Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Çinarə Ömrayın “Hamiləlik testi” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.
Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.
Məqsəd Nur
Mən bu hekayəni bəyəndim. Xüsusilə dil, üslub ritmikdir, tərz fərqlidir, yenidir. Dialoqlar təbiidir. Lakin süjet xətti inkişaf etdikcə hekayəçilik və dialoqlar sosial şəbəkə statuslarını xatırladır. Hə, axı bütün bu maneralar qəhrəmanımızın vecsiz tipinə aiddir, xarakteridir, ağrısı, gizlin etiraflarıdır, yuxudur... Heç də pis deyil. Məncə, müəllif daha çox mövzuya, hekayənin ötürəcəyi konkret mesaja fokuslanaraq əvvəldə başladığı tərzin bir ucunu sona yaxın itirib, yaxud, sadəcə bu qədər bacarıb. İstənilən halda, bu müəllifdə nasir istedadı, fərqli yazı manerası var.
Pərviz Cəbrayıl
Çinarə Ömrayın bu hekayəsini çoxdan oxumuşam. Daha doğrusu, redaktoru mənəm. Bir hekayəni redaktə edirəmsə, demək ki, orda nəsə var. Ona görə mən bir yazıçı kimi Çinarənin özü haqda nəsə deməyi üstün tuturam. Çinarə istedad sarıdan yarımış yazıçıdı. Təbiət bunu ona səxavətlə verib, ancaq tənbəllikdə də səxavətini əsirgəməyib. Çinarə həmin tematika və həmin üslubda yazan çox yekə görünən yazıçıların kitab-dəftərini əlinə verə biləcək gücdədi. Tənbəllik dedim, əslində, sosial qayğılar və başqa problemlər üzündən yazmağın az qala imkansız olduğu bu çağda tənbəllik bəlkə də ən böyük təsəllidir. Yoxsa adamın ürəyi partlardı. Çinarəni oxuyanda ümidlənirəm. Onunçün yox, hələ özümçün də. Mən də yazmaq istəyirəm. Təki canı sağ olsun, ümidimizi kəsməsin...
Aqşin Yenisey
Bu hekayə mənə nədənsə alman yazıçısı Günter Qrassın "Tənəkə təbili" romanının qəhrəmanını xatırlatdı. Böyümək istəməyən Oskarı. Bəlkə, abort olunan uşaqlar da bu dünyaya gəlmək istəməyən oskarlardır. Bəlkə, biz onların qərarını icra edirik? Ədəbiyyat bu cür suallara cavab vermək imkanlarına sahibdir. Real olmayan bir realizmdir bu. Çinarənin hekayəsi də belə bir realizm nümunəsidir. Mövzu yenidir, amma təhkiyə, üslub bir az köhnə kimi gəldi mənə, sanki, Kafkanın gündəliyindən nəsə oxudum. Bunun özü də Çinarənin uğurudur.
Mübariz Örən
Çinarə həyatda olduğu kimi mətndə də pozitivdir; ən ağrılı mövzularda belə nikbinliyini əldən qoymur, çətinliklərin üstünə gülərüz gedir. Qəhrəmanın "dördxətli hamiləlik testi" əlində eskolatora mindiyi (?) yerə qədər hekayə fərqli bir stendap (Stand Up) təsiri bağışladı və o yerdə ağlıma gəldi ki, istəsə, Çinarədən əla porodist mətnçisi çıxar. Hekayədə qoyulan məsələ həmişə aktual olsa da, müəllifin təqdimatı, yanaşması fərqlidir; sənətkar ideyanı tam yetişməyə qoymayıb; qıdıqlayıb, çimdikləyib, dikaşağı buraxıb. Yaxşı da eləyib: bu da çinarəsayaq həlldir.
Cavid Zeynallı
Çinarə Ömraydan oxuduğum ilk hekayədir. Haqqında xüsusi heç nə deyə bilməyəcəyəm. Mənə görə yaxşı əsər təhlilə gələn əsərdir, onu mənalandırmaq olur. Və əlbəttə, təsirləndirir. Təəssüf ki, bu hekayə haqqında eyni şeyləri deyə bilmirəm. Sadəcə, aborta qarşı olan maarifləndirici mətn.
Qəşəm Nəcəfzadə
Yaxşı hekayədir. Həm ideya baxımından həm quruluş, həm də təhkiyə baxımından. Qadınların hər gün “vuruşduqları” mövzudur. Ona görə müəllifin hissləri təbiidir, hadisəni, özü demiş, içdən yaşayıb. Yazıçının “vuruşu” orijinal bir sonluqla nəticələnir.
“Hərəsi öz həqiqətlərinin ortasına düşdülər” uşağın dilindən deyilən bu cümlə doğuluş kimi səslənir və hekayədə qoyulan əsas məsələnin həqiqətinə çevrilir.
Doğuluş və vuruş arasındakı an; hamiləlik testinin dörd xətli olması, metro hadisəsi, qaranlıq tunel və sonra göyün bir qatı (?), həmin qatdan insanın yer kürəsinə yuvarlanması maraqlıdır. Mahiyyətdə; dünyaya gələnlə mübarizə aparmağın yolu abortdur və biz bunu bilirik, amma doğulmaq istəyinin yaşamaq üçün vuruşduğundan xəbərsizik. Hekayənin əsas ideyası: doğulmaq üçün vuruşdan başlayır. Çox adam elə bilir ki, doğulmaq istəyənlər gücsüzdür. Belə deyil, əslində.
Güclü olanlar doğula bilirlər və onlar hekayədən göründüyü kimi, hətta vuruşurlar. Uşağın dilində; dayandıqları və uçduqları yerə göyün bir “bir qat”ı deyilir. Əsasən göyün yeddi qatı ifadəsi işlədilir. Alimlərin dediyinə görə, ruh göyün yeddinci qatından gəlir. O, gəldiyi hər qatda müəyyən enerji qatlarına bürünür (altı, beş, dörd, üç, iki, bir qatı) və ana bətnində körpənin yeddinci ayında başının əmcək hissəsindən bədənə daxil olur və uşaq o an tərpənir. Öləndə də yenə həmin yerdən ruh çıxır və həmin qatlarda (bir, iki, üç, dörd, beş, altı, yeddi qatı) hardan nə götürmüşdüsə “soyunub” yenidən yeddinci qatda dayanır.
Başqa bir misal: din alimlərinin dediyinə görə, Yerdən Veneraya qədər bir; Veneradan Merkuriyə qədər iki; Merkuridən Günəşə qədər üç; Günəşdən Marsa, yaxud yenə Yerdən Marsa qədər dörd; Marsdan Yupiterə beş; Yupiterdən Saturna altı; Saturndan daha sonra isə yeddidir ki, sonradan kəşf edilmiş olan Uran və Neptun planetləri və gələcəkdə kəşf edilməsi mümkün olanlar da bu yeddinci hüdud içərisindədirlər. Məncə doğuluş üçün mübarizə birinci qatda yox, yeddinci qatda getsəydi daha maraqlı olardı.
Mənə elə gəlir ki, hekayənin əyni bir az nazikdir, tənqid qarşısında üşüyür, dolu, tutumlu deyil o qədər. Dil və cümlə quruluşu baxımından daha da ətə-qana doldurmaq lazımdır. Məsələn aşağıdakı cümlənin ifadə tərzi xoşuma gəlmədi.
“Otaqlar sıxır məni. Evimizi elə bil kimsə bizə dörd il qabaq iki ölçü böyük satmışdı ki, gələn il də geyinərsiz”.
Sonra uşağın birinci qatda qadına dediyi cümlələr başdan-ayağa didaktikadır. Bu hekayəni zəiflədir.
“- Bax ora, mənəm o. Məktəbə gedirəm. Mən dünyanın ən çox bilən uşağı olacaqdım. İki yaşımdan danışmağa, gəzməyə başlayacaqdım. Mənə görə eviniz olacaqdı, bütün həyatınız dəyişəcəkdi. Bütün sıxıntılarınızın xilaskarı idim mən. Minlərlə adama həyat verəcəkdim, kömək olacaqdım. Siz tək məni yox, başqa adamları da öldürdünüz”.
Və uşaq dərs danışırmış kimi yenə davam edir:
“Alim olacaqdım, alim. Neçə-neçə əlacsız dərdin dərmanı da məndəydi…”
Uşaq belə deməmliyidi ya hiss etdirməliydi, ya da bir detalla elə göstərməliydi ki, oxucu (mən) heyrətlənəydi.
Alpay Azər
Hekayənin ideyası əslində maraqlıdı, müəllif abortu pisləyən bir mətn yazıb, yaxşı da edib. Amma süjet xətti mənə nədənsə, adi gəldi, metrodakı hadisə, uşaq və qız arasında baş verənlər sürrealist elementləriylə bir yerdə çoxumuzun bildiyi şeylərdi. Hərçənd, son cümlə - "O mənim qanımdı. Al mən də səni öldürəcəyəm, - deyib, qəfildən məni durduğumuz bulud təpəsindən üzü dünyaya itələdi…" əladır. Süjet xətti də bu cümlə qədər maraqlı olsaydı, hekayəyə əla demək olardı. İstənilən halda, bu mətnə zəif hekayə demək olmaz.
Nadir Yalçın
Təzə hekayədi. Çinarə sinəgenişliyi ilə yazır. Hekayə simvollarla zəngindi və əsas, süjetin qənaəti var.
Narıngül Nadir
Əvvəla bunu qeyd edim ki, Çinarə Ömray maraqla oxuduğum imzalardandır. Hekayələrində xüsusi bir avtobioqrafik xətt keçir ki, oxucular adətən bu xətti daha çox “ürəyəyaxın” hiss edirlər.
“Kulis.az –da də yayımlanan “Hamiləlik testi” hekayəsində də Çinarə öz ədəbi ənənəsinə sadiq qalıb. Bu hekayənin qəhrəmanı da o biri hekayələrdə olduğu kimi birinci şəxsin təkində danışır. Bir haşiyə çıxım ki, hərdən mənə elə gəlir birinci şəxsin təkində yazan yazarlar daha tez tükənir və fantaziya qurmaq cəhətdən kasıb olurlar. Təbii ki, bu onların istedadına və oxucu sevgisinə dəlalət eləmir.
Çinarə Ömrayın bu hekayəsi əvvəl yazdıqlarından fərqlidir. Mətn bir qədər geniş fantaziyaya hesablanıb, müəllif özündən kənara “yad planet”ə çıxa bilib. Uğurlu eksperiment edib. Hekayədə bətnindəki körpəni məhv edən qadının keçirdiyi psixoloji travmadan bəhs edilir. Artıq məhv edilmiş körpə anaya əməlli-başlı dərs keçir, onun sarsıntılarından “həzz alır”. Körpənin məhvi həm də planetin, ətrafdakı insanların məhvi, qaranlığa gömülməsidir. Mövzu olaraq çox aktualdır. Təbii ki, bu mətni ancaq qadın müəllif yaza bilər və Çinarə qadın qəhrəmanının psixoloji durumunu oxucuya anlada bilib. Ümumilikdə isə hekayəni bəyəndim.