Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Samirə Əşrəfin “Eybəcər” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.
Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.
Cavanşir Yusifli
Bəzi hekayələrdə rəng simvolikası önəmli rol oynayır, mətnin hansısa məqamı, yaxud yerində rənglər qarışır, hansısa nöqtəsində ayrılır, özü də kəskin şəkildə və bu sonadək davam etdikdə təhkiyədə bir “rəng dili” anlayışı oxucuya sirayət edir. Zənnimizcə, Samirənin “Eybəcər” hekayəsindən də bu var, rənglər sadalanır, müəyyən funskionallıqla öz işini görür, amma bu hekayədə yuxarıda dediyimiz kimi rənglər qarışmır, müharibə mövzusu bu rənglərin ayrılıb yoxa çıxmasını şərtləndirir. Hekayənin əvvəlində insan hisləri ilə kontrast yaradan qırmızı rəng var, sonra köhnə əşyalar satılan dükan, xatirələrin ağ-qara rəngi... Sonra, ötən illərin havası, dükana yığılan köhnə malların qoxusu (ətirdən söhbət gedə bilməz - !), dükanın yiyəsinin oturduğu stolun rəngi, yenə kontrast: mağazanın yiyəsi yaşına görə mağazadakı əşyaların dəblərini görmüş adam idi. O, açıq xurmayı rəngli, laklı stolun arxasında əyləşib yetmişinci illərin qəzetini oxuyurdu...
Hekayədə bu rənglər və onların içinə aldıqları, adi insan gözünə görünməyən digər çalarlar daxildən və çöldən ayrıla-ayrıla gedir, yalnız bir yerdə, dükanda görünən yerdə asılmış kişi şalvarının birinin ayağında güllə yerini axtaranda qırmızıyla qurğuşun rəngi keçmişin ağrılarını diriltmiş kimi olur, birləşir, amma yenə ayrılırlar... Hekayənin qəhrəmanı Eybəcər də elə bu “qəfil” rəngin içindədir. Rəng simvolikası hekayənin kompozisiyasında təyinedici rol oynayır: hiss edirsən ki, hekayə qəhrəmanları eyni zamanda həm keçmişdə, həm indidədirlər, onları bu mərzdən heç bir qüvvə ayıra bilmir. Qarabağ müharibəsinin mahiyyətini açıqlayan rənglər... Bir də, məşhur bir deyim: göz yaşı insan üçün nədirsə, müharibə də dünya üçün odur.
Qəşəm Nəcəfzadə
Samirə Əşrəfin hekayəsinin süjet xətti maraqlı gəldi mənə. Hekayəni yaxşı qurub. Ancaq bu cür “qurmalar” təzə dəb deyil. Samirənin nasir düşüncəsi var; yazıda yazıçının dözümsüzlüyü nəzərə çarpır. Elə bil ki, Eybəcərlə Faiqin qabaqkı və indiki halının müqayisəsi çox qabardılır, inşa xarakterinə gətirilir. Mətnin içində süjet ərimir. Aşkarda qalır. Dərinlikdə deyil.
Hekayənin redaktəyə ciddi ehtiyacı var. Məsələn, bu cür cümlələr nasir cümləsi deyil: “Yeddi il əvvəl bitirdiyim universitetin yaxınlığında bir mağaza vardı”. “Evdə çoxdan yığılıb qalmış bir xeyli köhnə dəbli paltar vardı.” Və yaxud “Mağazanın yiyəsi yaşına görə mağazadakı əşyaların dəblərini görmüş adam idi”. Bu cümlədə iki dənə mağaza sözü var. Əslində cümlə belə olmalı idi: “Sahibi yaşına görə mağazadakı əşyaların dəblərini görmüş adam idi”.
Sonra... Bu cümlədə “mənim” sözü artıqdı: “Bir də onda ayıldım ki, zəndlə mənim üzümə baxır”.
Yenə və yaxud: “İl on iki ayı məktəbə çantasız gəlirdi”. On iki ay dərs olmur axı.
Yenə bir cümlə: “Qardaşım hara getsə, onu özü ilə aparırdı. Dərsdən çıxanda evə birgə qayıdırdıq”. Birinci cümlədən sonra ayrı, yeni fikir gözlənilirdi. Müəllif qəflətən ikinci cümləyə keçir.
Yenə başqa bir cümlə: “Əmim uşaqlarının istiqanlı nənəsi”. Burda “ana nənəsi” olmalı idi. Əgər ata nənəsi idisə bunların da nənəsi olmalıdır.
“Cəbhədə vəziyyət ağırlaşdığından” Bu cür ağırlaşmaq (bəlkə gərginləşmək) cəbhəyə aid ola bilməz; ya xəstəyə, ya da yükün ağırlığına işarə kimi yozular.
“Birdən çantamın qulpu qırıldı, çanta əlimdən yerə düşdü. Eybəcər çantanı yerdən götürüb, aralı qalmış dəmir halqanı çantanın ilgəyinə keçirib sıxmağa çalışırdı”. Burda “əlimdən” sözü artıqdı. Onsuz da çantanın əldə olması məlum idi. Eybəcər çantanı yerdən götürdü cümləsində də “yerdən” sözü artıqdır. Onsuz da çanta yerdə idi. “Eybəcər çantanı götürdü” - olmalı idi.
“Zəng vurulanda son tikələrimizi yavanlıq eləyib sinfə qaçdıq”. “Yavanlıq” sözü düzgün ifadə edilməyib. Ət tikəsini çörəklə yemək yavanlıq adlanır. Nənəm həmişə mənə deyirdi ki, doymaq üçün yavanlıq elə yəni çörəklə ye. Burda belə olmalıydı. Tikəmizi yavan (çörəksiz) yeyib sinfə qaçdıq.
Dediyim nöqsanları nəzərə almasaq, hekayə xoşuma gəldi. Samirənin nəsr qələmi var. Müəllifə uğurlar!
Etimad Başkeçid
Samirə Əşrəfin bu hekayəsi öz psixoloji peripetiyası, intonasiyası və reflektivliyi etibarilə daha çox süjetsiz oçerki xatırladır. Lakin bu, konkret situasiyada əsərin bədii ağırlığına yalnız əlavə çalarlar qazandırır. Müəllif mövzunun özəlliklərini və aktuallığını nəzərə alaraq, süjetin imkanlarından, janr ədəbiyyatının stixiyasından gen-bol bəhrələnə bilərdi, lakin burada bunu da müşahidə etmirik. Əvəzində onun özünəxas bədii üslubunun reallaşmasının şahidi oluruq. Üslub isə, bildiyimiz kimi, insan deməkdir. Samirə Əşrəf bu hekayədə keçmiş və indi arasındakı kontrast motivlərə istinad edir, bu zaman obrazları, onların dəyişməyən siqlətini yalnız ştrixlərlə, bir növ işarələrlə göstərməyə müyəssər olur.
Samirə Əşrəf məsələlərə yanaşma tərzi, təhkiyəsi və ifadə çeşidliliyi baxımından mənə yaxın müəllifdir, ona görə, yazılarını qaçırmamağa çalışıram. Bütün işlərində uğurlar arzulayıram.
Elnarə Akimova
Samirə Əşrəf reallığı yazmağa üstünlük verən yazıçıdır. Mənəvi ağrıları, insan iztirabını yazmaq onun yazıçı stixiyasıdır. Bu gün çağdaş ədəbiyyatımızda müharibə ritorikasının yeni dalğaya kökləndiyi, yaxud köklənmə zərurəti qaçılmaz olan bir dövrdə Samirə Əşrəf “Eybəcər” hekayəsi ilə bir amansız gerçəyi yenidən ön plana gətirir: ədəbiyyat ilk növbədə, insan həqiqətləridir və bu həqiqət mətnin uğurunu təmin edən keyfiyyət olaraq qalmaqdadır.
“Eybəcər” hekayəsində müəllif oxucunun müharibə yaddaşını psixoloji çalarlarla bədii müstəviyə proyeksiyalayır. Burada müharibə amili mənəvi-psixoloji problem kimi qoyulur. Yarımçıq qalmış məktəb həyatı, arzular, ümidlər, puç olan xəyallar. Məktəb yoldaşı olmuş qəhrəmanların illər sonra “Xatirə” adlanan mağazada görüşüb qarşılaşması da az söz demir. Hər şey xatirəyə dönüb. Keçmiş, evdən məktəbə uzanan yarım saatlıq yolu birlikdə gedib-gələn uşaqlar, küsüşüb-barışmalar, inciklik, soyumalar, vaxtından tez böyümək. Onları artıq “müharibə uşaqları” kimi bir ad birləşdirir.
Ənənəvi təhkiyə, aydın təsvirlər və ifadə üsulu ilə xarakterizə olunan bu hekayədə müəllif kiçik bir dramın içinə müharibə təfərrüatlarını elə yerləşdirir ki, burada yalnız paramparça olan ömürlərin nisgilinə deyil, həm də insan xarakterinin hətta özü üçün belə anlaşılmaz, sirr kimi qalan mübhəm tərəflərinin düşündürücü məqamlarına diqqət kəsilməli oluruq. Əlbəttə, hekayənin adında ehtiva olunan ifadə - rəmzin semantikasını açan mətləblər mətndə əsaslandırılır, lakin daxili motiv əsərdəki obrazın bioloji-fizioloji xüsusiyyətləri ilə bağlı deyil, əksinə müəllif bu xüsusiyyətləri ikinci plana çəkərək, daha çox ruhun, fikrin təbəddülatını gözə görünən edir. Eybəcər ləqəbli Asiflə Natiq arasında yaşananlar müharibənin dramatik obrazını şəkilləndirir. Yəni necə? Müharibə bu uşaqlar üçün əvvəlcə Asiflə Natiqin – iki dostun arasına saldığı nifaqla başlayır. Birinci dəfə onlar məktəbin həyətində əlbəyaxa olanda: “Dava kimin qohumlarının cəbhəyə gedib-getməməsi üstündə düşmüşdü. Eybəcər oğlanların yanında cəbhədə döyüşən qohumlarının sayı ilə öyünəndə bizim xarici ölkələrdə qulluq eləyən, dar gündə vətənin dadına çatmayan qohumlarımıza eyham vurmuşdu. Qardaşım da qınaqdan qurtarmağın ayrı yolunu tapmayıb yumruğunu işə salmışdı”.
Bir də gerçəkliyə nüfuz edib son amansız damğasını vuranda:
“Eybəcərin səsi məni düşüncələrimdən ayırdı.
- Niyə dinmirsən? Olmaya Natiqin başına bir iş gəlib?
- Universiteti yarımçıq qoyub cəbhəyə getdi. Ayağını itirdi. İndi protez ayaqla hərlənir. Beynindən zədə almışdı. Danışanda kəkəliyir. Ancaq yaddaşı dipdiridi. Deyir, kaş ayağımı itirincə, yaddaşımı itirəydim”.
İnsanı həm cismani, həm də mənəvi cəhətdən məhv edən, onun içində yaraya, ağrıya çevrilən müharibənin iki üzü. Yaddaşında keçmişə məxsus dözülməz ağrı, psixoloji yük gəzdirən bu cür insanların zədələrinə dair ingilis yazıçısı Riçard Oldinqtonun səsləndirdiyi bir sual var: “Lap tutaq ki, biz sağ qaldıq. Bəs biz yaşaya biləcəyikmi?”
“Eybəcər” hekayəsi müharibənin dağıdıcı gücünü bir hadisə və insan taleyi üzərində ədəbi təcrübədən keçirmək baxımından bu suala cavab kimi səslənir.
Mirmehdi Ağaoğlu
Samirənin bütün hekayələrində personajlar Qarabağ ağrısını daim qəlblərində gəzdirən, onun travmasını yaşayan, taleyi Qarabağ müharibəsi ilə əyilib tamam başqa istiqamət alan obrazlardır. Mənə belə gəlir ki, hələ uzun müddət Samirənin personajları dəyişməz qalacaq. Hətta onun Qarabağ münaqişəsi xatırlanmayan hekayələrində belə müharibənin ağrısı-acısı duyulur, aydın şəkildə görünür.
Düzdür, “Eybəcər”də müharibənin getdiyi xatırlanır, amma oxucunu, xüsusən də Qarabağ müharibəsindən xəbərsiz oxucunu yormur, çünki müharibə barədə pafos, yersiz vətənpərvərlik, militarizm ab-havası yoxdur. Onun digər hekayələrində olduğu kimi burda da əsas fokus nöqtəsi müharibənin özü yox, onun yaratdığı fəsadlar, insan taleləridir.
Hekayədə hadisələr köhnə əşyaların satıldığı bir mağazada açılır və ora satış məntəqəsi olmaqdan çıxıb insanları keçmişə aparan sehirli məkana, zaman maşınına çevrilir. Bu, məncə, keçmişə sevgi, xatirələrə vurğu baxımından uğurlu tapıntıdır. Əskiçi dükanı təkcə köhnə, naftalin qoxulu paltarların satıldığı, alıcıların onları qarışdırdığı məkan deyil, həm də köhnə xatirələrin, yarımçıq qalan məsələlərin həllinin tapıldığı, çözələndiyi bir yerdir. Qadın personaj bura köhnə əşyaları satmağa gətirirsə də (bəlkə ehtiyac üzündən, bəlkə də sadəcə onlardan qurtulmaq duyğusu ilə) Asif bu əşyalara toxunaraq, onları qoxlayaraq keçmişə səyahət etməyə, ayrı düşdüyü uşaqlığına qayıtmağa cəhd edir.
Hekayədəki düz xətlilik, təfərrüata sapmama da alqışa layiqdir. Müəllif Natiqlə Asifin münasibətləri, Asifin qələmi eyni vaxtda niyə müəlliminə və Natiqə hədiyyə etməsinin detallarına toxunmur, yalnız iki personaja köklənir və sanki Eybəcəri döydüyünə görə sonradan müharibədə ayağının birini itirməsini də günahının bədəli kimi göstərir.
Ayxan Ayvaz
Məncə, hekayədə tələskənlik var. Ümumən Samirənin nəsr duyumu hiss olunur, öz vaqif olduğu hadisəni yazır. Sadəcə hekayə daha çox əhvalat kimi təsirli qalır, onu hekayələşdirmək üçün müəllifin səbri çatmayıb elə bil. Oxudur, mətn olaraq yaxşıdır. Lakin bəzən hekayə cümlələrindən çıxan, daha çox memuarı xatırladan hissələr var. Ümid edirəm, Samirənin özü də bunları görməmiş deyil.