Sevda Sultanova və Nitşe

Sevda Sultanova və Nitşe
15 oktyabr 2015
# 20:00

Virtual dünyada gəzərkən köhnə dostum Sevdayla qarşılaşdım. Gördüm dostumun başında yaşıl işıq yanır. Ovqatım yerində deyildi. Ünsiyyətə ehtiyacım vardı. Sevdayla, köhnə dostumla bir az ordan-burdan söhbət etmək ovqatımı dəyişmək vəd edirdi. Onunla xeyli mövzuda rahat söhbət edə bilirəm. O, heç vaxt məndən incimir. Mən də heç vaxt ondan incimirəm. Uzaq başı tərəflərdən biri söhbəti yarımçıq kəsir. Qarşı tərəfə də məsələ aydın olur. Ən əsası Sevdayla söhbətə başlamaq üçün salam-kalama, uzun-uzadı hal-əhval soruşmağa ehtiyac qalmır. Birbaşa mövzuya keçirsən. Sevdaya bir şeyi izah etmək uzun çəkmir. Onunla söhbət etmək hər cəhətdən sərfəlidir.

Mən: Göndərdiyin filmə baxdım (söhbət Pedro Almodovarın prodüsseri olduğu “Wilde Tales” filmindən gedir-S.B.). Çox xoşuma gəldi. O toy səhnəsi nə səhnə idi…O necə çevrilmə idi. Dəhşət…

Sevda: Hə, əla idi. Mələk simalı gəlinin ləçərə çevrilmə prosesi.

Mən: Amma oğlan o qancığı öldürməli idi. Bunu bərk istəyirdim. Ürəyimdə qaldı.

Sevda: Öldürsəydi film fulfülo olardı.

Mən: Çox istəyirdim öldürsün.

Sevda: Sən ürəyində öldür.

Mən: Bu aralar heç özümdə deyiləm. Yazdıqlarım məni qane etmir. Nə yazıramsa gözümdən tez düşür. Ürəyimcə olan mətn yaza bilmirəm.

Sevda: Məncə bir müddət sən tamam başqa işlə məşğul ol. Yazıya dəxli olmayan işlə. Bu kömək edir. İnan ki, mənim də heç nəyə həvəsim yoxdur. Ümumiyyətlə kinodan savayı heç nə məni həyəcanlandırmır.

Mən: Şərt deyil ki, mütləq səni kimsə həyəcanlandırsın. Səni kimsə həyəcanlandırmırsa sən kimisə həyəcanlandırmalısan. İndi sənə iyirmi yaşında südəmər bir gənc lazımdı. Təcrübəsiz. Romantik. Pişik siçanla oynayan kimi oynayasan onunla. O fransız bacı Şopenlə oynayan kimi. Nə idi o ifritənin adı? Yadımdan çıxdı. “İndiana”nı yazan…

Sevda: Jorj Sand. İfritə. Ləçər. Sterva. Ha ha ha… İfritə olmayan qadın qadın deyil...

Mən: Sevda, indi sənə bir şəkil atacam. O şəkilə baxanda mütləq məni sevəcəksən. Sevməsən biləcəm ki, ya qərəzlisən, ya da zövqün yoxdur.

Sevda: Səni sevsəm məni zövqsüzlükdə qınayarlar.

Mən: Yekə qızsan, bu nə bayağı cavabdır. Gərək bir az düşünəydin. Heç sənə yaraşdırmadım. Daha maraqlı cavab verə bilərdin. Mənim tanıdığım Sevda daha kreativ cavab verməli idi.

Sevda: Sənə baş qoşan adam depressiyaya düşür. Sən adamın həyat eşqini öldürürsən. Adama motivasiya vermirsən. Bunu təkcə mən demirəm. Çox adam deyir.

Mən: Neynəməliyəm? Təlxəklik etməliyəm?

Sevda: Özün də qoca kişilər kimi bütün günü deyinirsən.

Mən: Əgər nəyəsə deyinmişəmsə mütləq əsası olub. Dəliyəm boş yerə deyinim?

Burda söhbət qəflətən üzə çıxarılası mümkün olmayan məcraya yönəldi. Özü də bunu o etdi. Nə qədər söhbəti yumşaltmağa çalışsam da o, sərt cavab verirdi. Elə bil hirsini-hikkəsini tökməyə adam axtarırmış. Söhbətin o hissəsini yazmıram. O hissəni yazmamaqla süjetə və mövzuya heç bir xətər dəymir. Əksinə müəllif boşboğazlıqdan ibarət mətni yazmaq, oxucu isə boşboğazlıqdan ibarət mətni oxumaq əziyyətindən azad olur. Söhbətin sonunu yazıram.

Mən: Nitşenin zamanında ən avara adamların başına qadınlar yığılmışdı. Kim idi o adamlar? Hər cür hoqqabazlar, müxtəlif növ təlxəklər, meşşanlar, məişət qəhrəmanları. Hanı indi o adamlar? Tarix onları silib. Nitşe isə, o boyda adam tək qalmışdı. Nitşenin tək qalmasına görə heç vaxt qadınları bağışlamayacam.

Sevda: Əşi, sən Allah, Nitşe nə gündə idi. Nitşe bir kişi kimi çox yaraşıqsızdır. Üstəlik adamı dilxor edir. Almaniyada bir müəllim vardı. Alman idi. Nitşeyə nifrət edirdi. Deyirdi ki, Nitşe çox qaramatdır.

Bu cavab əslində mənə çox pis təsir etməli idi. Amma necə oldusa bu cavabdan pis olmadım. Əksinə birdən-birə ovqatım düzəldi. Sevdanın əl hərəkətləri, siması, danışıq tərzi gözlərim önündə canlandı. Dedim: Daha sənə sözüm yoxdu. Bunu başqa adam desəydi yenə də onu başa düşmək olardı. Sən də belə deyirsənsə... Səmimiyyətə görə çox sağ ol. Hər bir səmimiyyət qiymətləndirilməlidir. Söhbəti bitmiş sayıram. Bir daha səmimiyyətinə görə sənə təşəkkür edirəm.

Söhbəti kəssəm də Sevda haqqında düşünməyə davam etdim. Müxtəlif illərdə baş vermiş neçə-neçə hadisələri xatırladım. Sevdanı, o ifritəni çoxdan tanıyıram. Biz həmişə görüşəndə kinodan, ədəbiyyatdan mənalı söhbətlər edirdik. Mən onu uğursuz şairlərin ilham pərisi adlandırmışdım. Yadımdadı, bir şair ona bərk qəzəblənmişdi. Necə olmuşdusa Sevda onu bərk qısqanmağa vadar etmişdi. Şair Sevdanı axtarırdı ki, tapıb ona bir şillə vursun. Tapsaydı əla olardı. Amma Sevda yağlı əppək olub yoxa çıxmışdı. Qarşılaşsaydılar babat maraqlı anlar yaşayacaqdılar. Özlərini babat klipə çəkəcəkdilər. Bir hadisə də yadımdadır. Bir şair Sevdaya yazı həsr etmişdi. Sevda isə yazıya əhəmiyyət verməyib demişdi: Mən ancaq Seymurun yazılarını oxuyuram.

Bu cavabla dayandığım yerdə, heç bir günahım olmadan bir adamın ömürlük düşməninə çevrildim. Hələ də bu düşmən münasibəti davam etməkdədir. Əslində o adamı da qınamaq olmaz. Durub bir qadına yazı həsr edəsən, o da qayıdıb deyə ki, mən ancaq filankəsin yazısını oxuyuram. Həzm etmək çətindir. Bir dəfə Sevdayla metronun “28 May” stansiyasının qabağında qarşılaşdıq. Sevdanın qəribə görkəmi vardı. Ona baxıb dedim:

- Sürgün olunmuş şair arvadına oxşayırsan. Bu söz Sevdanın çox xoşuna gəldi. Bu sözün Sevdanın xoşuna gəlməsinin özü də mənim xoşuma gəldi.

Bir Yeni il gecəsini xatırlayıram. Bu lap çoxdan olub. Təxminən iyirmi il əvvəl. Ölkə müharibədən təzə çıxmışdı. Kasıbçılıq idi. O Yeni il gecəsində çox şey çatışmırdı, amma biz özümüzü elə aparırdıq ki, guya hər şey qaydasındadır. “Əsas odur ürək təmiz olsun” adlı həyat fəlsəfəsi çətinlikləri aşmaqda öz köməkliyini göstərirdi. Çox klassik yolkamız vardı. Baxanda adamın ürəyi sıxılırdı. Yolkanın oyuncaqlarını bir qız gətirmişdi. Nazik kartondan düzəldilmiş oyuncaq dovşanlar, ayılar, balıqlar, kirpilər allah bilir neçə-neçə illər yola vermişdilər. Bir neçə oyuncaq heyvanın qulağı yerində deyildi. Gəmirilmişdi. Bu da bir xeyli müddət bizim zarafatımıza səbəb oldu. Yolkanı gətirən qızın qolları biləyindən tutmuş dirsəyinə qədər doğram-doğram idi. Buna baxmayaraq o, gecə paltarı geyinmişdi. Qolunun doğranmış yerlərini örtməyi heç ağlına da gətirmirdi. Çünki o vaxt qolların ülgüclə doğranması adi hal sayılırdı. Qapalı ölkədə böyümüş və Sovet çökəndən sonra sentimental türk filmlərindən kəskin təsirlənmiş gənclər sevgililərindən ayrıldıqda qollarını ülgüclə doğrayırdılar. Xüsusən qızlar. Yazıqlar çox səmimi idilər. Hər şeyə inanırdılar. Hətta o dərəcədə ki, doğranmış qollarla gəzmək bir çoxları üçün üstünlük sayılırdı. Elə bil üstlərində qəhrəmanlığa görə aldıqları medalı gəzdirirdilər. Doğranmış qolların ətrafa ötürdüyü mesaj bundan ibarət idi: Mən bunu etməyi bacardım.

Bizim Yeni il gecəmiz sovet dövründə çəkilmiş və müharibədən bəhs edən filmlərdəki Yeni il gecəsinə oxşayırdı. Bizim Yeni il gecəmizi təşkil etmək asan başa gəlməmişdi. Bir xeyli çətinliklər bir xeyli mübahisəli mövzular ortaya çıxmışdı. Hərənin bir istəyi, hərənin bir arzusu vardı. Bu istəklərin də çoxu imkanlarımızla üst-üstə düşmürdü. Xüsusən qızlar zəhləmizi tökürdülər. Bütün dövrlərdə olduğu kimi o vaxt da reallığı nəzərə almayıb elə hey ultimatum verirdilər. Filan şey mütləq olmalıdır. Biz də cavan uşaqlar idik . Öz acizliyimizi və gücsüzlüyümüzü etiraf etmək çox çətin olurdu. Gecəni təşkil edənlər iki yerə bölünmüşdülər. Bir dəstə deyirdi:

- Şaxta baba olmasın.

O biri dəstə deyirdi:

- Şaxta baba olsun.

Sevda şaxta baba istəyən dəstəyə liderlik edirdi. O, çox şiddətlə Şaxta baba arzulayırdı. Elə hey təkrar edirdi:

- Şaxta babasız yeni il gecəsi oımaz.

Mən isə Şaxta baba istəməyən dəstədə idim. Mübahisə uzun çəkdi. Axırda Sevda bəyanat verdi: Əgər Şaxta baba olmasa mən gəlməyəcəm. Sevdasız gecənin heç bir ləzzəti olmayacaqdı. Biz hamımız razılaşmalı olduq. O zaman özümü saxlaya bilməyib ona sual verdim:

- Bəs Şaxta baba kim olacaq?

Sevda dedi:

- Şaxta baba sən olacaqsan.

Dedim:

- Mənim boyum balacadır. Səsim də nazikdir. Məndən şaxta baba olmaz.

Sevda dedi:

- Onda Şaxta babanı mən özüm gətirəcəm.

Elə bildik zarafat edir. Şaxta babasız yeni il gecəsi keçirməyimizlə razılaşıb, sadəcə birdən-birə təslim olmağı qüruruna sığışdırmır. Biz da daha üstünə çox getmədik. Yeni il gecəsinə yığışanlar qəribə bir mənzərənin şahidi oldular. Sevda hardansa bir Şaxta baba tapıb gətirmişdi. Şaxta baba istəməyənlər bir az pərt oldular. Şaxta baba istəyənlər sevinirdilər. Onlar Sevdanı qucaqlayıb öpür, onu təbrik edir və bizə yandıq verirdilər. Lakin heç kim incimirdi. Çox gənc idik. Bizi bir-birimizə möhkəm tellər bağlayırdı. Şaxta babanın olub-olmaması bizim münasibətlərimizə möhkəm xələl gətirə bilməzdi. Həmin Yeni il gecəsi xeyli əyləndik. Nə vardı yedik. Nə vardı içdik. Uşaqlar xeyli rəqs etdilər. Sonra bizə başqa dostlarımız da qoşuldular. Onlar da özləriylə yemək və içki gətirmişdilər. Gecə səhərə qədər davam etdi. Səhər dağılışmağımız uzun çəkdi. Kefli adamlar bir-birlərini qucaqlayır, sevgilərini, hörmətlərini, dostluqlarını izhar edir, ayrılır, təzədən qucaqlaşır, təzədən öpüşürdülər. Taksi saxlayırdılar. Maşının qapısını açıb bir ayağı salonda elə hey danışırdılar. Bəzən taksi sürücüsü bezib çıxıb gedirdi. Kimi evə tək getdi. Kimisi cüt. Sevdayla mən o vaxt eyni istiqamətdə yaşayırdıq. Mən “Xalqlar dostluğu” stansiyası tərəfdə xəstəxananın yanında kirayədə qalırdım. Sevda isə Neftçilər stansiyasının yaxınlığında qalırdı. Ona yaxınlaşıb evə bir yerdə getməyi təklif etdim. O isə dedi:

- Mən evə getmirəm.

Yeni il gecəsinə gətirdiyi Şaxta babanı da götürüb harasa getdi... İndi belə bir qız bəşəriyyətin ən böyük dühası haqqında deyir:

- Sən Allah, Nitşe nə gündə idi...

Necə oldu bu qız belə dəyişdi? Nə dəyişdi onu? Baxdığı filmlər? Yoxsa oxuduğu kitablar? Bəlkə onu həyat dəyişdi? Bəlkə mən yanılmışam, o, əvvəldən belə olub. Hər halda o vaxtlar tanıdığım Sevda “Sən allah, Nitşe nə gündə idi” sözünü heç vaxt dilinə gətirməzdi. Mənim tanıdığım Sevda keçmişə qayıdıb özü Nitşenin sevgilisi olardı. Belə başa düşürəm ki, onun artıq romantika limiti bitib və artıq hər şeyi olduğu kimi bəzəksiz-düzəksiz qəbul edir. Əgər o bunu yazıya çevirməyi bacarsa, bu çox yaxşıdır. Bu mərhələyə gəlib çatan və bunu yazıya çevirən adamı ancaq təbrik etmək olar.

# 1700 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #