Başqasının xanımına şeir yazmaq

Başqasının xanımına şeir yazmaq
23 fevral 2015
# 15:26

Kulis.az Kənan Hacının yeni şeirlərini təqdim edir.

Susmağı unutmaq

bu sevmək günah deyil, cəzadır, qadın,
zaman deyil,
sənsizlikdi keçib getməyən,
sənsizlik məni üz çevirib getdiyim

köhnə ünvana sürüdü,
bir torba ət kimi atıldım
o yoxluğun böyrünə,
böyük soyuducuya bənzəyən otaqda
buza döndü hissim, duyğum,
xoşbəxtliklə bədbəxtliyin arasında
vurnuxan sərsəriyəm indi,
xəyallar da doldura bilmir
bu soyuq boşluğu,
tənhalıqda susmağı da unutmuşam,
baş aparan qoca kimi
deyinirəm misra-misra,
sevgi sözdən cana keçməyəndə
cəzaya çevrilir, qadın,
məsələn, bu da cəzanın ən ağır növü:
başqasını xoşbəxt edən qadına
şeir yazmaq!..

*****

Xoşbəxtliyin səsi gəlir, özü görünmür,
hər gecə yatanda
qulaqlarım yerikləyir o səsə,
bəşəriyyətin ən avam arzusudu xoşbəxtlik...

sevgin daşa çırpılanda
bu qəzadan sağ çıxdınsa,
vay halına,
xilaskar donuna girmiş bədbəxtlikdi gələn,
bədbəxtlik anadan lal doğulub,
heç vaxt səsi çıxmaz,
xoşbəxtliyin səsi gəlir,
bədbəxtliyin dilini çevirir dilimizə...

Qürbət sıxıntısı...

Ayrılıq qürbətdi, Sevgi vətəndi,
Qürbətdə vətəni qoruyuram mən.
Ruhumu saxlaya bilmədim sənə,
quruca bədəni qoruyuram mən.

Dedim iki canı bir eləyək biz,
bir ömrün kirayə haqqını verək.
Bir qırıq sevincin əlindən tutub,
biz öz dərdimizi qoşa böyüdək.

Sən özün istədin bu ayrılığı,
taleyin xəbəri olmadı bizdən.
Biz artıq həyatdan doyduq, çəkildik,
Sevginin özüsə doymadı bizdən.

İndi bu ayrılıq lənət kimidi,
onu gəzdirirəm üstümdə hər gün.
Mən sənin qəlbindən ümid götürdüm,
faizi yığılır üstünə hər gün.

Mənə bu qürbəti sən bağışladın,
bu qərib qürbətin vətəni sənsən.
Ruhumu çarmıxa çəkdin, nə olar,
quru bədənimi xilas elə sən!..

******

Kölgəmi qoruyan divarlara,
keşiyimi çəkən qapılara,
ayağıma yad gələn yollara deyin ki,
insan sudur, axıb gedir,
divarları yıxıb gedir,
suyun qapısı olmur,
yolları yuyub gedir,
gedir, hopur torpağa...
suyun kölgəsi olmur,
suyun ləkəsi olur,
insanın itən yeridir su...

# 1469 dəfə oxunub

Oxşar xəbərlər

Çexovu yaradan xalq yoxa çıxıb… - Fəxri Uğurlu

Çexovu yaradan xalq yoxa çıxıb… - Fəxri Uğurlu

09:00 10 may 2025
Montenin esselərində Nizami Gəncəvi - Tanrıverdi Əliyev

Montenin esselərində Nizami Gəncəvi - Tanrıverdi Əliyev

11:19 7 may 2025
"Milli Kitab 10-luğu" - "Dəli Kür"

"Milli Kitab 10-luğu" - "Dəli Kür"

09:00 7 may 2025
Allahı yaradıcı kimi yox, qoçu kimi təqdim edirlər - Rahid Ulusel

Allahı yaradıcı kimi yox, qoçu kimi təqdim edirlər - Rahid Ulusel

09:00 7 may 2025
"Oxudum, özümü təhqir olunmuş hiss edirəm" - Hekayə müzakirəsi

"Oxudum, özümü təhqir olunmuş hiss edirəm" - Hekayə müzakirəsi

12:00 6 may 2025
Varlıq və heçlik arasında - Firuz Mustafa

Varlıq və heçlik arasında - Firuz Mustafa

10:00 3 may 2025
#
#
# # #