında tez-tez düşünər, həmişə də onlara yazığı gələrdi. Baltasar onların evınə girəndə ayaqları sözünə baxmırdı, hər bir addımını güclə atırdı.
Baltasar: Pepe evdədimi? –soruşdu, qəfəsi masanın üstünə qoydu.
Xose Montelin qadını: –Məktəbdən qayıtmayıb –dedi və sözünə əlavə etdi –ancaq tezlikdə gəlməlidi. Sonra da dedi:
– Montel yuyunur.
Doğrudan da Xose Montelin yuyunmağa vaxtı olmamışdı, indi o tələm-tələsik kamforlu spirtlə üz-gözünü silirdi, çıxıb baxmaq istəyirdi görsün nə olub. Xose Montel ehtiyatlı adamıydı, yatanda elektirik sərinkeşini söndürməliydi, yoxsa səsi, xışıltısı onun yuxusunu poza bilərdi. O, qadınını səslədi: Adelaida, nə olub?
Qadını ucadan:- Gəl gör, nə gözəl, qiyamət şeydi! - qışqırdı.
Xose Montelin kök, tüklü sinəsi vardı, dəsmalı çiyninə salmışdı, yataq otağından başını çıxardıb:
– Nədi o? - soruşdu. Baltasar dedi:
– Qəfəsi Pepeyə gətirmişəm.
Qadın çaşqın-çaşqın Baltasara baxdı.
– Kimə?
– Pepeyə. -Baltasar təkrar cavab verdi. Sonra Xose Montelə sarı çevrildi: –Bunu Pepe ismarıc eləyib.
Heç nə baş vermədi, ancaq Baltasarı heyrət bürüdü, ona elə gəldi hamamın qapsını açdılar, Xose Montel alt tumanında yataq otağından çıxdı.
– Pepe! -qışqırdı. Montelin qadını yerindən tərpənmədən yavaşca:
– Hələ gəlməyib.- dedi.
Pepe qapının ağzımda göründü. On iki yaşlı bu oğlanın qatlanmış kiprikləri də, üzündəki sakit həyacan da anasınkına oxşayırdı. –Bura gəl, -Xose Montel onu cağırdı. Bunu sən ismarışlamısan. Oğlan başını aşağı saldı. Xose Montel Pepenin saçından yapışdı, başını yuxarı qaldırıb onun gözlərinə baxmasına məcbur elədi.
– Cavab ver.
Pepe sakitcə dodğını dişlədi. Qadını pıçıltıyla –Montel... -dedi. Xose Montel əlini çəkdi, çoşqunluqla Baltasara sarı çevrildi.
– Hayıfki belə oldu, Baltasar. Işə başlamamış gərək mənimlə danışaydın. Həddi-buluğa catmamış uşaqla danışmaq ancaq sənin ağlına gələ bilər.
O danışdıqca yenidən üzünə sakitlik qayıdırdı. Hətta, qəfəsə baxmadan onu masanın üstündən götürüb Baltasara verdi.
– Bunu elə indicə götür apar, kimə istəyirsən, sat. Bir də çox xahiş edirəm, mənnən höcət eləmə.- əlini Baltasarın kürəyinə vurub dedi:
– Həkim mənim həyəcanlanmağımı məsləhət bilmir.
Oğlan yerində donub qalmışdı, Baltasar əlində qəfəs çaşaraq ona baxdı, bu dəm Pepe hıçqırdı, özünü döşəməyə çırpıb boğuq səslə çığırdı.
Anasının Pepeni necə kiritməsinə Xose Montel saymaz-saymaz baxırdı, o, dedi:
– Qaldırma onu, qoy başını çırpsın döşəməyə, sındırsın, sonra da duzlu limon suyunu tök başına, bir azda cinlənsin.
Gözündən yaş axmadan oğlan ciyildəyirdi, anası onun əllərindən tutmuşdu. Montel yenə:- Boşla onu.- dedi.
Qudurmuş can verən heyvana tamaşa edən kimi Baltasar oğlana baxırdı.
Artıq saat dörd idi. Bu vaxt Baltasargilin evində Ursula soğan doğraya-doğraya çox qədim bir mahnı oxuyurdu.
Baltasar: Pepe- deyib oğlana sarı yaxınlaşdı, gülümsünərək qəfəsi ona uzatdı. Oğlan dərhal ayağa qalxdı, az qala özü boyda qəfəsi iki əlli qucaqladı, metal hörgünün arasından Baltasara baxdı, bilmədi nə desin. Bütün bu müddət ərzində onun gözündən bir damcı da yaş axmamışdı.
– Baltasar,- Xose Montel yumşaqlıqla dedi – axı, mən sənə, bu dəyqə qəfəsi götür apar, dedim.
Qadın oğluna: Qəfəsi ver özünə.- söylədi.
– Qoy qalsın uşağa.- Baltasar dilləndi. Sonra Xose Montelə üzünü tutub:
– Axı, mən bu qəfəsi onnan ötrü düzəltmişəm.
Xose Montel Baltasarın dalınca qonaq otağınacan gəldi.
– Axmaqlıq eləmə, Baltasar.- Montel inadla onun qabağını kəsdi.
– Yığışdır burdan şey-şüyünü, bir də belə səfeh iş tutma. Onsuz da mən sənə bircə sent də verən deyiləm.
– Verməsən də olar. Axı, mən onu Pepeyə hədiyyə hazırlamışam. Pul almağı ağlıma da gətirməmişəm.
Baltasar qapının ağzına yığışıb maraqla gözləyən adamları yarıb keçəndə qonaq otağının ortasında dayanıb ağappaq olmuş, gözlərini qan tutmuş Xose Montel onun dalısınca qışqırdı:
– Axmaq, elə bu dəyqə götür apar, öz zibilini! Bircə o qalmışdı, kimsə mənim evimə soxulsun, ağlına gələni eləsin, cəhənnəm olun!
Bilyard oynanılan yerdə Baltasarı həyəcanla, səs-küylə qarşıladılar. Baltasara elə gəlirdi, onun bu qəfəsi sadəcə, indiyəcən düzəltdiklərinin ən yaxşısıdı, bir də elə bilirdi o bu qəfəsi Xose Montelin oğluna bağışlamağa borcludur ki, uşaq ağlamasın. Baltasara görə bütün bunlarda qeyri-adi heç nə yox idi. İndi anladı ki, onun bu rəftarı çoxlarından ötrü bu və ya digər dərəcədə lazımdır, ona görə də bir qədər həyəcanlandı.
– Deməli qəfəsə əlli peso verdilər?
– Altmış.- Baltasar cavab verdi.
Ona bir parç pivə göndərdilər. Baltasar dedi ki, burdakı adamların hamısını pivəyə o qonaq edəcək. Belə ki o, ömründə birinci dəfəydi, axşama yaxın əməlli başlı kefləndi, əfsanəvi şeylər danışdı: Min dənə qəfəs, hər biri altmış peso, sonra isə altmış milyon peso üçün milyon qəfəs. “Nə qədər ki sağdılar, varlılara satmaq üçün daha çox qəfəs düzəltmək lazımdı.” Baltasar deyirdi, ancaq artıq ağlı başında deyildi- onların hamısı xəstədi, tezliklə öləcəklər. Hətta, onlar narahat olmasalar belə həyatları yenə də acınacaqlıdı.
Musiqi avtomat ara vermədən iki saat Baltasarın hesabına çaldı. Hamı Baltasarın, onun xoşbəxtliyinin, uğurlu işinin, varlıların ölümünün sağlığına içdi, ancaq şam yeməyində o tək qaldı.
Ursula üstünə halqa-halqa soğan doğranıb qızardılmış ətlə onu axşam saat səkkizəcən gözlədi. Kimsə ona dedi ki, Baltasar bilyard oynanılan yerdə xoşbəxtlikdən başını itirib, hamını pivəyə qonaq edir, ancaq o inanmadı, çünki Baltasar ömründə bircə yol da içməmişdi. Gecə yarı artıq Ursula yerinə uzananda Baltasar hələ də apaydın işıqlanmış pivəxanada oturmuşdu, ətrafda hərəsinin yanında dörd stul qoyulmuş balaca masalar vardı, göyün altındakı açıq rəqs meydançasında indi sərxoşlar gəzişirdilər. Onun üzü dodaq boyasından xal-xal olmuşdu, yerindən tərpənməyə taqəti yox idi, fikirləşirdi, yatağa uzansaydı, yaxşı olardı. Baltasar o qədər xərclədi ki, saatını girov qoymalı oldu, söz verdi ki, birisi gün gəlib bütün borcunu ödəyəcək, az sonra küçənin ortasında uzanıb qaldı, hiss elədi ki, çəkməsini çıxardırlar, ancaq o ömründə gördüyü ən gözəl yuxudan ayrılmaq istəmirdi. Səhər ibadətinə tələsən qadınlar ona baxmağa qorxurdular, elə bilirdilər o ölüb.