Kulis.Az Səmayə Nənənin “Dilarə” hekayəsini təqdim edir.
Dan yeri ağaranda Günəş öz şüalarını Rəhimlilər yaşayan Yeni Çıraq kəndinədə də səxavətlə paylamışdı. May ayının ilk istirahət günü idi. Məktəblərin bağlanmasına az qalırdı. Dilarə məktəb olmadığı üçün hələ də yatağından qalxmamışdı. Mətanət xanım otağa girib bağırdı:
- Qalx! Gör neçənci dəfədir oyadıram, hər dəfə yenidən yatırsan!
Dilarə yerindən tənbəl-tənbəl qalxıb, deyinə-deyinə geyinməyə başladı. Mətanət xanım hirsindən yenə qışqıra-qışqıra danışırdı.
- Saat ikiyə qalıb, ikiyə. Bəsdir də nə qədər olar? Bir azdan durub yeyib yenə yatacaqsan. Gör neçənci sinifdəsən, hələ də üzündən oxuya bilmirsən, paltarların hər zaman səliqəsiz, otağın dağınıq. Mən nə qədər öyrətməliyəm səni? Nə qədər paltarlarını qatlamalıyam? Nə qədər saçını daramalı, adam kimi geyinməyin üçün tər tökməliyəm?
Qonşu otaqdan Sənubər qarının zəhmli səsi eşidildi:
- Kimdir mənim balamı incidən?
Səs yavaş-yavaş yaxından eşidilməyə başlayırdı. Mətanət xanım səsini alçaldıb hələ də deyinirdi. Qarı otağa çatdı, içəri girib tərs-tərs gəlininə baxıb Dilarəni qucaqladı. Dilarə nənəsinə sığındı. Sənubər qarı uşağın saçını sığallayıb öpdü. Üzünü gəlininə tutaraq dedi:
- Yenə nə əl qatmısan özünə, nə olub? Deməmişəm, uşağa qışqır-bağırla söz demə? Niyə incidirsən bu tifili?
- Tifil niyə olur, ay ana? Yekə qızdır, 4-cü sinfi bitirir artıq. Gör nə boydadır? Biz evdə heyvan bordayırıq, yoxsa insan yetişdirməyə çalışırıq?
- Heyvan sənsən, sənin nəslindir! Menim balam heyvan niyə olur. Uşağı acından öldürməyəcəyik ki?!
- Ay ana, niyə başa düşmürsən bütün xəstəliklər köklükdən yaranır.
- Qanmaz özünsən! Gəl gedək, mənim ağıllı balam.
Dilarə paltarını ala-yarımçıq geyinib nənəsi ilə çıxdı. Mətanət xanım hirsindən əsə-əsə otağı yığışdırmağa başladı. Dilarə bütün hər yanı dağıtmışdı. Hər yan onun paltarları, əşyaları ilə dolu idi.
Sənubər qarı Dilarəni həyətə çıxarıb əl üzünü yudu, dişlərini fırçaladı, əl-üzünü dəsmalla qurulayıb, həyətin düz ortasındakı tut ağacının altındakı stulda oturtdu. Evə gedib, mətbəxə keçdi. Böyük sinilərdən birini götürüb, içərisinə yağ, pendir, xeyli sulanmış fətir, bal, qaymaq, stəkan, nəlbəki, qənd, şəkər tozu qoyub tut ağacının altına apardı. Geri qayıdıb yenicə qaynamış çaydanı və yenicə dəmlənmiş dəm çaynikini apardı. Nənəsi qayıdanadək Dilarə səhər yeməyinə girişmiş, fətirin birini və pendirin hamısını yeyib qurtarmışdı. Sənubər qarı Dilarəni əzizləyə-əzizləyə çay süzdü. Dilarə əlindəki dürməkdən bir dişlək də alıb ağzını doldurdu. Loxmanı çeynəyə-çeynəyə dedi:
- Nənə, yenə pendir gətir.
- Baş üstə şirin balam, təki sən yeməkdən ol, gətirərəm bu saat.
Qarı evə tərəf gedirdi ki, oğlu darvazadan həyətə girdi.
- Gəldinmi başına dönüm?
Dilarə atasının qucağına qaçdı. Ata-bala qucaqlaşdılar. Atası Dilarəni başından və toppuş yanağından öpdü.
- Ata mənə nə almısan?
- Şokolad, - deyib cibindən iki “Snikers” çıxardı.
Dilarə şokoladları görəndə gözləri parıldadı:
- Sağ ol e, ata, elə çayla içərəm. Sən mənim qəhrəmanımsan, demişdim də sənə?
- Demişdin mənim yaltaq qızım!
Dilarə şokoladları aça-aça stola tərəf getdi. Bu dəm qaynana-gəlin içəridən çıxdılar. Mətanət xanım yoldaşı ilə ayaqüstü görüşüb stola nəzər yetirdi. Fətirləri görüb dəli oldu. Ay ana, neyləmisən? Fətirin yarısından çoxu burdadır ki! Bunların hamısını uşağa yedizdirməyəcəksən yəqin.
- Mən niyə yedizdirirəm, uşaq özü yeyir, nə qədər istəyir, o qədər də yeyəcək!
Mətanət xanımın üzünü yoldaşına tutub dedi:
- Sən də bir söz söylə də...
- Uşaqdır da yeyir, qoy yesin, dəymə.
Mətanət xanım bu dəfə əsəbdən qızardı. Evə qayıdıb mətbəxə keçdi. Səhər bişirdiyi yeməyi qaza qoyub çörək az olduğu üçün fətir islatmağa başladı. Fətiri büküb günorta yeməyi üçün tədarük gördü. Yavaş-yavaş tutun altındakı stolda süfrəni açdı. Təzəcə səhər yeməyini yemiş Dilarə acgözlüklə süfrəyə baxıb soruşdu.
- Ana, nə bişirmisən?
- İndi yemisən, sənə yemək yoxdur!
Sənubər qarı dilləndi:
- Kələm dolması bişirib, şirinim. Nə qədər istəyirsən yeyərsən.
Mətanət xanım yeməyi süfrəyə gətirdi. Hamı yeməyə başladı. Sənubər qarı Dilarəyə üç dolma çəkdi. Birini də atası əlavə etdi. Dilarə dolmaları acgözlüklə yedikcə nənə və ata sevinir, Mətanət xanım əsəbiləşirdi. Dilarə yeyib bitirəndən sonra atası və nənəsi yenə, yenə, yenə yemək çəkirdi. Bu minvalla Dilarə doqquz dolma yedi, onuncunu yemək istəyəndə birdən uşağı öyümək tutdu. Dilarənin gözləri böyümüşdü, təxmini beş-altı dəqiqə öyüdü. Atası təcili tibbi yardım çağırdı. Dilarəni rayon xəstəxanasına güclə çatdırdılar. Uşaq elə hey öyüyürdü. Bir az da gec getsəydilər yəqin nəfəsi öyüməkdən kəsiləcəkdi.
Dilarənin mədəsini yudular. İki gün xəstəxanada qalandan sonra, Dilarəni mütəxəssis həkimin yanına müayinəyə apardılar. Həkim böyük tərəzidə çəkəndən sonra məlum oldu ki, dördüncü sinif uşaq yetmiş dörd kilodur. Daha sonra həkim Dilarəni müayinə etdi. Ürəyində piylənmə gedirdi...