Qırmızı şəhərin qurbanı

Qırmızı şəhərin qurbanı
8 oktyabr 2014
# 14:37

Qurban bayramıydı. Qırmızı şəhərin hər tərəfində bıçaqlar itilənirdi, qurbanlar kəsilirdi, küçələr qan içindəydi. O, qırmızı şəhərin küçələrində ölümə məhkum edilmiş məhbus kimi gəzirdi, kənardan onun yerişi maneələrin üstündən atlanmaq kimi görünürdü, içini bürüyən həyəcanlar yeraltı təkanlar kimi bütün vücudunu titrədirdi. Dərdini heç kəsə deyə bilmirdi, desəydi, yüngülləşərdi. Bir batman dərdi özüylə sürüyüb aparırdı. Bütün ümidlərini, arzularını, xəyallarını əzbər bildiyi bir qadın bu qırmızı şəhərdə ona son və öldürücü zərbəni vurmuşdu. Taledən əlini üzmüşdü, ümiddən imdad diləyirdi. Bu qırmızı şəhərdə doğulan sevgi elə bu şəhərdə də qanına qəltan edilmişdi, sanki divarlar qırmızı kərpicdən tikilməmişdi, qana boyanmışdı. Bir vaxt sahilində kürək-kürəyə oturduqları çayın suları qanlı axırdı. Suyun yaxasındakı böyük qovaq ağacının döşü ağarırdı. Böyürdəki moruqluğun içərisində quşlar pırıldaşır, çaya yaxın düşmək istəmirdilər. Bu çay gecələr onlara layla deyən çaya bənzəmirdi...

İnsanlar kimi çayların da öz sirləri var və çaylar o sirləri bərk-bərk bağrına basaraq saxlayır. Bu çay onun xoşbəxtliyinin şahidi olmuşdu, indi onun sirrini qoruyub saxlayırdı. Bu çay onların bəxtəvər gülüşlərini eşitmişdi, bir də onun qadını ustufca öpdüyünü görmüşdü... Qadının gözləri o anda necə süzülmüşdü, İlahi!

O, çayın sahilində yerə çöküb uşaq kimi hönkür-hönkür ağladı... Dözə bilmədi... İnsan əzabının nə demək olduğunu onda bildi...

*********

Paytaxtdan yay pencəyində çıxmışdı, qırmızı şəhərin dəmiryolu stansiyasında qatardan enəndə hələ səhərin gözü açılmamışdı, hər tərəf zülmət idi, uzaqda təkəm-seyrək işıqlar közərirdi. Gecənin səssizliyində xumarlanan evlərin bacasından tüstü çıxırdı. Sübhün ayazı sümüklərini gizildətdi. Əynini qalın geyinmədiyi üçün özünü qınadı. Payız ömürlərini yaşamış yarpaqları, acıqlı buludları ilə başının üstünü kəsdirmişdi. Təbiətin nə vecinə, onun payızdan qorxusu yoxdur. Payızdan sonra qış, sonra yaz, yay, sonra yenə payız gələcək. Payız vaxtında gəlməsə, təbiətin halı fəna olar. Ürəyinsə payızı gəldi, ardınca qışı gətirəcək, sonra daha bahar gəlməyəcək!.. Ən çox da bu hiss onu üşüdürdü.

Qatar fit verib yola düşdü, tıqhatıqla ötüb keçdi. Taksi sürücüləri sərnişinlərə yaxınlaşanda o, yol kənarındakı qaraltının çayxana olduğunu müəyyən elədi və o səmtə doğru addımladı.

Qadının onun gəlişindən xəbəri yox idi, özü bildirməmişdi ki, onun üçün sürpriz olsun. Fikirləşdi ki, indi yəqin şirin yuxudadı. Onu yatmış vəziyyətdə təsəvvür elədi və xəyalındakı mənzərədən xoşallanıb gülümsədi.

Qatardan düşən sərnişinlərdən bəziləri piyada, bəziləri isə maşınlara oturub qaranlığa qarışdı. Hardasa yuxusundan olmuş it kal səslə bir-iki ağız narazı-narazı hürdü.

Deyəsən çayxananın ilk müştərisiydi. Piştaxta arxasındakı iri samovar həzin-həzin dızıldayırdı. Ağ xalatlı tösmərək, lopabığ kişi çiynindən asdığı məhrəbanın ucuyla suya çəkdiyi stəkan-nəlbəkiləri silirdi. Divara yapışdırılmış lövhədə kiril əlifbasıyla “Nisyə alma, məni də öz gününə salma” sözləri yazılmışdı. Sağ ayağını içəri qoyub çayçıyla salamlaşandan sonra soruşdu:

- Çay verirsiniz?

Çayçı başını qaldırmadan “keç otur” dedi. İçəri keçib köhnə sovetdənqalma masalardan birinin arxasında oturdu. Masaların üstündə nərdtaxta, domino gözə dəyirdi. Köhnə “Elektron” televizorunun ağ-qara ekranında hind filmi göstərirdilər. Bir az baxdı, film ona maraqsız gəldi, əlini cibinə atıb siqaret çıxartdı, tamburda dördünü çəkmişdi, indi beşinci siqareti odladı. Birinci tüstüdən boğazı göynədi, gözləri yaşarıncaya qədər öskürdü. Çayçı hisli çayniki və armudu stəkanı masanın üstünə qoyub canıyananlıqla “səhərin gözü açılmamış ciyərlərini niyə zəhərləyirsən, qardaşoğlu?” dedi. “Bunsuz qala bilmirəm” deyə cavab verdi. Çayçı başını bulayıb stulları yerbəyer elədi və öz yerinə qayıtdı.

O, çayxanada bir saatdan çox oturdu, hövsələsi bir tikə olmuşdu, tez-tez qol saatına baxırdı, vaxt keçmək bilmirdi. Telefonunu yandırıb bir xeyli qadının şəkillərinə baxdı, düşündü ki, bu qadını itirmək onunçün həyatın sonu deməkdir, bu qadın onun son ümidi idi, onu itirməmək üçün sona qədər mübarizə aparmalıydı. O, qadın təbiətinin məntiqsiz burulğanında itirdi, cavabsız suallar beynini yorurdu. Evi tərk edəndə arvadı ona demişdi ki, get, küçələrdə qalanda yenə it kimi üstümə qayıdacaqsan! Bu cümlə hər səhər yuxudan qalxanda sanki çəkic kimi alnına dəyirdi, bütün rahatlığını əlindən alırdı, bütün günü əsəbi olurdu, heç yerdə qərar tuta bilmirdi. Son bir ayda iki-üç iş yeri dəyişmişdi, artıq görürdü ki, iş qabiliyyətini də itirir, sevdiyi qadının anlaşılmaz rəftarı onun dəli olmaq həddinə gətirib çıxarmışdı. Siqaretin kötüyünü külqabı əvəzinə qəndqabıya basırdı, bir də görürdün damağında siqaret ola-ola qutudan yenisini götürürdü ki, yandırsın; barmaqları arasında tüstüləyən siqareti hiss etmirdi. Son vaxtlar heç maşın da sürə bilmirdi, harasa getmək üçün evdən çıxırdı, qəfildən hiss edirdi ki, tanımadığı yerlərə gəlib çıxıb, maşını yolun kənarına verib uzun-uzadı düşünürdü: mən hara gəlib çıxmışam, indi evə necə qayıdacağam? Hara getdiyi haqda heç anlayışı belə olmurdu. Axırıncı dəfə Qobustan yoluna gedib çıxmışdı, küçədən keçən adamlardan soruşmuşdu ki, bura haradır? Kirayə qaldığı balaca otağa girəndə ona elə gəlirdi ki, otağın hər küncündə bir siçovul gizlənib və onun yatmağını gözləyirlər ki, bədəninə daraşıb onu didib-parçalasınlar. Ağlına gələn bu fikirdən bədənini soyuq tər basırdı, çarpayıya çöküb zar-zar ağlayırdı. Səhərə qədər çimir ala bilmirdi, səksəkə içində yataqda qıvrılırdı. Ağrılar içini siçovuldan betər gəmirirdi. Bəzən ona gəlirdi ki, siçan mədəsinə girib, gecənin yarısı tualetə girib ögüyürdü, heç cür o “siçan”ı qusub qaytara bilmirdi. İştahası da itmişdi, stolun üstündə mədə, böyrək, ürək ağrılarını kəsən dərmanlar bir-birinə qarışmışdı, bəzən iki-üç dərmanı birdən atırdı. Dəli olmaqdan dəhşətli dərəcədə qorxurdu, dəli olsaydı, bütün arzuları məhv olardı. Yox, o, dəli olmayacaqdı, axı ağlı üstündədir, durduğu yerdə adam niyə dəli olsun? Fikirləşirdi ki, adam necə ki, öləndə bilmir ki, öldü, dəli olanda da öz dəliliyindən xəbəri olmur. Adamın dəli olmağı elə ölmək kimi bir şeydir, həyat insan üçün bitir.

O, lap küçədə qalsaydı belə o evə qayıtmaq istəmirdi, qayıtsaydı, alçalmış olardı. Tez-tez kirayə qaldığı evləri dəyişirdi, evdən evə köçdükcə də əşyaları azalırdı, bu, onu çox kədərləndirirdi. Düşünürdü ki, axırda daşınmağa heç nəyi qalmayacaq...

Gecənin qaranlığı əriyib ağarırdı. Çayın pulunu verib yola çıxdı. Çayçı ona demişdi ki, mərkəzə gedən avtobus saat doqquzun yarısı bu yoldan keçəcək, həmin avtobusa minib gedərsən.

**************

Göz yaşları çaya axdıqca yadına düşürdü ki, o qadın elə bax bu çayın sahilində, bu ağacın altında ona demişdi ki, mən sənin qayğına qalacağam, ağrılarını azaldacağam, sənə həm sevgili, həm ana, həm bacı, həm də dost olacağam... Bu sözlər onun bütün ağrılarına məlhəm olmuşdu, ona elə gəlmişdi ki, yenidən dünyaya gəlib, özü də elə bu çayın sahilində, onu elə bu qadın yenidən doğub... Sonra nə oldusa, qadın ondan gizlənməyə başladı, günlər, həftələr, aylar keçdikcə anası üçün necə darıxırdısa, onunçün də eləcə darıxmağa başladı. Gözü çayın axarında ikən düşünürdü ki, ilahi, qadın dediyin bu qədər qəddar, bu qədər amansız ola bilərmi? Arvadının sözləri yenə çəkic kimi alnına dəydi: “Get, küçələrdə qalanda yenə it kimi üstümə qayıdacaqsan!”

Qayıtmayacaqdı, ölsə də qayıtmayacaqdı. Ürəyi yenə tələyə düşən quş kimi çabalamağa başladı. Heç cür ağlına sığışdıra bilmirdi ki, bütün varlığıyla inandığı bir qadın onu yarı yolda buraxa bilər. Həyatı boyunca heç bir qadından, anası istisna olmaqla, bu qədər nəvaziş, diqqət və qayğı görməmişdi, heç bir qadın onun qədər ruhunu ehtizaza gətirməmişdi, varlığına hakim kəsilməmişdi.

Bax, elə bu çayın sahilində qadın dırnağını var gücüylə onun ovcuna batırmışdı, ağrı dözülməz olsa da dişini dişinə sıxıb qadının bu şıltaqlığına dözmüşdü. Ovcunun içi qançır olsa da qadının saçlarını qarışdırıb gülümsəmişdi. Sol əlini qaldırıb ovcuna baxdı, o biri əlinin barmaqlarını ovcuna sürtüb o dırnaq yerini axtardı, diqqətlə baxdı, ovcundakı cızıq güclə sezilirdi. O cızığın yerini tapdığına necə sevindisə, az qaldı əyilib çayın üzündən öpsün, bu balaca sevinc onun içini titrətdi. Qəfildən qovaq ağacının dibindəki quşlardan biri qanadlarını bərk-bərk çırpıb göyə milləndi, bir az sonra qızaran buludların arxasında itib tərki-vətən oldu. Aşağıda bir quş da vardı, kolluqda elə hey vurnuxurdu, nəyə görəsə uça bilmirdi. Payıza qalmış bu quşun dərdi nəydi görəsən...

Çay qıjhaqıjla axıb getməyindəydi...

************

Asfalt yolla xeyli piyada getdi, gecəni kupedə çox narahat yatmışdı deyə sanki yeriyə-yeriyə də yuxusunu alırdı. Arabir maşınlar ötüb keçirdi, avtobus isə hələ görünmürdü. Yenə bir siqaret yandırdı. Sübhün ayazı hələ çəkilməmişdi, o, əməlli-başlı üşüyürdü. Belə üşüməyə birtəhər dözmək olardı. O, qadının soyuqluğuna dözə bilmirdi.

Pencəyinin düymələrini bağlayıb yaxalığını qaldırdı. Saatına baxdı, doqquza iyirmi dəqiqə qalırdı. Uzaqda bir “Qazel” göründü, əlini qaldırdı. Avtobus ağzınacan adamla doluydu, birtəhər özünə yer eləyə bildi. Onunla qabaq-qənşər dayanmış arğaz, saqqallı kişidən soruşdu ki, bu, bazarın yanından keçir? Kişi xırıltılı səslə: - hə, dedi, - burdan ora cəmi on dəqiqəlik yoldu.

Beynindəki fikirlər cavabsız suallara ilişib qalmışdı, beyni zoqquldayırdı. Qadın da lap elə bu havalar kimi gün-gündən soyuyurdu. Qadın soyuyursa, istənilən halda günah kişidədir, o, belə düşünürdü. Özündə min günah axtarıb tapırdı, buraxdığı səhvləri götür-qoy edirdi. Həm də düşünürdü ki, qadın onun gəlişinə mütləq sevinəcək, başqa cür ola bilməzdi. Sürücünün səsi onu fikirdən ayırdı:

-Bazarın yanıdır, qardaş.

Avtobusun pulunu ödəyib düşdü. Qadının iş yeri burdan çox uzaq deyildi. Yenicə açdığı “Gözəllik salonu” bazardan təxminən yüz metr aralıda yerləşirdi. Bir gün əvvəl salonun açılışı olmuşdu, qadına zəng edib demişdi ki, işdən çıxa bilmir, yaxın günlərdə gələcək və onu təbrik edəcək. Qadın da ona demişdi ki, hər gün işdə oluram, nə vaxt istəsən, gələ bilərsən. Amma məhz bu gün gələcəyini ona deməmişdi. Amma ötən axşam facebook səhifəsində hansı şəhərə gedəcəyini yazmışdı və çox güman ki, qadın bu qeydi görmüşdü... Bu hesabla onun gəlişindən xəbəri olmalıydı.

Yaxınlıqdakı şirniyyat mağazasına girib iri bir tort aldı. Çölə çıxıb qadının mobil telefonuna zəng vurdu, nömrələrin heç birinə zəng çatmırdı, bir də zəng vurdu, operator qız eyni sözləri təkrarladı: “bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb ya da əhatə dairəsi xaricindədir...” Pərt halda bazarla üzbəüz parka doğru addımladı, skamyalardan birində oturdu. Artıq heç nə düşünə bilmirdi, dəli adamlar kimi öz-özünə eyni sözləri təkrarlayırdı: “ola bilməz axı, ola bilməz axı, ola bilməz axı...”

Niyə olmur? Lap əla olur! Sənin qotur sevgin elə bu sonluğa layiqdir. Vaxtında gəlmək lazım idi, ay zırrama! Başına dəysin tortun! Cəhənnəm ol, gəldiyin kimi də qayıt get...

Bu qadın vaxtında səni çox gözlədi, sənsə günü günə satdın, getmədin. O, gözləməkdən yoruldu... İndi səndən o gözləmələrin heyfini çıxır, intiqamını belə alır!

Bu, o demək idi ki, ay adam, nahaq özünə əziyyət verib o boyda yolu gəlmisən, səni görmək istəmirəm! Bunu gərək çoxdan anlamış olaydın. Günortaya qədər parkda vurnuxdu, qadının telefonuna isə hələ də zəng çatmırdı. Heç nə hiss etmirdi, soyuq da vecinə deyildi, bu skamyadan qalxıb o biri skamyada otururdu. Yenicə aldığı siqaret qutusu yarım saata boşaldı, yenisini aldı. Əlindəki tortu yaxınlıqdakı çayxanaya apardı, dedi ki, bunu bir nəfər üçün almışdım, gəlib çıxmadı, bəlkə götürəsiniz, pul-zad da lazım deyil, halal xoşunuz olsun! Çayxananı işlədən adam deyəsən onu tanıdı, bir vaxtlar o vəfasızla burdakı bağda çox oturmuşdular. Əclaf tortu götürmədi, yox, vallah, dedi, aparın mağazalardan birinə verin.

Qəhər boğazından tutub onu boğurdu, əliylə boğazını ovuşdurdu, udqundu, elə bil boğazında daş qalmışdı. Göz yaşlarını saxlaya bilməyəcəyindən qorxub ordan aralandı. Bir müddət göldə üzən ördəklərə tamaşa elədi, yenə qayıdıb əvvəlki yerində oturdu. Fikrindən keçdi ki, bəlkə tortu elə bu skamyanın üstündəcə qoyub getsin? Hələ də ümidi üzülməmişdi. Qadının telefonuna bir də zəng vurdu, telefon açıq idi, uzun-uzadı çağırdı, amma zəngə cavab verən olmadı.

Nəhayət ki, tortun yiyəsi tapıldı. Uzaqdan konfet satan qadını görüb yanına çağırdı, qadın sevincək ona yaxınlaşdı. Elə zənn etmişdi ki, onu çağıran adam konfet almaq istəyir. Amma ağlına da gəlməzdi ki, adam ona gözəl bir tort bağışlayacaq.

-Ay bacı, mən bu tortu bir yer üçün almışdım, daha ora gedəsi olmadım, bəlkə bu tortu sənə verim, aparasan.

Qadın şaşırmış halda: - qardaş, mən bu boyda tortu neynirəm? – dedi, - apar evinə, uşaqlar yesin. Payın artıq olsun! Mən bunu özümə yük eləyəsi deyiləm ha.

-Ay bacı, vallah, mənim heç kəsim yoxdu, evim də yoxdu... Özüm də heç bilmirəm hara gedirəm. Sən canın, bunu götür, heyifdi, xarab olmasın. Götür, halal xoşun olsun! Onsuz da götürməsən, burda qoyub gedəcəyəm.

Qadının zənlə üzümə baxıb dedi:

-Doğrudan heç kimin yoxdumu, ay qardaş?

-Hə, vallah! Hamı məni atıb, hamı...

-Sən axı yaxşı adama oxşayırsan, niyə səni atıblar, ay qardaş?.. – Qadın canıyananlıqla dilləndi.

-Mən pis adamam, bacı. Çox pis adamam... Nolar, götür bu tortu...

Qadın razılıq edib tortu götürdü və uzaqlaşdı. Gözdən itincə bir neçə dəfə çevrilib arxaya baxdı. Yəqin fikirləşdi ki, bu adam dəliyə oxşayır...

Ağır-ağır yerindən qalxıb parkdan çıxdı və qırmızı binaların arasından keçib körpüyə çıxdı, qıjıltıyla axan çayın sahilinə endi.

İnsanlar kimi çayların da öz sirləri var və çaylar o sirləri bərk-bərk bağrına basaraq saxlayır. Bu çay onun xoşbəxtliyinin şahidi olmuşdu, indi onun sirrini qoruyub saxlayırdı. Bu çay onların bəxtəvər gülüşlərini eşitmişdi, bir də onun qadını ustufca öpdüyünü görmüşdü... Qadının gözləri o anda necə süzülmüşdü, İlahi!

O, çayın sahilində yerə çöküb uşaq kimi hönkür-hönkür ağladı... Dözə bilmədi... İnsan əzabının nə demək olduğunu onda bildi...

Qırmızı şəhərin küçələri qana boyanmışdı, çayın da suları qanlı axırdı...

6-7 oktyabr 2014-cü il

# 1911 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #