Tənqid ölübmü? Elnarə AKİMOVA

Tənqid ölübmü? Elnarə AKİMOVA
16 fevral 2015
# 15:06

Kulis.Az tənqidçi Elnarə Akimovanın “Ədəbiyyat qəzeti”ndə çap edilmiş “Yazalım, özümüzü öyməyəlim...”məqaləsini təqdim edir.

Ədəbiyyatın bir yaşam hadisəsi, iç sevdası olduğu artıq deyilmiş fikirdir. Bu barədə əlavələr etməyə hacət yoxdur. Hacət ona var ki, ədəbiyyatda hələ yetərincə oturuşmamış kimsələrin əl və dil hücumundan onu qorumağa bütün gücümüz və qüvvəmizlə atılaq. Əslində, tutalğası olmayan bir çox fikirlərə əhəmiyyət verməyib üstündən sükutla adlamaq da olar, nədən ki, sükut bütün zamanların ən gözəl cavabı sayılmış. Gəl ki, “mən belə əsrarı qana bilmirəm” deyibən bir çox məqamları ötürə bilmirsən. Azərbaycan ədəbiyyatında nə baş verir?

Durmadan artan ədəbiyyat materialları, internet portallarının kifayət qədər geniş meydan verdiyi azadlıq - yazdığın mətnin oxucuya çevik ötürülməsi prosesi və bunun ətrafında yaranan müzakirələr polifonikliyi. Biz bu müzakirələrin nə dərəcədə səmərəliliyi, ədəbiyyata verdiyi pozitiv qida, yaxud neqativ tərəfləri haqqında danışmayacağıq. Ən azı, düşünürəm ki, bu müzakirələr ədəbiyyatın dinamikası, ədəbi prosesin canlanması baxımından uğurlu addımdır. Əsər varsa, yazılıbsa təbii, onun haqqında tənqidi fikir də olmalıdır. Bu müzakirələr ona xidmət etmir ki, hər ilin, ayın, günün böyük ədəbiyyatını ortaya çıxarmağa iddialı olasan. Zatən tənqid, müasir proses elə onunçündür ki, hazır, peşəkar ədəbiyyatla işləmir. Çağın ədəbi təsərrüfatını ələkdən keçirmək, zaman və insanın zamanda yeri barədə ideyanı ehtiva edən bədii əsəri oxucuya, ədəbiyyata tanıtmaq missiyasında bulunur. Oxumadan, müzakirə etmədən bu mümkünmü?

Son zamanlar tənqidin ünvanına deyilən cəfəng fikirlərin, diletant yanaşmaların sayı xeyli artmış. Bəs nə zaman əksik olmuş? Demək olar ki, heç zaman. Axundov zamanından çağımızadək tənqidin ünvanına kəskin iradlar səsləndirilmiş, onun bədii düşüncə üçün lazımsızlığı qənaəti özünü tükətməmişdir. Yox, bütləşdirmirik, tənqidin ünvanına da iradlar səsləndirilə bilər, amma onun haqqında ikrahla, əhəmiyyətsiz kimi danışmaq yolverilməzdir.

Aspiranturaya daxil olduğum 2001-ci ildə ustad alim Yaşar Qarayev mənə 90-cı illərin ədəbi tənqidini araşdırmağı tədqiqat mövzusu kimi təklif edəndə institutun Elmi Şurasından tutmuş ədəbi kuluarlarına qədər belə bir fikir hakim idi: “Ədəbi tənqid varmı ki? Olmayan bir şeydən necə tədqiqat yazmaq olar?”. Hərçənd olmasaydı belə, bunun özü tədqiqatın araşdırılma funksionallığını heçə endirmirdi. Necə olur axı, neçə onillik tarixi kökləri üzərində gəlişən ədəbi tənqid sahəsi 90-cı illərin polifonik olayları, kataklik prosesləri önündə laxladı, çökdü, yoxa çıxdı, nəzəri arsenal bu qədərmi bəsit imiş?

Mövzunun içinə girdikdə isə vəziyyətin heç də belə olmadığı bəlli oldu. Məlum oldu ki, tənqid keçmiş mövqeyini itirsə, cari prosesə fəal müdaxilə etmək əzmində olmasa belə potensialı tükənməyib, bədii fakta, əsərlərə yanaşmada intellektual-elmi həssaslığı, dərin nəzəri mühakimə səriştəsini qoruyub saxlaya bilib. Bu qənaəti məndə doğuran 90-cı illər tənqidinin yeni ədəbiyyat tarixçiliyinin yazılması istiqamətlərində elmi çabası, ədəbi irsi dəyərləndirmədə nümayiş etdirdiyi pozitiv mövqeyi, sovet dövrü ədəbiyyatımıza dair münasibətlərin durulması istiqamətində göstərdiyi obyektiv-elmi-metodoloji üsullar və s., və i. deyildi, tənqid yeni dövrə, onun çağdaş ədəbi prosesinə özünün həm baza dəyərləri, həm də dünya estetik fikrindən bəhrələndiyi elmi-nəzəri düşüncə ilə daxil olmuşdu.

Hətta bu gün tənqiddə, eləcə də ədəbi prosesdə çox məsələlərin rakursunun tapılmasına 90-cı illərin “pəncərə”sindən baxmaq lazım gəlir. Müstəqillik kimi tarixi nailiyyətimiz və bir-birinin ardınca baş verən gərgin, xaotik proseslər – 90-cı illəri ilkin olaraq səciyyələndirən bu iki amildir. Elə bu gün ədəbi prosesin diriliyini və dinamikasını təmin edən strategiyanı hazırlayan da sıraladığım bu iki faktdır. O mövzuları ki, ədəbiyyat gecikmiş də olsa yazıya alır və gecikmədən cəmiyyətə təqdim olunur, onları 90-cı illərin məlum hadisələri şərtləndirir. O prizmadan ki, hazırda ədəbiyyata yanaşırıq və ədəbi məhsula qiymət veririk, ilk növbədə, müstəqil mövqe nümayiş etdirib milli dəyər arayır, ondan bu günümüz üçün faydalı olan pozitiv müdaxilə tələb edirik. Çünki dərk etməli oluruq ki, ən böyük milli dəyər milli yaddaş özüdür və yaddaşını qoruyub hifz edən, bütün tarixi epoxalardan onu bütöv və salamat çıxarmağa qadir xalq öz sabahının sabitliyinə təminat vermiş olur.

Amma bu gün yazıçının vuruşu, qovğası, dartışması özü ilə Mətni, lap elə deyək, içinin ədəbiyyat etalonu (əgər varsa) ilə olmalıykən, o, yenə qəzəbini tənqidə tuşlayır. Tənqid yenə hədəfdədir, “atan yazarlardır”, özü də yenə həm bəyənməyərək, həm də umaraq atırlar. Bəlkə də dili olsaydı M.Cəlilin obrazı sayaq sual etməkdən özünü saxlaya bilməzdi: “Məni niyə döyürsünüz?”

Bəli, yazarlar zümrəsi tənqidi hədəf götürmədə, onun yoxluğundan, hətta bir şəxslə münasibətlərinin korlanması zəminində hər şeyin üstündən xətt çəkərək “tənqid xanimanının çöküşündən” bəhs etmədə. Olsun, bu da bir mövqedir. Halbuki bir şəxsin zəif mətninə görə tənqid bütünlükdə ədəbiyyatın üzərindən xətt çəkməyə çalışmayıb. Bir anlıq yerləri dəyişilsə, tənqid üzünü ədəbiyyata tutub deyə bilər amma. Nəyi deyər, bilirsinizmi? Deyər ki, bu gün gözəlim ədəbiyyat bir ayağı sosializm qayığında, bir ayağı kapitalizm sahilində olan insana bənzəyir. Ümid edək ki, yaxın zamanlarda hər iki ayağını sahilə basıb müvazinətini bərpa edəcək. Ancaq bu, onun qarşıya qoyduğu məqsədləri gerçəkləşdirməsi üçün kifayət edəcəkmi? Axı, adından da göründüyü kimi, bədii mətnin, ədəbi fikrin başlıca qayəsi insana xidmət, insana məhəbbət olmalıdır. Ancaq indi daha çox kapitala xidmət qayəsi ön plana çıxır. Belə bir misra yadıma düşür: “Sevgi bankında tükənməz kapitalımsan mənim...”

Doğrudan da, insanın yaddaşı çox qısa olurmuş. Elə buna görədir ki, yaxın keçmişdə cani-dildən sevdiyimiz “zəhmətkeş kütlələr” birdən-birə yadımızdan çıxdı və Sabirin bu misrası yenə aktuallıq kəsb etdi: “Canın bəcəhənnəm ki, ölürsən deməyindən!” Əvəzində kəskin nifrət və ikrah hissləri bəslədikləri, hətta qanını içməyə hazır olduqları kapitalistlər səmimi sevginin obyekti oldular. Sosialist realizmin tənqid atəşinə tutduğu obıvatel tiplərin “bacarana can qurban” şüarı həyat devizinə çevrildi. Çağdaş ədəbiyyat sosial ədalətin bərpası naminə bütün bunların bədii təcəssümünü verə bilərmi?

Torpaqlarımızın 20 faizi işğal altında olan bir zamanda bir körpənin göz yaşlarını belə silməyə qadir olmayan əsərlər, onların bəh-bəhlə keçirilən təqdimatları, imza günləri, müzakirələri kimə və nəyə lazımdır?!

Tənqidsə demir, çünki yaxşı bilir, ədəbiyyatı fərdlər yaradır, o enerji və yaradıcılıq istedadı dövrün hansısa məqamında təzahür edəcəksə, zaman özü öz qəhrəmanını seçməyə qərar verəcəkdir. Tənqidi bu dedi-qoduların altından çıxarmaq istərkən, başa düşürəm və danmıram ki, bu gün fərdi baxışlar, fərqli nöqteyi-nəzərlər, oxucunu diksindirən bədii rakurs, düşündürücü tənqidçi mövqeyi az qala yox kimidir. Amma olanda belə buna dözümlülük nə qədərdir?

Tənqidin yoxluğundan, zəifliyindən bəhs edənlər bilməlidirlər ki, onun bu günə düşməsində suç həm də ədəbiyyatın, yazıçı mövqeyinin özündədir. Heç uzağa getmirəm. “Oxu zalı”nda ayda bir dəfə gerçəkləşən əsər müzakirəsi tənqidin gəlişməsində, ədəbiyyatın inkişaf dinamizmində əhəmiyyətli addımlardan biri idi. O qədər ki, eyni vaxtda bir əsərə yönəldilən beş tənqidçi baxışı nəhayətində, yalnız ədəbi mətnin, yazıçının deyil, həm də tənqid elminin səlasət qazanmasını şərtləndirmiş olurdu. Amma sonda tənqidçi münasibətlərinə rəy bildirən yazarlar hansı mədəniyyətin daşıyıcısı olaraq çıxış edirdilər? Bir balaca, “sol” getdinmi, tənqidçini diletant, sovet nəzəri düşüncəsinin qalığı, mentor ədalı biri adlandırmaqdan çəkinmirdilər.

Bu gün bədii mətni, prosesi dəyərləndirmədə qərəz, şəxsi münasibətlərin məhək daşına çevrilməsi faktı təəssüf doğurur. Sözün həqiqi mənasında. Ədəbiyyata, ədəbi mətnə münasibətdə meyar yalnız obyektivlik və mətnin öz özəllikləri olmalıykən tənqidçı ədəbi fakta, ədəbi prosesə yanaşmada ədəbiyyatın maraqlarına xidmət eləmək əvəzinə, nəinki xırda hisslərin əlində əsir olub qalır, özlüyündə istedadlı olan qələmini lazımsız məsələlərə bulaşdırmaqdan da yan keçə bilmir. Bir var istedadsızın ədəbiyyata kortəbii baxışı, profan yanaşması, bir də var, istedadlı birinin ədəbiyyatın yüksək dəyərlərinə xələl gətirməsi, ucuz münasibətlərə güriftar oluban heç vəchlə dairədən çıxa bilməməsi. Bu, daha böyük problemdir, çünki birinci halda itki yalnız özündən gedir, öz için, mənəvi dünyan üçün ədəbiyyatı itirirsən, ikinci halda da itirirsən, amma bu zaman həm də ədəbiyyatın itkisinə çevrilirsən.

Ədəbi portallarda, mətbuatın ədəbiyyata ayrılan səhifələrində ədəbiyyatın mənafeyi nəinki güdülmür, hətta mövzuların şouya çevrilməsi, başlıqlara çıxarılan kontekstsiz adlar dəyərləri üstələməkdədir. Yaxud əksinə, çözülməsi təqib qılınan predmet eləcə sərlövhələrin cəlbedici başlığı olaraq qalır. Halbuki, indiki informasiya və çap bolluğu şəraitində yaradıcılıq problemlərinin çözümü hədsiz gərəklidir. Min ildir canımıza yerimiş neqativlər təkrarını sürdürmədə. Tənqidçi fikrini ədəbi meyara çevirib ədəbi fikrin flaqmanı elan edirik. Daha sonra bir həmlədə hər şeyi alt-üst edib ona qarşı qaragüruh kompaniyasına başlayırıq. Gəlin danmayaq, bizdə hansısa gəncin AYB əleyhinə getməsi addımı daha böyük ajiotajla, maraqla qarşılanır, nəinki həmin gəncin sabah yazıb meydana qoyacağı mətn.

Bizi tənqidçinin əsəri dəyərləndirməsi o qədər də çəkmir, amma onun əleyhinə yazılan silsilə yazılar müzakirə predmetinə çevrilir. Zaman keçir, qışqırıqlar səngiyir, əski düşmənlər yenidən dosta çevrilir, qəzəb, kin, qərəzlə süslənmiş yazılar da unudulub gedir... o zaman ədəbiyyatın bu qovğalardan udduğu nə olur? Ədəbiyyat nədir ki?! İnsanın dünya, zaman, Tanrı və təbiətlə bağlı düşüncəsinin sınırlarının böyütməsi üçün üz tutduğu müqəddəs mehrab! Axı insan pisliklərdən, yaramazlıqlardan sığortalanmayıb, o, əzabların pandora qutusudur, ədəbiyyatsa həmişə əzabları yenməsində ona yol göstərən olub. Sovet sistemi dağılandan sonra biz bu fikri də tarixin qalıqları altından çıxarıb ona özgə məzmun, mündəricə verməyə çalışdıq: Ədəbiyyat İnsan tərbiyə eləmir! O zaman ədəbiyyat nəyə xidmət edir? Hansı amala, hansı məfkurəyə, hansı düşüncəyə? Əgər çağın insanı onu gündəlik sarmış olan hər cür mənəvi-ruhsal-psixoloji deqradasiyadan, maddi-sosial anomaliyalardan qurtuluş üçün Ədəbiyyata sığınmayacaqsa, orda öz hüzurunu tapa bilməyəcəksə, o zaman bədii sənətin qayəsi hardan başlanıb harda bitir? Əgər durmadan artan kitablar, yazılan əsərlər sonucda insana yönəlik söz deməyə hasilə gəlmirsə, o zaman bəşəriyyət niyə hər zamanın qəhrəmanını yaratmağa çalışır, onunla öz dilində, düşüncəsində danışmağa çaba göstərir.

Hə, insan darıxır. Bu darıxmanın səbəbini Sokrat Tanrıdan ayrı düşməkdə görürdü. Sokrata görə, ruh Tanrıdan ayrılmazdan öncə çox rahat imiş, heç bir ehtiyacı yoxmuş. Ona görədir ki, insanlar bu dünyada özləri üçün bir rahatlıq dairəsi yaradırlar və bu dairə müvəqqəti də olsa, Tanrı dərgahını əvəz edir. İnsanın öz evi üçün darıxmasının səbəbi də elə budur. Qədim romalılar deyirdilər ki, “Ayın altında yeni heç nə yoxdur” və ya “Hər bir yeni – yaxşıca unudulmuş köhnədir”. Bizim bütün nəzəriyyələrimiz və “neo”larımız da belədir. Əgər haradasa yeni fikir demək mümkünsə, bu, yəqin ki, təkraredilməz olan hər hansı bir canlı şəxsiyyət üzərində sağlam müşahidələrin nəticəsi kimi meydana çıxa bilər. Ona görə “sağlam” dedim ki, zənnimcə bir çox ədəbiyyat və fəlsəfə “inciləri” xəstə təxəyyüllü insanların əyri təfəkkür güzgüsünün məhsulu olur. Dəbin meydan suladığı, gündəmə işləmək mexanizminin funksionallığı dövründə meyarları qoruya bilmiriksə, heç olmasa olanları yaralamayaq.

“Yazalım, özümüzü öyməyəlim...”

13.02.2015

# 1270 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #