Kulis.az Vüqar Babazadənin yazıçı Samirə Əşrəfin "Soyuducumun kölgəsi" və "Saturasiya" hekayələri haqqında yazısını təqdim edir.
Bu yaxınlarda Samirə Əşrəfin hekayələrini oxudum. Hekayələr məni o qədər təsirləndirdi ki, özümü bu haqda yazmağa borclu hiss etdim.
Əvvəlcə “Soyuducumun kölgəsi” hekayəsi haqqında.
Dünən gecə ayaqlarımı sürüyə-sürüyə, yorğun-arğın bir az da deyinərək çarpayıya sərilib yatdığımı yaxşı xatırlayıram. Amma indicə, lap qulağımın dibində eşitdiyim səs həm yuxudan kənarda, həm də yuxunun içindədir. – hekayənin girişində artıq müəllif istədiyi havanı yarada bilir. İlk iki cümlədən oxucuya məlum olur ki, bir azdan hekayə danışılacaq. Bu cümlələrlə müəllif istədiyi informasiyaları oxucuya çatdırır. Belə ki, biz qəhrəmanın dünən yaxşı gün keçirmədiyini artıq bilirik. Bu ovqatla danışılacaq hekayənin nə olacağı insanı dartıb növbəti abzaslara aparır.
Gözlərimi açıram. – indiyə qədər baş verənlərin yuxu olduğunu anlayırıq. Ümumiyyətlə, yuxu mövzusu ədəbiyyatda, nəsrdə çox işlənən bir metoddur. Xüsusən sovet dövr ədəbiyyatımızda bu metoddan gen-bol istifadə edirdilər. Böyük-böyük yazıçılar bolluca yuxular yazır və bu yuxuların süjetə, əsərin ruhuna heç bir təsiri olmurdu. Onlar elə bilirdilər ki, çoxlu yuxu səhnələri yazmaqla yaxşı iş görürlər. Amma yuxudan çox istifadə edən yazıçı, öz zəhmətini puç edərək, cəsarətsizliyini nümayiş etdirir.
Hekayədə isə yuxu çox incə işlənib, üstəlik reallıqla əlaqələndirilib. Qəhrəman yuxuda gördüyünü, oyanaraq qızından da eşidir. Beləliklə, oxucu həm yuxu ilə süjet arasında əlaqənin yaradılmasından, həm də bir az mistik atmosferdən məmnun qalır. Artıq bizə məlumdur ki, bu yuxu boş yerə yazılmayıb və əsas məqsəd növbəti hissənin yazılması üçün zəmin yaratmaqdır.
Yuxu ikibaşlı olaraq süjetə qaynaqlanıb. Həm qəhrəmanın oyanaraq yuxuda gördüyü şeyləri qızından eşidir, həm də əsas mətləb olan soyuducu problemi üçün əlyeri qoyulur. Bu çox ustaca hərəkətdir. İki tərəfli reallıq, üstəlik bu reallıqların bir yuxu ilə verilməsi... Çox gözəldir.
Divarlar həmin divarlardı. Səhər yenicə açıldığından dənizdən əsən sərin meh çılpaq qollarımı üşüdür. Qollarımı tez adyalın altında gizlədirəm. Gözlərimi yummaq istəyəndə qızımın səsi yenidən eşidilir – təsvirlər tutarlıdır və həyata birbaşa yolla nüfuz edir. Dumanlı da olsa, oxucu artıq müəyyənləşdirir ki, qəhrəman haradadır. Saat neçədir. Hava necədir. Qəhrəmanın səhərki ovqatı və baş verən növbəti hadisələr necə cərəyan edəcək. Hekayədə süni hərəkət, pafoslu dialoq yoxdur. Hiss olunur ki, müəllif hekayəni və bu hekayənin hekayəsini beyin süzgəcindən keçirərək, onu təxəyyül odunda yaxşıca bişirib.
Özüm isə yataqdan qalxıb ayaqyalın, başıaçıq on beş illik soyuducumun üstünə hücum edirəm. Lap bar verməyən ağaclar kimi ona hədə-qorxu gəlməyə başlayıram. Bircə əlimin baltası kəmdir. – “On beş illik soyuducu ifadəsindən” oxucuya məlum olur, xoş ovqatda olmayan qəhrəman durub soyuducu ilə dalaşacaq. Bu belə də olur. Üstəlik soyuducu bar verməyən ağaca bənzədilir və onu balta ilə kəsmək fikri formalaşdırılır. Bu həm də, çox kədərli mənzərədir. “Bar verməyən ağac” elə bir təsvirdir ki, bunu işləməyən soyuducuya, fərasətsiz insana, xarab maşına, sökülmüş evə, bir sözlə – fəaliyyətə yararsız hər şeyə misal çəkmək olar. Çox koloritli və zəngin tapıntıdır.
Başına torpaq qalanası on beş illik soyuducumuzun üstünə üç dəfə şəhərin ən yaxşı ustalarını gətirmişik. Kalan da xərcimiz çıxıb. Amma o özünə yığışmayıb ki, yığışmayıb.
Beləliklə yekdil qərar verilir. Kreditə, lap ac qalmaq bahasına olsa da yeni soyuducu alınmalıdır. Müxtəlif təkliflər səslənir, telefon bağlantısı ilə anam “canlı yayıma”, müzakirələrimizə qoşulur: – Yenidən informasiya axınına keçilir və hər şey ritmik harmoniya ilə tənzimlənir. On beş illik soyuducu, 3 dəfə onu təmir edən usta, yekdil qərar, kredit, müxtəlif təkliflər, qəhrəmanın anasını canlı yayıma qoşulması – bu ifadələr hamısı bir sözü əvəz edir – KASIB. Müəllif kasıb sözünü işlətmədən “kasıb necə olar”ı oxucuya göstərir. Nəsrin ənənəvi “göstərə bildiyin şeyi demə” prinsipinə çox ustaca riayət edir.
Artıq köhnə soyuducunun yerini tərtəmiz silib süpürmüşəm. Onun paslı ayaqlarının izini də atestonla aparmağa nail olmuşam. Qoy, bu qoca əbləhin izi də qalmasın. Bir saatdan sonra isə mətbəxin podiumunda nəhəng, par-parlayan soyuducu özü üçün cilvələnir. – artıq köhnə və əbləh soyuducu çölə atılır, qəhrəman ondan axır ki, qisasını alır. Evə par-parlayan soyuducu qoyulur. Bu hissədəki “paslı ayaqlarının izini atestonla aparmışam” təsviri, insanın ruhuna sirayət edir. Çox canlı və ruhlu təsvirdir. Qəhrəman o qədər kasıbdır ki, artıq bu kasıblıq onun düşüncələrinə də təsir edib. O, bir qayda olaraq, evdə heç bir əşyanın yerinin dəyişməsini qəbul etmir. Yeni soyuducunun mətbəxin başqa tərəfinə qoyulmağını ağlından belə keçirmir. Çünki, ya mətbəx balacadır, ya da mətbəx balacadır. Bunun başqa heç bir izahı ola bilməz. İlahi, bu necə kasıblıq təsvirləridir...
Onun zadəgan görünüşünün, varlı sanbalının qarşısında bizim təmirsiz evimiz, yerə sərilmiş nimdaş xalça-palazımız, çox kasıb görsənir. Bu mənzərəni ədalı soyuducumuza bağışlaya bilmirəm. Yəqin elə bu cür düşüncələrə qapılmayım deyə heç vaxt varlı qohumlarımızın, tanışlarımızın evinə qonaq getməmişəm. – Artıq yeni soyuducu qoyulub, amma və lakin, onun zadəgan görünüşü, heybətli duruşu, qəribə kölgəsi qəhrəmana pis təsir edir. Axı gözoxşayan istənilən əşya insana öz kiçikliyini sübut edir. Yazıçı bu hissədə oxucunu az qala şoka salır. Əsrlədir bilinən bir həqiqəti çox sadə təsvirlə açır. Bildiyiniz kimi məscidlərin, kilsələrin, sinaqoqların möhtəşəm, qeyri-adi, gözoxşayan tikiliş forması insana onun nə qədər kiçik olmasını xatırladır və mükəmməl memarlığı ilə insanı özünə tərəf dartıb-çəkir. Belə bir həqiqətin “təzə soyuducu və kasıb insan” arasında yaşanmağı və bunun sadə dillə çatdırılması, həqiqətən, çox qəribə və mükəmməldir.
Qəhrəman təzə soyuducunun bu cür gözəlliyini götürə bilmir və müxtəlif yollara əl ataraq, bu əzabdan xilas olmağa çalışır. Əvvəlcə, evin işıqlarını artırır, daha sonra köhnə soyuducunun üzərindəki yapışqanları gətirib yenisinin üzərinə vurur və s. Boş çırpınışlar və əzablı həqiqət. Bu an, fonda artıq çölə atılmış və heç kimə lazım olmayan “on beş illik” soyuducunun silueti görünür. O gülümsəyir. Yorğun-arğın arxasını çevirib, qəhrəmanı mənasız həyatı ilə baş-başa buraxıb, uzaqlaşır.
Həqiqətən də, qisas alınıbmı?
Bu kiçik duyğu axınında, müəllif oxucunu Şeksprin bir ifadəsinin üstündə düşünməyə məcbur edir:
“Olmuş olacaqdan daha yaxşıdır...”
Samirə Əşrəfin digər "Saturasiya" adlı hekayəsini oxuyub, bitirəndən sonra elə sarsıldım ki, ürəyimdə bir xeyli müəllifi məzəmmətlədim. Adam da, belə şey yazar? İnsaf da yaxşı şeydir.
Ananın yasında ağlamamaq, ağlaya bilməmək nə qədər əzabvericidirsə, bu hekayəni oxumaq da o qədər əzablıdır, əziyyətlidir.
Bəzən elə mətnlər olur ki, onlarda forma, texnika, nəsrin min hoqqası, intellektuallıq, bir sözlə heç nə olmur. Mətndə sadəcə həyat olur. Hər cümlədən həyat fışqırır. Təbii ki, bu cür mətnləri hissələri iti insanlar, duyğuları həssas adamlar anlayır, yazıçının dərdinə şərik olub, onu hiss edir. Başa düşür. Ümumiyyətlə, yazıçını başa düşmək, onun çəkdiyi əzabı iliklərinə qədər hiss etmək, nə hər yazıçıya qismət olur, nə hər oxucuya. Bu elə bir hekayə idi ki, onun enerjisini volta çevirsən, məni indiyə tok vurub, öldürmüşdü.
Samirə Əşrəfin yazısında yüksək hisslər var. Onu yalnız həssas və hissiyatlı adamlar başa düşə bilərlər. Bu hekayəni düsturu çox sadədir. Həyatı və əzabı duymaq.
Bizi daşdan, dəmirdən düzəltməyiblər. Ətdən, qandan ibarətik. Hər adam başqasının yerinə əzab çəkə bilmək gücündə və iqtidarında deyil. Belə adamlar, həyatı o qədər pis yaşayırlar ki, başqa insanların yerinə də bəzən darıxa, kədərlənə, əzab çəkə bilirlər.
Bircə mən dua etməyi unutmuşdum. Uzun illər idi dua edə bilmirdim.
Gəlmə! İmkan verin, tək qalım. Sizin əlinizdən ağlamaq da olmur. Cəbrayıl alınanda da qoymadınız – Hissləri iti olan insan, bu kimi məqamlardan təsirlənir, bərk sıxılır. Sıxılmaqdan əlavə, bu, qarşındakı insanın əzabını hər hüceyrənlə hiss etməkdir. Mən elə hesab edirəm ki, bu hekayənin hər cümləsinin əzabını hiss edərək, Samirəyə mənəvi borcumu ödədim.
Hekayəni oxuyub bitirəndən sonra anladım ki, Samirə həyatın hər üzünü görüb. Böyük həyat təcrübəsi var. Həyatla bağlı ən ümdə suallara özlüyündə cavab tapıb və heç nə onu narahat etmir. Rahatdır. Belə adamlar güclü iradəyə malik olurlar. Yaxud artıq hər şeyin əsl üzünü gördükləri üçün heç nə onları narahat etmir.
Hekayə o qədər zəngin və bədii çalarlarla yazılıb ki, bir anlıq özünü müəllifin yanında hiss edirsən. Sanki səni öz ilə göyə qaldırıb aparır və siz birlikdə baş verən prosesləri dinməz-söyləməz müşahidə edirsiz.
Bir həftə əvvəl ipdən düşən köynəyim də əynindədir. Halbuki, iki gün əvvəl köynəyi ondan xəbər almışdım – bu hissədə elə bildim ki, mənim anam dünyasını dəyişib və balkona çıxıb, mən də belə absurd şeylər fikirləşirəm.
- Siz gedin, qəbir məsələsini həll edin. Biz meyiti götürək – cümlələr o qədər canlı və həyatın içindəndir ki, adam bu şeylərin bir gün öz başına da gələcəyini fikirləşmədən dura bilmir. Müəllifin bədii təfəkkürü dip-diridir. Sadəcə bu dialoqu oxuyub, müəllifin, nəsrin ən çətin hissələrindən biri olan dialoqu necə ustaca verdiyini anlaya bilərik. Bu sadəcə gözəldir. Eyni zamanda, kədərlidir. Ümumiyyətlə, hazırda elə bir vəziyyətdəyəm ki, on dənə hissi eyni anda yaşayıram.
İndi sakitlikdir. Oğlanın da min cür dərdi var. Göz yaşı canımın yorğunluğu ilə birgə yanağım boyu axmağa başlayır. Maskam islanır. Yolu yarı edəndə, geriyə çevrilib sürücünün arxasında zamoklu sellofanın altında yırğalanan meyitə baxıram. Anam bu qədər kök deyildi axı.
Lazerdən sonra təzə-təzə çıxan tüklər əlimə batır. Hamı üz-gözünü lazer etdirdi, məndən başqa deyə düşünürəm:
Gözüm xalamın ərinin burnundakı ziyilə sataşır. Xalamın saatsaz əri illərdir bu ziyillə mübarizə aparır. İki dəfə həkimə kəsdirib, bir neçə dəfə də özü sapla sıxıb atıb. Amma bax, yenə çıxıb. Burula-burula, gül kələmi kimi yenidən bitib – İmkan düşdü, hekayənin müxtəlif hissələrini yazıda tirajladım. Müəllif düz hədəfə, 12-dən vurur. Artıq bir şərhə, artıq bir rəyə qətiyyən yer saxlamayıb.
Adamın bu hekayəyə "yaxşı" deməyə dilim gəlmir ki, birdən bu tərif müəllifi incidər, xətrinə dəyər. Bu Samirənin uğurudur ki, hazırda onun əzabını sözbəsöz hiss edib, nəsə deməyə ürək etmirəm. Əlindəki istedadı müəllifin hər şeyidir. Onsuz da, hamı öləcək, amma hekayəni oxuya-oxuya fikirləşirdim ki, kaş hər kəsin anası belə dünyasını dəyişə...