Gizli cinayət və satılmış vicdan - Xəlil Rzanın povestini kim oğurlayıb?

Gizli cinayət və satılmış vicdan - Xəlil Rzanın povestini kim oğurlayıb?
6 sentyabr 2024
# 08:55


Kulis.az Həmid Piriyevin "Xəlil Rza və Müşfiq" yazısını təqdim edir.

Bu şeir haqqında birinci dəfə Əli Şamilin Əhməd Triniç haqqında yazdığı məqalədə oxumuşdum. Əli Şamil yazırdı:

“Azərbaycan Dövlət Universitetində (indiki BDU) Mikayıl Müşfiqin anadan olmasının 60 illiyi münasibətilə təntənəli yığıncaq keçirildi. Toplantını Süleyman Rüstəm apardı. Çıxışçılar Müşfiqin həyat və yaradıcılığından danışanda tez-tez onun “Oxu, tar” şeirindən parçaları əzbər deyirdilər...

Rəsul Rzanın “Qızıl gül olmayaydı” poeması həmin günlərdə ən çox oxunan əsərlərdən biri idi. Xəlil Rzanın “Müşfiqi öldürənlər azad gəzir” şeiri çap olunmamışdı. Amma onu çətinliklə də olsa, tapıb üzünü köçürərək bir-birimizə ötürürdük...”

Məqaləni oxuyandan sonra həmin şeiri axtarmağa başladım.

Bəzi məqalələrdə adda-budda da olsa, həmin şeirin adı keçirdi. Tapa bildiyim məlumatları ümumiləşdirib, bu nəticəyə gəldim ki, 1962-ci ilin martında Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutunda tələbələrlə görüşdə “Müşfiqi öldürənlər azad gəzir” şeirini oxuyur və bu hadisə böyük ajiotaj yaradır. Məmməd Rahim aprelin əvvəli Respublika prokuroru Qambay Məmmədova ərizə yazıb bildirir ki, “millətçi şeirlər müəllifi Xəlil Rza tələbələrlə görüşdə “Müşfiqi öldürənlər azad gəzir” adlı fitnəkar şeirini oxumuşdur”. Xəlil Rzanın adı onsuz da vayqanlı idi. Həmin ilin əvvəlində cənub rayonlarında keçirilən görüşlərdə “Ana dili” və başqa həmin dövrün ideologiyasına uyğun gəlməyən şeirlərini oxuduğu üçün onun məsələsi Yazıçılar İttifaqı Rəyasət Heyətinin iclasında qaldırılmışdı. Və ümumi qərar belə olmuşdu ki, Xəlil Rzaya tək çıxış etmək imkanı verilməsin...

Təəssüf ki, nə internet resurslarında, nə də şairin kitablarında həmin şeiri tapa bildim. Amma onun Müşfiqə həsr etdiyi bir neçə şeir var ki, onları yazının axırında təqdim edəcəyəm (“Tamam doğmayan günəş” şeiri qismən “Müşfiqi öldürənlər azad gəzir” fikrinə uyğun gəlir, yazıldığı tarix də üst-üstə düşür, amma şeirdə “Müşfiqi öldürənlər azad gəzir” misrası yoxdu).

Xəlil Rzanın yaradıcılığını araşdıranda maraqlı şeylə rastlaşdım. Mikayıl Müşfiq Xəlil Rzanın yaradıcılığından qırmızı xətt kimi keçir.
Xəlil Rza altmışıncı illərdən başlayaraq Müşfiqi dərindən araşdırmağa başlayır. Bu araşdırma haqqında xeyli gündəlik qeydləri var (o qeydlər “Həyat, həyat deyə çırpınan könül” /Çinar-çap, Bakı, 2009/ kitabında toplanıb). Xəlil Rza Müşfiqin həyat yoldaşı Dilbər xanım Axundzadə ilə, Müşfiqi şəxsən tanıyan insanlarla, onun qələm dostları ilə, Müşfiq araşdırmaçıları Gülhüseyn Hüseynoğlu və Rəfiq Zəka ilə görüşür, məlumatlar toplayır və bunlar haqqında gündəliklərində müfəssəl qeydlər aparır.

Xəlil Rza Müşfiq haqqında 1966-cı ildə “Mikayıl Müşfiqin poema yaradıcılığı”, 1988-ci ildə isə “Müşfiq sənətkarlığı haqqında” (Nailə Hacıyevanın “Rus poeziyası Mikayıl Müşfiq çevirilərində və qavrayışında” namizədlik əsərinə rəy) məqalələrini yazır.

Gündəlik qeydlərindən isə onun Müşfiq haqqında sənədli povest yazdığı da məlum olur. Bu povest haqqında əlimizdə müəyyən məlumatlar olsa da, povest şairin arxivində mövcud deyil. Çox güman, şair povestin əlyazmasını nəşriyyata təqdim etmişdi, nəşriyyatda isə əsər “it-bat”a düşmüşdü.

Xəlil Rza sənədli povestin çapı üçün İsrəfil Nəzərova ərizə yazmışdı:

AZƏRBAYCAN MƏTBUAT KOMİTƏSİNİN

sədri İSRƏFİL NƏZƏROV yoldaşa

yazıçı XƏLİL RZA tərəfindən

ƏRİZƏ

Mən, xalqımızın ləyaqətli övladı, görkəmli şairimiz MİKAYIL MÜŞFİQ haqqında sənədli povest yazmışam. Əsərdə böyük şairin qısa, mənalı həyat yolu, parlaq şəxsiyyəti, fikir və arzularındakı ucalıq, həmçinin, qaynar poetik istedadı, bunun həyatdakı çeşmələri göstərilmişdir.

Xalqımız 1968-ci ildə öz sevimli şairinin 60 illiyini təntənə ilə qeyd etməyə hazırlaşır. Mənim xahişim budur ki, M.Müşfiq barədə yazdığım sənədli povesti, 1968-ci ildə çıxmasını nəzərdə tutduğum şeir kitabına mane olmamaq şərtilə plana daxil edəsiniz.

Hörmətlə: Xəlil.R.

29 iyul 1967

İsrəfil Nəzərovun ərizəyə necə münasibət bildirdiyi məlum deyil, amma povestin çap olunmaması və “itməsi”ndən rəyinin necə olduğunu təxmin etmək olar.

Povest haqqında başqa bir qeyd isə 11 avqust 1967-ci ilə aid gündəlik qeydidir:

“XƏLİL RZANIN “ŞAİR” SƏNƏDLİ POVESTİNƏ DAİR XÜLASƏ

“Şair” povesti görkəmli şair Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunmuşdur. Əsər gündəlik şəklində faktlar, sənədlər, xatirələr, tarixi həqiqətlər əsasında yazılmışdır. Vaxtilə M.Müşfiqi şəxsən görmüş, onunla çiyin-çiyinə işləmiş, qələm çalmış, eyni amal uğrunda mübarizə aparmış sənətkarların, məşhur şair ilə bir yerdə çalışmış müəllim, mühərrir, alim, dilşünas, ədəbiyyatçı və digər ixtisas sahiblərinin gözəl xatirələri burada əsas yer tutur. Xalq şairləri Süleyman Rüstəm, Məmməd Rahim, məşhur folklorşünas, elmlər doktoru Məmmədhüseyn Təhmasib, görkəmli ədəbiyyatşünas Əkrəm Cəfər, bəstəkar-dirijor Niyazi, Əfrasiyab Bədəlbəyli, şair Ələkbər Ziyatay, yazıçı Seyfəddin Dağlı, müəllim-təbib Əli Fəhmi, xalq yazıçısı Mirzə İbrahimov, rəssam, alim Lətif Kərim, V.İ.Lenin adına APİ-nin müəllimi Mirzə Cavad Bağırov, professor Feyzulla Qasımzadə və digər ixtisas sahibləri ilə müəllifin apardığı söhbətlər povestin səhifələrini bəzəyir. Kitabda müəllifin öz qənaətləri, Müşfiqin pak, mərd, uca şəxsiyyətinə, alovlu, qaynar poeziyasına dair fikirləri yer tutur. Şairin həyat yoldaşı Dilbər Axundzadənin odlu bir ürəklə söylədiyi xatirələr kitabda Müşfiqin mədəni zənginliyinin açılmasına böyük kömək etmişdir. Müşfiqin yaxın dostu Əlihüseyn Dağlı, bacısı Fatma xanım və digər adamların Müşfiqin adı ilə bağlı şeir gecələrində söylədikləri, yaxud söyləməyə macal tapmadıqları əhvalatlar da nəzərdən qaçırılmamışdır. Sənədli povestdə Müşfiqin bir şair kimi parlamasına səbəb olan quruluşun bir sıra gözəllikləri, şairin Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun və digər qələm dostlarının bir sıra xüsusiyyətləri də öz əksini tapmışdır”.

Povest əlimizdə olmadığı üçün, Xəlil Rzanın Müşfiqə həsr etdiyi şeirlərlə kifayətlənmək məcburiyyətindəyik...

Tamam doğmayan günəş

Anan süd yerinə döşündən sanki,
Sənə od içirdi, od əmizdirdi.
Yox, sən yetimliklə böyümüsən ki,
Sənə Odlar yurdu bu odu verdi.

Şeirindən, sözündən de, kim doydu, kim?
Gəldin də, getdin də ilk bahar kimi.
Mən sənin qəlbinə Göygöl deyərdim,
Qəlbin yanmasaydı vulkanlar kimi.

Qızılgül yağardı dodaqlarından,
Bahar çırpınardı hər bir sözündə.
Sən söz kürsüsündə ucalan zaman,
Şeiri ucaldardın elin gözündə.

Tufanlar coşardı ilikdə, qanda,
Sönmüş duyğuları şeirin odlardı.
Alqış şəlaləsi guruldayanda
Dargözün, namərdin bağrı çatlardı.

Əlacı olsaydı cilovlardı o,
Min-min könüldəki bu şəlaləni.
Ancaq el görürdü köksün içində
El üçün titrəyən qızıl laləni.

Sən bir zinət idin Azərbaycana,
Dinlə, ürəyimin deyim sirrini:
Güclü şeirlərin hələ bir yana,
Mən sənin sevirəm hər bir sətrini.

O məğrur misralar yarandı, bəlkə,
Ən ağır zamanda, çətin zamanda.
Cılız ürəklilər yaxaraq ləkə
Şair ilhamını yaralayanda.

İlham bir şairə məxsus deyil tək,
Xalqın sərvətidir, xalqın malıdır.
Şair vətənini qoruduğu tək
Vətən də şairi qorumalıdır!

Mən Vətən söylədim, mən el söylədim,
Vətən bircə Kürmü, bircə Xəzərmi?
Muğanda saçını oxşayan nəsim,
Göygöldə gördüyün o mavi zərmi?

Vətəndaş olmasa, boş şeydir Vətən,
Beş günlük, on günlük güney qarıdır.
Vətən məfhumunun özəyindəki
Vətənin vüqarlı oğullarıdır!

Qoy bir də gurlasın bu söz cahanda,
Sədası titrətsin göyü, yeri də:
Müşfiqlər yaşayır Azərbaycanda,
Yaşayır Müşfiqin düşmənləri də.

Gəzdim doğulduğum eli-obanı,
Xızının küləyi üzümə dəydi.
Mən, bəlkə, sevməzdim Azərbaycanı,
Sənin tək oğullar yetirməsəydi.

Türkan. 1962

Müşfiq dənizi

...Pul-pul şəfəqlərilə min bir rəngə çalanda
Az qala özü boyda mavi tonqal olanda
Yosunlu bir qayanın ətəyində dayandım,
Dayandım, səni andım...
Maviliklər yanırkən al günəşin alından,
Eşitdim, səsin gəlir hər dalğanın dalından:
- Ah, bu uzun sevda yolu vurulurmu başa, könül?
Kaman çəkdim, nişan aldım, dəydi oxum daşa, könül!

Səsin, ağappaq, uca dalğalar qanadında
Çırpılır sahillərə. Çırpılır sular oda.
Günəş düz təpəm üstə. Cahan yanar bir təndir
Səsin yanar qumlara, bəlkə, gülab çiləyir.
- Yenə o bağ olaydı!...
Gurultular içində səsin nə qədər aydın.
Səsin - dirilik suyu. Səsin xeyli ucada,
Nur muncuqlu, ağappaq ləpələrin ovcunda,

- Oxu tar, oxu tar!
Səni kim unudar?
Birdən hiss edirəm ki, sularda zər oxuyur.
Növ-öv irmaqlarıyla iki qitəni qucan
Kaspi - Xəzər oxuyur.
Oxuyur min şaxəli İdel, Kama, Terek, Kür.
Sökür sal qayaları, dənizə daş-qaş tökür.

Dayanmadım, yürüdüm. Dərə keçdim, dağ aşdım.
Xan Kəpəzə yanaşdım.
Maralgölə yanaşdım.
Gördüm yenə oxuyur bəyaz yallı dalğalar.
"Aş dəniz, aşqın dəniz..."
Qeylü-qallı dalğalar.

Dedim, əlimdə tutum o sədanı, o səsi.
Nəfəsimdə saxlayım o müqəddəs nəfəsi.
Adladım xan Arazı, qucaqladım Təbrizi.
Gördüm "Müşfiqim!" deyir
Qana batmış bağların hər cığırı, hər rizi.

- Tərlansan, göydən enməzsən,
Bu torpaqda sevinməzsən.
Mən dönərəm, sən dönməzsən,
Ey qırılan şüşə könül!

Özü boyda göz yaşı - anam Xəzər hey ağlar.
Anam Xəzər cavab ver, sənin neçə adın var?
Kaspi, Xəzər, Quzğunmu, yoxsa Ağdəniz, Təbər?
- Xayr! - dedi ləpələr -
Ümman qəlbli şairin cihanda iziyəm mən,
Müşfiq dəniziyəm mən!
Mən Xızıdan gəlirəm, orda gizli bulaqdım,
Yardım sal qayaları, bir gün gurhagur axdım.
Öz oxu ətrafında hərlənir Yer kürəsi.
Bu ox onu özüdür.

Nəğməmin adı Müşfiq,
Ağzımın dadı Müşfiq!
Yüksələn bir ölkənin uçar qanadı Müşfiq!
Ah, görəsən nə üçün
Yüz şerbaz içindən bircə o şair getdi?

Nadan qaldı... küt qaldı... Nakəs qaldı... Kəm qaldı.
Yüz saxsının içindən fələk bir dürrü çaldı.
Ah, bu nə cür zavaldı?
Min-min kalın içindən bir dəymişi apardı.
Bağımın ortasından alağı yox, otu yox,
Bar verən ağacımı yerli-dibli qopardı.
Hardasa bir zəlzələ... qərib bir axşam çağı
Lapdan uçub töküldü Qoşqar, Savalan dağı.

Kağız, qələm qüvvəli masadan qopardılar.
Basıb zülmət maşına xəlvəti apardılar.
Qar üstündə isti qan, zəncir çeynəyən itlər.
Cərgədən geri qalsa güllələnən igidlər.
Buz dağları altında basdırılan ümidlər...
Daşa, qayaya dönmüş yorğun, üzgün addımlar
Ərzi alıb çiyninə dağlar aşan adamlar
Xəzəldən də dəyərsiz...
Dünən Vətənim Sibir.
Bu gün kəfənim Sibir!
Neçin qucaqlamırsan,
Xəzəl kimi tökülən bu oğullar sənindir.

...Buzovnada durmuşam sal qayanın başında.
Axışıb gəlir Bakı.
Çarxların istisindən,
Dəzgahların hisindən,
Sexlərin tüstüsündən
Buruqlar bürküsündən bezib qaçanlar gəlir.
Gəlir görün nə qədər
Ürəkləri şişənlər,
Ömrü oda düşənlər.
Beli qızıl qurşaqlı avtobuslar kənarda.
Quma batmış təkərlər dönüb atəşə, oda.
Əlində gül çətiri, hamı can atır önə.
Odur, bir dəliqanlı "Volqa"sını birbaşa
sürür ləpədöyənə.
Atılır soyunmadan... elə bil çiçək dərir.
Xəzəri ürəyinin alovuna əndərir.

Odur, nəğmə qanadlı pioner düşərgəsi.
Yarımçılpaq bədənlər - gənclik, qüdrət sərgisi.
Körpə ovuclarında kiçik Terek, kiçik Kür...
Cocuqlar dalğalarda çiçək kimi görükür...

Aşıb daşan dalğalar sonsuz sahil uzunu
Yuyur yuz-yüz bədəndən min illərin tozunu.
Dalğalar aşıb daşır. Sərin, buzlu dalğalar
Ağ muncuqlu, köpüklü, ay-ulduzlu dalğalar.

Cəhənnəmdən qaçanlar burda gəlir riqqətə,
Açıb sərin qoynunu, dəniz dönüb cənnətə.
Mənim könlüm dinləyir bu gözəl, şən dənizi
Sahillərə şeh səpən, Müşfiqləşən dənizi.

Mərdəkan. 13 sentyabr, 1984

Şair qəhrəmanlığı

Mikayıl Müşfiqin həm parlaq şəxsiyyətinə, həm də böyük poeziyasına ayrıca məhəbbət bəsləyən, eyni zamanda, mühüm partiya işində çalışan Ayna xanım Sultanova 1937-ci ildə onu yaxınlaşan qanlı fəlakətdən qurtarmaq üçün deyir:
- Hüseyn Cavid onsuz da əlimizdən gedib. Bəlkə, ona qarşı bir şeir yazasan, səni bu yolla xilas edək?
- Mən iki biləngimin dibindən kəsilməsinə razı olaram, ancaq nur heykəlinə, ustadıma, Hüseyn Cavidə qarşı şeir yazmaram! Sağ əlim yazsa, sol əlimlə onu baltalaram! – deyib, Mikayıl Müşfiq.

Üz-üzəmi gəldilər yolda iki mehriban,
Yoxsa çatdı sifariş qan qırmızı stoldan?!
Ya bəlkə, görüşdülər xəlvəti bir dalanda,
Dənizin yaxasında, ya bir köşkün dalında?
Bilmirəm, bu dialoq harda, nə cür quruldu,
Bəlkə, Ayna xanımın ala gözləri doldu.
Bəlkə, hönkürtü saçdı, sözünü uda-uda,
Yatmış ikən oyanıq, oyaq ikən uyquda.
Bilmirəm bu dialoq harda, nə cür doğuldu,
Bircə budur bildiyim: dolmuş bahar buludu,
Zəir, zərif cismində dörd okean sükutu,
27 yaşlı gənc lapdan ildırım oldu.
Dimdik ayağa qalxdı, dalğalı, gur saçları,
Barıt kimi qaraldı tutqun, çatış qaşları.
Balaca, dar köksündə şəlalələr döyündü,
Uzun, çəlik qolları bir cüt qılınca döndü.
Nəsə qırdı, hayqırdı: - Qıfıllı sərhədləri,
Haqq önünə çəkilmiş dəmir, beton sədləri.
Ən dərin quyularda dəfn edilmiş dərdləri,
Maskadan da eybəcər donuq sir-sifətləri.
Bir millətin boynuna ilgək kimi salınmış,
Gizli cinayətləri, aşkar cinayətləri,
Qıvrılan qandalları, əjdaha zindanları,
Bu alınan, satılan ölümcül vicdanları
Silib-süpürmək üçün mədəd, ey ulu Tanrı!
Yerdən, göydən bir qüdrət, hümmət, ey ulu Tanrı!
Mən Mikayıl Müşfiqəm, mən adicə bir şair,
Can istəsə verərdim… Məndən fələk mürdəşir
Mənliyimi istəyir.
Dünyada hər xilqətin öz xülqü, öz şakəri,
Gül paylayan bahardır, nur paylayan dan yeri.
Dağı, daşı göyərtmək selin, suyun qisməti,
Cürbəcür dona girmək buqələmun xisləti.
Onlar buqələmundan, tülküdən qat-qat alçaq.
Dünyadan apardığı yalnız lənət olacaq.
Tutuşdur, gör hansının daha çoxdur zəhəri:
Təbiət əqrəbləri, cəmiyyət əqrəbləri.
Təhlükə yaxlaşanda cəld olur kərtənkələ
Quyruğunu buraxır, özünü vermir ələ.
Uyğunlaşır mühitə yaşamaq üçün heyvan,
Yalnız insan oğludur məsləkinin uğrunda
Baş verməyi bacaran.
Onlar bizi bir əqrəb, bir əfi görmək istər,
Kommunist cildinə girmiş bu başkəsənlər.
Neçin sükut edirsən, mədəd, ey ulu Tanrı!
Qaldır çırp başlarına bu dibsiz dəryaları!
Bir gecə apardılar,
Qopardılar şairi öz kiçik stolundan
Və böyük dünyasından.
Ölüm hökmü verəndə qımışdı Qalustiyan.
…Silib qanlı əlini yağlı, kirli cındıra.
O axşam düşündü ki, əmr yaxşı əmrdi.
Yepyekə bir yaylaqdan ətli sümük götürüb
Hey sümürdü, gəmirdi…
Xəbər tutmadı heç kəs: azad, məğrur, müzəffər
Gedən gənc addımlayan ulu sərv ağacıdır.
Müşfiqin çiynindədir gecə ulduzlu göylər,
Gündüzlər qızıl günəş Müşfiqin baş tacıdır.

8 oktyabr 1988

# 2131 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı - Aqşin Yenisey

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı - Aqşin Yenisey

13:20 7 noyabr 2024
Sevgilisinin evində xidmətçi işləyən qadının faciəsi

Sevgilisinin evində xidmətçi işləyən qadının faciəsi

12:20 5 noyabr 2024
Məhəmməd Füzulini dərk etmək məqamı

Məhəmməd Füzulini dərk etmək məqamı

15:49 3 noyabr 2024
Dədə Qorqu casus olub? - Zəhra Həşimova

Dədə Qorqu casus olub? - Zəhra Həşimova

17:00 1 noyabr 2024
"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

12:00 27 oktyabr 2024
Bəlkə, ədəbiyyatı ləğv edək?

Bəlkə, ədəbiyyatı ləğv edək?

16:00 21 oktyabr 2024
# # #