Evlənməli qız, əllənməli qız

Evlənməli qız, əllənməli qız
29 iyul 2013
# 11:11

Evlənmək üçün “əlinə kişi əli dəyməyən qız” axtaran Məhməd Əli Ərbillə “əlinə ilk toxunan kişi” ilə ailə qurmaq istəyən universitet tələbəsi Sədəfin izdivacı bizi erkək dünyasının qədim - evlənəcək qız, əllənəcək qız çağlarına aparıb çıxardı.

Qəribədir, kişi nə qədər çox qız əlləyirsə, evlənmək üçün o qədər “əl dəyməyən” qız axtarır?

Vasvasılığa yoluxan adamlar adətən kriminal dəstələrdən çıxdığı kimi, əcəba, evlənməkdən ötrü “saf” qız axtaranlar da qatı cinayətkarların arasındanmı çıxır?

Və nəhayət, “bakirəlik pərdəsi” köhnə günahları örtən “məsumiyyət şalı” vəzifəsini yerinə yetirirmi?

Əlimin altında bu mövzu ilə bağlı araşdırma yoxdur. “Bakirəlik problemi” haqqında isə, var!

* * *

1990-cı illərin sonunda İstanbul Sosial Araşdırmalar Mərkəzi 1200 nəfər arasında sorğu keçirib bir suala cavab axtarmışdı: bakirəliyin qorunması evlənmək üçün nə qədər vacibdir? Qadınların 66 faizi bu suala “çox vacibdir” yaxud “vacibdir” cavabını vermişdi. Həmin sual bu dəfə kişilərə ünvanlanmışdı: Sizin üçün ailə quracağınız insanın bakirə olmağı nə qədər vacibdir? Kişilər arasında “vacibdir” deyənlər daha çox oldu: hər 100 nəfərdən 74-ü! “Qətiyyən fərqi yoxdur” söyləyənlər kişilərin arasında hər yüz nəfərdə doqquz, qadınların arasında isə 14 nəfər idi.

Sorğu daha sonra gənclər arasında keçirildi və nəticə yenə dəyişmədi. Hər üç gəncdən biri evlilik ərəfəsində kişi və qadın arasında “pərdə saxlamaq” mütləqdir deyə düşünür. Gənclərdən 100/4,5 isə inanırdı ki, evlilikdən qabaqkı münasibətlərə cəmiyyət pis baxır.

* * *

Araşdırmanı aparanlar daha sonra qadın və kişilərə bir ittiham cümləsi verib fikir bildirməyi xahiş etdilər. Həmin cümlə belə idi: “Başqa kişinin yatağına girən qızla evlənmək olmaz”. Kişilər arasında hər yüz nəfərdən 63-ü bu cümləyə “əlbəttə” cavabını yazdı. “Bəli” deyən qadınların payına hər yüz adamdan 56 nəfər düşürdü. Və elə burdaca “ləkələnmiş qız” obrazı yarandı. İkinci ittiham cümləsinin mayasına hiyləgərlik qatılmışdı. Daha doğrusu, bu dəfə məqsəd, respondentləri “ilişdirmək” idi: əgər həmin qız evlənməyə razılıq verdiyi kişi ilə yatarsa, bəs onda? “Hə, o başqa məsələ” – xeyli adamın cavabı belə oldu və “bakirəliyi özü pozmaq” şərti ilə bu məsələdə “yumşaq”lıq göstərdilər. Di gəl, hər üç nəfərdən biri yenə düşünürdü ki, lap mənimlə də yatağa girsə, onu özümə arvad eləmərəm!

İşin maraqlı tərəfi isə başqadır: qadınların “yox” cavabı daha çox oldu. 100 qadından 38-i “ailə quracağı kişi ilə münasibət yaradan qızı almaq olmaz” deyirdi.

Və sonuncu sual: deyək ki, qızımız cinsi yaxınlıq etməyib, sadəcə əlinə başqa bir kişinin əli toxunub. Bəs, onda?

Bu da dörd kişidən üçünün cavabı: “həmin qızı qəbul edə bilərəm ”Yüz nəfərdən 26-sı “yenə də evlənmərəm” dedi!

* * *

Araşdırmanın ən vacib tapıntısı budur: insanların maddi vəziyyəti və təhsil səviyyəsi yüksəldikcə, bəkarətə o qədər də böyük əhəmiyyət vermirlər. Bakirəliyi özünə problem etməyənlərin nisbəti universitetin kişi məzunları arasında 52, qadınlar arasında isə 86 faizə qalxırdı. Deməli, bu məsələdə Məhməd Əli – Sədəf cütlüyünün problemi ya Sədəfin məzun, ya da Əlinin zəngin olmamağındadır. Yox əgər, səbəb bu da deyilsə, XXI əsrdə “Kızoğlankız İsterim” mahnısının “modern” variantının yenidən səsləndirilmiş remiksini dinləməyə hazır olun.

Bəkarət “insanlıq tarixinin ən qalın, ən qanlı zirehi geri qayıdır” deməkdir!

Seks sərbəst, sevgi qadağandır

Bu günəcən lənətli parol kimiydi “xəyanət”...

Varlığı məlum olsa da, hər kəsdən gizlədilən təriqət şifrəsi kimi...

Eynən yeraltı şəbəkə, ya da təhlükəli virus sayaq qulaqdan-qulağa çatır, səsi möhkəm çıxdımı, söhbət bağlanır.

Qohum-qonşu dedi-qoduları, dost-tanış tənələri, sətir-sətir incələnən internet mesajları, telefondan göndərilən sms-lərin siyahısı, qəflətən gələn və gecəni zəhərə döndərən həsrət ismarıcları...

Qadınların çoxu eynən buna bənzər hadisələrlə üzləşirlər, di gəl, onların çox az qismi bu dəlil-sübutu ayrılığa aparan yol kimi məhkəməyə üz tuturlar. Xəyanət hissini içində əridən, qəlbində basdıran o qədər qadın var ...

Və ailənin bu qolu-qanadı qırılmış, arzuları dəlik-deşik olmuş xanımı məğlub görkəmiylə belə, qalib görünmək istəyir...

* * *

Bu evcik-evcik oyununu Hülya Avşar pozdu. Şöhrətinin və nüfuzunun gətirdiyi özünə arxayınlıqla “kral çılpaq” yeniliyinə imza atdı. Evlilik həyat zövqündən məhrum olmaq deməkdir. Dedi, bu vəziyyətdə xəyanət etmək qaçılmazdır. Üstəlik əlavə etdi: ər-arvad bəzən özündən xəbərsiz hər şeyi qəbul edib xəyanətə göz yumurlar. Milyonlarla qadın vardı ki, bu “xəlvət, üstüörtülü” məsələdə həmrəylik göstərdilər.

İddialı, ittihamlı, radikal fikirlər...

Bəs sonrası...

Bir az çarəsizliyin, bir az “tayfa”dan miras qalan feodal mədəniyyətinin ağırlığı...

Avşar Ahmet Hakana “kişi aldada bilər, əsas odur, evdə hiss etdirməsin” dedi.

Bir müddət əvvəl dilə gətirilə bilməyən, bir az sonra isə gülünc görünən məcburi qulluq ikiüzlülük deməkdi.

Sonrakı cümlə bir az da amansız idi: Bir gecəlik kefə görə evimi yıxa bilmərəm. Amma sevibsə, bu başqa məsələ...

* * *

Deməli, burda qadın odla suyun arasında qalır... Aşağı-yuxarı belədir: kişinin sevməyib sekslə məşğul olmaq “bacarığı”nı ayıb bilən qadın, burda o “ayıb”ı öz xeyrinə dəyişməyi bacarmağa çalışır. Xəyanətin sərhədlərini də özlüyündə cızır: “sevişsin, amma sevməsin”.

Şəhvət həzzindən məcburən imtina etsə də, sevgi nəşəsini hələ də əlində saxlamağa çalışır.

Bu formulun dilə gətirilməsi “evlilik təbiətə ziddir” fərziyyəsini təsdiq edən dəlil-sübutdur.

* * *

Burda Süleyman ilə Fahirəni xatırladım. Nazim “Bir Küvet Hikayesi” şeirində onlardan danışır. Fahire öyrənir ki, əri ona xəyanət edir. Onu evə çağırır:

Gəldi Süleyman,

Fahirə əri Süleymandan soruşdu:

- Doğrudur?

- Bəli.

- Təşəkkür edirəm, Süleyman. Bax, indi rahat oldum. İndi ağlamıram. Harda görüşürdünüz?

- Oteldə.

- Bəyoğlu tərəfdə?

- Bəli.

- Neçə dəfə?

- Üç-dörd.

- Üç dəfə, yoxsa dörd?

- Bilirəm.

* * *

Şeirin bir yerində Nazim o əzablı sualı qadının dilinə gətirdir:

- Çox sevirdin?

- Sevmək? Yox...

- Başqa qadınlar da var, Süleyman?

- Yox.

- Olmayıb?

- Yox.

Bu cavabı alar-almaz Fahire belə deyir:

- Deməli, onu sevirsən. Başqaları da olsaydı, rahat olardım.

Məsələyə fərqli yanaşsaq ortalığa belə mənzərə çıxır:

Kişi “sevsə də, sevişməsin dərdində”

Qadın “Sevişsə də, sevməsin”ə razıdır...

Sevməyib sevişməklə sevişməyib sevmək eynən doğuşun şikəst əkizləri deyilmi?

# 4803 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #