Qab yumaq xoşbəxtliyi

Qab yumaq xoşbəxtliyi
3 sentyabr 2014
# 11:16

Duş alanda boğazım həmişə quruyur. Srağagün yenə duşdan sonra vücudumdan süzülən damcıları silə-silə ağlıma gəldi ki, xoşbəxtlik – indi hamamdan çıxıb çay süzmək, yanında xurma, divanda yerimi rahatlayıb serial izləməkdir.

Kiçik sevincləri xoşbəxtliyə necə çevirməyin formulunu tapmağa çalışıram.

Məsələn, xoşbəxtlik odur ki, dayanacaqda yarım saat avtobus gözləyirsən, nəqliyyat sistemini söyürsən, ona nifrinlər, qarğışlar yağdırırsan və az sonra gözlədiyin avtobus uzaqdan görünəndə hər şeyi unudursan.

Xoşbəxtlik odur ki, gözlənilməz qonağın gəlib, yemək bişirdiyin vaxt ölkədə qaz kəsilir və bir neçə saat sonra yenidən verilir, sənin uçmağa qanadın olmur sevindiyindən.

Xoşbəxtlik odur ki, aldığın ayaqqabının fotosunu Facebookda yerləşdirirsən, paylaşıma gələn laykların sevincini yaşayırsan.

Və ya mərci şorbası ilə kartof qızartması yeyirsən, əvəzində ekzotik yemək paylaşırsan, qibtə ifadə edən şərhləri oxuyub həzz alırsan.

Xoşbəxtlik... Ay Allah, nədir bu xoşbəxtlik. Aha, məsələn, qab yumaq. Qab yuyanda stress atıram məsələn... Yüngülləşirəm. Xoşbəxt oluram. Qab süngərinə şampun tökürsən, onu köpükləndirib bulaşıq nimçəyə sürtürsən, qurumuş yağ, yemək qalıqları təmizləndikcə qəlbim xoş təlatüm yaşayır. Qablardakı şampunu ilıq su ilə yaxalayanda katarsis prosesi yaşayıram. Qab yuyanda beynimin yaradıcı hissəsi işlək olur, güclənir, fikrim çox dərin qatlara işləyir. Nə vaxtsa oxumuşdum ki, roman süjetləri Aqata Kristinin ağlına qab yuyanda gəlirmiş. Hərçənd, “Şərq ekspressində qətl” romanını yazmaq istedadım yoxdur. Amma qab yumaqla bağlı hekayə yazmaq istəyirdim. Süjet belə idi ki, qadın qab yumağa xüsusi ritual kimi baxır. Onun təsəvvüründə qaşıqlar fallosla, güllü ağ nimçələr qadın bədəni ilə assosiasiya olunur. Çəngəl və bıçaqlar isə sadomazoxizmlə. Və qadın həyatının bütün mənasını bunda tapır. Nəsə bu əhvalatı yazmaqdan vaz keçdim. Yenidən necə xoşbəxt olmaq haqda düşüncələrə daldım.

Xoşbəxtlik odur ki, işə gələndə masanda Sahilə İbrahimovanın yazdığı kağız parçasını görürsən.

Xoşbəxtlik odur ki, emaili açırsan, qadınların sevimlisi və düşməni Seymur Baycandan məktub alırsan: “Səni təmənnasız sevirəm”.

Xoşbəxtlik odur ki, Samirə Əşrəf zəng vurub deyir ki, mürəbbə bişirirdim, bir neçə banka sənə ayırmışam. Əlbəttə, məsələ mürəbbədə deyil.

Xoşbəxtlik odur ki, səhər yeməyə həvəsin olmur, işə ac gəlirsən, qapı açılır və Qan Tural əlində təzə, isti xaçapuri daxil olur, birini də sənə təklif edir.

Daha hansı kiçik, əhəmiyyətsiz, banal şeyləri xoşbəxtliyə çevirə biləcəyimi düşünürəm, ən absurd şeylərlə özümü motivasiya etməyə çalışıram.

Elə bu zaman Aliyə lavaş parçasına kartof pürəsi çəkə-çəkə dedi ki, axırda hamımız yoxa çıxacağıq, öləcəyik: “Ölüm! Necə də yaxşı düşünülüb”.

Xoşbəxtlik uydurmalarım çilik-çilik oldu. Ekzistensial tənhalığa və qüssəyə büründüm. Özümü Uilyam Fridkinin trillerlərində ədalət uğrunda nəticəsiz mübarizə aparan polislər kimi hiss elədim...

# 5451 dəfə oxunub

Oxşar xəbərlər

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər