Gözləyən

Gözləyən
5 sentyabr 2014
# 11:31

Kulis.az Mübariz Cəfərlinin “Gözləyən” hekayəsini təqdim edir.

Ölüm, gəl! Bu həyat bizi öldürdü…

Saib Təbrizi

Səhər yuxudan oyananda heç yeri ağrımırdısa, elə bilirdi ruhu bədənini tərk eləyib…

Amma axır vaxtlar gözlərini ağrısız-filansız açmağı yadına gəlmirdi, deməli, qorxmağa dəyməzdi, ağrıyırdısa, üzü bəriydi…

Son zamanlar düşünürdü ki, oturub gözləməyinə dəyməzmiş, bu dünyadan canısulu getmək məsləhətmiş!.. Elə oğlunun ölüm xəbərini eşidəndə canını tapşırmalıydı, doğrudan-doğruya ürəyinin sancısından nəfəsi kəsilirdi, sinəsinin yanğısı kürəyinə vururdu, ancaq o yanğı, o boğulma eşitdiyi xəbərin içində yaratdığı alovun yanında öləzik bir qığılcımdı. Yəqin elə buna görə dözdü, qayıtdı geri…

Atəşkəsdən sonra fikirləşirdi ki, dava yorğan davasıymış, bu müharibə, qan-qada oğlumun başında çatlamaq üçünmüş.
Bəlkə də peşmançılığa dəyməzdi, oğlu könüllü getmişdi cəbhəyə. Döyüşən ya şəhid, ya qazi olmalıydı. Oğlunun bəxtinə şəhidlik düşmüşdü…

… Daha taleyi ilə barışmışdı, nə ürəyində ağrı, sıxıntı qalmışdı, nə də baxtını qarğıyırdı, əksinə tez-tez dodaqaltı: «Yazıya pozu yoxdu», - təkrarlayırdı. Yazan yaxşı bilirdi işini. Bəndələrin ağlı kəsmirdi. Ağlı kəsmək üçün qanadları çıxmalıydı, uçmalıydılar. Yerə pərçimlənib fani dünyadan dördəlli yapışanlar elə bu dünyadan gözüyumulu da gedəsidilər. Gəlimli-gedimli dünyada yazılanları yaşamaq qalır Adəm övladlarına. Bəzən ömür deyilən sınaq bitib tükənmək bilmir. Kim deyir ki, həyat şirindi? Xeyirə-şərə, acıya-şirinə kim möhürünü vurub?

Srağagün pilləkəni enib blokdan həyətə çıxanda sürüşmüşdü, ayağı sınsaydı bugününə şükr eləyərdi. Belə çıxır nisbidi hər şey. Həm nisbidi, həm qaranlıq…

Yaxşı ki, qonşular köməyə gəlmişdilər, qaldırmışdılar onu, o da dükana getməkdən vaz keçmişdi. Üç gündü evdən çıxmırdı. Ən salamat yolu seçmişdi. Xırda-para çay-çörək bazarlığına üzbəüzdəki qonşunun oğlunu göndərirdi, insafən qonşunun məktəbli oğlu üzüyolaydı, onun sözünü çevirmirdi, üstəlik sevincək yollanırdı qulluğa. Ancaq deyəsən əldən də zirək idi, hesabda kəf gəlirdi ona. O uşağa zaval yoxdu, gələcəyi parlaqdı. Gələcək həqiqətən gəlsə… Gələcəyə çatmaq üçün neçə dolanbacdan keçmək, neçə səhər açmaq lazımdı. Gözləyə-gözləyə qocalırsan və peşman olursan. Gələcək İsgəndərin ayağının altındakı daşlar kimidi. Götürən də peşman olur, götürməyən də… Sabahı ümidlə gözləyib səhəri ertələyən də peşmandı, yarı yolda qalan da… Amma yarı yolda qalanın peşmançılıq çəkib çəkmədiyini bilmək, daş-tərəziyə qoymaq ruhu bədənində olanların işi deyil, çünki onların o tərəfə əli, ağlı çatmır. Bəlkə indi oğlunun vəziyyəti onunkundan min pay yaxşıydı? Bəlkə oğlu doğrudan-doğruya göyün yeddinci qatında kef çəkirdi? Hər halda göyün yeddinci qatı çoxdandı yuyulub təmizlənməyən ikigözlü, üfunət, kəsafət iyi gələn uçuq-sökük mənzildən gözəl olmalıydı.

«Min ilin ölüsündən bir günün dirisi irəlidi», - niyə deyiblər bəs? Hə, noolsun deyiblər. Lap başların daşa döyüblər. Əstəğfürullah, Quran ayəsi-zad deyil ki, deyilənlər. Deyiblərsə, məlum məsələdi ki, bir neçəsi deyib, deyənlərin arasında uzaqgörəni də olub, başdanxarabı da. Şərikli arvad almaq müşkül olduğu kimi, müştərək kitab yazmaq da bekara əziyyətdi. Bir yerdə futbol oynamaq olar, müharibə eləmək olar, döyüşmək olar, ancaq fərdi ağıl zamanında birlik, çoxluq kara gəlməyəcək. Müəllifi çox olan kitabda oxunaqlı heç nə tapmayacaqsan. Çünki ağılın üstünə ağıl gəlmək olmaz. Necə ki, şahmat fərdi oyundu. Dərin ağıl tələb olunan məsələlərdə kollektivləşmə bəri başdan uğursuzluğa gətirməlidi. Ataların bir səhvini də aşkarladı: «Ağıl ağıldan üstündü»… Xeyr! Ağıl ağıldan ona görə üstün ola bilməz ki, ağılları müqaisə eləməyin özü ağlasığmazdı. Şübhəsiz, ağıllı dərrakəli adamlar var, sarsaqlar, dəlilər var, amma ağıllı ilə dəlini müqaisə eləyən üçüncü ağıldı, «kənar hakim» yoxdu. Həm də dəliliklə dahilik arasında fərq cüzidi. Bax belə… Gəl bundan sonra de ki, ağıl ağıldan üstündü. Həqiqətə yaxın bir məsəl axtarırıqsa, belə deyilməlidi:

«Ağıl ağıldan fərqlidi…» O qədər fərqlidi ki, müqayisəyə gəlməz.
Yəqin tənhalığın yaratdığı adətdi, çünki əvvəllər ürəyində öz-özü ilə danışıb uzun-uzadı filosofluq eləməzdi, axır zamanlarsa bir-birini çəkən fikirlərə elə aludə olurdu ki, bir də özünə gəlib pəncərədən boylananda görürdü, gün batıb. Gecə yuxusu ərşə çəkiləndəsə şahmat oynayırdı. Düzdü, nə qaxaca dönmüş, bir dəri, bir sümük titrək barmaqları ilə fiqurları hərəkətə gətirməyə heyi vardı, nə də şahmat taxtası… Ondansa beyninə girənləri kağıza köçürmək yaxşıydı, amma çoxdandı əlinə qələm almamışdı, əlləri əsdiyindən xəttini özü də oxuya bilmirdi. Hayıf ki, cavanlıqda mənasız şeylər girmişdi başına, başına girənlərdən iri kitablar yazmışdı, bu gün o kitabları oxumağa həvəsi qalmamışdı, elə gözünün nuru da həvəsinin tayıydı. Bəlkə belə olmağı qanunauyğunmuş; ən dəyərli fikirlər yazılmayanlardı, ani açılan güllər kimidi, qəfil açılır, tezcənə solur. O gülün, o qönçənin bir də haçansa açılacağını gözləmək bezikdiricidi, gözlənilmədən, əlini üzüb ümidini itirəndə açılacaq lapdan və yenə ovcunda heç nə qalmayacaq, gözünü yumub açınca özünə gəlib qımıldanmağa macal tapınca solacaq…

Ancaq indi şahmat oynamaqdan ötrü ona heç nə gərək deyildi, taxtasız-fiqurlarsız beynində qururdu oyunu. Əvvəlindən axırınacan… Qeyri-adisi buydu ki, ikiləşə bilirdi, tamam ayrı adamlar kimi, bir-birinin qurduğu tələdən xəbərsiz rəqiblər kimi düşünürdü. Beyni, ağlı, şüuru bədənindən, əl-ayağından sədaqətliymiş. Yaddaşından da şikayətlənmirdi, lakin xatırlamağa rəngarəng hadisə tapmırdı. Yaşlaşdıqca həyatının ən maraqlı olayları adi görünürdü ona, arvadının ölümünü də, oğlunun şəhid olmağını da pozula bilməyəcək yazı kimi qəbul eləyirdi, sakitcə taleyi ilə barışmaqdan ögzə çarə yoxdu. Həm də oğlu özxoşuna seçmişdi taleyinə düşəni, bilirdi medalın iki tərəfli olduğunu və əslində o da anlayırdı oğlunun qərarı niyə verdiyini. Bilə-bilə qarışmamışdı. On il evli olan oğlu yaşı qırxı ötəndən sonra dözə bilmirdi. Səbrin də həddi-hüdudu var! Həzrəti-Musa deyildi ki, qırx il tab gətirəydi. Əslində müharibəyə getmək ən yaxşı çıxış yoluydy. Ölüm təhlükəsi arvadının istehzasının yanında toy-bayramdı. «Hə, hamiləyəm, elə bilirdin mən ömrümün sonunacan «qız» qalacam? Mənim nə təqsirim, günah səni evləndirənlərdədi…».

Elə oğlu da sandığa bənzəyirdi; üç gün, üç gecə nə çörək yemişdi, nə çay içmişdi, üzüqoylu düşmüşdü çarpayıya. Ər-arvad ona yaxınlaşmağa ürək eləməmişdilər, elə ayaqüstü yataq otağının qapısından oğrun-oğrun boylanmışdılar arabir. Gəlin «sandığı» çarpayıya yıxıb həmişəlik getmişdi…

Sonra «sandıq» çarpayıdan qalxıb döyüşə yollanmışdı. Sonra kişinin arvadı dünyasını dəyişmişdi. Kişinin bircə təsəllisi qalmışdı, «nəvəsinin» doğulmasını gözləyirdi. Səbrsizliklə, narahatlıqla gözləyirdi. Gəlinin üzünü görməsə də xəbərini eşidirdi, öz hesabıyla «baba» olmağına az qalırdı. Kişi özünü elə inandırmışdı ki, külli-aləm yığışa onu «babalıq» titulundan məhrum eləyə bilməzdi. O körpə gec-tez onun evini tanıyacaqdı, böyüyüb onun çırağını yandıracaqdı. Qalanlar mənasızdı, kim nə qeyir desin. İt hürər, karvan keçər. Gəlininə qarşı kin-küdurəti də yoxdu, üstəlik gedib üzrxahlıq eləmək istəyirdi, evinə gətirmək istəyirdi. Gözləyirdi «nəvəsi» doğulsun, sonra işləri düzüb qoşsun. Ancaq «nəvə»sinin əlində Əzrailin qılıncı varmış. Dünyaya gəlməkdən vaz keçib geriyə dönməyi bir yana, anasını da özüylə aparmışdı…

… Bədən zəiflədikcə, can ağrıdıqca yaddaşın keçmişi güzgü kimi əks elətdirsə də baxmağa həvəsin qalmır. Özünü qonaq hiss elədiyin yerdən çox qonaq gedəcəyin yer barədə düşünürsən, arzulayırsan ki, ölüm son olmasın, cavanlıqda axirətə dırnaqarası, nağıl tək baxsan da illər keçdikcə daha əhatəli götür-qoy eləyib axırda əlacsız-əlacsız köksünü ötürürsən. Yox, o, özünü qorxaq saymırdı. Ancaq kim öz ayranına turş deyər? Doğrudan-doğruyamı bu dünyadan kişi kimi ayrılıb yekəxana-yekəxana qapını çırpmaq zülümdü? Qapını çırpmaq yox, astananı keçmək çətindi, qapı öz-özünə bağlanacaq, onu çırpmağa ehtiyac yoxdu. Vay ondan ki, keçid qurtarmaq bilməyə. Rəhmətlik anası iflic olmuşdu, dili də tutulmuşdu. Bircə gözləri, baxışları diriydi, bir də ürəyi döyünürdü qaydasınca. Üç il yataq xəstəsi olan anası öləndə o, əməlli-başlı sevinmişdi. Anasının otağından dərman iyi gəlirdi, sidik iyi gəlirdi, xəstəlik iyi gəlirdi, ölüm iyi gəlirdi və üç il ərzində həmin qarışıq tünd qoxu bütün otaqlara yayılaraq mənzili başına götürmüşdü. O astanada düz üç il gözlədi anası, üç il qapını səssiz-səmirsiz taqqıldatdı, ağrıyıb zarıyan xəstə deyildi. Heç inildəmirdi də… Bu sarıdan bəxti kəsmişdi. Yoxsa, gecəni də rahat yata bilməyəcəkdi.
«Anam əziyyət çəkir, yazıq arvad ölsəydi, canı dincələrdi» - neçə dəfə dilini dinc saxlaya bilməyib arvadına demişdi. Düzdü, kefli olmuşdu, hər dəfə belə deyəndə.

O vaxtlar tez-tez içərdi başını qatıb dərdini unutmaq üçün. Həqiqətən anasına yazığı gəlirdi, lakin bu qayğıkeşliyin içində öz halına da acıyırdı, öz əzab-əziyyətini də gözünün qabağına gətirirdi. Demə, ömrünü ən əziz adamının yolunda fəda eləmək, lap ucuzu, canını əziyyətə salmaq ancaq və ancaq stress vəziyyətlərdə mümkünmüş. Özündən kəsib başqasına calamaq dildə, sözdə asandı. Sözdən işə keçəndə məsələ qəlizləşir. Xatirələri kimi yuxusu da korşalmışdı, gecə yarıdan keçənəcən yata bilmirdi, yuxu aparandasa heç vaxt rastlaşmadığı naməlum adamlar görürdü. Bəlkə də tanıyırdı yuxuda gördüklərini, sadəcə, unutmuşdu. Ya da həmin adamlar qiyafələrini dəyişmişdilər. Nə yuxularından çəkinirdi, nə də gördüyü adamların çöhrəsindəki vahimədən təşvişə düşürdü, əksinə, yuxu görmədiyi gecələr səhər oyananda içini narahatlıq, təlaş bürüyürdü. Heç olmasa yuxudakılar vardı, Allah yuxunu da ona çox görmüşdü, gündüzləri danışmağa tamarzı qalan, qapısını kimsə açmayan qoca hara, kimə pənah aparaydı? Bircə Tanrı dərgahı qalırdı, o yolun əzabı bəri başdan gözünü qaraldırdı. Anası kimi yataq xəstəsi olmasa da, yay-qış mənzilindən həmin qoxu, həmin başgicəlləndirici iy gələrdi. Amma qoca indi həmin qoxuya öyrəşmişdi, bunu adi və təbii hesab eləyirdi. Əsl zırıltı qabaqdaydı; o öləndə xəbər tutan olmayacaqdı, meyiti nəinki mənzilini, binanı başına götürənəcən iylənəcəkdi. Bir neçə dəfə üzbəüzdəki qonşusu eyham vurmuşdu ki, gəl daşı ətəyindən tök, mənzilləri birləşdirək ağsaqqal kimi, böyüyümüz kimi yaşa bizimlə. İstəsən heç mənzilləri də birləşdirməyək, elə vəsiyyətnamə yazmağın bəsdi. Hamımız xətrini istəyirik, arvad-uşaq başına dolanacaq, bir sözünü iki eləyən tapılmayacaq, son günlərində arxayın yaşayacaqsan, Allah sənə yüz il ömür versin, ancaq ölüm haqdı, əcəldən qaça bilməzsən, oğlun şəhid oldu, torpaq uğrunda qurban getdi, bütün cümə axşamları «Yasin» oxuduram ona, hamımızın ürəyi dağlandı, kimdi özxoşuna sinəsini güllə qabağına verən, ancaq sənin kimi kişinin oğlu belə qeyrət yiyəsi ola bilərdi, Allah onun yerini behiştlik eləsin, bəlkə o dünya burdan min pay yaxşıdı, darıxma, alnına nə qədər yazılıb yaşa, öləndə yerdən layiqli götürəcəm səni, ehsanından, üçündən, yeddindən, qırxından, cümə axşamlarından nigaran olma, hamısını yerli-yerində yola verəcəm, kişiyəm mən, söz ağzımdan çıxdı, başıma tapança dirəsələr də eləməliyəm.
«El elə sığar, ev evə yox…» - cavabı qonşusuna çatmadığından barmağını tavana tuşlayıb davam eləmişdi: «Bir Allah bilir kimin başına nə gələcək, kim nə qədər yaşayacaq…».

Bir həftə sonra qonşusunu maşın vurmuşdu, yazıq hələ də axsayırdı. Qoca qonşusuna qarğış-zad eləməmişdi, lakin düzünə qalsa, həmin kəlmələr dilindən çıxanda istəyirdi onun başına nəsə bir pislik gəlsin. Bir-iki saatdan sonra bu söhbəti tamam unutmuşdu. Əvvəldən kin-küdurət nə olduğunu bilməzdi, heç kəslə işi olan deyildi, heç evdə də düz-əməlli səsi çıxmazdı, dindirməsən danışmazdı. Amma deyəsən ildə-əyyamda bir kərə danışanda aləm bir-birinə dəyirmiş. Təsadüfən qonşusunu görəndə həmin söhbət və ürəyindəki kinə, nifrətəbənzər toxum yadına düşürdü, rəngi qarışmış bulanıq gözlərini yana dikib baxışlarını qaçırırdı. İnsafən qonşu daha «alqı-satqı», «ölüm-itim» söhbəti eləmirdi, dalağı sancmışdı, nədəndisə qoca ilə ağızucu salamlaşıb mürəxxəs olurdu, yaxşı ki, qoca havalar soyuyandan qonşusunu görməmişdi. Qapını kəsən qış qarşısıalınmaz sel kimi qabağına çıxanı dağıdıb evlərə, mənzillərə soxulmuşdu, şəhərin sağalmaz xəstəliyi baş qaldırmışdı; işıqlar tez-tez sönürdü. Şam işığında qocanın ürəyinə xof dolurdu, küləyin pəncərələri döyəcləməsinə sevinirdi ki, dünyanın axırı deyil, ətrafda həyat əlaməti var, yenə səhər açılacaq, kəsərsiz, solğun günəş də görünəcək göy üzündə. Əslində dünyanın sonunun gəlməyi qocanı qorxutmamalıydı, onun öz axırına bir şey qalmamışdı, ancaq yarıqaranlıq otaqdakı şam işığında gözü divara vurulan qədim, iri, ovalvari güzgüyə sataşanda doğrudan-doğruya vahimələnirdi, arıq, ətsiz qıçları tirtəyirdi, dairəvi stolun arxasındakı rəngi getmiş taxta stulda qurcalanıb qorxduğunu gizlətmək üçün yalandan bir-iki ağız öskürürdü, yalançı öskürəyin ardınca əsl öskürək tuturdu onu, boğulanacan, gözləri yaşarıb sir-sifəti qıpqırmızı qızaranacan öskürürdü, nəfəsi təngiyirdi, sakitləşəndəsə iliyinə işləyən soyuq qəfil canından çıxırdı, bədəninə isti tər gəlirdi, çünki güzgüdəki qaraltı əl eləyib pıçıltıyla onu çağırırdı, qoca aram, uzada-uzada deyilmiş pıçıltını aydınca eşitsə də – özgə vaxtı qulaqdan ağır olurdu – qadın, yoxsa kişi səsi gəldiyini ayırd eləyə bilmirdi. Gələn səsi ayırd eləməsə də həzin söz gicgahının damarıyla bərabər beynində ritmik şəkildə təkrarlanırdı: «Gəl…» Və qoca mütiliklə qalxıb güzgüyə yaxınlaşırdı, diqqətini cəmləşdirirdi ki, güzgüdə gördüklərini ayırd eləsin, onu çağırmaqdan usanmayan sirli-sehrli səsin yiyəsini tanısın. Onları tanımaq müşküldü, çünki qoca yaxınlaşdıqca güzgüdəkilər uzaqlaşırdı, nəhayət, qoca «sərhədə» çatırdı, başı güzgüyə dəyirdi, amma güzgü həmişəki deyildi, kövrəkdi, qoca sağ ayağını irəli atıb güzgünü keçirdi, bu nədi xudaya, güzgünün arxasında divar-zad yoxmuş, uzun yarıqaranlıq tuneldi. Qoca addımlarını yeyinlədib irəlidəki qaraltılara çata bilmirdi ki, bilmirdi. Qaraltılar elə «gəl» - deyə-deyə səssiz addımlarla gedirdilər, gözü qaranlığa alışsa da ətrafda, yan-yörədə heç nə sezə bilmirdi, deyəsən, maraqlı, baxımlı bir şey də yoxdu. Bu cansıxıcı, darısqal yolda qocanı irəli yeriməyə vadar eləyən nəydi? O qaraltıların səsi niyə belə cəlbedicidi? Axı səsin özündə zərrəcə amiranəlik, əmr-filan gurlamırdı, həzin, melodik, musiqili, şairanə səsin gücü-qüdrəti hardandı? Səs öz yerində, irəli yeriyə-yeriyə əllərini divara toxundurmaq istəyəndə divar «geriləmişdi». Əlləri boşluqda qaldığından az qala müvazinətini itirib yıxılacaqdı. Deməli, burda, bu ucsuz-bucaqsız tuneldə heç nəyə toxuna bilməzdi? Səmtini dəyişib divara çatmaq istəsəydi, yenə mənasız, bekara əziyyətdi, bu yolun sonu, qurtaracağı yox idi, sonsuzluğacan getsə də mənzil başına çatmayacaqdı. Bu yol öz anlayışını itirmişdi, hardan harasa getmək üçün deyildi, dairəvi, halqavari fırlanğıcdı, dayananda görəcəkdi ki, elə çıxdığı, irəliləməyə başladığı yerdədi. Bu yolun sonsuzluğu nöqtəvi olmasında idi.

Qoca bu uzun ömründə saysız-hesabsız kitablar oxumuşdu, beş-on kitab yazmışdı, elm öyrənmişdi, elm öyrətmişdi, amma sinli çağında mat-məəttəl qalırdı, özünə gələndə görürdü ki, güzgünün önündə dayanıb, burnu güzgüyə yapışdığından bumbuzdu, güzgü də kövrək-zad deyil, elə həmənki, həmişəki güzgüdü.
Bu hadisə tez-tez təkrarlanırdı, qoca sayı-hesabı itirmişdi, çünki saymaqdan bezib adi və sadə bir nəticəyə gəlmişdi: qocalıq bir şey deyilmiş!..

Xoşbəxtlik, bədbəxtlik yeddimərtəbəli mücərrəd anlayışlar olsa da, qoca xoşbəxtliyin harda gizləndiyini tapmışdı. Ən xoşbəxt adam anadan müdrik doğulandı. O mərtəbəyə addım-addım gedəndəsə axırda peşman olursan ki, hər şeyi qazanmısan, amma heyf, xərcləməyə imkanın, vaxtın olmayıb…

Bəlkə stulda əyləşdiyi yerdəcə mürgüləyirdi, yaşa dolduqca lunatikə çevrilmişdi, yuxulu-yuxulu gedib dururdu divardakı güzgünün düz önündə? Axı oğlu, arvadı öləndən bir dəfə də yuxusuna girməmişdi, röyada gördükləri tanımadığı adamlardı. Lap güzgünün o üzündəkilər kimi… Yuxudakıları görürdü tanımırdı, güzgüdəkilərin üzünə qaranlıq çökmüşdü, sifətləri, çöhrələri qara pərdə arxasındaydı. Adətən əcəl bu dünyada ciddi bir işi qalmayanların, ölümüylə özündən sonrakılara cığır qoyanların başının üstünü alır. İlk baxışdan müəmmalı görünsə də gəldiyi fikrin düzgünlüyünə şübhəsi qalmamışdı, ancaq bu qənaətinə görə mübahisəyə-filana girişməzdi özlüyündə. Cavan öldün, qoca dəyişdin dünyanı dəxli yoxdu, belə lazımdı, vaxt-vədə tamamdı, işin başa çatıb, bu bir qırağa, əgər həqiqətən beləydisə, deməli, onu nə isə saxlayırdı, hansısa məsələ yarımçıqdı, hansı kərpicsə qoyulmamışdı. Qoca sağa-sola çox çək-çevir eləyirdi, intəhası, neyləsin bədəni yerə köçmürdüsə, ruhu göyə uçmurdusa, deməli, nəyisə başa vurub son nöqtəni qoymamışdı. Di gəl, o nöqtə üçün baş sındır. Onsuz da tapmayacaqsan. Hər şey öz-özünə tamamlanacaq, əvvəl-axır sonluğa yetişəcəksən, lakin bilməyəcəksən bunu, xəbər tutmayacaqsan bundan, ağlın kəsməyəcək. Əlini qızdıranın od olduğunu başa düşməyəcəksən…

«Nə sərsəmləyirsən, qoca kaftar, qurdla qiyamətə qalmağında gizlin heç nə axtarma, torpaq götürmür səni…».

Öz-özüylə rəqib kimi şahmat oynamağı bacaran, hərdənbir öz-özüylə acı, kinayəli zarafat da eləyə bilirdi…

İllər ötüşdükcə yaşantılar adama nağıl tək gəlirmiş, kino kimi görünürmüş, adi tamaşaçı sayaq öz həyatının yadda qalan fraqmentlərinə baxırsan və baxdıqca öz soyuqqanlılığına mat-məəttəl qalırsan, guya baş verənlərin sənə zərrəcə isti-soyuğu yoxdu, ümumiyyətlə, sən bu filmin qəhrəmanı deyilsən. Zaman ona görə bütün yaralara məlhəm qoyur ki, ömrün ayrı-ayrı dövrlərində, yaşın müəyyən mərhələlərində düşüncə, fikir ipi qırılır. Məsələn, iyirmi beş-otuz yaşlarındakı adam yetmişi ötəndən sonra ətraf aləmdəki olaylara ayrı cür baxır, həm də yeniyetməlik, cavanlıq çağlarından qocalığa qədəm qoyanacan fikir, düşüncə ipi bir neçə dəfə qırılır. Bəziləri bu qırılmanı, bu dəyişməni, bu çevrilməni hiss eləmir, duymur, lakin daxildəki və xaricdəki dəyişiklikləri hamı anlasaydı, istiylə-soyuğun, ağla-qaranın nə fərqi olacaqdı? İnsan bir ömrün içində bir neçə ömür yaşayır. Qırılma, çevrilmə məqamı, yaxud məqamları, hərəni başqa-başqa vaxtlarda haqlaya bilər. Hərənin öz qəlibi var axı… Əgər belə deyilsə, keçirdikləri niyə ağrıtmırdı, incitmirdi, yaxud sevindirmirdi qocanı? Oğlunun ölümünə də təbii baxırdı. Onu daşürəkli, başdanxarab hesab eləyə bilənləri yerində oturtmağa qadir idi. Əlbəttə, mübahisəyə, çənə-boğaza həvəsi olsaydı. Ancaq bundan sonra heç kəsə heç nəyi sübut eləmək, başa salmaq fikrində deyildi. Ömür adamlardan ayrılanda sehrlənir, bənzərsizləşir. İstər-istəməz get-gedə tərki-dünya həyat sürürdü. Bu həyatın, bu qismətin özünəməxsus çalarları, öz ləzzəti vardı. Ən azı gəldiyin ağlasığmaz, kəlləmayallaq fikirlərə görə heç kəsə hesabat vermək, heç kəsi anlatmaq, başa salmaq gərək deyildi. Həm də təklik adamı hamıdan hündürə qaldırır, yalnız tək-tənha, guşənişin ömür sürən sonda ətrafındakılara yuxarıdan baxır. Demə, müqəddəslər meşələrə, ormanlara, dağlara, dərələrə nahaq yerə, boş-boşuna çəkilməyiblərmiş. Cəmiyyət arasında yalnız cəmiyyətə oxşamaq olar. Görəsən, qoca hal-hazırda kimə, nəyə bənzəyirdi?

Gündüzlər güzgüyə az baxırdı, təsadüfən-təsadüfə, gözü güzgüyə sataşandan-sataşana. Kefi yuxarı olanda kirpiksiz göz qapaqlarını bir-birinə toxundurub göz vururdu güzgünün qabağında və aparıq bədəninə, qırışmış sir-sifətinə, napnazik, «spiçka» ayaqlarına baxıb gülümsünürdü. İstəyirdi albomu qabağına qoyub cavanlıq şəkillərinə baxsın. Arabir baxırdı da… Amma o şəkillər ruhunu, canını isidib heç nə xatırlatmırdı, elə bil tanımadığı, özünə dəxli olmayan fotolara tamaşa eləyirdi.

Lakin gözlənilmədən ürəyi qəfilcə sancan dəmlərdə həmişə uşaqlığı yadına düşürdü, hər dəfə eyni səhnə gözünün önünə gəlirdi.

«Niyə ağlayırsan, balası?» - keçəl başından istilik keçirdi, sanki yenə neçə il əvvəlki isti, doğma əl onun pərqu kimi yumşaq saçlarını sığallayırdı.

«Qorxuram…» - o, burnunu çəkirdi.

«Nədən?»

«Ölməkdən…»

Və cavab əvəzinə ürəyi sancan qocanın qulağına kövrək gülüş, zərif, qəhqəhə gəlirdi. Səsin əbədiliyinə şəkk-şübhə ola bilməzdi, qoca uşaqlığından gələn gülüşü apaydın eşidirdi. Vəssalam, başqa heç nə ona doğma görünmürdü. Ayrı-ayrı məqamlar yadına düşsə də, olmuşlar özgələşmişdi…

İndisə ölümdən qorxmurdu, uşaqlıqda ölümdən qorxmağı gülməli gəlirdi qocaya. Hardasa oxumuşdu ki, insan qocaldıqca həyatdan dördəlli yapışır, ölümdən daha çox qorxur. Özünə qalanda bunun əksini düşünürdü. Adam yaşa dolduqca ölümə daha hazır olur, ölümü daha asan qəbul eləyir, çünki qocalıq ölümə, o biri dünyaya hazırlıqdı. Ömrün elə anı gəlir ki, bu dünyanın o dünyadan ayıran sədd, sərhəd itib gedir. Sakit ölüm, rahat əcəl o an adama şirin görünür, hüdudsuz rahatlıq adamı əbədilik qoynuna alır. Ondan sonrakı olaylara həqiqətən yuxarıdan baxacaqsan, heç bir ağrıya inciməyəcəksən, sevincə, xoşbəxtliyə laqeydləşəcəksən, doğrudan-doğruya dayanıqlı olacaqsan. Külək, yağış, isti-soyuq dünyanın rəngini dəyişsə də, sənə toxuna bilməyəcək. Demə, ölüm adamı qüdrətli eləyirmiş, bu dünyayla o dünyanın sərhədində addımlayanda qorxmağa, çəkinməyə, xoflanmağa, vahimələnməyə dəyməzmiş. Başlanğıcdan xəbər tutmadığı kimi sonda da yuxulu olacaqdı. İnsan getdikcə ona görə uşaqlaşır ki, çevrə qapanmağa yaxınlaşır. Son nöqtə həm axırdı, həm də başlanğıc…

Bir az canısulu olsaydı, uzun-uzadı düşünüb-daşındıqlarını kağıza köçürərdi. Demək, belə məsləhətmiş. Haçansa kimsə onun fikirləşdiklərini yazacaqdı. Vaxtı gələndə… Ancaq indi ki, ömür sürürdü, yəqin hansısa işi qalmışdı bəridə, qurtara bilməmişdi hələ. Bəlkə üzü yaza gedəndə, havalar qızanda məlum olacaqdı? Ölümü fikirləşib beyni boş-boşuna yormaq xərifləməkdi. Əcəl vaxtında gələcəkdi, gələndə ondan icazə almayacaqdı.
Hələliksə gözləyirdi və yaşayırdı. Bəlkə də əksinə, yaşayırdı və gözləyirdi…

2002

# 851 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #