Babaş – Şərif Ağayardan YENİ HEKAYƏ

Babaş – <span style="color:red;">Şərif Ağayardan YENİ HEKAYƏ
16 noyabr 2015
# 12:00

Kulis Şərif Ağayarın “Babaş” hekayəsini təqdim edir.

Rayon uşaqları bizi - tarix fakültəsinin tələbələrini mərkəzi küçədə boy sırasına düzən günün səhəri universitetdə əməlli-başlı biabır olmuşduq. Hamı lağa qoyurdu bizi. Bircə Babaş həmişəki kimi sinəsini qabağa verib şəstlə yeriyirdi. Çünki o, nadinc rayon uşaqlarından qorxmamış, onlara boyun əyməmişdi. Biz mağıllamışdıq amma. İçlərindəki çatmaqaş, göygöz oğlanın ayağı ilə cız çəkib: “Bax burda durun!” - deməsi bəs eləmişdi ki, “maladoy” əsgərlər sayaq sıraya düzülək. “Yox, boy sırasıyla!” – söyləmişdi çatmaqaş-göygöz, dalınca “Sən ora, sən bura” - deyib əmrlər vermişdi. Bax o an Babaş qəfil bizdən aralanıb küçə yenişə ağır-ağır irəliləmişdi. Arxadan ha çağırsalar da vecinə almamışdı. Göygöz-çatmaqaş Babaşın dalınca baxıb dodaqlarını gəmirə-gəmirə qalmışdı. Qanı o qədər qaralmışdı ki, bizimlə yaxşı məzələnə də bilməmişdi. Rayonun daxili davranış qaydaları haqda bir-iki vacib tapşırıq verib mürəxxəs eləmişdi: “Qızlarla ikilikdə yol getmək olmaz!”, “Filan həyətin yanından keçəndən bərkdən gülüb danışmayın!”, “Aralıq küçələrə dəstəylə girməyin!” və s.

Göygöz Moskva alverçisiydi. Ətrafındakı cavanlarla birlikdə beş-altı maşında fırlanırdılar. Özü də deyilənə görə, nəşə çəkirdi. Çox əzazil baxışları vardı. Ondan elə şeylər danışırdılar ki, rastlaşanda canımıza vəlvələ düşürdü. Guya hirslənib öz qardaşını bıçaqla doğramışdı. O, belədir! Hirslənəndə gözünə heç nə görükmür. Heç milis də bacarmır onunla. Nə dedisə, gərək yerinə yetirəsən, yoxsa rayonda baş çıxara bilməzsən.

Universitetimiz bu balaca rayon mərkəzinə təzəcə köçmüşdü. Bizim şəhərdə müharibə gedirdi. Ali məktəbi müharibə bölgəsindən çox aralamırdılar ki, əhali arasına təşviş düşməsin. Şəhərətrafı bir neçə rayon işğal olunmuşdu. Biz qalan rayonun da bu gün-sabah köçəcəyini deyirdilər. “Universitet köçsə, camaat elə biləcək bura da əldən gedir” – rəhbərliyin fikri belə idi – “Dözməliyik!” Bax bu dözmək feilinin içindəki ən çətin iş heç vaxt ali məktəb və tələbə görməyən rayon əhalisi ilə dil tapmaq idi. Oğlan tələbələrə kirayə ev vermirdilər, küçədə onlara sataşırdılar, qızlara söz atırdılar, maşınla dallarınca düşürdülər. Hətta bəzən qaçırırdılar da! Bəzənsə orta məktəbi yenicə bitirib test üsulu ilə təsadüfən buraya düşmüş on altı-on yeddi yaşlı qərib-kimsəsiz uşaqları heç bir səbəb olmadan yol kənarında saxlayır, məzələnir, hətta pul-paralarını, gözəgəlimli geyimlərini əllərindən alırdılar. Fağır tələbələr qorxudan milisə də şikayət etmirdilər.

Tələbələr arasında “rayon uşaqları” ifadəsi quldur, başkəsən, xuliqan sözlərinin sinonimi kimi işlənirdi və nəinki üzlərini görəndə, adlarını eşidəndə də qanımız qaralırdı. Nə sirr idisə tələbələrə tez-tez “ilişən”, sənəd-sünədinə baxan, bəzənsə qulaqlayıb qərargahlarına aparan, müharibəylə qorxuzub pulunu alan hərbi polisin ucaboy, yaraşıqlı zabitləri də rayon uşaqlarına dəyib-dolaşmırdılar. Rayon uşaqları ayrı silkin nümayəndələri idilər və tələbələrə, gəlmələrə ikinci dərəcəli məxluq kimi baxırdılar.

Babaşla eyni qrupda oxuyurduq. Amma məndən hardasa beş-altı yaş böyük idi. Əsgərliyini çəkmişdi. Onu ilk dəfə dərslər başlanan gün universitetin foyesində görmüşdüm. Görmüşdüm və qaya parçasına bənzəyən bu ortaboy, qara-qıllı oğlanı heç cür tələbəyə oxşatmamışdım. Fəhləyə, müəllimə, sürücüyə... heç kimə bənzəmirdi. Uzağı qəssab köməkçisi, ya da at oğrusu çıxardı ondan. Bizimlə eyni auditoriyaya keçəndə məlum oldu ki, tələbədir və bizimlə eyni qrupdadır. Həmin gün dərs-filan keçilmədi. Eləcə beş il bir yerdə oxuyacağımız qızlarla-oğlanlarla və təbii, müəllimlərlə tanış olduq. Universitetin yığışdığı sınıq-salxaq texniki peşə məktəbinin binasından Babaşla birlikdə çıxdıq. O çıxan-bu çıxan heç ayrılmadıq. Mən təklif elədim ki, peşə məktəbinin yaxınlıqdakı yataqxanasında otaq axtaraq, deyilənə görə, əl altdan tələbələrə satırdılar. Babaş sakitcə gülümsədi, dedi, narahat olmayım, o, ucuz və rahat kirayə ev tapıb, ikimiz də qala bilərik. Və o gündən biz həm də otaq yoldaşı olduq.

Qəribə arxayınlığı vardı. Elə bil görünməz bir qüvvə əlini onun kürəyinə qoymuşdu. Nə imtahanlardan qorxurdu, nə tez-tez rayonda “ablava” keçirən hərbi polisdən, nə də rayon uşaqlarından. Rüşvətxor müəllimləri də saymırdı heç. Dərslərin çoxuna girmirdi. Qiymətlərini tappatap yazırdılar. Pulsuz-pənəsiz... Hələ istəyəndə uşaq-zad da tapşırırdı. Bir neçə çətin imtahanda mənə də kömək eləmişdi. Onun qoçaqlığına həsəd aparırdım.

Tüklü bədəni, əzələli qolları, gər səsi vardı. Yerişindən hiss edirdin ki, biləkdən babatdır. Hərdən danışanda gözlərini bərkdən yumub açır, nəfəsiylə burnunu təmizləyirmiş kimi sərt hava buraxırdı. Fınxırırdı, demək olar. Xüsusən hirslənəndə. Və bu göz qırpmaları, bu fınxırmalar Babaşa çox, həm də çox yaraşırdı. Onun qeyri-adi gücü və iradəsi ilə bu qəribə vərdişləri arasında sirli bir əlaqə olduğunu düşünürdüm. Arada özüm də Babaşın bu qəribə jestlərini yamsılayıb güc-iradə toplamağa çalışırdım. Alınmırdı. Mənimki bircə oxumaq idi. Qalan işlərdə fağırın fağırıydım. Hətta bir dəfə hərbi polis məni qulaqlayıb “ablava” avtobusuna basmışdı. Nədi-nədi tələbə biletimi unudub evdə qoymuşdum. Qanunla tələbələri müharibəyə aparmırdılar. Buna görə biletin həmişə üstündə olmalıydı. Biletin yoxsa, demək, yalan deyirsən, tələbə deyilsən. Halbuki məni qrup yoldaşlarımın arasından götürmüşdülər, qrup qızları dalımca şivən salıb ağlamışdı. Özüm də möhkəm qorxmuşdum. Çünki dəfələrlə “ablava”ya düşüb səngərə basılan uşaqların ölüm xəbərini eşitmişdim.

Qərargahda siyahı üzrə bölüşdürüb heç bir təlim-filan keçmədən cəbhə bölgəsinə yollamağa hazırlaşırdılar ki, gözümə nisbətən mərhəmətli görünən bir zabitin üstünə ağladım. Dedim, mənim heç 18 yaşım tamam deyil, bir az gözləyin, tələbə biletimi yəqin ki, gətirərlər. Ya da adam verin, gedib kirayə qaldığım evdən sənəd-sünədimi götürək. Kimə deyirsən? Sinəmdən basıb o biri “əsgərlər”in arasına itələdi. O an Babaşın qarağuş kimi şığıdığını gördüm. İçəri keçib nə etdi, kiminlə danışdı, bilmədim, geri qayıtmağıyla məni də götürüb küçəyə çıxmağı bir oldu. Taksiyə minib evə gəldik. Bütün bu həngaməyə bircə kəlməylə yekun vurdu: “Qorxdun?” Heç cavabıma da qulaq asmadı. Çarpayının altındakı qantelləri götürüb idmana başladı. Belə idi. Ən sevdiyi məşğuliyyət qantellərlə əzələ yığmaq idi. Desəm ki, mən bu dəlixana rayonda Babaşın əzələlərinin hesabına fırlanırdım, sizi aldatdığımı düşünməyin. Mənə qalsa, o, idman-zad eləmirdi, bu hərəkətlərlə həmin o izah eləyə bilmədiyim fövqəltəbii enerjiylə irtibata girirdi. Yəqin universitetə də o gücün hesabına qəbul olunmuşdu. Yoxsa kitaba-dəftərə zərrəcə aidiyyatı yox idi. Bəlkə heç hərfləri də düz-əməlli tanımırdı.

Qrupdan Güldəstə adlı qızı sevirdi.

Bəli, burda qeyri-adi heç nə yox idi. Amma məsələ bu idi ki, Babaşın sevdiyi qız yerliydi, özü də çox gözəliydi. Babaşın onu sevməsi hardasa, kimsəsiz bir zəncinin Nyu-Yorkun mərkəzində yaşayan ağdərili əsilzadəyə vurulmasına bənzəyirdi. Yuxuda darı misalı. Düzdü, Güldəstə - biz ona Gülü deyirdik – sadə qızıydı, bizimlə qaynayıb-qarışmışdı, amma zahirən Babaşa heç uyğun gəlmirdi. Çox incə və zərifiydi. Həm də sarıyanız... Rus qızlarına oxşayırdı. Deyəsən, ana tərəfdən ruslara qohumluğu vardı. Babaşa reaksiyası: sıfır! Elə bil adam deyil də, bir şkafdır auditoriyaya qoyublar. Babaşsa bundan qəti narahat deyildi. Deyəsən, o qeyri-adi güc dostumu qəti şəkildə əmin eləmişdi ki, narahat olma, qız sənlikdi!

Bir dəfə həmin gər səslə mənə dedi:

“Bircə dəfə öpsəm, hər şey bitər!”

“O nə deməkdi?” – təəccübümü gizlədə bilmədim.

“Öpdüyüm qız durub başqasına ərə gedəcək? Hahaha!” – elə əminliklə söylədi ki, əlim üzümdə qaldı.

Və işin ən qəliz tərəfi - Gülünü bir həmyerlisi də sevirdi. Yalan-gerçək deyirdilər göbəkkəsdilər. Di gəl, onları bir yerdə heç vaxt görməmişdik. Gülü də təhər-tövründən dehliyə-filana oxşamırdı. Barmağında üzük də yox idi. Üzük yoxdu vəssalam, Babaşa hava xoş idi.

Babaş özündən çox 40-cı illərdə sovet hökumətinə qarşı döyüşmüş babasından danışırdı: Qaçaq Məhəmməddən. Həm də elə böyük şövqlə danışırdı ki, gözləri parıldayırdı: “Deyilənə görə mən ona oxşamışam!” – fəxrlə gülürdü. Əslində gülmürdü, sevinirdi, qürrələnirdi. Açığı mən belə bir qaçaq adı eşitməmişdim. Babaş deyirdi, sovet hökumətinə qarşı vuruşduğuna görə adını çəkmək, yazmaq qadağan imiş, ona görə. Babasından danışdığı əhvalatlar maraqlı idi əslində, amma Babaş maraqlı danışa bilmirdi. Odur ki, o danışdıqca süjetləri beynimdə özüm qurub-qoşmalı olur, axırda yorulub bezirdim. Amma bezdiyimi dostuma hiss elətdirmirdim. Onun qeyri-adi baba sevgisinə ən azı susmaqla, dözməklə ehtiram göstərməyə məcbur idim.

Babaşın təqdimatında Qaçaq Məhəmməd cəsur, mərd, namuslu-qeyrətli, eyni zamanda fağır-fuğaraya həyan olan mərhəmətli bir kişiydi. Bir dəfə hansısa sovet milisi onu öldürmək üçün atəş açır, güllə papağına dəyir, papaq düşür, Qaçaq Məhəmməd qaçır, milis papağı əşyayi-dəlil kimi götürüb özüylə aparır. Gecəylə Qaçaq Məhəmməd həmin milisi tapıb öldürür ki, kişinin papağını – namusunu alıb aparmazlar. Və hökumətə nota verir: papaq geri qayıtmasa hər gecə bir milis öləcək! Hökumət adamları əvvəl inanmırlar. On beş günə on beş milis meyiti ortalığa çıxınca işin qəlizliyini anlayırlar və kişinin papağını geri qaytarırlar.

Babaşın pərakəndə əhvalatlarını uzun müddət beynimdə uc-uca calaya-calaya nəhayət bir gün anladım ki, bizi bu dəlixana rayonda sağ-salamat saxlayan Qaçaq Məhəmməddir! Babaşdakı əminlik və qeyri adi güc, onun üz-göz hərəkətləri və qantel oynatmaları ilə irtibata girdiyi həmin qeyri-təbii enerji Qaçaq Məhəmmədin ruhudur!

“Allah o kişiyə rəhmət eləsin” – lağlandım ürəyimdə. Elə bil içimdən keçəni eşitdi. “Şəkli də var! Bir gün gətirərəm. Sinəsində vəznə, başında həmin buxara papaq!” – göy kimi guruldadı. Və bir gün mənə, dediyi kimi, buxara papaqlı, vəznəli çuxalı bığlı bir kişi şəkli göstərdi. Foto deyildi. Əllə çəkilmişdi. Babaşa da heç oxşamırdı. Onu aşırı dərəcədə nəhəng çəkmişdilər. Mifləşdirmişdilər. Bığları da süni idi: loma bənzəyirdi. Boynu başından enli görünürdü. Ancaq Babaş düşünürdü və hamını inandırmağa çalışırdı ki, babası doğrudan da belə bir adam olub.

“Düdüklər! Qaçaq Məhəmmədin nəvəsinə güc gəlmək istəyirlər!” – universitet üzrə qolbasma yarışında hamının biləyini yerə vuran günün axşamı evdə söylədi bu sözləri. Qaçaq Məhəmmədin rəsmini kitabın arasından çıxarıb sevgiylə baxdı, yuxarı qaldırdı: “Papağa bax eee... Fikir vermişəm, buxara papaq heç kimə belə yaraşmır.” Bu bədheybət və çox istedadsızca çəkilmiş rəsmə, məhz ona heç yaraşmayan buxara papağa, üstəlik Babaşın ayı biləyini xatırladan qıllı qollarına, qalın qaşlarına, avamlıqla parıldayan xırda gözlərinə baxanda qəfil gülmək tutdu məni, özümü güclə ələ alıb öskürdüm. Babaş uzun-uzun heyranlıqla tamaşa edəndən sonra rəsmi kitabın arasına qoydu və təkrar çarpayının altında qantellərini axtardı.

Rayon uşaqlarının bizi sıraya düzməsinə görə mənə heç nə demədi. Səhəri gün universitetdə bizə gülən cayıllara da qoşulmadı. Tezdən dərsə gedəndə göygözgilin məhəlləsindən keçdik. İçim titrədi. Babaşın sifətinə baxdım, inanılmaz dərəcədə soyuqqanlı idi. Laqeydliklə gözlərini qırpırdı. O, gözlərini bu cür qırpanda hiss edirdim ki, beyninin içi bomboşdur. Heç kim və heç nə haqqında düşünmür, heç kim və heç nə onu maraqlandırmır.

Məhəllə sakitlik idi. Yəqin tezdən idi deyə, hələ yuxudan qalxmamışdılar. Yoxsa o göygöz, ilansifət gədənin Babaşı belə asanlıqla bağışlayacağını düşünmək sadəlövhlük olardı.

Qrupdakı qızlar küçədə əsgər kimi sıraya düzülən biz oğlanlara xubunca güldülər. Ən çox da Güldəstə doladı bizi. Və deyiş-gülüşlərinin ən şaqraq yerində “Pravo Babaş!” – deyə qışqırdı – “Sənə halaldı! Əsl kişisən!” Babaş laqeydliklə, hətta bir az da fağırcasına Gülüyə baxdı. İncəcik fınxırıb gözünü qırpdı.

Dərsdən çıxanda...

İlahi!

Yolu kəsmişdilər.

Qırılmışlar az da deyildilər: azı on nəfər.

Qrupda bizə gülən qızlar yanımızdan dinməz-söyləməz sivişib getdilər. Oğlanlar qaldı. Göygöz dünən sıraya düzdüyü tələbələrə baxıb qışqırdı: “Rədd olun evinizə, mənə o tüklü gədə lazımd!”

“Gədə özünsən düdük!” – Babaş nərildədi.

Göygöz əlini toqqasına atıb uzun bir bıçaq çıxartdı, şaqqıltıyla açıb Babaşa tərəf qaçanda yoldaşları onu tutdular. Amma saxlaya bilmirdilər. İxtiyarsız dönüb Babaşa baxdım. Elə əminliklə gülümsəyirdi ki: “İt bağda sərt olur, buraxın, sakitləşəcək” – hırıldadı da!

“Otur maşına, avara, gedək söhbətimizi eləyək!” – göygöz qışqırdı.

“Oturmayanın lap anasına!” – Babaş onun göstərdiyi maşına atıldı. İkisi də maşına dürtülüb rayonun çıxacağına tərəf şütüyəndə qalan uşaqlar da başqa maşınlara doluşdular. Rayon uşaqları hamısı belə idi. Təkbətək deyib, topa gedirdilər. Babaş üçün o qədər qorxdum ki, ürəkləndim və mən də özümü maşınların birinə təpdim. İncəvara düşürmədilər. Tanımadığım yiyəsiz bir yerdə tökülüşdük. Ətraf çiskinlik idi. Yaxınlıqda qamışlıq, qamışlığın o üzündə kanal vardı.

Babaş maşından atılıb kurtkasını çıxartdı, qollarını çırmayıb döşünü qabağa verdi. Üzündə elə bir əminlik vardı ki, elə bil bura böyük bir qoşunla gəlmişdi.

“Götün çatır çıx meydana!” – göygözə baxıb irişdi.

Göygöz maşından düşmədi. Uşaqlardan kimisə çağırıb nəsə dedi. O, iri-sarı faralar vurulmuş qırmızı “Nol on bir”ə oturub rayona tərəf qopuldu. “Nol on bir” qayıdınca uşaqlar Babaşı mühasirəyə aldılar. Ancaq yaxınlaşmağa heç kim ürək eləmədi.

“Hə, nə oldu? İt qorxaqları! İçinizdə bir kişi yoxdu təkbətək çıxsın?” - əsib-sovururdu.

“Darıxma, kişi indi gələcək!” – uşaqlardan hansısa söylədi və söyləyən kimi hamısı gülüşdü. Mən onda başa düşdüm ki, Babaşa əməlli-başlı tələ qurublar. Ola bilsin, bizi öldürüb bu qamışlığa atacaqdılar.

“Nol on bir” qayıtdı. İçindən iki yekəpər düşdü. Bahalı geyinmişdilər. Boyunlarında qalın qızıl sep vardı. Moskva uşaqları idilər, şübhəsiz. Çünki rayonda onlara heç vaxt rast gəlməmişdim. Sepli pəzəvənglərdən biri əlini belinə atıb tapança çıxartdı, ayağa verib Babaşın başının üstündən birini boşaltdı. Babaşın tükü də tərpənmədi. Əksinə, gülümsədi:

“Məni qorxuzursan, malış!” – heyrətdən və qorxudan gülümsədim, ətrafımdakı adamlar da şokda idilər – “Mən Qaçaq Məhəmmədin nəvəsiyəm! Bir papağa görə 15 milisi güllələyən Məhəmmədin! Eşitmisən? Sənin baban heç papaq qoyub başına?”

Silahlı adam yanındakına baxıb güldü:

“Gicdıllaxdı ə bu!”

“Qoy görək...” – o birisi dedi heyrətlə.

“Sən heç ananın üstündə on beş adam tutsan birinə güllə ata bilməzsən! Mən nə iş tutmuşam ki, üstümə silah çəkirsən?!” – göz qırpımında atılıb kurtkasını yerdən götürdü, cibindən balaca bir əl qumbarası çıxarıb fitilini çəkdi, əlində yanpörtü sıxıb rayon uşaqlarına doğru yaxınlaşdı – “Sən öl sizi tikə-tikə eləyib göyə sovuracam!”

Silahlı özünü itirdi, qəlpədən qorunacaqmış kimi əlini irəli uzadıb başını dala çəkdi: “A kişi, bir dayan, noolub belə, bir dayan...”

Mən donub qalmışdım. Elə bil qəfil hansısa döyüş filminin içinə düşmüşdüm. Bir də onda ayıldım ki, Babaş əlindəki qumbaranı sıxılı saxlayaraq adamları boy sırasına düzür. Göygözün yaxasından çəkib darta-darta ən başa apardı. Ən uzunu o idi. Yerinə qoyandan sonra sol əli ilə üzünə yavaşca üç şillə vurdu: “Ağıllı ol! Yoxsa basıb o şümür gözlərinin ikisini bir deşikdən çıxardaram!”

Sonra gəzinə-gəzinə danışmağa başladı:

“Maşının biri mənimlə qalır, qalanınız s...b gedirsiz! Bundan sonra bir də rayonda, ya kənar yerdə sizlərdən mənə sataşan olsa, babamın qəbrinə and olsun, hamınızı bir-bir tapıb doğruyacam! Kak-raz elə on beş nəfərsiz!”

Cəld adamları saydım. On dörd idilər... On beş mənimlə düzəlirdi: “Məni də onlara qatacaq?” – deyə düşünməkdən özümü saxlaya bilmədim və hövlnak irəli atılıb əlimi qaldırdım:

“Mənnən on beşdilər eee!”

Gözücu mənə baxıb ağzının bir tərəfiylə güldü: “Keç bu tərəfə!”

Qaçdım Babaşın yanına. O, qranat tutan əlini sağa-sola ölçə-ölçə danışdıqca indi özü boy sırasında durmuş rayon uşaqlarından biri narahatlıqla xəbərdarlıq edirdi: “Qardaş, onu bərk sıx haa, Allah eləməmiş, boşalsa, partlayar...”

Babaş boynunu uzadıb ona necə nifrətlə baxdısa, adam özünü yığışdırıb susdu.

Babaş deyən kimi oldu.

Hamı getdi, maşınların biri qaldı.

Babaş qumbaranı kanala tolazlayıb partladanda gözləri parıldadı: “İndi yaxşı balıq çıxacaq! Bəlkə gedib yığaq?” – maşının yiyəsinə baxdı. Sürücü qadınsayaq bir ədayla irişib əridi. Babaş onun bu halını görcək çımxırdı: “Maşını xodda ə, matışka!!!”

Rayondan aralanıb xeyli gəzdik, yolüstü pavilyonların birində piti yedik, axşam sürücü bizi gətirib qaldığımız evə qoydu.

Qumbara əhvalatı bütün rayona yayıldı.

Babaşa avtoritet kimi baxırdılar.

Gülünün də ona münasibəti dəyişmişdi, deyəsən.

Bir dəfə məni yanladı:

“Bilirsən, mən Babaşı çox istiyirəm. İgid, qorxmaz, ürəyitəmiz oğlandı. Mənə görə də bir dəfə üstünə silah çəkiblər.”

“Yox a!” – özümdən asılı olmadan səsimi qaldırdım.

“Necə dostsan ki, bilmirsən?!” – Gülünün təhnizindən utandım xeyli. Nə edəydim ki. Mənə heç nə deməmişdi. Gülü davam elədi - “Mənim allahvurmuş bir dehlim var axı. Eşidib ki, Babaş məni istiyir, axtarıb bunu tapıb. Uşaqlarla çayxanaların birində “razborka” ediblər. Bir başdanxarab qohumum tapança çıxarıb, dirəyib Babaşın alnına, deyib bu saat söz ver ki, o qızı yaddan çıxaracaqsan. Babaş deyib, mümkün deyil, öldürsəniz də əl çəkməyəcəm. Sonra qohumum özü mənə danışdı olanları. Dedi, tələbə yoldaşın çox igid oğlandı. Sənin yerinə olsam bu səydərəşə yox, ona ərə gedərəm.” – Gülü gülümsəyib duruxdu – “Amma, aramızda qalsın, mən bibim oğlunu sevirəm, o da məni...” – gözlərini süzdürdü – “Universiteti bitirən kimi evlənəcəyik”.

“Pox yeyir!” – Babaşın qantel oynada-oynada Gülünün dedikləri üçün mənə verdiyi cavaba baxın. Dalınca qətiyyətli bir səslə: “Qaçırdacam!”

Diksindim.

“Evlərini də tanıyıram, hansı otaqda yatdığını da bilirəm! Kürsülüdü evləri. Pəncərədən rahatca girib götürəcəm...”

“Dəlisən?” – havalandım.

“Bə nə!” – gülümsədi əminliklə, fınxırıb əlavə elədi – “Dost-tanışa bu cür yeddi-səkkiz qız qaçırmışam, indi hərəsinin beş-altı uşağı var, deyirsən özümə arvad ala bilməyəcəm?!”

Və bir gecə həqiqətən də getdi...

Tanımadığım bir neçə dostuyla...

Səhərə yaxın əliboş döndülər. Yeyib-içib yatdılar. Səhər yoldaşları yola salıb qayıtdı. Mən dərsə gedirdim, o, getmirdi. Yenə qantellərə cumdu.

Qoltuğumda kitab-dəftər evdən çıxhaçıxda dözməyib soruşdum:

“Nooldu axşam?”

“Getdim, pəncərəni açdım, otağa girdim, amma bacarmadım.”

“Oyandılar?” – maraqdan öləcəkdim az qala.

Qantelləri dayandırmadan fınxırdı:

“Yox, divardan bir tüfəng, yanında da buxara papaq asılmışdı. Papaqdan keçə bilmədim.”

Qapının ağzında sustaldım, kitab-dəftər qoltuğumdan yerə töküldü.

# 1212 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #