Kulis.az Simran Qədimin "Sokratın sualları" yazısını təqdim edir.
Suallara cavab tapmaq şərt deyil. Cavab axtarmağın özü vacibdir.
Sual verə bilən tək canlı kimi bizim çevrəmizdəkilərdən əlavə, özümüzdən də nəsə soruşmaq qabiliyyətimiz var. Həm biz həyata suallar veririk, həm də həyat bizə. Tarixə boylananda görürük ki, hər şey elə bu cür düşüncə axınları nəticəsində, “niyə”, “necə” suallarından sonra başlayıb. Bütün icadlara, kəşflərə içimizdəki maraq hissi, cavab axtarmaq həvəsi təkan verib. Sual işarəsi həllini gözləyən məsələ haqda nişan verir, həyata işıq salır, adamı düşünməyə vadar edir.
Suallar mahiyyətinə görə müxtəlif ola bilər: cavabını çox adamın bildiyi asan, primitiv suallar, az adama məlum çətin, mürəkkəb suallar, hələlik cavabı tapılmayan, üzərində araşdırmalar aparılan elmi suallar, zamana, mədəniyyətə, fərdə görə dəyişik cavabları olan, “2+2=4” tərzində olmayan, konkretləşdirilməsi mümkünsüz fəlsəfi suallar...
İçimizdə anlaşılmazlıq, naməlumluq hissləri yaradan bəzi suallar var. Onlara qısa vaxtdaca nəsə bir cavab tapıb narahatlığımızı aradan qaldırmaq istəyirik. Fikirləşirik ki, doğru-yanlış bir cavab heç cavabın olmamasından yaxşıdır.
Bəzən də belə bir halla rastlaşırıq: aldığımız cavab özü ilə əlavə suallar gətirir. Təzə sualların cavabları da yetərli olmur, öz növbəsində başqa-başqa suallar yaradır. Beləliklə, rus matryoşkaları kimi bir-birinin içindən çıxıb həndəsi silsilə ilə artan sualların arasında itib-batır, cavab axtardığımız yerdə daha da dolaşığa düşürük. Labirintdəki kimi hərlənib-fırlanıb eyni yerə qayıtdığımız hallar da olur, axırda suallar zənciri birinci – lap başdakı suala bağlanır. Dövrə qapansa da, cavab tapılmır.
Belə məqamlarda yazının əvvəlindəki fikri xatırlamaq yerinə düşər: həyatda zamana, mədəniyyətə, fərdə görə dəyişik cavabları olan, riyaziyyatdakı kimi “2+2=4” tərzinə sığışmayan, konkretləşdirilməsi mümkünsüz fəlsəfi suallar var. Fəlsəfə isə cavab verməkdən çox sual ortaya qoymaqla məşğuldur, məşğul olmalıdır. Çoxumuzun bildiyi tezisdə vurğulandığı kimi: "Fəlsəfədə suallar cavablardan vacibdir". Odur ki fəlsəfi sualların cavablarına, sadəcə, subyektiv şərhlər, yozumlar, mühakimələr kimi baxılmalıdır.
Bir çox hallarda ancaq doqmalarla danışan, ehkamçılıqdan əl çəkməyən, hər suala bir cavab verən insanlarla qarşılaşırıq. Onlar nə qədər özlərindən əmin, inamlı görünsələr də, həyatın belə bir reallığı var: dünyanın ən müdrik insanı da, ən ağıllı filosofu da, ən bilikli alimi də bütün suallara cavab verə bilməz. Buddaya da məlum olmayan çox şeylər vardı, Dekarta da, Eynşteynə də.
Əgər doğru suallar verilməsə, doğru cavablar tapmaq müşkülə çevrilər, tədricən absurda, cəfəngiyyata yuvarlanarıq. Bununla belə, suallardan qorxmağa ehtiyac yoxdur. Suallar böyük həcmli informasiya xaosundan nizam yaradır, qarma-qarışıq bilikləri, düşüncələri çeşidləyib sahmana salır. Bu nizamın gerçəkliklə üst-üstə düşməsini, reallığı əks etdirməsini istəyiriksə, gərək hər cavaba qane olmayıb daim sualları dərinləşdirək.
Doğru cavaba addım-addım yaxınlaşdıran doğru sualları vermək üçün bizdən müəyyən qədər savad, bilik tələb olunur. Cavablar həm də sualların qoyuluşundan asılıdır: bir cümlə ilə – "hə" və ya "yox" kimi cavablandırılan qapalı suallar, variantlar arasında seçim istəyən alternativli suallar, ətraflı izah tələb edən açıq suallar, mənası tam anlaşılmayan dolaşıq, çoxyozumlu suallar...
Digər tərəfdən, bizim cavablara hansı bucaqdan baxmağımız da çox önəmlidir. Eyni suala müxtəlif ideologiyalar, dinlər, fəlsəfi təlimlər, mədəniyyətlər müxtəlif cavablar verə bilər. Sosialist baxışla liberal yanaşma, millətçi nəzər nöqtəsi ilə sekulyar, qlobal dünyagörüşü ayrıdır. Belə baxanda, Hegellə Şopenhauerin də sözləri bir-birinin boğazından keçmirdi. Əlbəttə, eyni suala elm də bir başqa tərəfdən yanaşacaq. Ona görə də, adətən, cavabların dərindən müzakirəsinə, təhlilinə ehtiyac yaranır.
"Düşünən adam" heykəli. Paris, Rodin muzeyi
Hansısa mövzunun müzakirəsində dil faktorunun da rolu böyükdür. Bəzən verdiyimiz sualı doğru-dürüst anlamır, işlətdiyimiz sözlərin, anlayışların mənasını bilmirik. Yaxud da dediklərimizdən özümüz bir şey başa düşürük, qarşıdakı başqa şey. Cümlələrdəki sözlər ayrı-ayrılıqda incələnib onların dərinliyinə varılmasa, dildəki imkanların məhdudluğu nəzərdən qaçırılsa, ortaq məxrəcə gəlmək mümkün olmaz. Ortada ancaq kitab dolusu söz yığını qalar, eyni dili danışsaq da, eyni “dil”də danışmış olmarıq. Bu məqamda yəhudi əsilli avstriyalı filosof Lüdviq Vitqenşteyn yada düşür. Vitqenşteyn deyirdi ki, bitib-tükənməz fəlsəfi problemlərin, mübahisələrin kökündə məhz dildəki qarışıqlıqlar, natamamlıqlar dayanır.
Əslində, sual vermək istəyi insanın təbiətində var. Əgər belə olmasaydı, uşaqlar daim nəsə soruşmazdılar. Məsələ burasındadır ki, sualları sevməyən, hər şeyi bildiyinə özünü inandıran, ya da dərinə getməyib dayaz biliklərlə kifayətlənən cəmiyyətdə böyüdükcə, biz sual verməyi yox, sual verməməyi öyrənirik. Nəsə soruşub ağılsız, savadsız görünməkdən – olmaqdan yox, məhz görünməkdən – qorxuruq.
Uşaqlıqda – lap elə böyüyəndə də – bizə verilən cavabların səhv ola biləcəyini göz önünə gətirib zaman-zaman eyni suallara təkrar qayıtmalıyıq. Məqsəd fikirlərimizi təsdiqləmək yox, bizi təkzib edən arqumentlərin olub-olmadığını müəyyənləşdirməkdir. Yanlışı düzəltmək özünü təsdiqləməkdən vacibdir.
Bu gün sual verməyə, anlayıb-öyrənməyə qarşı uşaqlıq həvəsini, marağını itirməyənlərin köməyinə çatan inqilabi bir texnoloji vasitə var: internet! Heç kəsin yanında ağılsız, savadsız görünməkdən qorxmadan superağıllı, meqasavadlı “Google”a, “ChatGPT”yə istədiyimiz qədər sual verə bilərik. Təki bilmədiyimizi bilək, ən azı, özümüzə etiraf etməkdən çəkinməyək.
Müəyyən sualların cavabını hazır şəkildə kimdənsə, haradansa götürmək tənbəllikdir, düşünməkdən, araşdırmaqdan boyun qaçırmaqdır. Suallar cavablardan həm də ona görə vacibdir ki, cavablar düşüncəni öldürür. Düşünməyə təhrik edən suallar arxayınlıq yaradan hazır cavablardan daha faydalıdır. Bəzi suallara isə bizim əvəzimizdən kiminsə cavab verməsi mümkün deyil, özümüzün öz cavabımız olmalıdır. Məhz bu səbəbdən antik dünyanın dahisi Sokrat atmilçəyi kimi zəhlə tökürdü; insanları amansız sual atəşinə tutur, çalışırdı ki, həqiqəti özləri tapsın.