Kulis gənc yazar Müşfiq Şükürlünün “Mənim kiçik nağılım” hekayəsini təqdim edir
Yat, nəşə qaynağım...
Evin işıqları söndü.
Bağçadakı quşlar yuxuya daldı.
Göldəki balıqlar da yatdı...
Mən dünyaya gələndən şiddətli ağrı nədir bildim və anamın acısı canıma hopdu. Damarlarım çatladı, ruhum qan kəsildi, bədənim isindi və ağlamağa başladım. İlk ayrılığı onda bildim. Əzab çəkməyi ilk onda öyrəndim...
Mən yeddi aylığımda ölmüşəm, ona görə qısa bir hekayəyəm.
Xatırlayıram. Hamısını xatırlayıram... Taxtadan düzəldilmiş, alçaq tavanlı bir evdə doğulmuşam. Zalı və mətbəxi dar, kiçik olan üç otaqlı bir ev... Bax iki uşaq qapıdan kənarda durub anamın səsinə qulaq asır. Biri 9 yaşlı oğlandır. O birini xatırlamıram. Qapı açılır və bir qadın çıxıb onları çölə yollayır, “Olmaz” – deyir – “burda durmaq”. Açıq qapıdan yerə sərili anamın yalın, suya batmış ayaqlarını görmək olar. Qapı örtülür. Anam necə pərişandır. Ürəyinin qanı üzünə yığılıb, elə bil. Ətrafında dörd qadın var. Biri nisbətən yaşlıdır. Bu, olsun ki, mənim nənəmdir. Anamın ayaqlarının ucunda bir ləyən var. Qadınlar necə soyuqqanlıdır. Biri, təkcə biri hərdən can deyib anamın iniltisinə hay verir. Qalanları donuq gözlərlə anamı izləyir və əlləriylə elədikləri köməyi bir kənara qoysaq, böyük canfəşanlıq və arxayınlıqla məni gözləyirlər. Başının üstündə duran qadın onun açıq döşlərinə, ağ sinəsinə su çiləyir, yaşlı qadın isə onun ayaqlarını əlindəki yaş əsgiylə silir (bunu, yəqin, rahatlaması üçün edirlər). Anam isə inildəyir və qurumuş boğazıyla bağırıb içinin hənirtisini, parçalanmış bədəninin ağrısını özündən siyirib çıxarmaq istəyir. Qadınlar qollarından yapışır. Və mənim səsim eşidildikdə, mən ağlamağa başlayanda anamın bağırtısı kəsilir. Üzü az da olsun rahatlayır. Bir müddət gözlərini yumulu saxlayıb başını yana çevirir və sulu, sakit gözləriylə birgə məni dinləyir.
Anamın isti - şabalıdı saçları varıydı. Üzü buğdayı, gözləri qapqaraydı. Əgər böyümüş olsaydım və bu qadın mənim anam yox, hər hansı bir yolla təsadüfi tanıdığım bir qadın olsaydı, məsəlçün, yaşıl otların, səmanın və günəşin olduğu rəngli, əsrarəngiz bir yerdə qarşıma çıxan qadın, ya da qatarla yol getdiyim sakit, mülayim bir gün təbəssümlə kitab oxuyan kupe yoldaşım... onda ona aşiq olardım. Səsi həlim, yumuşağıydı, sakit musiqi kimi. Məni qollarına alıb tutqun, qaramtıl dodaqlarını qulağıma söykəyəndə və mənim üçün sözlərin olmadığı şirin, ilahi zümzüməsini eləyəndə səsim, zarıltım, yeməyə-südə təzə-təızə öyrəşən bədənimin ağrıları əriyib yoxa çıxar, yatıb sakitləşərdi.
Göbəyimi düyünlədikləri gün iki bədən olduq. Qanını damarlarından sorub, canını ruhundan qoparıb uzaqlaşmışdım. Ona verdiyim bütün əzablara müqabil bətninə düşdüyüm alovlu ehtirasdan sıyrılıb ürəyinə yerləşmişdim. Və indi düşünürəm, düşünürəm ki, onun yeganə sevgisi məniydim. Onun ruhuna başqa yad duyğular hakim ola bilməzdi. Əgər mən varamsa və əgər mənim həyatımdan danışılırsa onun gözləri parıldayır, kirpiklərinin altındakı sevimli, narın torba bütün xoşbəxtlikləri orda gizləyib saxlayacaqmış kimi məni özündə cəmləyir. Hətta atamı sevməyi bacarmasa da və hətta onu hərarətlə sevən cavan bir oğlana köksünü sevgi, ehtiras, qayğı və tələbkarlıqla açsa da onun qəlbində məndən savayı heç kim ola bilməzdi... Ya da mən belə düşünürəm. Yanılıram, yoxsa həyatımın bu ilk və son qadınını tərəddüdlə sevdiyimi qəbul edə bilmirəm? Munis, təmiz məftunluğuma onun ehtiraslarının, sevgi və məndən kənarlaşmış, yad, sədaqətsiz qayğılarının ortaq ola biləcəyini niyə qəbul etməyim ki? Bunları indi düşünürəm. Şüursuz körpəlik və tilovu səbirsiz ölüm indi düşünməyə imkan verir.
Atam evə axşamtərəfi gəldi. Mənə anamın yanında balaca, beşik sayağı taxta yatacaq düzəltmişdilər. Atamın qıvrım, kürən saçları alçaq qapının çərçivəsindən sürüşüb keçəndə anamın dodaqları günəş görmüş çiçək kimi açıldı və o bayaqkı qurumuş dodaqlar yavaş-yavaş öz rəngini aldı. Otaqda təkcə biz idik. Yayın cırhacırında dağ yerində sərinlik olur. Bunun üçün anamın üstünə yumşaq, bənövşəyi bir adyal sərmişdilər. Mənim beşikciyimi isə tül kimi yüngül, ağ bir pərdə örtürdü. Atam nazik barmağını dodağıma toxundurub damağımın suyunu hiss edənə qədər anam parıldayan, qara gözlərini ondan çəkmədi. Nədənsə gülümsəyəndə bütün sevinci gözlərinin altında zərif təbəqə kimi torbalanırdı. Atam dinmirdi. Üzündə naməlum, hələ ki, aydınlığa çıxmamış qəribə bir ifadə varıydı. Anamın ona hazırladığı gizli, göz görməmiş hədiyyəni görmək üçün həmin ağ, tül pərdəyə yaxınlaşdı. Pərdəni qaldırıb mənə baxdı. Bükülü gözlərimi, nöqtə kimi balaca burnumu gözləriylə oxşayıb indi-indi sevinirdi. Sağ əlinin kiçik barmağını dodağıma çəkdi və ondan sonra anama çönüb mənlə bağlı bir neçə kəlmə dedi.
Anama bəlkə də uzun-uzun şikayətlərim var və bu şikayətləri üç-dörd səhifəlik bir məktuba sığışdıra bilmərəm. Köksümün bəlkə darlığından, bəlkə genişliyindəndi. Ancaq anamın atamın ona göstərdiyi bütün qayğılara və ən əsası da mənə sevgi və hüzn dolu bir məktubla kölgə tutması, bir anlıq da olsun göz yumması həmişə anlaşılmaz olaraq qalacaq. Anamın sevgilisi olacaq o cavan eşq mələyini xatırlamaq istəmirəm. Ancaq məndən məsum, məndən pak, məndən ehtiraslı məhəbbət mələyini necə tapa bilərdi ki! Bunu heç cür anlaya bilmərəm. Amma hüznlə və sevgiylə yazılmış bir məktub varıydı masanın üstündə. O məktubu oxumamışam, lakin nə o məktub, nə o masa yaddan çıxacaq kimi deyil.
Anamın otağında – saçlarını daradığı həmin böyük, dördkünc güzgünün önündə kənarları əzik, yad, yetim bir kağız varıydı. O məktubu ora atam qoymuşdu. Necə tapmışdı, necə gətirmişdi bilmirəm. Ancaq həmin gün evdə qorxunc, qəzalı bir səs-küy oldu. Atamın bağırtısı və mənim zarıltım bir-birinə qarışmışdı. Anam qucağında mən, üzündə əl boyda qıpqırmızı bir ləkə öz otağına girdi və güzgünün kənarındakı həmin məktubu da götürüb getdi.
Mənim hekayəm çox qısadır. Çünki 7 ay yaşamışam və anamdan başqa, demək olar, heç nə görməmişəm. Bu qısa ömrümün, bu parçalanmış bütünlüyümün nə anlamı var bilmirəm. Sanki, sakit, sızıltılı küləyə hündür bir yerdən bir əlin yüngüllüyüylə buraxılmış nazik, ağ kağız kimi tabe olmuşam. Və sonra görünməz, bilinməz, itkin olmuşam. Ancaq onlardan da betərəm, çünki anam ölümümün, yoxluğumun dörd-beş aylığında məni unutdu.
...Yad bir evə gəldik. Yad bir adam məni qollarına aldı, üzümə gülümsədi və öpdü. Əlləri sərt, dodaqları daş kimi soyuq... İndi bunları xatırlaya bilmirəm və xatırlamaq istəmirəm. Ancaq mənim üçün böyük, geniş bir beşik hazırlamışdılar. İndi həmin beşiyi və anamı xatırlayıram.
Mən ağlamağa başlayıram. Gecə zingildəyir, elə bil. Qaranlıq sökülmür. Günəş də tərpənmir. Ancaq gecə zarıldayır. Qaranlıq otaqda böyük xoşbəxtliyin işarəsi olan zərif bir işıq yandırılır. Sönükdür. Ancaq səsimin azalmasına bəs edir. Qaranlığın zınqırovu yavaş-yavaş kəsilir. Anam gecə köynəyində yuxulu gözlərlə beşiyimə tərəf gəlir. Yumşaq qadın əli mənə toxunur. Mən sevincimdən yerimdə yırğalanır və çığırıram. Anam gülümsəyir. Yuxulu gözlər dağılır. Və pıçıltıların, qısıq səslərin ardından bir parça mahnı eşidilir. Üzüm ciddiləşir. İfadələr, cizgilər aydın dalğınlığa bürünür. Təəccüblə ona baxıram. O əsrarəngiz qadına. Və sükutla dinləyirəm. Göz qapaqlarım açılıb-yumulur, getdikcə daha asta düşüb-qalxır və yuxu çağırır məni. Anam isə əvvəlki pıçıltılı xoşbəxtliyində zümzüməsinə davam edir:
- Yat nəşə qaynağım...
Göldəki balıqlar da yatdı...
30 aprel, 2015