Dəlixanadan reportaj

Dəlixanadan reportaj
7 yanvar 2015
# 08:45

Hər şey onunla başladı ki, otaq yoldaşım gecə konsertdən qayıdıb başımın üstünü kəsdirdi:

- Xəbərin var, sanatoriyaya şair gəlib!

Necə diksindimsə, dizimin üstünə qoyduğum “Kandid” sürüşüb yerə düşdü.

Ora gedəndə arzulamışdım ki, məni tanıyan heç kəs olmasın. İstədiyim də olmuşdu. Bir nəfər də tanış-biliş yox idi. Heç kəs mənim-dəli kimi təkbaşına o yan-bu yana qaçan adamın, necə deyərlər, əvvəlki həyatında kim olduğumu bilmirdi. Nə ədəbiyyatdan danışan yox, nə qrammatika soruşan.

Səhərlər istədiyim qədər qaçır, günortalar istədiyim qədər yatır, axşamlar istədiyim qədər kitab oxuyurdum. Hamı nahardan qayıdanda mən yeməkxanaya gedir, camaat otağına çəkiləndə çayxanada otururdum. Bir sözlə, özümü başqa ölkəyə qaçmış cinayətkar kimi şanslı hiss edirdim. Ta ki o günə kimi...

O gün mən ağaca çıxmışdım! Yox, qarışdırdım, bu cümlə “Bir qalanın sirri” filmindəndi. O gün, daha doğrusu, o gecə mən otağımda oturub kitab oxuyurdum. Axşamlar sanatoriyanın həyətindəki meydançada ara müğənnilər konsert verirdi. Səhnə həm də rəqs meydançasını əvəz etdiyindən, oynayan, oxuyan hamısı bir-birinə qarışırdı. Axşam yuxarıda heç kimi tapmazdın, hamı konsertdə olurdu. Belə vaxtlarda otağıma qapanıb ya kitab oxuyar, ya da gözümü qaranlığa dikib eləcə boş-boşuna oturar, sükutun, hüzurun, o boyda binada tək olmağın dadını çıxarardım. Arada balkona çıxıb işıqları sayrışan aeroport yolunu, bir az aralıda dənizin üstünə çökmüş zülməti, həyətdə xiyabanboyu düzülmüş, sükutun və qaranlığın qucağında müdrikcəsinə susan ağacları seyr edərdim.

Bax elə həmin gecələrin birində mənim həyatımın sakit axarı pozuldu. Ekspozisiyada nağıl etdiyim kimi otaq yoldaşım başımın üstündə dayanıb “Meşəyə insan gəlib”- qışqıran o cizgi filmi qəhrəmanı sayaq dedi:

- Sanatoriyaya şair gəlib!

Sizi inandırım ki, yoldaşları ələ keçmiş cinayətkar qrupun üzvü kimi dik atıldım. Az qaldım mən də o cizgi filmində “Nə? İnsan? Hanı insan?” qışqıran personaj kimi “Hanı şair?”-deyə qışqırım. Amma özümü ələ aldım.

Tərslikdən otaq yoldaşım söhbəti yüz səksən dərəcə fırladıb adəti üzrə məni danlamağa başladı:

- Bu nədi, pəncərəni niyə açıq qoymusan? Ağcaqanadlar dolub içəri. Kondisionerin pultu hanı? Hə, bax belə.

Sonra hər axşamkı proses təkrarlanmağa başladı. Bundan sonrakı səhnəni artıq qısametrajlı film kimi əzbər bilirəm.

Xəzangül istidən şikayətlənə-şikayətlənə vanna otağına keçir. Bir xeyli orda qurdalanır. Çıxandan sonra da bir xeyli duşdan, sudan, diş pastasından gileylənir. Balkona çıxıb paltar sərir, qrafindən su süzür, soyuducudan meyvə çıxarır.

Bütün bu müddət ərzində mən çarpayımda yoqa sayağı bardaş qurub, ürəyimdə Allaha dua eləməklə məşğuldum.

Xəzangül sonuncu dəfə reyd elədi. Otağın dörd tərəfini şəxsi evi kimi gəzəndən, televizorun pultundan paltar dolabının qapısına qədər hər şeyi kontrol edəndən sonra gəlib öz çarpayısında mənimlə üzbəüz oturdu:

- Onu deyirdim axı. Şairi. Ay qız, kefdi e. Görməyin lazımdı. Qoca kişidi, sevgi şeirləri yazır. Bir oyun çıxardırdı ki...

“İlahi, sən özün kömək ol, ya Rəbbim, ya Rəsuləllah!”

- Deyir elə maşından indi düşmüşəm. Bu şeiri də gələndə yolda yazmışam. Ha. Ha.

“İlahi, sən məni qoru!”

- Yanımda da o şəkili qız oturmuşdu, var e, vızbaş, idmanda bizlə olan əyribel skripkaçı, qayıdasan ki, bu lap naxaduşairdi ki. Day indi məndə can qalar? O qədər gülmüşəm bu naxaduşairə.

“Sən mərdi namərdə möhtac eləmə, yarəbbim!”

- Naxaduşair a. Ha. Ha. Sən canın, dur işığı söndür, yataq, yoxsa səhərəcən güləcəm.

Başqa vaxt olsa, Xəzangülün mənə göstəriş verməsinə dözməzdim, amma indi sevincək durub işığı söndürdüm. Yerimə girib duama davam eləməyə başladım: “İlahi, sən böyüksən, nə yaxşı, məni şair yaratmamısan, nə yaxşı...” Bu yerdə mənə elə gəldi ki, qurbanolduğum qaranlıqda tərs-tərs baxır.

“İlahi, nə yaxşı məni naxaduşair yaratmamısan, haqlısan, hərdən bu da olur, amma nə yaxşı mənim naxaduşair olmağımı heç kim bilmir. Nə yaxşı ki, bilmir, ilahi. Ey məni indiyədək qoruyan Allahım, məni bundan sonra da qoru”.

Bu dualardan sonra əhvalım xeyli yaxşılaşdı, qorxum keçdi. Allahın məni qoruyacağına bəslədiyim xoş inam hissiylə yuxuya getdim.

***

Səhər yeməyində Xəzangül mənə şairi göstərdi. Arıq, yaşlı kişiydi, əynində bir-iki ölçü böyük, açıq göy rəngli qəttəzə mədəni dildə desək, kostyum-şalvar vardı. Pencəyin çöl döş cibinə gümüş rəngində parıltılı bir qələm taxmışdı. Ona baxdıqca qorxudan dizlərim əsirdi, cinayət işlətdiyin silahı belə açıq-aşkar nümayiş etdirməyə ürək lazımdı.

Sıyığımı axıra qədər yeyə bilməyib yeməkxanadan çıxdım. O gündən qara günlərim başladı, nə başladı.

Şairin nə vaxt harda olacağını müəyyən edib, yayınmaq mümkün deyildi. O, hər yerdəydi. Bir də görürdün, axşam gəzintisi zamanı bir dəstə fanatıyla bərabər qabağıma çıxdı. O dəqiqə yolumu dəyişirdim. Hovuzdan qayıtdığım yerdə görürdüm, şair skamyada kostyumdaca oturub yarıçılpaq adamlara şeir söyləyir. İndi gəl də, suyun gətirdiyi bütün rahatlıq bir anın içində yoxa çıxırdı. Masaj saatında aralıdan eşidirdim ki, növbədəkilər bir-birinə xəbər verir, “Şair masajdadı”. Dabanı üstə fırlanıb tam sürətlə geri dönürdüm. Artıq mən onun göy kostyumunu yüz adamın içindən asanlıqla seçirdim. Mənə elə gəlirdi ki, təqib maniyası xəstəliyinə tutulmaq üzrəyəm. Bu xəstəliyə tutulmaqdan o biri həyatımda da qorxurdum.

Belə çıxılmaz vəziyyətdəykən poçt göyərçinim, tale payım olan Xəzangül həkimin məni axtarması xəbərini gətirdi.

***

Həkimin otağı üçüncü mərtəbədə, düz pilləkənin yanındadı. Dəhlizə burulan kimi ilk açıq qapıdan içəri girirəm. Bir qapı da içəri otağa açılır. Qaşqabaqlı, zəhmli həkim içəri otaqda masanın arxasında oturub. Qarşısında mənim tibbi vərəqim, analiz cavablarım. Başını qaldırmadan nəsə mızıldanıb yer göstərir. Keçib onunla üzbəüz otururam. Sakitcə vərəqlərin içində eşələnir. Açıq pəncərədən hərbi marş – yaxınlıqdakı Polis Akademiyasından gələn polis xoru içəri dolur. Həkim hərdən yuxuda danışırmış kimi qırıq-qırıq sözlər deyir:

- Deməli belə, vannanı ləğv etmisiz, tak, sizdə podvodnoy da var, basseyn də, üç su proseduru artıqdı. Düz eləmisiz. Tak.

Üz-gözündən zəhrimar yağan həkim, pəncərədən içəri dolan polis xoru mənə qəribə təsir edir. Fantaziyam sanki açıq pənəcərədən baş alıb gedir. Mənə elə gəlir ki, müharibədə düşmən tərəfə əsir düşmüşəm. İndi müayinədən keçirib əsir düşərgəsinə yollayacaqlar. Həkim axır ki başını qaldırıb məni bu əzabdan qurtarır:

- Yoxlanışa gəlmirsiz...

- Hər şey qaydasındadı, doktor.

- Eşitdiyimə görə, şənbə-bazar günləri də harasa gedirsizmiş...

Yadıma Lermontovun “Zəmanmizin qəhrəmanı” əsəri, müəllifin sanatoriyadakı xəstələrin boşboğazlığı haqqındakı fikirləri düşür, amma nə illah edirəm, o abzası tam xatırlaya bilmirəm.

- Harasa deyəndə ki, doktor, evə gedirəm. Şənbə günləri günortaya qədər prosedurlər bitir. Gedirəm işlərimin dalınca.

- Olmaz! - Həkim qələmin arxasıyla masaya elə vurur ki, sanki sözünə nida işarəsi qoyur.

- Bax, o qapını görürsüz?

Həkim barmağını tuşaltdığı səmtə baxıram. İçəri otaqdan çöl otaq, ordan dəhlizin pəncərəsi, ordan həyət, həyətdə ağaclar, lap uzaqda isə sanatoriyanın dəmir barmaqlığa oxşayan bayır qapısı güclə də olsa görünür. Bəlkə də görünmür, mən artıq o qapını təsəvvür edirəm. Həkim qapını “tapdığıma” əmin olduqdan sonra sözünə davam eləyir:

- Bax o qapıdan çıxan kimi həyat adamı əjdaha kimi udur.

Bu gün mənim fantaziyama nəsə olub. İndi də sol tərəfə inkişaf edib, sanatoriyanın qapısına qədər gedib çıxır. Və mən o qapıdan çıxan adamları o əjdahanın necə udmasını aydınca təsəvvür edirəm.

- Siz evə gedirsiz, müxtəlif qayğılarla yüklənirsiz, ev yeməkləri yeyirsiz, pəhriziniz pozulur, bizim əziyyətimizi heç edirsiniz.

- Anladım, doktor.

- Əgər istəyirsiz, burdan tam sağlam qayıdasız, axşamlar o mahnıları dinləyib, səhərlər o şoru yeməlisiniz, - doktor mahnı deyəndə əliylə konsert meydançası, şor deyərkən yeməkxana tərəfi göstərir.

Müqəssircəsinə başımı aşağı dikirəm:

- Aydındı.

- Bilirsiz, özünətəlqin vacib məsələdi, bax mənim pasiyentlərim həmişə yaddaşının pozulmasından şikayətlənir. Əslində, onların yaddaşında problem yoxdu, sadəcə diqqətləri dağınıqdı. Diqqəti bərpa eləmək isə insanın öz əlindədi. Bəzi psixiterapiləri özünüz də edə bilərsiz. Çox sadədi, gözünüzü yumub sakitcə fikrinizi toplayın və öz-özünüzə bir neçə dəfə təkrarlayın: “Mən sakitəm, məni heç nə narahat eləmir!”

Həkim sözləri elə aramla, elə səs tonuyla tələffüz edir ki, elə bil bu qaradinməz, ərik qaxı kimi qupquru adam dünyaya ancaq bu sözləri bu şəkildə demək üçün gəlib.

- Doktor, gedə bilərəm?

- Bəli, dediklərimi unutmayın!

Pilləkənləri düşəndə həkimin səsi qulağımda cingildəyir:

- Özünətəlqin çox vacib məsələdi.

***

Amfiteatra oxşayan açıq meydançanın kənarlarına köhnə, taxtaları çürümüş skamyalar düzülmüşdü. Skamyalar hamısı doluydu. Hətta kənd toylarındakı kimi ətrafda ayaq üstdə dayanmış adamlar da vardı. Müğənni qadın “Mənim balam bal dadır” mahnısını oxuyur, ortalıqda orta yaşlı, orta qarınlı bir kişi vur-çatlasınla oynayırdı. Adamın üstündə Allah var, o bədənə rəğmən çox gözəl rəqs edirdi. Bütün əzaları, hətta mən deyərdim, üzünün bütün mimikasıyla oynayırdı.

Mənim aşkım bal dadır, bal dadır.

Ancaq məni aldadır, aldadır.

Küsdüm ondan, ayrıldım, ayrıldım,

Ağlayır, pis haldadır, haldadır.

Mən o biri həyatımda nə bu cür mahnı eşitmiş, nə də belə rəqs eləyən adam görmüşdüm. Ona görə də həvəslə baxırdım.

Arada Xəzangül əyilib qulağıma pıçıldadı ki, bəs bu oğlan naxçıvanlıdı. Otaq yoldaşım ətimi yesə də, sümüyümü çölə atan deyildi, camaat arasında əməlli-başlı mənə sahib çıxırdı. O biri həyatımda kimin hardan olmasıyla bağlı çox məlumatsız olmuşdum, o üzdən başıma gəlməyən qalmamışdı, ona görə də bu dəfə bərk-bərk yadımda saxladım.

Ortalıqdakı adam köynəyi tamamilə islanıb bədəninə yapışana qədər oynayandan sonra bir dəstə bazburutlu kişi səhnəyə varid olub onu dövrəyə aldılar, “O, Naxçıvandır, nəqşicahandır” mahnısına bir az ağır-ağır fırlanıb, vəziyyəti qaydaya salandan sonra çıxdılar. Rəqqas yerlilərini ( yadıma düşdü, adı Eyvaz idi) də götürüb apardılar.

Sonra oyuna başqa dəstə girdi. “O göy dondakı” mahnısına oynamağa başladı. Sözçüm Xəzəngül bu dəfə də izahat verdi ki, ortada oynayan Şirvanlı həkimdi, o birilər də onu yerliləridi. Doktorun da haqqını yeməyək, ağır-ağır tam milli koloritlə oynayırdı, dabanı üstə fırlana-fırlana elə süzürdü ki, şairin də, bəstəkarın da o “eyvandakı” ,“göy dondakı” əndamıyanmış haqqında ifadə edə bilmədiyi bütün incəlikəri çatdırırdı.

Otaq yoldaşım yeri düşdükcə mənə bir para başqa mətləbləri də anladırdı. Kimin kimlə, nə vaxt, hansı mahnını niyə oynamasının məram və məqsədlərini. Bunlar da mənim o biri həyatımda yatsam, yuxuma da girməyən şeylərdi. Amma siz Xəzangülün qulağıma pıçıldadığı sözlərin mövzumuzdan nə qədər uzaq olduğunu təxmin etməmiş olmazsız, ona görə də bu barədə nəinki danışmağı, heç ucundan-qulağından nəsə anlatmağımı da yəqin ki, istəməzsiz.

Nəsə göy dondakı qızın da məsələsi həll olduqdan sonra ortaya bir dəstə cayıl girdi, deyəsən, bunlar yığma komandaydı. “Aynadan gözəl, aynadan” mahnısını (burda artıq mənim də “quldur qanım qaynadı”, mahnı əməlli-başlı sümüyümə düşürdü) çaldırdılar, elə oynamağa başlayacaqdılar ki, bir kişi ortalığa çıxıb DJ -ə yaxınlaşdı və musiqini susdurmağı işarə etdi. Sonra da mikrofonu inamla əlinə alıb (belə məclislərdə mən mikrofondan dolu tapança kimi qorxduğumdan, adamın cəsarətini alqışlayıram), danışmağa başladı.

Özünü ədəbiyyatsevər adlandıran natiq gəncliyində yazdığı şeirlərdən başlayıb Səməd Vurğunun Dürrəyə olan sevgisinə qədər uzun və dağınıq bir nitq irad eləyəndən sonra həyatının ən böyük mərdimazarlığına imza atdı. Sözü hörmətli şairimizə verdi.

Hələ ədəbiyyatsevər mikrofonu əlinə alanda profilaktika məqsədilə psixiterapiyaya başlamışdım: “Mən sakitəm, məni heç nə narahat eləmir”. “Tətikdəki tapança” şairə ötürüləndə isə özünütəlqindən birbaşa Allaha yalvarmağa keçdim.

Şair damarları çıxmış boynunu irəli uzadıb indicə yazdığı, hələ də buğlanan şeirini oxumağa başladı. Şeir müəllifin dumduru sevgisindən bəhs edirdi, and içirəm ki, çox diqqətlə qulaq asmışdım. Amma keçirdiyim qorxu və xəcalət hissinin təsirindəndir ki, indi sizə bircə misrasını da misal gətirə bilməyəcəm. Bədbəxtlikdən oynamaq arzusu gözündə qalmış o qəzəbli dəstə də başımın üstündə dayanmışdı.

- Alə, alə söhbətə bax, mən ölüm.

- Alə day- day qızıl xırdalayır.

- Day-day, yaxçü, bəsdüginən, əgübdü.

Sərin axşam mehi, həzin fon musiqisi, qoca şairin şövqlə oxuduğu sevgi şeiri, başımın üstdə dayanan cavanların zarafatları və bütün bunların fonunda əriyib yerə keçməyə hazır olan, oturduğum skamyanın kənarlarından bərk-bərk yapışıb qəhr olan mən. Bu dəqiqə meşədə qatil bıçağıyla ölmək daha asan gəlirdi, nəinki bu qaqaşların dilinə düşmək. Bilirəm, indi bu qarışıqlıqda siz də bir tərəfdən az qalırsız deyəsiz ki, bu axırıncı cümlə də Lermontovun həmin əsərindədir, niyə dırnaq qoymamısan? Heç hənanın yeridi? Lap tutaq ki dediz, mən də qayıdıb deyəcəm ki, bəzi gənc yazarlarımızın sözü olmasın, ədəbiyyatda pastiş deyilən bir şey var. Bəs onda siz nə deyəcəksiz? Heç nə. Yaxşısı budu, elə indidən heç nə deməyin.

Əlqərəz, şair birinci şeiri bitirib, ikincinin töycüsünü tökəndə dözmədim, keyimiş əllərimi skamyadan açıb, ayaqlarım titrəyə-titrəyə nakam dəstənin yanından sivişib aradan çıxdım. Çox həyəcanlıydım. Elə bilirdim, indicə ürəyim partlayacaq, ürəyimdən qanlar axıb yaşıl-yaşıl otları qırmızıya boyayacaq. (Yeri gəlmişkən bu axrıncı cümlə də başqa əsərdəndi, amma deməyəcəm hansından, sizin də əlinizdən qəzəbliyəm, zəhmət çəkib özünüz tapın).

Sonra zəif işıqlandırılmış xiyabanla təkbaşına gedirdim. Arxadan -meydançadan gələn səs-küy sanki məni təqib edirdi. Müğənni “Gəl gedək Qazağa bir salam verək” mahnısını oxuyurdu. Çox güman ki, şair şeirini bitirən kimi bu mahnını sifariş etmişdi və indi də ədəbiyyatsevərlə qarşı-qarşıya oynayırdılar. Mən ortalıqdakı trionu – qara, makiajlı-tatuajlı müğənni qadın, bostan qorxuluğuna oxşayan qoca şair və yastı-yapalaq ədəbiyyatsevər üçlüyünü təsəvvür etdikcə üşənirdim. Sanki alaqaranlıqda -hər ağacın dibində əlisilahlı bir ədəbiyyatsevər, gözüqanlı bir şair, ətli-canlı bir müğənni dayanmışdı.

Nə başınızı ağrıdım, bu fikirlərlə dördüncü mərtəbəyə birnəfəsə çıxdım. Otağıma girib özümü çarpayıya atdım. “Kandid”i balışımın yanından götürüb güzgünün qabağına tulladım. Adyalı başıma çəkib gözlərimi yumdum.

***

O gecə dəhşətli bir yuxu gördüm. Yox, möhtəşəm üçlüklə heç bir əlaqəsi yoxdu.

Gördüm ki, otaqda təkəm, qapı döyülür, içəri iki fərraş girir, hərəsi bir qolumdan yapışıb başlayır məni aparmağa. Dəhlizdə heç kim gözə dəymir, bütün qapılar bağlıdı. Üçüncü mərtəbədə yeganə açıq qapıdan həkimin səsi gəlir:

- Özünətəlqin vacib məsələdi!

Gecələr gözünə yuxu getməyən qoca tarix müəlliməsi yenə foyedəki divanda oturub televizora baxır. Bizi görəndə əlindəki pultu mikrofon kimi ağzına dayayıb qışqırır:

- Şairi aparırlar!

Fərraşlar məni sürüyüb konsert meydançasına gətirir. Meydança adamla doludu. Fikirləşirəm ki, yüz faiz səhnədə dar ağacı qurulub. Qorxumdan gözümü yumuram. Səhnəyə çatanda fərraşlar qolumu buraxır. Əsə-əsə gözümü açıb görürəm ki, Dj-in yerində padşah paltarı geymiş bir nəfər oturub, əlində də mikrofon. Kişi sakitcə mikrofonu mənə uzadır. “Odlu silah”ı əsə-əsə alıram, gözümə əvvəlcə qabaq sırada oturub tum çırtlaya-çırtlaya mənə baxan vızbaş şəkili qız, sonra da kənarda dayanmış qəzəbli qaqaşlar sataşır. Bir-birini dümsükləyirlər. Yəni “alə, dimmüyün, indi dərin sööbətlər eliycək”.

Ürəyimdə son sözlərimi deyirəm: “ Mən Afşinə demişdim ki, son anda mənə Bəzz qalasının xarabalıqlarını göstərsin, o məni sənə, bu miskin varlığı niyə göstərir?” Yəni, Allahdan arzulamışdım ki, məni meşədə cəllad bıçağıyla öldürtsün, o məni bu qaqaşların dilinə niyə salır?”

Elə bu an hadisələr gözlənilməz şəkildə dəyişir. Eyvaz- “Mənim balam bal dadır”ı- oynayan o çopur, pozitiv naxçıvanlı izdihamın içindən çıxıb mənə yaxınlaşır. Əlimə şappıltıyla bir beşlik qoyur. Boynuna sərdiyi cib dəsmalından da anlayıram ki, oynamaq istəyir. Padşah DJ razılıq əlaməti olaraq mahnını tapıb qoyur. Və mən mikrofonu çox böyük inamla ağzıma yaxınlaşdırıb o biri həyatda həmişə həsrətini çəkdiyim gözəl bir səslə oxumağa başlayıram:

Elçilərinə xəbər eylə,

Əgər gəlsə, sizə aşkım,

Domunuzu partdacam mən,

Bomba da padvaldadır, valdadır.

Pozitiv insan nəinki mahnının ritminə, hətta sözlərin hər hecasına uyğun o qədər gözəl oynayır, mahnıyla rəqs elə bütünləşir ki, özümü o biri həyatda heç vaxt olmayacağım qədər xoşbəxt hiss edirəm. Bütün günahlardan təmizlənmiş, haqq yoluna qayıtmış kimi.

# 1277 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #