Kulis.az Kamal Abdullanın "Bir-iki bizimki" pyesi haqqında Zəhra Həşimovanın "İşıq və qaranlığın rəqsi: Kamal Abdullanın "Bir-iki bizimki" pyesinin sirri" yazısını təqdim edir.
Kamal Abdulla Azərbaycan ədəbiyyatında fərqli üslubu və zəngin dramaturgiyası ilə tanınan yazıçıdır. Onun əsərləri və dramları, xüsusilə də, postmodernizm ideyalarının təsiri altında yazılmışdır. Postmodernizm XX əsrin ikinci yarısından başlayaraq müxtəlif ədəbiyyat və sənət növlərində baş qaldıran, klassik düşüncə və sübutlara qarşı mübahisəli yanaşmaları ehtiva edən bir cərəyan olaraq Kamal Abdulla dramaturgiyasında da öz izini qoymuşdur.
Kamal Abdullanın 5 şəkildən ibarət olan "Bir-iki bizimki" pyesi postmodern dramaturgiyanın əsas prinsiplərini özündə cəmləyən əsərlərdən biridir. Bu pyes, klassik dramaturji qaydaların tənqidi, çoxlu baxış bucaqlarının təqdimatı, əlaqəsizlik və dilin mücərrədliyi kimi postmodernizmin əsas xüsusiyyətlərini əks etdirir. Əsərdə hadisələrin və obrazların paralelliyi, real və virtual dünya arasındakı incə əlaqələr, mədəniyyətlərarası və zamanlararası əlaqələr postmodernizm baxışının təcəssümüdür. Pyesin əsas paralelliyi natamamlıqların tamamlanma yolundakı mübarizəsidir. Bu isə bir-birini tapmağa çalışan iki nəfərin iki fərqli paralellikdə olan dialoqlarında, davranışlarında ifadə olunur. Qız və Oğlanın dialoqu zamanı Qızın saçının Oğlanın əlinə dolması ilə Qadın və Kişi arasındakı sərhədləri müqayisə etsək deyə bilərik ki, iki paralellik arasındakı sədd xaos və kosmosu təmsil edir. Qədim eposlarımızdan da xatırladığımız xaos aləmində yaşanan dəyişiklik – inisiasiya səviyyəsinə çatdıqda pyesdə "Qız və Oğlan"dan "Qadın və Kişi"yə çevrilir. Biz bunu müəllifin "Labirint" hekayəsindəki paralelliklərlə müqayisə edə bilərik. Obrazlarının vahid bir ada malik olmadığı hekayədə biz keçidi adların və sadə bir jaketin rənginin dəyişməsində görürüksə, pyesdə obrazların zahiri-mənəvi transformasiyası bunu sübut edir. Hər iki əsərdə obrazların ad vahidliyinin olmamasının özü də oxucunun diqqətini xaos və kosmosun mərkəzinə–məkansızlığa yönəldən postmodernizmə xas bir xüsusiyyətdir. Müəllif bildirir ki, cəmiyyətin özü ilə mübarizədə insan özünü anlamadığı bir məqamda qarşısındakını da görə bilməz. "Bir-iki bizimki" pyesində bu natamamlıqlar gecənin yarıqaranlığı və işığın yansımasında eyni anda Qız-Oğlan, Kişi və Qadının bir-birini axtarmasında özünü göstərir.
Müəllifin bu pyesi, postmodern dramaturgiyanın əsas elementlərindən biri olan intertekstuallıq xüsusiyyətlərini geniş şəkildə əks etdirir. O, şifahi xalq ədəbiyyatı nümunəsi olan "Bir-iki bizimki" oyun sanamasından pyesdə istifadə etməklə milli-mənəvi dəyərləri və folklor ənənələrini təqdim edir, həmçinin xalqın kollektiv şüurunda yerləşən obrazlarla yeni təfəkkür forması yaradır. Qəhrəmanın adının da nəğmə ilə əlaqələndirilməsi Kamal Abdullanın xalq mədəniyyətini müasir dövrə uyğunlaşdıraraq təkrar canlandırma təcrübəsini gözlər önünə sərir:
Bir, iki,
bizimki.
Üç, dörd,
qapını ört.
Beş, altı,
daşaltı.
Yeddi, səkkiz,
Firəngiz.
Doqquz, on,
qırmızı don.
"Bir-iki bizimki" misrası pyesdəki zaman və məkansızlığı özündə cəmləşdirir. Əsər boyu iki obraz iki fərqli dünyanı təmsil edərək birləşməyə – bir-birlərinə qovuşub "biz" olmağa çalışırlar. Lakin əsərdə görürük ki kişi üç-dörd olmaqdan imtina edərək xaos aləminə keçid etmir. Burada qapı iki dünyanın arasındakı pərdəni simvolizə edir. İki işığın bir-birinin üzərinə düşən zaman sönməsi bu vəhdətin mümkünsüzlüyünü vizual olaraq izah edir. Aristotelin ziddiyyətlər qanunu ilə postmodernizm arasındakı əlaqəni nəzərə alsaq, bu obyektiv həqiqətlə nisbi həqiqət arasında bir qarşıdurma kimi başa düşülə bilər. Postmodernizm bu qanunu şübhə altına alaraq ziddiyyətlərin reallığın təbii bir hissəsi olduğunu vurğulayır. Məsələn, xaos-kosmos, getmək-qalmaq və s pyesdə bunun bariz nümunəsidir. Kamal Abdulla, yaradıcılığında Lütfizadənin "bulanıq məntiq" prinsipi ilə "doğru" və "yanlış" ikililiyinə meydan oxuyub həqiqət və vəziyyətlərin daha geniş bir spektrdə mövcudluğu vurğulamasına diqqət çəkmişdir. Pyes boyu Kişi, getmək ilə qalmaq–xaos və kosmos, üç-dörd olub-olmamaq arasındadır. Hər şey zaman və məkanı olmayan xaos-kosmos aralığındadır. "Beş-altı daşaltı" ifadəsi də postmodernist kontekstdə simvolik, ironik və çoxqatlı mənalarla yüklənmişdir. İfadə insan münasibətlərini, gizli mətləbləri və ya sosial strukturların təməlində yatan problemləri simvollaşdırır ki, bu da insanın gündəlik həyatdakı məna tapmaq cəhdlərinə ironiya ilə yanaşan postmodernist yanaşmaya uyğun gəlir. Pyesdə qəhrəmanların bir-birlərinə dedikləri yalanlar və yanlış davranışları daşaltı edilərək unudulmuş, sonda isə qapıya çevrilmişdir.
Postmodernizmə xas olan reallığın çoxqatlılığı və əlaqəsizliyi "Bir-iki bizimki" pyesində yuxu motivi vasitəsilə ifadə olunur. Yuxu hadisələrin xronologiyasını pozur, məkan-zaman sərhədlərini qarışdırır və əsərdə xaotik, lakin mənalı bir struktur yaradır. Yuxu motivinin tez-tez təkrarlanması və onun reallıqla qarışması postmodern yanaşmanın ən vacib xüsusiyyətlərindən biri olan reallığın dekonstruksiyası prinsipini göstərir. Əsərdə Qadın və Kişi danışarkən "Elə bil yuxudadır" ifadəsindən sonra xaos olan "Qız və Oğlan" paralelliyinə keçid baş verir. Bunu "Casus" pyesində Dədə Qorqud və Boğazca Fatmanın bir anda Oğuz elinin fərqli yerlərində peyda olması, "Yarımçıq Əlyazma" romanında Dədə Qorqudun Nur daşının qarşısından yuxuya gedərək Qazanın məclisinə keçid etməsi və "Kim deyir ki, Simurq quşu var imiş?" pyesində Kapitanın qapı döyülən zaman personajların yanında gözlərini açıb özünü gəmidə tapmasında görə bilərik. Pyesdəki yuxu motivi nə qədər retrospektiv çalar kimi görünsə də, eyni hadisə və cümlələrin təkrarı bizə, "Unutmağa kimsə yox" romanındakı "yaşıl-qırmızı-mavi" soba keçidini xatırladır.
"Yol getmək" motivi də Azərbaycan folklorunda, xüsusilə dastan və nağıllarda geniş işlənmişdir. Kamal Abdulla bu ənənədən bəhrələnərək, "yol" motivini müasir əsərlərində milli yaddaşı yenidən yaşatma vasitəsi kimi istifadə edir. Məsələn, "Dədə Qorqud" dastanında qəhrəmanların sınaqlarla dolu yolçuluqları onların həm fiziki, həm də mənəvi gücünü sınayan mərhələlərdir. Kamal Abdullanın əsərlərində də bu motiv davam etdirilir, lakin postmodern kontekstdə yeni məna qatları qazanır. Müəllif, postmodern estetikaya uyğun olaraq "yol" motivini çoxqatlı şəkildə təqdim edir. Yolda olma, müəyyən məqsədə doğru hərəkət deyil, əksinə, məqsədin və ya məntiqi nəticənin özü haqqında suallar doğuran bir prosesdir. Bu motiv, həm də reallığın və xəyali dünyanın sərhədlərini qarışdıraraq, müxtəlif mədəniyyətlərin, fərqli zaman və məkanların bir araya gəlməsini təmin edir. Pyesdə "o dünyadan" – xaos aləmindən gələn qadın ruhunu görürük. "Elə bil qorxa-qorxa" pyesində olduğu kimi, kosmosa gələn ruh narahat edilməsinə etiraz edərək söhbətə başlayır. Bu zaman Karvanbaşı – kişi, Cəllad Məmmədqulu– Qadın paralelləri yaranmış olur. Cəllad Məmmədqulunun Karvanbaşını o dünyaya – xaosa "Gəl....gəl..." deyərək çağırması, "Bir-iki bizimki" pyesində Qadının Kişiyə eyni formada səslənməsi ilə qarşımıza çıxır. Sanki cəmiyyətdə cismani və ruhani varlığın verdiyi qorxu hər iki obrazı xaosa doğru çəkir, yəni İlqar Fəhminin "Akvarium" romanında olduğu kimi aqoniya yaşadır. Bu aqoniya əsnasında səslərin retrospeksiyası baş verir və iki səs zolağı bir-birini tapmağa çalışsa da işıqlar kimi onlar da vahid zamana sığa bilmir. Pyesin sonunda qız ilə Oğlanın qaranlıqda işıq axtararkən qaranlıqdakı varlıqlarını – səslərini itirdiklərini görürük. Bundan sonra Qızın xaosdan Qadın olaraq geri gəlməsi həyatın davamlı vəhdətini göstərir. Müəllif, oxuculara "insanlar işığı görmək istəyirlər, qaranlıqda da işığı axtarırlar, lakin heç kim gecənin qaranlığında görmək istəmir" mesajını verərək iki dünyadan ibarət olan həyat döngüsünü tamamladıqda – vəhdətə çatdıqda zifiri qaranlıqda da həqiqətləri görə biləcəyimizi vurğulayır. Bunu əsərdə Qız-Qadın paralelində açıq şəkildə görə bilirik. Uşaq vaxtı işığı axtararkən qaranlıqda heç nə görməyən Qız, xaosa keçid edərək bu dünyaya geri dönüb kişini xaosa səsləyərkən yolu qaranlıqda görə bilir.... bu dəfə qaranlıqda görməyən isə Kişidir.
Pyesdə oyun texnikası müxtəlif bədii və dramaturji elementlərin sintezində öz əksini tapır. Xaosa doğru hərəkət edən Qadın və Kişi sanki bir oyunmuş kimi mərhələlərlə hərəkət edirlər. Sonda isə Kişinin körpünü görməsi və balaca Firəngizin qırmızı donu, qırmızı işığın ruhları ayıran pərdə rolundakı simvolikliyi ilə oyunun sonu gəlir. Burada diqqət çəkən məqam, körpünün kosmos və xaosu birləşdirən simvolik yol olmasından daha çox, kişinin körpünün yanında gözləyən Cəlladdır. "Kim deyir ki, Simurq quşu var imiş?", "Elə bil qorxa-qorxa" və "Bir-iki bizimki" pyeslərinə müqayisəli şəkildə nəzər saldıqda bu cəlladın "Elə bil qorxa-qorxa"dakı Cəllad Məmmədqulu olduğu qənaətinə gələ bilərik. Və beləliklə Kamal Abdulla oxuculara bir daha göstərir ki, bir-birini tanımayan ruhlar qovuşmur.... dünyalar fərqli olsa belə...
Və nəhayət, deyə bilərik ki, Kamal Abdulla yaradıcılığında mifik və empirik zaman-məkan üç istiqamətdə özünü göstərir:
1. Fərqli yer — fərqli zaman (Elə bil qorxa-qorxa)
2. Eyni yer — fərqli zaman ( Bir-iki bizimki, Kim deyir ki, Simurq quşu var imiş?)
3. Fərqli yer — eyni zaman (Casus)
Kamal Abdullanın "Bir-iki bizimki" pyesi postmodern dramaturgiyanın əsas prinsiplərini özündə əks etdirir. Müxtəlif baxış bucaqları, intertekstual əlaqələr, dilin məhdudiyyətlərinin təhlili və ironiya, simvolizm, oyun, yuxu kimi elementlər əsərdə geniş şəkildə yer alır. Bu pyes, müasir dövrün cəmiyyətində baş verən hadisələri postmodern baxışla dəyərləndirərək, müasir insanın iç dünyasını, fərqli gerçəklikləri və cəmiyyətin problemlərini incə şəkildə tənqid edir.