Bu günlərdə dahi çex yazıçısı Milan Kunderanın esselər toplusu olan “Sapdırılmış vəsiyyətlər” kitabını oxudum. Kitab bir daha sübut edir ki, yaradıcı insanın təkcə öz sahəsini bilməsi kifayət deyil. Ortalığa nəsə ciddi bir əsər qoymaq istəyən şəxs başqa sahələrdən də xəbərdar olmalı, paralellər aparmalı, digər sənətlərdəki ideyalardan bəhrələnməlidir.
“Sapdırılmış vəsiyyətlər”də Kundera əsasən ədəbiyyat və musiqidən bəhs edir. Zaman-zaman rəssamlıqdan, fəlsəfədən söhbətlər gedən kitabda F. Rabledən tutmuş Kafkaya, Orta Əsrlər bəstəkarı K. Janekendən XX əsr novatoru A. Şönberqə qədər fərqli dövrlərdə yaşamış, fərqli dünyagörüşə, yazı texnikasına malik yaradıcıların əsərləri təhlil olunur, onlardan nəticələr çıxarılır.
Kunderanın kitabındakı maraqlı, öyrənməli məlumatların çoxluğu məni onlardan bəzilərini sizinlə paylaşmaq qərarına gəlməyimə həvəsləndirdi.
***
Avropa romanı tarixindən danışan müəllif ilk romanlar kimi Rablenin “Qarqantua və Pantaqrüel”ini və Servantesin “Don Kixot”unu qəbul edir.
Müəllif həm də avropalıların “roman cocuqları”, Avropa cəmiyyətinin isə “roman cəmiyyəti” olması fikri ilə razılaşır.
“Qərb cəmiyyəti özünü insan hüquqlarına əməl olunan cəmiyyət kimi göstərir. Amma insan bu hüquqları əldə etmək üçün əvvəlcə özü fərd kimi formalaşmalı, özünü fərd kimi hesab etməli və başqaları tərəfindən də belə hesab olunmalıdı. Bu isə Avropa incəsənəti, həmçinin oxucularda başqalarına maraq oyadan, onları özlərinin inandıqları həqiqətdən savayı başqalarının da həqiqətlərini anlamağa çağıran romanlar olmadan baş verə bilməzdi.”
***
Kitabda haqqında ən çox danışılan müəlliflərdən biri Kafkadır. Özünün dahi həmyerlisi barədə yazan müəllif Kafkanın doğru anlaşılmamasından narahatdır. Onun fikrincə Kafka heç də düşünüldüyü kimi depressiv olmayıb. Onun yanlış anlaşılmasının səbəbkarı kimi isə Kafkanı ilk dəfə dünyaya tanıtdıran, böyük yazıçının yaxın dostu Maks Brodu görür.
Sən demə Maks Brod Kafkanı qayçılayaraq tanıtdırıbmış. Öz aləmində ayıb hesab etdiyi, Kafkaya yaraşdırmadığı fikirləri ilk çaplardan çıxarmış və Kafka uzun müddət belə tərcümə olunmuş, belə də yayılıbmış.
Məsələn, Kafkanın gündəliklərində yazılmış “mən bordelin yanından sevgilimin evinin yanından keçər kimi keçdim” cümləsini Brod Kafkaya yaraşdırmayıbmış və s.
***
Kunderanın musiqi barədə düşüncələrindən biri - “musiqidəki sosialist realizmi mahiyyətcə süni konservləşdirilmiş romantizm idi” fikri çox dəqiqdir.
Təsəvvür edin, bütün keçmiş SSRİ-dəki musiqi təhsili XIX əsr Avropa musiqisindəki romantizm cərəyanı üzərində qurulmuşdu. Hətta günü bu gün də postsovet ölkələrindəki ali musiqi məktəblərindəki bəstəkarlıq kafedralarında tələbələrə XIX əsrdəki musiqi qanunları öyrədilir. Şəxsən mən bunu öz dərimdə hiss etmişəm.
***
Ya da Stravinskinin yaradıcılığı barədə müşahidəsi: “Xalq inanclarına görə ölümdən əvvəl insanın gözü önündən bütün həyatı gəlib keçir. Stravinskinin əsərlərində Avropa musiqisi özünün bütün minillik həyatını xatırladı; bu onun əbədi, yuxugörməsiz yatışından əvvəl sonuncu yuxusu idi”.
İlk baxışda çox şübhəli fikirdi. Necə yəni, Avropa musiqisi Stravinski ilə bitdi? Amma burada bir vacib məqam var – XX əsrin ilk rübündən sonra radionun, daha sonra televiziyanın ortalığa çıxması ilə ümumiyyətlə musiqiyə baxış, münasibət dəyişdi. Və o ərəfələrdə yaradan bəstəkarların arasında da yəqin ki, yalnız Stravinski yaradıcılığında Avropa musiqisinin keçdiyi tarixi yolun demək olar bütün mərhələlərindən nişanə tapmaq mümkündür.
***
“Modernist incəsənət – reallığın imitasiyasına qarşı incəsənətin müstəqil qanunları uğrunda üsyandır”.
***
Kundera uşaqlığında musiqi dərsləri də alıbmış. Onun yəhudi müəllimi konslagerə göndərilməmişdən əvvəl, axırıncı dərsdən sonra qapıdan çıxan gələcək yazıçıya bunları deyir: “Bethovendə çoxlu zəif passajlar var. Amma məhz bu zəif passajlar güclü passajları dəyərli edir.”
Müəllifin də qeyd etdiyi kimi bu hadisədə əsas maraqlı olan müəllimin özünün “son və dəhşətli yolçuluğundan əvvəl bir uşaqla sənət əsərinin kompozisiya problemləri barədə düşüncələrini bölüşməsi”dir.
***
Kiçik xalqlar. Milan Kundera`nın nəzərində “kiçik xalqlar” sanki “böyük ailələr”dir. Bu problem başqa kiçik xalqlar kimi, bizə də tanış olmalıdır əslində.
Yazıçının da dediyi kimi, “Nitşe alman xarakterini hay-küylə darmadağın edəndə, Stendal öz vətəninin əvəzinə İtaliyanı tərcih etməsini açıqlayanda heç bir alman, heç bir fransız bunu özünə təhqir bilmir; di gəl ki bir yunan, bir çex belə bir şey etsə “ailə”si onu satqınlıqda suçlayar.
***
Kitabı oxuya-oxuya onun doluluğuna, müəllifin isə erudisiyasına heyran olmamaq mümkün deyil. Xüsusi ilə də bədii yaradıcılıqla məşğul olan gənc adamlar bu kitabı oxusalar, çox şey qazanarlar. Ümid edirəm ki, nə zamansa bu qiymətli əsər bizim dilə də tərcümə olunacaq.
P.S. Tərcümədən söz düşmüşkən, Kundera tərcümə məsələlərində də maraqlı fikirlər söyləyir. Onun fikrincə tərcüməçi əsəri “gözəl fransızcaya”, “gözəl almancaya” deyil, hər şeyi olduğu kimi tərcümə etməlidir. Məsələn, müəllif bir cümlədə üç dəfə “getdi” işlədibsə, burada ağıllılıq eləmək, bir dəfə “yeridi”, ikinci dəfə “addımladı” istifadə etmək mənasızdı və əsərin çox mühüm komponentinə - müəllif stilistikasına zərər yetirir.
“Sapdırılmış vəsiyyətlər”
12 noyabr 2012
11:57
3205 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024