Sualları cavabsız qoyan müəmmalar şairi Ramiz Rövşən

Ramiz Rövşən

Ramiz Rövşən

15 dekabr 2022
# 15:00

Kulis.az Şəlalə Göytürkün Xalq şairi Ramiz Rövşənin 76 yaşına ithaf etdiyi yazını təqdim edir.

Ramiz Rövşən poeziyası: İrfan, mistika və modernizmin sintezi

Məlum olduğu kimi, SSRİ-də ötən əsrin 60-cı illərindən başlayan mülayimləşmə dövrü ictimai həyatın, demək olar, əksər sahələrində, o cümlədən, sənət və ədəbiyyat cameəsində də sosrealizm şərtlərindən kənara çıxan müstəqil düşüncənin meydana gəlməsinə şərait yaratdı. Dövlətin sənət üzərində total nəzarətinin azalması ədəbiyyatın da qismən nəfəs almasına səbəb oldu.

Dövrün ideoloji yüklərindən və bütlərindən qurtulub azad sənət yaratmağa iddialı olan 60-cılar ədəbi nəslindən sonra həmin dönüş xəttini daha tünd rənglərlə 70 -cilər davam etdirdilər. Bu dalğanın Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə kimi nümayəndələri öz yaradıcılıqlarında həyat, ölüm, varlıq, zaman kimi əbədi problemlər üzərində fəlsəfi axtarışlara başladılar, ədəbi qəhrəmanın mənəvi-psixoloji dünyasının dibinə, dərinliyinə enməyə cəhdlər etdilər. Şübhəsiz qəbul olunan fikirlərdən biri də budur ki, dövrün dekadans əhval-ruhiyyəsini əks etdirən bu poeziya üçbucağının Ramiz Rövşən qanadı daha çox kütləviləşib populyar oldu.

Açıklama yok.

Ramiz Rövşən hər şeydən öncə fəlsəfə şairidir. Bu səbəbdəndir ki, ölüm - həyat, sevgi - nifrət, şüur – materiya (Poeziyada daha çox ruh – cisim) kimi klassik fəlsəfi problemlər şairi daim məşğul edir.

Onun poetik cazibəsinin sirri nədədir? Nədən hətta şeir sevməyən adi insan belə R. Rövşəni oxuyanda onun təsiri altına düşür? Həqiqətənmi Ramiz Rövşən kainat kimi genişlənmək potensialında olan fəlsəfi düşüncəsini Şərq simvolizminin məhdud çevrəsi ilə qapayıb? Bir şeirində “Allahın qulusan, qoru Allahı” tezisini ortaya atan şair, nədən başqa bir əsərində “insan Allahdan böyükdür” antitezini irəli sürür? Bəs Ramiz Rövşən poeziyasında təsəvvüf, mistika, realizm və neoklassika ədəbi axınları hansı formada sintez olunur?
Çoxlu sualları olan və çox sualları cavabsız qoyan müəmmalar şairi Ramiz Rövşəndən danışacağıq.

Neosufizm: “Ramiz Rövşən” cərəyanı

Ramiz Rövşən poeziyası ədəbi-fəlsəfi düşüncə istiqamətinə görə çoxspektrli və mürəkkəbdir. Bu səbəbdən onun yaradıcılığını konkret prinsipləri olan bir ədəbi cərəyana, yaxud hansısa “izm”ə aid etmək çətindir. XX əsrin dinamik ədəbi axınları içərisində Ramiz Rövşənin poeziyasına, ümumilikdə, Şərq klassikasının (Füzuli ənənəsi - ruhani metafizika), Azərbaycan-türk folklor sənətinin (dastançılıq, qoşma, gəraylı ) və müasir Qərb cərəyanları olan neosimvolizm, ekzistensializm, eləcə də magik realizmin sintezi kimi baxa bilərik.

Heca vəznində yazdığı şeirlərlə klassik Şərq poeziyasına yeni nəfəs verən Ramiz Rövşən XXI əsrdə Füzuli irfanını dirçəldərək müasir oxucuya yeni poetik qiyafədə təqdim edir:

“Hələ batmamışıq min-min günaha -
Mənim balam, vaxtdı daha,
bu dünyadan gedək, gedək,
bir gözəl üzlə gedək
Tanrının qapısına...”

və ya:

“Bəxtim açıldı bu sabah,
Göydə uçan şeirimə bax!
Axır ki ucaldım, Allah,
Mən də gördüm ucaları...”


Sufi-irfan fəlsəfəsinə görə şeirdə sözü gedən ucalığa cismani təmasla deyil, yalnız ruhani yolla yetişmək mümkündür. Bu məqam isə real dünyamızda yox, axirətdə baş tutur. Lakin bu ucalığa qalxmaq da hər kəsə nəsib olan səadət deyil.

Böyük sufi Füzuli deyirdi:

Ey könül, yarı istə, candan keç,
Səri-kuyin gözət, cahandan keç!

Ya təmə kəs həyat zövqindən,
Ya ləbi-ləli-dilsitandan keç.


Mülki-təcriddir fərağət evi,
Tərki-mal eylə, xanimandan keç.

Laməkan seyrinin əzimətin et,
Bu xərab olacaq məkandan keç.

Etibar etmə mülki-dünyayə,
Etibari-ülüvvi-şandan keç.

Əhdi-dünyanın olmaz axirəti,
Gər bunu istər isən, ondan keç.

Məskənin bəzmgahi-vəhdətdir,
Ey Füzuli, bu xakidandan keç!

Beş əsr sonra Ramiz Rövşənin də qəhrəmanları “mülki dünyayə etibar etməyəcək, bu xərab olacaq məkan”dan keçəcəkdi:

Aylar keçdi, günlər keçdi,
Dünya məndən kimlər keçdi?

Görən hardan gəlirdilər,

Deyirdilər, gülürdülər,

Məni görüb yüyürdülər,

qalan qaldı, keçən keçdi.

Mən görəndə diriydilər,

bu tabutlar haçan keçdi?!.

...Bəs bu kimdi görən, Allah,

gündüz bilməz, gecə bilməz.

Məndən özgə yol tanımaz,

məndən özgə küçə bilməz.

Keçər bağrımın başını

ağrıda-ağrıda keçər.

Keçər gözümün yaşını

axıda-axıda keçər.

İçimdə çapar atını;

İçimdə tapar suyunu,

İçimdə tapar otunu,

İçimi-içalatımı

dağıda-dağıda keçər,-

Otuz ildi keçər məndən,

keçər, keçər, keçə bilməz...

Dayan dincəl, atam oğlu,

daha gecdi deyəsən.

Sən keçincə, atam oğlu,

ömrüm keçdi deyəsən.

Mən də keçdim yer üzündən,

elə bil ki, bir iynənin

gözündən keçdim – getdim.

Mən də keçdim özümdən,

özümdən keçdim getdim.

Doğrudur, verilən nümunələrdə Füzulinin “keçməyi” ilə R.Rövşəndəki “keçmək” zahirən, ayrı - ayrı mənalarda işlənmiş kimi görünür. Ancaq Ramiz Rövşənin şeirindəki poetik sonluqla Füzulinin irfani ruhu sintezləşir və nəticədə hər iki eşq şairi eyni məram uğrunda “candan keçirlər”.

Beləliklə, XXI əsrdə, bədii ədəbiyyatın kiberpank dövründə R.Rövşən bizi öz idrakının zaman maşını ilə qədim çağlara, orta əsrlərə aparır. O, bu səyahət boyu oxucunu təsəvvüflə cəzb edir, irfan sərxoşluğu ilə havalandırır, sufi metafizikası ilə nəşələndirir, Tanrı kölgəsinə bürüyür, İsa nəfəsinə isindirir, Füzuli məqamına qərq edir, Nəsimi mərtəbəsinə yüksəldir, Tanrı əmanətini (ruhu) yiyəsinə (Tanrıya) əvvəldən (Ələst aləmində) verildiyi kimi təmiz, saf qaytarmaq xoşbəxtliyinin illüziyasını yaşadır.


Şair deyir ki:


Bir quşam, bu quşun dəni sevgidi,
Məni dinsiz saymaq günahdı axı.

Dünyanın ən gözəl dini sevgidi
ən gözəl sevgili Allahdı axı...”


Yeri gəlmişkən, burada R. Rövşənin dillər əzbəri olan və bir zamanlar geniş mübahisə doğuran “Nə var Allahdan yuxarı” misrası ilə başlayan şeiri barədə polemik məsələyə aydınlıq gətirməyə ehtiyac duyuruq. İddia olunur ki, şairin öz ruhuna müraciətlə dediyi:

“Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı”


ifadəsi guya, irfani şeirin tələblərini pozur. Məsələ burasındadır ki, şeirdə ruha “sən”, cismə isə “mən” deyilməsinə irad tutanlar, əslində, haqsızdırlar. Çünki təsəvvüf düşüncəsinə görə ölüm ruh ilə cismi biri-birindən ayırır. Ruh Allahın üfürdüyü nəfəsdir və o, allahdangəlmə (əmanət) olduğuna görə də sonda Allaha qayıdacaq. Bədən (mən) isə Adəm övladına, insana aiddir, onun özününküdür, torpaqdan yaranıb və torpağa da dönəcək. Mövlanədən Hüseyn Cavidə qədər uzun bir yol gələn irfan şeirinin bu qanunauyğunluğunu Ramiz Rövşən pozardımı? Əlbəttə, yox!


Hər şeydən öncə ona görə ki, bu dəyişikliyə ehtiyac yoxdur.
Məsələn, şair insanın batinində ruh və can çəkişməsini “Çarmıxdakı İsa” şeirində belə ifadə edir:

“Bu ağrı uzanır bir kəndir kimi
bağlayır ruhumu canıma , Allah.
Ruhum bədənimdən ayrıla bilmir,
uçub gələ bilmir yanına, Allah”.



“Kaş məni adam yox, quş eləyəydin...”

Böyük sufi dərvişi Yunis Əmrə də Tanrıya “uçmaqla” qovuşurdu:

Quru idik, yaş olduq,
Bir-birimizə eş olduq,
Qanadlandıq quş olduq,
Uçduq, əlhəmdülillah”.


Ruhun quş timsalında simvolik təsvirinə həmçinin, Mövlanədə, Nəsimidə, Xətaidə də rast gəlirik. Quş irfan ədəbiyyatında təkcə ruhun metamorfoz halı deyil, həm də ilahi sirrin, transsendent dərkolunmazlığın simvolu kimi də dərk edilə bilər.


Məsələn, Nəsimi özünün
“sirri-ənəlhəq söylərəm, aləmdə pünhan gəlmişəm” fəlsəfəsini
“Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,
“Bu quş dilidir, anı Süleyman bilir ancaq”
formasında ifadə etməklə, elmsiz, hazırlıqsız insanın onu anlaya bilməyəcəyinə işarə vururdu.
Bu mənada poetik idrakın sirli qatlarında gəzişməyi sevən söz sehirbazı Ramiz Rövşən də Yunis Əmrədən üzü bəri uçan, öz varlığı ilə səmanı (metafizik aləmi) və yeri (maddi aləmi) bütövləşdirən o quşu görməyə, hiss etməyə bilməzdi:

Niyə günün gündüzündə
Quşlar azır göy üzündə?
Göz yaşları quş gözündən
Tökülür dən – dən aşağı?


Kim bilir, bəlkə də şair, o zamandan bu zamana uçan həmin ölümsüz quşun (“Süd dişinin ağrısı”ndakı “ölümsüz sərçə”nin) sirrini açmaq üçün quş dili öyrənmək istəyir?

“İlahi, sən mənə quş dili öyrət,
Uçmağı özüm də öyrənə billəm...”


Bütün bunlarla yanaşı qeyd etməliyik ki, R.Rövşən poeziyasındakı quş obrazının fəlsəfi – simvolik mənası tamamilə açılmır. Müqəddəs ruhdurmu, paralel dünyaların casusudurmu, yer-göy kəsişməsində bir nöqtədirmi, maddi və metafizik aləmi birləşdirən varlıqdırmı? Bunu bilmirik. Çünki R. Rövşən ilahi sehri çözə bilən bir maq kimi hətta Allaha üz tutub “mən sənin sirrini aça bilərdim,
açmıram, beləcə susub gedirəm” deyə bilirsə, yəqin ki bundan sonra quşun da, daşın da, insanın da sirrini açmaz.


Niyə Ramiz Rövşəni “maq” adlandırırıq? Çünki “şair” sözü onun bütün mahiyyətini tam, dolğun ifadə edə bilmir. Şairlik daha çox üzə çıxan zahiri qat, düşüncənin bədii ifadə formasıdır. Ramiz Rövşən isə varlığın sirrini öyrənməkdən ötrü təhlükəli eksperimentlərə əl atan mediuma bənzəyir. Onun ən cazibəli və təhlükəli tərəfi isə poetik ruhunun yoluxucu olmasıdır. Ramiz Rövşənə yoluxan gənc şairin, lap sadə oxucunun belə Ramiz planetinin cazibə oxundan çıxması, öz yolunu tapması çox çətindir.

***
Mübahisəli məqamlardan söz düşmüşkən, bir daha vurğulayaq ki, Ramiz Rövşən ziddiyyətlər şairidir. Həqiqəti daha çox Allah, Şeytan, İnsan üçbucağında axtarmasına baxmayaraq, o, öz platonik idealizminə heç də sadiq deyil, hətta yaradana - Tanrıya münasibətində sabit, monoton mövqe tutmur. Məsələn, təkcə “Allah” şeirində şairin yaradıcı qüvvəyə - Allaha münasibətinin üç halını müşahidə edirik:

“Keşikçisən yerin uca,
Dustağınıq gündüz-gecə,
Dünya adlı bu qosqoca
zindanda Allah”.


Şair burada Allahı nəhəng bir həbsxana sahibi kimi göstərəcək qədər asidir:

“Nə bir dinib-danışırsan,
Nə hal-əhval soruşursan,
Bir ruh kimi dolaşırsan,
hər canda Allah”.


Bu misralarda isə o, hürufi izləri ilə addımlayır. “Bir ruh kimi dolaşırsan, hər canda,” - Yəni, yaratdığın hər bədəndə sənin ruhun təcəlla edir.
Şair yenə eyni şeirdə səmimi bir mömin kimi Allahın kainat üzərində sonsuz hakimiyyətini qəbul edir:

“Sənsən hamının son andı”,
Sənsiz nə varsa, yalandı,
Mələk də sənin qulundu,
Şeytan da Allah”.


Yeri gəlmişkən, şeirdə istifadə olunan “şeytan da Allahın quludur” tezisi diqqəti cəlb edir. Bu fikir sxolastik düşüncənin arxetipləşmiş, şüurlara mismar kimi çalınmış “Allahın istəmədiyi bir şey ola bilməz, ondan icazəsiz bir yarpaq da tərpənməz” düsturunu şübhə ilə laxladır. Əgər Şeytan Allahın quludursa, o zaman Şeytana əmrlər verən də Allah özüdürmü? Dinin bu suala cavabı var, amma görünür həmin cavab sirlər labirintini ələk - fələk edən şairi qane eləmir. Ümumən, R. Rövşəndə bu cür skeptik müəmmalar çoxdur.


R. Rövşən Allahı nə kilsədə, nə məsciddə, nə də Krişna məbədində axtarır, çox güman ki, onun Allahı varlığın mahiyyətində, sonsuz zaman və məkandadır, buna görə də o, düşüncədə mövcuddur, maddi aləmdə isə yox kimi görünür. Dərketmə prosesində rasional idrak həmişəki kimi riyazi yolla gedir və şübhələrlə addımlayır. Bəlkə də, bu səbəbdən onun böyük suallara cavabı ləngiyir, bəlkə müəyyən məqamlarda sözü hissi idraka vermək lazımdır? Bəlkə astrofizika deyil, ezoterika ali həqiqətin yerini bilir? Bəlkə bu yolla materiyanın nüvəsində var olan, bütün düşüncələrimizi və enerjimizi idarə edən əbədi gücün mənbəyinə yetişə bilərik?
Başı eşqli, əli əsalı, dilində “hardasan, harda” nəğməsi, diyarbədiyar gəzən dərviş obrazlı R. Rövşən “O”- nu məhz, bu cür israrla, dəlicəsinə axtarır:

Görünmədin bir kimsəyə,
Çətin mən də tapım səni.
Qanadım yox uçum göyə,
Göy üzündə tapım səni.

Bir buludun üstündəmi,

Göyə qalxan tüstüdəmi,

Məsciddəmi, kilsədəmi,

Hansı dində tapım səni?

Mən bu Allahsız ölkədə

Azmışam yolu bəlkə də,

Hansı dalanda, döngədə,

Hansı tində tapım səni?

Kim bilir, necəsən, necə?!

Kim bilir, bəlkə bu gecə

Sən idin qapımdan keçən,

Tanımadı qapım səni…

Təəssüflər olsun ki, bu axtarışın da nəticəsi eynilə, insan həyatı kimi müəmmalı sonluqla bitir...


Tanrıdan özgə ad

Ramiz Rövşənin insanı hər şeydən, bütün yaradılanlardan üstün tutduğu bu misraları islam coğrafiyasında son dərəcə cəsarətli, üsyankar bir himn kimi səslənir:

Min illərdi ölə-ölə,
Ölüm nədi bilə-bilə
Doğulursa insan hələ
İnsan Allahdan böyükdü...


Yaxud:

Dünyada nə su, nə od var,
Dünyada nə dost, nə yad var,
Tanrıdan özgə bir ad var,
Adam, adam, adam, adam!

Zənnimizcə, R. Rövşənin bu qəbildən olan şeirləri insanın dindən gəlmə qul obrazını sındırıb, onu mifik həbsxanadan – Allah, Şeytan, Mələk triadasının əsarətindən azad edən antroposentrik (insanmərkəzçi) düşüncədən yaranıb. Bu mövqeyinə görə Ramiz Rövşəni hələ ki baş tutmayan Şərq intibahının müjdəçilərindən biri hesab etmək olar. Burada Ramiz Rövşən bəzilərinin düşündüyü kimi yaradana üsyan etmir, əksinə, insanı Tanrı əmanəti kimi qəbul edir və eynilə ustadı Nəsimi kimi Tanrıdan doğulan insanın bütün hallarda aşağı tutulmasına, əzilməsinə qarşı çıxır.


Ümumiyyətlə, R. Rövşənin yaratdığı Allah obrazı yəhudi-islam teoloji doktrinasının təqdim etdiyi sonsuz hakimiyyətə malik diktator-hökmdar deyil, Ramizin Allahı filosofdur. Bu Allah qismən İsa Məsihin təlimindəki müqəddəs üçlükdə qərar tutan Ataya bənzəyir. Şair Allahla münasibətdə gah onun dostu, gah qulu, gah övladı, gah da öz daxilində yaşayan başqa bir “mən” kimi çıxış edir. Bu “mən” Yunis Əmrənin məşhur “Məni sorma mənə, məndə deyiləm, Bir mən də var, məndə məndən içəri” beytindəki həmin “mən”dir. (Y. Əmrə) “Vəhdəti-vücud” konsepsiyasına görə ruh (yəni, Yunis Əmrədəki, Ramiz Rövşəndəki “mən”) tanrıdan gəlmədir, ilahi mənşəlidir, insanı başqa canlılardan üstün qılan da məhz, onun içində Tanrıdan bir zərrə - yəni, ruhun olmasıdır. Bu mənada, mahiyyətində Tanrı işığı gəzdirən insan ruhani düşüncədə onunla bərabərləşir, Nəsimi kamil (günahlardan arınmış) insanı Tanrı səviyyəsinə qaldırdığı kimi R. Rövşən də düşüncəsinin idealist - metafizik qatında həmin “poetik mən”i Tanrı ilə bərabərləşdirir.

R. Rövşənin “Süd dişinin ağrısı” poemasının da simvolik açılımı belədir. Burada Tanrının qapısına hələ vəhşi dişləri (tamah, nəfs) çıxmadan, ağzındakı körpə süd dişi ilə, gözəl üzlə, təmiz qəlblə gedən uşaq - ruhunu Tanrıya çirkləndirmədən aparan sufinin obrazıdır. Uşaq - sufi sevdalıdır, bu sevda onu dünyadan qoparıb ilahi eşqə qovuşdurur. Bu eşq Tanrı eşqidir, ölüm isə Tanrıya – (həm də anaya) qovuşmaq üçün bir vasitədir. Uşaq (Səməd) bəlkə də Çimnaz müəllimədə anasını – dolayısı ilə Tanrını axtarırdı. Amma onun axtardıqlarının yer üzündə deyildi...


Poemada uşaq intihar edir, ancaq irfani dünyagörüşünə görə intihar günahdır, əcəl üstünü kəsənə qədər yaşamalısan, sufiliyin şərti belədir. Görək 50, 60, 90, 100 il yaşayıb da ruhunu təmiz saxlaya biləcəksənmi? Ömrünün süd dişi çağından o tərəfə böyüməyən, yırtıcı diş çıxarıb dünya malına susamayan o pak ruhu - yiyəsinə, (Tanrıya) sənə verildiyi kimi saf halında qaytara biləcəksənmi?
Məsələ budur.
Biz poemanın real məzmununa toxunmadan, onun ideya-estetik açılımını irfan simvolikası ilə yozmağa çalışdıq.

***
Qeyd olunan bütün bu nüanslarla bərabər unutmaq olmaz ki, R. Rövşən sosrealizmdən sonrakı Tanrıya qayıdış poeziyasının həmmüəliflərindən biri olsa da onun poetik düşüncəsinin nüvəsində real insan dayanır. Dediklərimizi bu misralar da təsdiqləyir:

“Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək ayrıca şəhərimiz yox”,
Bəlkə də biz xoşbəxt ola bilərdik,
bəlkə də xoşbəxtik xəbərimiz yox”.

“Yavaş-yavaş sevdim səni
Hər gün bir az da sevdim”,

“Bilirəm gələn deyilsən,
gözləyirəm yenə səni”, “


“Nə çiçək verməyə bir kimsəmiz var,
Nə bir kimsəmiz var, çiçək ummağa...”

“Mən səni sevmirdim...
Amma gecəydi,
Bir bomboş vağzaldı, bir də biziydik”.


“Demə, şairinki dil davasıdı,
Şapalaq vurmağa qolumuz da var
Biraz başımızda ağlımız da var
Biraz cibimizdə pulumuz da var”.

“mən ki baxtımdan küsmədim
neyləyim budu qismətim
dünyanın ən fağır iti
məni görəndə şir olur”.

“bir ölənin arxasınca
yüyürsə min diri çatmaz”.

“Daha bu dünyada özümdən cavan
şeirlər yazmağa həvəsim gəlmir”.

“Sözündən qan iyi gələn şairin
Ağzından süd iyi gəlir, bilirəm”.

Maraqlıdır ki, şeirlərində ictimai haqsızlıqlara, dünyanın ədalətsiz düzəninə, hətta Tanrıya üsyan edən R. Rövşənin ölümə münasibəti çox yumşaq və doğmadır. R. Rövşən ölümü çox mehriban qarşılayır, onu yeganə ali həqiqət kimi qəbul edir:

“Hara atım bu kədəri?
Yox hesabı, yox qədəri
Görünür məndən ötəri
Hardasa ölüm darıxır…”


Qəhrəmanın içində azdığı ekzistensial xaos R. Rövşənin misralarında belə səslənir:

“Tanrı göydən dərdi məni
Yerə göndərdi məni
Qarışdım, gözündən itdim
Adamların içində”.


Yenə bu düşüncə labirintində Tanrı axtarışı əslində, maddi dünyada adi, gündəlik qayğıları ilə yaşayan insanın öz mənəvi-ruhani mahiyyətini tapmaq istəyindən, ehtiyacından doğur.

Mistik aləmin və real dünyanın sərhədində

Ramiz Rövşənin mistik şeirlərini milli poeziyamızda magik realizmin təkrarsız nümunələri hesab edə bilərik. Film estetikasını əks etdirən bu şeirlərin hər biri geniş tamaşaçı auditoriyası toplayan mistik triller filmlərinə mövzu ola bilər.
“Köhnə məktublar”, “Kölgə”, “Bu güzgüyə bir vaxt qoşa baxardıq”, “Ayrılıq”, “Çarmıxdakı İsa”, “Bir səhər yuxudan durub”, “Yolu çaşa-çaşa gəldim” kimi mistik silsilədən olan şeirlərinin hər birinin canında sıxışdırılmış roman enerjisi var. Ramiz Rövşən öz sehri ilə oxucunu ovsunlayaraq güzgünün, kölgənin, yuxunun lap yaxınlığına gətirir, sonra onu özü ilə bərabər, qarşıdakı qaranlıq meşəyə bənzər mistik dünyanın içərilərinə doğru çəkir. Bu meşə abstrakt illüziyalar aləmidir, burada keçmiş və gələcək qarışır, hiss və şüur öz funksiyasını itirir, gerçəkliklə xəyal yerini dəyişir, dəliliklə ağıllılıq öz sərhədlərini aşır. Yeri gəlmişkən,
“mistika” sözü yunan dilində “dodaqların və gözlərin qapanması” mənasını verən “muein”dən götürülüb. Sənətdə mistisizm neoplatonik ruhani həqiqət və ya fövqəltəbii qüvvələrlə intuisiya yaxud introspeksiya (daxili özünümüşahidə halı) yolu ilə əlaqə yaratmaq anlamında işlənir. R. Rövşənin xüsusilə, sürreal şeirlərindəki obrazlara xas dərin psixoloji gərginlik, bəzən, süjetin özünü də idarəolunmaz hala gətirir. Mistik və real dünyanın təzyiqindən ağlını itirən qəhrəman kimliyini, hansı məkanda, hansı zamanda olduğunu belə unudur:

Məni yolda tutdu bu kafir gecə
Ana bətnindən də qara bir gecə
Suda batan kimi batdım eləcə,
Yox oldum qəflətən bu qaranlıqda.


İtirdim, özümü tamam itirdim,
Yolumu, izimi tamam itirdim,
Mən hardan gəlirdim? Hara gedirdim?
Kimdən soruşum mən bu qaranlıqda?


“Bu güzgüyə bir vaxt qoşa baxardıq” şeirində isə şəxsiyyətin ikiləşməsi, üçləşməsi və getdikcə çoxalması halları təsvir olunur. Şeirin qəhrəmanı hər dəfə güzgüyə baxanda onu tərk edib getmiş sevgilisinin nişanələrini görür. Şeirin baş qəhrəmanı güzgüdür, bu güzgünün yaddaşı şairi heç cür rahat buraxmır. Başlanğıcda xoşməramlı olan güzgü konflikt dərinləşdikcə qorxunc bir varlığa dönüşür, hər şeyi, hər kəsi udmağa başlayır:

Bu güzgüyə bir vaxt qoşa baxardıq,
bu güzgüdə yerin indi boş qalıb.
Bəlkə səndən bu güzgünün canında
dodaq qalıb, kirpik qalıb, qaş qalıb?

Göz yaşların canındadı, bəlkə də

damla - damla əriyəcək bu güzgü.

Bir gün sənin ayağınla dünyada

ayaq açıb yeriyəcək bu güzgü.

Bəlkə, səni axtaracaq, gəzəcək

milyon-milyon adamların içində.

Görən kimi tanıyacaq üzünü

ən qaranlıq axşamların içində.

Qaçacaqsan bu güzgünün əlindən,

Dönəcəksən o döngəyə, bu tinə.

Adamları, maşınları, evləri

Atacaqsan bu güzgünün cənginə.

Yenə, yenə doymayacaq bu güzgü,

bir şəhəri udub, udub gələcək.

Səni gözdən qoymayacaq bu güzgü,

yeri-göyü tutub, tutub gələcək.

Sən qaçdıqca yellənəcək saçların,

Bu güzgüyə pay düşəcək saçından.

İpək donun yelləndikcə,

güzgüyə

Pay düşəcək ətəyinin ucundan.

Qaçıb-qaçıb özünü yoracaqsan,

Qəfil birdən görəcəksən o daşı.

Bu güzgünü daş atıb qıracaqsan,

Bu güzgüdən dağılacaq göz yaşın.

Hər tikəsi qayıq təki üzəcək -

dörd tərəfi göz yaşınla dolunca.

Bu güzgünün bəlkə hər tikəsindən

dodaqların çığıracaq dalınca...”


Poetik ifadə texnologiyaları haqqında

Ramiz Rövşən estetik biçim etibarı ilə fərqli olduğu kimi bədii üslub, forma və ifadə vasitələri baxımından, həmçinin poetexnoloji metodları ilə də orijinal şairdir. O, öz RamizRövşənizm üslubunda olduqca sərbəstdir, istədiyi zaman şeirin bəlli forma və ölçülərini ustalıqla pozur, eyni şeir daxilində hecadan sərbəstə qəfil keçid edir, həm də oxucunu bu keçiddə elə rəvan yolla aparır ki, bir axından digərinə üzdüyünü hiss etmirsən. Bu qabarma və çəkilmələr adətən, intonasiyanın coşğunluğu, ritmik ahəngin dəyişməsi fonunda hiss olunur. Ramiz Rövşən heca vəznində yazan nadir şairlərimizdəndir ki, qafiyənin cilovunu əlində saxlaya bilir, yəni, fikri qafiyəyə yox, qafiyəni fikrə tabe edir.
Şeirlərinə bol səpələdiyi “bəlkə” modal sözündən isə şübhə elementi kimi yox, əsasən, çoxvariantlılığı təmin etmək üçün istifadə edir:


“Bəlkə elə nə doğma var, nə yad var,
bu dünyada

hamımız bir bədənik.

Bəlkə elə biz adamlar, adamlar,

nəsil-nəsil dimdiklənən bir dənik.

Nə olsun ki,

ovuc-ovuc dən səpilib hər yerə,

Nə olsun ki,

başdan-başa

həyət-baca sərçədi.

Bəlkə elə bircə dəndi

bu dünyanın əvvəli...

Bəlkə elə

min illərdi beləcə

o sərçənin dimdiyindən

qopub-qopub gəlirik.

Min illərdi beləcə

dimdiklənən bircə dəndən

qopub-qopub gəlirik.

R. Rövşən qoşma havasında yazdığı şeirləri ustalıqla ipə-sapa düzdüyü üçün bəzən, şeirin sadə halı ilə kifayətlənmir, ona görə də adi poetik təsvirin sonluğunda mistik bir müəmma, bir sirr açarı da qoyur. Belə novellavari sonluq şeirə qeyri-adi həyəcan qatır və oxucunu uzun müddət təsir altında saxlayır. Məsələn, “Çarmıxdakı İsa” şeirinin sonluğuna baxaq:

Amma dözəmmirəm, – ya canımı al,

ya da al canımdan ağrını, Allah.
Yada sal, yada sal, məni yada sal,
yoxsa unutmusan oğlunu, Allah?!

…Qəflətən gün batdı, dünya qaraldı,
amma səni gördüm birdən-birə mən.
Əllərin ruhumu çarmıxdan aldı,
tapşırdım ruhumu o əllərə mən.

Gördüm –
qaranlığın içində sənin
əllərin ay kimi, günəş kimidi.
Gördüm –
mənim ruhum ovcunda sənin
özünə dən gəzən bir quş kimidi.

Daha bu çarmıxdan azaddı ruhum,
daha bu canım da ağrımır, Allah.
Ovcunda gör necə rahatdı ruhum,
bəs niyə ovcundan qan damır, Allah?!..


Burada bir məqamı da qeyd edək ki, R. Rövşən xüsusilə, süjetli şeirlərində metafora və digər bədii təsvir vasitələrindən az istifadə edir. Bu da həmin şeirlərdə qarşılaşdığımız təxəyyül gücünün zənginliyi ilə bağlıdır. Süjet daxilində işlənən bədii detallar o qədər maraqlı və gözlənilməz olur ki, hansısa əlavə epitetə, təşbehə ehtiyac qalmır.
Əlbəttə, Ramiz Rövşən yaradıcılığını bir məqalənin imkanları daxilində hərətərəfli incələmək mümkün deyil.
Bir zamanlar “mən küsüb gedirəm, qoy hamı qalsın” deyərək, Tanrıya üsyan edən, amma sonunda “bu nəhəng boşluğa atdım özümü, sənə arxayınam özün tut məni” deyib yenidən Tanrıya üz tutan Ramiz Rövşən nə yaxşı ki dünya ilə dalaşan vaxtlarında dünyamızdan küsüb getmədi, nə yaxşı ki bu dünya ilə barışa bildi. (Hərçənd, buna o qədər də əmin deyilik). Müəmmalar və mənalar şairi, canlı klassik Ramiz Rövşəni ömrünün 76-cı ilinə qədəm qoyması münasibəti ilə təbrik edir, böyük şairimizlə hər zaman bu şəhərdə üz-üzə gəlməyi arzulayırıq!

# 5816 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #