Köhnə, heç nəyə yaramayan, faydasız üsul – Hekayə müzakirəsi

Köhnə, heç nəyə yaramayan, faydasız üsul – Hekayə müzakirəsi
8 iyun 2022
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Murad Muradovun “Merlin” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

Cavanşir Yusifli

Cavanşir Yusifli: “Yazıçılar zövqlə yox, klişe ilə düşünürlər“

Murad Muardovun “Merlin” hekayəsi məlum hadisəni, yaxud hadisələr zəncirini nağıllamaqdan ibarətdir. Bu hekayət hekayə biçimində deyil, zəifdir, yəni, bədii mətndə nəyi necə danışmaq, yazmaq, qurmaq... daha önəmlidir. Zənnimizcə, Murad çox oxumalıdır, bu köhnə və heç nəyə yaramayan və faydalı olmayan üsuldan qurtulmalıdır. Hekayənin içində detal və sairlə doldurulmalı yerlər həddindən artıq çoxdur. İndiki halında bədii effekt zəifdir, süjetdaxili dinamika yox dərəcəsindədir və sair.

Nərgiz Cabbarlı

Nərgiz Cabbarlı: “Onlar bu mənasız söhbətlərə görə...” – Müsahibə

Murad Muradovun “Merlin” hekayəsinin düşünülmüş, səliqəli, hamar, oxunaqlı olan (yazıçı cümləsi!) ilk cümləsindən əvvəlcə maraqlı bir sevincə qapıldım. Çünki dil mətndə əsas faktordur. Seçilən mövzudan da, qaldırılan problemdən də, yazı texnikasından da… daha vacibdir. Və ilk cümlələr artıq ardınca aparmağı bacarırdı. Amma heyf ki, təəssürat sona qədər eyni “tonallıqda” qalmadı. Bir çox gənc müəlliflərdə olduğu kimi (bəlkə də, bir az mətnə ötəri, tələsik, yaxud qeyri-ciddi münasibətin də bunda öz rolu var) yenə də kələ-kötürlük, ifadə qüsurları, ifadədə qeyri-dəqiqlik (vicdanla deyim ki, o qədər də çox deyildi!) oxumağa, qismən də olsa, maneçilik yaratdı.

Müəllif yanaşma rakursundan asılı olaraq müxtəlif cür qiymətləndirilə biləcək bir problem seçməklə oxucunu da ziddiyyətli təəssüratlar altına salmağa çalışıb. Müəyyən mənada bacarıb da. Çünki təsvir edilən situasiyaların yaratdığı təəssürat özü də problem qədər ziddiyyətlidir. Ortada heyvana sevgi və insanlar üçün heyvanların yaratdığı təhlükə – iki bir-birinə qarşı duran məqam var... İki əks qütb, hər ikisi də haqlı olan tərəf. Bu haqlılıq (məsələn, iti döyənlərdən birinin “iki gün öncə balaca qardaşımı onun pəncələrindən güclə aldım” haqq qazandırması) vəziyyəti anlamağa kömək etsə də, aqressivləşmiş “kütlə”nin qəzəb püskürməsinə haqq qazandıra bilmir. O aqressiya yenə də qorxuludur. Yenə də təhlükəlidir. Qəzəblənməkdə müəyyən mənada haqlı olsa da, gənclərin rəftarının azğınlığı (“Başıpozuq bir dəstə gənc ağacdan kəndirlə asdıqları iti telefonun kamerasına çəkə-çəkə (!!!) kötəkləyirdi”) “vəziyyətdən çıxış” seçimini doğrulamır. Çünki burada artıq başqa bir məqam – ədalətin bərpasından çox sadist istəklərin özünüifadəsi əks edilir.

Əsərin əsas qəhrəmanının (əgər belə demək mümkündürsə!) sadəcə, “Yaşadığım əzabın dözülməz bitməzliyinə boyun əyməkdən savayı əlimdən bir şey gəlmirdi” etirafı, öldürülən və çox sevdiyi Merlin haqqında fikirləşərkən “getdiyi yerin daha gözəl olması” ümidi ilə sakitləşməsi isə müasir cəmiyyətin (və cəmiyyət insanının) ətrafında baş verənlərə passiv reaksiyasından başqa bir şey deyil. Hətta hadisə baş verdiyi məqamda o, haqsızlığın üzərinə getməyə çalışsa da.

Müəllif, əslində, mətnlə ötürmək istədiyi mesajı ifadə edə bilib. Bir qədər də dərinə getmə və mövzunu daha həssas işləmə imkanı ola bilərdi. Amma tələskənlik (tez tamamlama istəyi!) daha çox duyulur.

Bundan başqa, yuxarıda da qeyd etdiyim kimi, ilk hissələrdə olan dəqiqlik, lakoniklik, təsvirin canlandırılmasında göstərdiyi həssaslıq (məsələn, “Ayaqlarımı qoxladı. Sonra başını dizimin üstünə qoydu. Öz tənhalığından şikayətlənə-şikayətlənə uzun-uzadı mırıldandı”) sona qədər eyni tonallıqda davam etdirilmir. "İtin yanaqlarındakı yaşlar (!!!) parıldayırdı”, “Özündən çıxan gənclər Merlini dairəyə (!!!) aldılar”, “Qarşısında sallağı (!!! (Çömbəlib!) oturdum”) kimi ifadə qüsurları, ifadə codluğu oxuya mane olan məqamlardır. Yaxud yazıçı mətndə əgər hansısa məqamda detallara varırsa, bunun bir anlamı olmalıdır (“sol arxa (!!!) ayağı yarıdan yox idi”). Dilin qatlarında sözlərin mənalarının işlənmə incəliyinə mütləq diqqət yetirilməlidir (“Ay bicbalalar! (!!! – ironiya, əzizləmə çaları daha çoxdur, nəinki qəzəb! – Məncə!) Siz necə insansız? Sizə insan deməyə dilim gəlmir, utanıram!”)

Bir sözlə, belə bir təəssüratım var ki, müəllif mətnə bir az da “doğma” yanaşsaydı, nəticə daha uğurlu olacaqdı.

Narıngül Nadir

Sən elə vətənsən, vətən, şəhidim! - Şeirlər - Narıngül NADİR |  Edebiyyatqazeti.az

Sadə, ibrətamiz hekayədir. Mətn insanların içindəki kini, qəddarlığı yox etməyə, heyvanları, təbiəti sevməyə bir çağırışdır. Hekayədə güclünün gücsüz üzərindəki hökmranlığı, bu hökmranlığın get-gedə insana yaraşmayan vəhşiliyə çevrilməsi ifşa edilir. Hekayənin ideyasını bəyəndim.

Murad Muradovun başqa hekayələrini də oxumuşam. Müəllifin əvvəlki hekayələrində yaratmağa çalışdığı ruhsal dünya, surrealist düşüncə tərzi, daha çox “neytral” zonaya üz tutması diqqətimi çəkib. Bu hekayə haqqında isə “diqqətimi çəkmək” məsələsini kənarda saxlamağa məcburam. Yuxarıda qeyd etdiyim ideyanın vacibliyini və insanlarda xeyirxahlıq hisslərinin aşılanmasının mənəvi-tərbiyəvi əhəmiyyətini qeyd etməklə; adi, sadə və ənənəvi hekayədir, –deyərdim. Ola bilsin, bu, yazarın bir üslub eksperimentidir.

Mən Murada daha gözəl nəsr əsərləri qələmə almağı arzulayır və buna inanıram.

Alpay Azər

Alpay Azər. Çinin Azərbaycandakı MTN-çisi, yoxsa...? (HEKAYƏ) » Yarpaq.az

Hekayə alınmayıb, səbəb, hamının bildiyi məlum şeyləri təsvir etməsindədir. Hadisə var, mətn yoxdur. Kiçik hekayələrin çətinliyi müəllifin ya qeyri-standart situasiya yaratmaq bacarığındadır, ya da unikal təfəkkür ortaya qoyulmalıdır. Murad ideyanı tapır, nəsr dili yerindədir, problem təxəyyül çatışmazlığındadır. Elə bilirəm, nə vaxtsa sonuncu məsələ də öz yerini tapacaq. Murada ürəkdən uğurlar arzu edirəm.

Nihat Pir

Bir kəndin manifesti – Nihat Pir

Muraddan bir neçə uğurlu hekayə oxumuşam. Hesab edirəm ki, bu, oxuduqlarım arasında ən zəifidir. Hekayə əhvalatlılıqdan çıxa bilməyib, ümumiyyətlə, ciddi əhvalat da ola bilməyib. Bəsit, məktəbli qələmindən çıxan və müəllimin “Kim yaxşı hekayə yaza bilər?” sualına “Mən yazaram, müəllim” şəklində verilən cavaba oxşayır.

Murada uğurlar arzulayıram və daha yaxşılarını yazacağına inanıram.

# 3476 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #