Kulis.Az professor Aydın Dadaşovun “İosif Xeyfitsin Rac Kapuru heyran qoyan filmi” yazısını təqdim edir.
Sovet kino rejissorluğunun parlaq simalarından sayılan İosif Xeyfitsin (1905-1995) Anton Çexovun (1860-1904) yüz illiyi ərəfəsində ədibin «İt gəzdirən xanım» hekayəsi əsasında öz ssenarisi üzrə lentə aldığı eyniadlı film (1960) mükəmməl ekranlaşdırma nümunəsinə çevrildi.
Əsərdə olduğu kimi daim xiffət çəkən personajlar; yaşı qırxı haqlamış, filoloq təhsili olsa da bankda çalışan, hələ tələbə ikən imkanlı ailədən evlənmiş, on iki yaşlı qızı, iki gimnazist oğlu olan, qadınlarla macəralarından, yemək - içməkdən, klubda keçən yuxusuz gecələrdən vaxtsız qocalmış Dmitriy Dmitriç Qurovla (Aleksey Batalov), Peterburqda doğulsa da Saratovda ruslaşmış almanın, lakey məmur Didderitsin xanımı, qisməti ilə barışmış, ailə sədaqətini qoruyan, günaha batmaqdan qorxan fağır Anna Sergeyevna (İya Savvina) arasındakı sevginın Rusiyaya hakim kəsilən süstlüyün təzyiqi ilə yaranmasını ekrana gətirir. Sanki darıxdırıcı təbiətin təhriki ilə yaxınlaşan personajları mənfi – müsbətə bölmədən, peyzajın, naturanın gözəlliyinə – eybəcərliyinə uymadan, mürəkkəb mizanlardan, mövcud montaj prinsiplərindən istifadə etmədən realist metodla əsərin əsas fikrini aktyor oyunu hesabına çatdıran rejissor psixologizmin imkanlarından bacarıqla istifadə edir.
Filmin çəkilişinə hazırlaşarkən zahirən qısa metraja uyğun hekayənin roman miqyasını bilən İ. E. Xeyfitsin rejissor ssenarisindəki; «Qarınqulu zənginlərin və vərəmlilərin Yaltası», «Xiffət çəkən sərnişinlərin sifəti», «Unudulmuş, şpitsin (dik qulaqlı, qalın tüklü xırda itin) sahildə darıxması»[1] cümlələri əsərin üzüntülü mühitinin məğzini yaradır. Rejissor ssenarisində: «İt gəzdirən xanım»da gümrahlıq və ümid rüşeymi dərinlikdə gizlənmişdir. Müəllifin ələ saldığı, zəhləsi getdiyi effektli «səhnəlilik», ümumi qəbul olunmuş, gözə girən süjet, zahiri fəaliyyət də yoxdur.
Bu kiçik hekayədə ənənəvi düyün və onun açılışı, açıq sarı saçlı dostlar və kürən düşmənlər, böyük ifşalar yaradan təsadüfi pusmalar da yoxdur. Əvəzində bu lənətə gəlmiş yuxulu, yarımölü iyrənc həyata hədsiz nifrət və sönməz alov hissi vardır!»[2] - yazan İ. E. Xeyfits dünyanı bütün bəlalardan xilas edəcək sevgini əsərdə olduğu kimi, filmin aparıcı qüvvəsinə çevirir. «İt üçün rol yazmaq gərəkdir. Mən təlimçi ilə danışdım. Şpitslər ən ağıllı və əsəbi itlərdir. İnsanların özlərini necə aparmasına həssas yanaşdıqlarından sahiblərinin həyəcanları onlara keçir. Onlar qısqanırlar! Əsərdən göründüyü kimi Anna Sergeyevna tez – tez unutduğu şpitsi tək qoyur. İt onu Qurova qısqanır. Gülməlidir ki, təlimçi Çexovun səhvini də tutub. Hekayədə yazılıb ki, ac şpits onun (A.S. - nın) arxasınca qaçır. Şpits isə həmişə qabaqda qaçır»[3] qeydləri İ. E. Xeyfitsin gələcək filmin əsas partiturası sayılan rejissor ssenarisinə necə peşəkar yanaşdığını göstərir.
Sahildəki daşa çırpılan boş butulka, ağ-qara keçilərdən sonra qarşısındakı badəni dolduran darıxan adamın olduğu yeməkxanada Qurovun haqqında söhbət gedən it gəzdirən xanımın sahildən keçdiyini görməsi ölü mövsümün dirilməsinin mənzərəsini yaradır. Sahilə tərəf uzanan dumanlı yamaca doğru yönələn fanarlar arasındakı səkidə ümumi planda arxadan görünən, itinin ardınca aramla gedən xanım məhrumiyyətin simvoluna çevrilir. Uzaqdakı gəminin fiti ilə marş sədaları altında sahil yeməkxanasındakı ilk görüşün vasitəsinə çevrilən bəyaz it ilkin ünsiyyətin açarına çevrilir. Nahardan sonra gəzintiyə çıxan, haraya üz tutub nədən danışdıqlarının fərqinə varmayan təzə tanışların həlim, isti dənizin yasəmən rənginə çalmasının, üzərində qızılı işıq zolağının uzanmasının fərqinə varmaları sözün deyil, rəsmin, indiki halda peyzajın birləşdirici rolunu göstərir. Tanışlıqdan bir həftə sonra ərinin gələcəyi gümanı ilə gəmini gözləyən Anna Sergeyevnanın artıq daxili müvazinətinin laxladığını duyan Qurovun ovu Anna Sergeyevnanı əldən verməyən vəhşi sıçrayışı dəqiq təfsilatlarla, detallarla süslənir.
Gözlənilməz öpüşdən sonra boğanaq mehmanxana otağının açar deşiyini həmən tapa bilməyən Anna Sergeyevnanı əldə etdikdən sonra tələsmədən yediyi qarpızın tumlarını boşqaba tüpürən Qurovun kinayəsi, müştəbehliyi, havasızlıqdan titrəməyən şamın yanında, əyalətdəki yeknəsək həyatından, lakey ərindən bəhs edib göz yaşları axıdan pərişan saçlı xanımının arxasındakı əzik yatağın fonunda dəhlizdə uzanmış itin taleyi ilə barışmasının filmə əlavə olunması bütövlüyü tamamlayır.
Sahildə oturub səsini dinlədikləri dənizə gözlərini zilləməklə onlar gözləyərkən namazını da qılan faytonçunun fonunda başlarına keçirilən torbadakı arpanı yeyən atların təsviri altında danışmağa söz axtaran şərəfli, nizamlı həyatı pozulmuş xanımla özündən müştəbeh kişinin təsvir münasibətinin davamını yaradır. Gözlərinin ağrıdığını bildirən ərinin çağırışı ilə istirahətini yarımçıq qoyub gedən Anna Sergeyevnanı yola salarkən tatar faytonçunun peyğəmbər siması ilə faytonun damındakı əşyalar arasında itib batan bəyaz şpits özünü günahkar sayan məsum qadınla ömürlük ayrılığın canlı şahidlərini göstərir. Qatarla yola çıxan Anna Sergeyevnanın vağzal meydançasında salıb itirdiyi əlcək tayını yerdən qaldırıb dəmir məhəccərin iti uclu oxuna keçirən Qurov isə laqeydliyi obrazlı səciyyələndirir.
Moskvaya qayıtdıqdan sonra isə Qurovun daxilində yaranan təbəddülat filmdə təsviri boyalarla əksini tapır. Xizək qoşulmuş zınqırovlu atların keçdiyi qarlı küçədəki yeməkxanada əsərdəki kimi Yalta sərgüzəştini «itgəzdirən xanım»ın dumana çevrilməsini danışan Qurovu yediyi nərə balığını tərifləyən həmsöhbətinin sarsıtması, evindəki qonaqlıqda pianonun üstündəki şamın alovlanması, alovlanan pianonu çalarkən xəyalında yalnız Annanın canlanması, filmdə isə işə gedərkən səkidəki bəyaz itin xaltasının adamların ayaqları altında qalan qayışını - onu keçmişə bağlayan xətti görməklə karetadan yerə atılması, lakeyin qucağındakı şpitsini ona satmaq cəhdi sanki tüpürülən qarpız tumlarının intiqamına çevrilir. Ailə həyatından təngə gələn Qurovun yeni il şənliyini laqeydliklə seyr etməsi ilə Peterburq əvəzinə, Saratova üz tutması nəhayət ki, daxili təbəddülatlara son qoyur.
Əyalət şəhərinin süsgün mənzərəsini, miskin həyatını əsərdə əks etdirən: darıxdırıcı mehmanxana otağında məktub yazmağa imkan verməyən mürəkkəb qabının tozdan bozarmış başsız atlısı, qarlı küçələr, damlar, evlərin taxta fasadları, navalçalardakı sırsıralardan qopan damlaların səsi, boz səmanın gölməçələrdəki əksinin gözə görünməsi, Didderitsin hasarının mıxlarının belə, nəzərə çarpması, əvvəlcə səsi, sonra özü gələn itin qayışının qarının əlində tarım çəkilməsi və nəhayət, pəncərənin açıqlığı ağlasığmaz olsa da belə şaxtalı havada içəridən eşidilən musiqi sevgililər arasındakı məsafəni yaxınlaşdırmaqla filmdə soyuqdan donsa da gözləyən Qurovun daxili üsyanını verə bilir. Nəhayət ki, tamaşa salonunda əri ilə yanaşı oturmuş Annanı durbinlə tapan Qurovun sevinci, fasilədə imkan tapıb ehtiyatla sevgilisinə yaxınlaşması hadisələrin düyününü açır. Boz əyalətdə keçən mənasız ömrün təsirindən süstlüyü hiss olunan Anna Sergeyevnanın əsərdəki kimi kütlənin arasından pillələrlə qapısı bağlı çardağa gedən yoldakı balkona çıxmaqla rastlaşdığı Qurovla kənara çəkilməsi keçmiş ünsiyyətin oyanmasına meydan verir. Aşağıda tosqun bufetçinin pivə daşıtdırması ilə qapının açıq qalmasından sanki Yaltadakı mehin içəriyə daxil olması ilə xəfif üşütmə keçirməklə daxili həyəcanını üzə çıxaran (bu gözəgörünməz prosesin sezilməsində quruluşçu operatorlar Andrey Moskvinlə Dmitriy Mesxiyevin müstəsna yaradıcılığı hiss olunur) Anna Sergeyevnanın əsə – əsə and içərək Moskvaya gələcəyinə söz verməsi epizodu uğurla bitirir.
Artıq Anna Sergeyevnadan aldığı məktubdan sonra «Slavyan bazarı»na, mehmanxanaya tələsərkən əriyən gölməçədə vurnuxan vəhşi göyərçinləri görməsi Qurovun daxili çırpıntılarını səciyyələndirir. Növbəti dəfə qızını dərsə ötürərək Annanın yanına tələsən Qurovun daxili vəziyyətini Annanın pəncərədən pul atdığı küçə musiqiçisinin səsləndirdiyi tütək davam etdirir. İnsani, doğma münasibətdə açılmamış yatağın diqqət mərkəzinə gətirilməsi ilə seksin arxa plana atılması, güzgüdəki təsvirdə özünün qocaldığını görən Qurovun etiraflarına Annanın müqaviməti digər ünsiyyət formalarının gücünü göstərir. Doğmaları zorla ayıran saat dəfələrlə zəng vuraraq sosial buxovların təzyiqi ilə evə getmək xəbərdarlığı yaratsa da, buradakı cazibənin yerindən tərpənməyə qoymadığı sevgililərin pəncərənin çölünə çıxan kameranın yaratdığı obrazlılıq hesabına qəfəsdəki quşa çevrilmələri, qarlı gecədəki küçə fanarının altında əyilmiş Qurovun kölgəsi şərtiliyi önə çəkməklə finalsızlığı sonuclayır. «Pyes üçün yeni sonluq tapan yeni era açmış olur.... mən sonluq tapmayınca pyesi yazmağa başlamıram»[4]- yazan A.P.Çexovun bu müddəanı melodramadan yüksəkdə durub romantizm cərəyanına sığmayıb, psixologizmə can atan hekayəyə tətbiq etməməsi avtobioqrafik əsərdə müəllifin tanrının işinə qarışmaması sayılmaqla, filmin də dramaturji sonluğunun tapılmaması təəssüf doğursa da sevginin əbədiliyini təsdiqləyən «İt gəzdirən xanım» hekayəsinin ekran variantı əsərlərini tamaşaya «sadə və bəsit qoymağa çağıran ədibin tələbinə uyğun gəlməklə dünyanın bir çox kino sənətkarlarının da diqqətini cəlb etmişdir.
Anton Pavloviç Çexovun «Sahildə təzə sifətin, it gəzdirən xanımın peyda olması barədə söhbət gəzirdi»[5] cümləsi ilə başlanan «İt gəzdirən xanım» hekayəsi sanki bəyaz qərənfil ətirli sevgi kimi parlaq insani münasibətin yaranmasında kəsif peyin qoxulu istixana mühitinin rolunu bədii ifadə vasitələri hesabına həyata keçirir. Anton Pavloviç Çexovla cənubdakı rastlaşmaları barədə: «1901-ci ilin aprelində biz onun «vərəmlilərlə dolu qutuyabənzər mehmanxanalarına», «tatar bələdçilərin sırtıqlığına», gəzəyən gəlmə xanımların yaydığı «dözülməz ətriyyat qoxusuna» görə sevmədiyi Yaltada yenidən görüşdük»[6]- yazan akademik A.F. Koni əsərin avtobioqrafikliyini səciyyələndirir.
“Kino barədə - şahid ifadələri” kitabında: “İ. Xeyfits bizim bir neçə əla film yaradan ən dəyərli rejissorlarımızdandır. O, Çexovun «İt gəzdirən xanım»ının quruluşunu da ehmallıqla, diqqətlə povestin hər bir detalının əhəmiyyətini anlamaqla həyata keçirmişdir” yazan, yeri gəlmişkən əsəri hekayə saymayan ssenariçi Mixail Bleymanın finalın ekran həlli ilə bağlı: “Çexov sonda münasibətlər zəncirinin davamının çətinliyindən, dözülməzliyindən yazır. Çexov hansı zəncirdən, nə barədə danışır, nə çətindir, dözülməzdir? Filmdə bu mətn buraxılır. Rejissoru anlayaq (ekranlaşdırmanı özü həyata keçirib) – o, bu mətni Qurovun dilindən səsləndirə bilməzdi. Mətni “müəllifin dilindən” vermək də olmazdı. Rejissor üçüncü yolu seçir – qunduz xəzli paltosunu çiyninə atan Qurovun gedişi ilə kadr arxasındakı Anna Sergeyevna ağlayır. Axı Çexov bunu yazmayıb, düşünürəm ki, heç yaza da bilməzdi. O, mövcud mühitdəki sevginin faciəviliyindən, əgər sevənlər həyatda özlərini səfərbər edə bilməzlərsə məhəbbətin itirələcəyindən yazmışdı. Çexov bu personajlar özlərini necə aparacaq sualının cavabını açıq qoymuşdu – onlar bilirdilər və anlayırdılar ki, əsas çətinliklər indi başlanır və bu çətinlikdən qaçmırdılar. Filmdə isə Qurovun qəmgin melanxolizmlə gedişi çexov povestindən uzaqdır”[7] qənaəti ilə razılaşmamaq mümkünsüzdür. Pyeslərində belə tutaq ki, çay süfrəsindəki adamların ilk baxışda əhəmiyyətsiz görünən söhbətlərində belə dünyanın dağılışını göstərmək qüdrətinda olan Anton Çexov mətninin ekrana gətirilməsi yalnız demokratik mühitdə yaranan psixoloji dram janrı tələb edir.
25 sentyabr 1969-cu il tarixli «Bakı» qəzetindəki «Dost xalqın kino sənəti» məqaləsində Əlisəttar Atakişiyev Rac Kapurla görüşün bir məqamını da xatırlayır. Dünyanı heyran qoyan rus ədəbiyyatı nümunəsini ekranlaşdırmaqdan vaz keçən Rac Kapurun: ««İt gəzdirən xanım»ı seçdim, bu zaman İosif Xeyfitsin gözəl filminə baxdım»[8] cümləsi yada kinonun bu parlaq sənət nümunəsinin necə dəyərləndirildiyini vurğulayır.
Boyu az qala iki metrə çatan Çexova bənzəyən, təfəkkürcə ziyalı, daxilən zəngin, zahirən yaraşıqlı, sənət sirlərinə yiyələnmiş (sonralar azərbaycanlılardan ibarət aktyor kursu hazırlamaqla bizə daha da doğmalaşmış) Aleksey Batalovun Qurovu peşəkarın növbəti uğuru sayılsa da əyalətdən paytaxta gəlib jurnalistika fakültəsində təhsil alarkən Rolan Bıkovun teatr studiyasında təsadüfən rol almaqla zərifliyi, şəffaflığı, gəlbərisi ilə gələcək filmdəki tərəf müqabilinin diqqətini cəlb etmiş (sonralar mərkəzi televiziyanın maarifçilik verilişlərində ən yaxşı müəlliflərdən sayılmış) İya Savvinanın Anna Sergeyevnasının XIII Beynəlxalq Kann kinofestivalında məxsusi mükafata layiq görülməsi haqqın təntənəsi sayıldı.
[1] Хейфиц И.Е. О кино. М. 1966. с. 136
[2] Хейфиц И.Е. О кино. М. 1966. с. 140
[3] Хейфиц И.Е. О кино. М. 1966. с. 151
[4] Чехов А.П. Избранные. т. 14. М., 1978. с. 388
[5] Чехов А.П. Рассказы, повести, пьесы. М. 1974. с. 490
[6] Кони А.Ф. Воспоминания о писателях. Л. 1965. с. 330
[7] Блейман М.Ю. О кино – свидительские показания. М. 1973. с. 360-361
[8] Atakişiyev.Ə.Ə. Dost xalqın kino sənəti. Bakı q. 25.09.1969