Kulis.az İradə Musayevanın “A.P.Çexov və bizim hekayəçilər...” adlı yazısını təqdim edir.
C.Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi sübut etdi ki, müəyyən bir zamanın və həmin zamana aid olan insanın portretini bədiiləşdirmək üçün böyük həcm, şaxələnən süjetlər önəmli deyil. “Poçt qutusu”ndan sonra yüzlərlə roman yazıldı ədəbiyyatımızda, amma bu günə qədər nəsli davam edən Novruzəli və novruzəliliyi həmin hekayədən yaxşı heç nə və heç kəs göstərə bilmədi. Deməli, dəqiq xarakterizə, analiz, cəmiyyətin bir insan simasında, timsalında şəklini, ictimai-siyasi, sosial mahiyyətli rəsmini yarada bilmə istedadı gərəkir ki, C.Məmmədquluzadə ola biləsən və “Poçt qutusu” kimi hekayə yazasan...
A.P.Çexovun hekayələrini yenidən oxuyuram və bizim cavan nasirləri də o ovqatdan ayrılmadan, ardınca mütaliəyə başlayıram. Müqayisələr aparıram. Təbii ki, Çexov və bizim hələ ədəbiyyatda ilk addımlarını atan müəlliflər müqayisəsi absurd görünə bilər. Lakin mən, müəllifləri unudaraq məhz hekayə mətnlərini, oradakı sənətkarlıq və sənət məsələlərini qarşılaşdırıram. Bu eksperimenti dünyanın başqa hekayə ustalarını misal gətirməklə də etmək olar. Hələlik Çexov hekayələri ilə bizim cavan hekayəçilərin mətnləri arasındakı paradoksallığa diqqət edək.
Çexov özü çox danışmır, daha çox danışdırır. Bu ədəbi-bədii üsuldakı mahiyyət bizim yaşlı nəsil hekayəçilərində belə yox kimidir. Bizim müəlliflər özləri danışmağı xoşlayır. Daha doğrusu, asan yol budur. Çünki, öz dilində təhkiyə, nəqletmə başqalarının yerində olma, onun düşüncələri, dili, manera və tərzi, xasiyyəti ilə danışmaq əziyyətindən xilas edir səni. Öz səsini bədii mətndə hakim diktə və solodo oxuyan solistin elə hey yüksələn səsi kimi eşitdirmək iddiası sonunda yeknəsək təhkiyəli və bəsit bir mətn parçası ilə üz-üzə qoyur bizi. Nəticədə 30-40 hekayəsi olan müəllifin bütün hekayələrində eyni dildə danışığını, eyni mənzərəli təsvirini, eyni intonasiyalı didaktikasını, eyni problemli situasiyalarını müşahidə etməli oluruq. Çexov ”Məmurun ölümü” əsərində obraz xarakterizəsi və əhvalat tanışlığı hissəsini çox qısa, amma spesifik, cilalı detallarla təqdim edir. “Bir gün axşam ekzekutor ( İdarədə təsərrüfat işlərinə baxan kiçik məmur) İvan Dmitriç Çervyakov ikinci sıra kresloda oturub durbin ilə “Kornevil zəngləri” operasına baxır və özünü son dərəcə xoşbəxt hiss edirdi. Lakin birdən... hekayələrdə lakin birdən sözünə tez-tez təsadüf olunur. Müəlliflər haqlıdırlar: həyat gözlənilmədən baş verən hadisələrlə doludur! Bəli, birdən onun üz-gözü qırışdı, gözləri qıyıldı, nəfəsi kəsildi... O durbini gözündən uzaqlaşdırıb əyildi və ...asqırdı. Asqırmaq heç kimə, heç yerdə qüsur tutulmur. Kəndlilər də, polis müdirləri də, bəzən hətta gizli müşavirlər də asqırırlar. Hamı asqırır. Çervyakov heç pərt olmadı, yaylıqla ağız-burnunu sildi və asqırması ilə bir kimsəni narahat edib-etmədiyini bilmək üçün nəzakətli bir adam kimi ətrafına baxdı. Lakin bu zaman o utanmalı oldu, qabaqda, birinci sırada oturan bir qoca öz əlcəyi ilə daz başını və boynunu bərk-bərk silir və yavaşcadan deyinirdi. Çervyakov qocanı tanıdı, o, yollar idarəsində işləyən statiski general Brizjalov idi”.
Bütün məşhur hekayəçilərin mətninə diqqət etsək, görəcəyik ki, hadisənin dramatik yüksəlişi və ən əsası, xarakterlərin, tiplərin mənəvi-psixoloji səciyyələndirilməsi fürsəti məhz çox kiçik bir nüansla, Çexovun dediyi kimi, “birdən”- qəzası ilə başlayır. (Məsələn, yuxarıda adını çəkdiyim “Poçt qutusu” hekayəsində xanın məktubu Novruzəliyə verib poçta göndərməsi hadisəsi də “birdən” –anidən olur) Burda da ani bir “qəza”-asqırq sahibini ölümə qədər sürükləyəsi olur. Daha doğrusu, asqırmaq öldürmür Çervyakovu, asqıranda ağzından, burnundan çıxan bulanıq suyun özündən vəzifəcə böyük məmurun başına, boynuna sıçraması ilə əlaqədar yaranan qorxu hissinin patologiyası olur.
Çexov bu anilikdən sonra çəkilir kənara və sözü verir qəhrəmanlarına. Onların beynindən, ürəklərindən keçənlər, görüşmələri, hiss-həyəcanları, razılaşma və ya anlaşılmazlıqları sanki müəllifsiz cərəyan edir gözümüz qarşısında. Çervyakovun iş itirmək qorxusu ilə Brizjalovdan dönə-dönə, onun zəhləsini tökənə, hətta o cür səbirli və mədəni adamı hövsələdən çıxarana qədər üzr istəməsi, ona xahiş-minnət etməsi detallarındakı tipiklik artıq Çexovun nəsr qalereyasında yeni obraz ortaya qoyur – qorxaq, qlaflı məmur obrazı... Və qəribədir ki, o məmur hələ də ölməyib və bizim cəmiyyət üçün də yad deyil, əksinə, spesifikləşib...
Gənc yazar Ömər Xəyyamın “Sarışan hallar”, “Düşüncə vaksini”, “Nağılın sonu nağılı”, “Edem, medem” hekayələri ilə yanaşı “Havalandırma sistemi”ni də oxumuşam. A.P.Çexovun adını çəkdiyim əsərinin təsiri ilə yazılmış hekayəni...
Bundan əvvəlki məqalədə də qeyd etdiyim kimi, gəncliyin hekayə yaradıcılığına yanaşmamda niyyət sadəcə hekayə yaza bilən müəllif axtarışı deyil. Niyyət hekayə yazmağa başlayan ədəbi gəncliyin maraq estetikasını, bədii sual ahəngini, narahatlıq hisslərini və yeni üslub təzahürlərini ortaya çıxarmaqdır. Bu günün gənc yazarının ədəbi manifestində özü üçün qarşısına qoyduğu ideoloji, siyasi və ya sırf estetik sual hansıdır? Onu narahat edən, ya yazdıran nədir? Və bütün bunları hansı forma, dil, üslub və bədiyyat ilə reallaşdırır? Çox hallarda məlum olur ki, təsir... oxuduğu kitabların təsiri ilə...
“Havalandırma sistemi” hekayəsi belə başlayır: “Ədalət” qəzetinin birinci səhifəsində Cəfərqulunun sədrlə birgə şəklini görəndən bəri imzası da dəyişmişdi Bayramovun: soyadının baş hərfini əvvəlkindən böyük yazsa da, yenə siyahıdakı imzalardan balaca görünürdü. Davamiyyət cədvəlində birinci sədrin adı yazılmışdı, ikinci sədrin müavini, üçüncü baş mühasib, sonra Bayramov. Cəfərqulu ondan iki adam sonraydı. Niyəsə Bayramova elə gəlirdi ki, Cəfərqulunun sədrlə bir yerdə şəkli yayılandan sonra imzası da böyüyüb, “C” yuxarıdakı imza yerinə qədər uzanıb, sədrin imzasındakı “Z”-lə birləşir”.
Həmin gündən etibarən Bayramovun qəlbinə vəsvəsə düşür. Cəfərqulu onun yerinə keçə bilər!-deyə. ( Bir sözlə, Çexovun məmur Çervyakovunun qorxusuna mübtəla olur.) Çexovun”Qlaflı adam” hekayəsindəki Belikovun pilləkənin başından sonuna qədər yumalandığı anda “birdən karikaturamı çəkərlər və məni istehfaya göndərərlər”-təlaşı da yada düşür bu anda. İnsanları tülkü, çaqqal cildinə, dərisinə salan qorxu, nəyi isə itirmək təlaşının vahiməsi get-gedə böyüyür bu hekayələrdə.
Əslində bu gün də həmin qorxuların sindromlarıdır ki, həyatımızın bütün sahələrində müxtəlif variantlarla cücərir və yayılır. Sanki bütün cəmiyyət başdan-başa qorxuya bürünüb. Bəzən və hətta çox zaman əsası olmayan, səbəbsiz qorxular sahibini müxtəlif xəstəliklərə düçar edir. Şəkər, nevroz, depressiya halları, infarkt və s. bu kimi fizioloji xəstəliklərin səbəbi əslində məhz psixoloji yaşantılardan miras qalan qorxu mənşəli hisslərin təzahürüdür. Qorxu böyüyəndə və davamlı olaraq müşahidə ediləndə fobiyalaşır. Bu fobiya bəlası isə fərdlərə deyil, həm də cəmiyyətlərə aiddir...
Ömər Xəyyamın hekayəsində qorxunun konkret ünvanı var-Cəfərqulu sədrə yaxınlaşıb. Bu yaxınlıq onun kreslosuna təhlükədir. “Gözünün qabağına Cəfərqulu gəldi: oturub onun kreslosunda, qabağında pürrəngi çay, idarənin hesabat işlərinə başı qarışıb. Yaxşı işçi olduğuna görə sədr tərifnamə də verib ona. Bayramov sədri ağlına gətirəndə belə əlləri qeyri-ixtiyari qalstukuna gedirdi. Tezcə üst-başını səliqəyə salırdı”.
Bu qorxunun miqyası get-gedə elə genişlənir ki, Bayramovun hər an gözünə Cəfərqulu kabusu görünür. Adi pıçıltılar belə ona devrim, işdən çıxarılmaq, ya Cəfərqulunun onun yerinə geçirilməsi təsəvvüründə dairələnir. “Qəzetdəki şəkil məsələsindən iki gün sonra Bayramov qəfil duyuq düşdü ki, yarım saat olar Cəfərqulu yoxa çıxıb. Otaqları bir-bir gəzdi, mətbəxə göz atdı, cəsarətini toplayıb düz sədrin otağına qədər yeridi, amma qapını döyməyə ürək eləmədi. Sədr illərdi idarə üçün can qoyan, işini həyatının mənasına çevirmiş Bayramovu Cəfərqulunun sözüylə yerindən eləməz. Canına bir rahatlıq yayıldı. Pilləkənin başına çatanda quşqulandı yenə: Bəlkə dünən onu görəndə udqunub gizlətdiyi kağız elə Bayramovun yerinə gəlmək üçün yazdığı ərizəydi? İndi də ərizəsini götürüb gəlib sədrin qəbuluna?”
Bayramov həkimə gedir və həkimin “əsəbləriniz korlanıb, müalicə lazımdır”- məsləhətini, onun qoyduğu dioqnozu təxribat, “sui-qəsd” kimi dəyərləndirir. “– Mən dəliyəm, hə? Yox, sizi öyrədən var…
– Qorxmayın, vəziyyətiniz o qədər də ağır deyil, vaxtlı-vaxtında müalicə olunsanız keçər.
– Düzünü deyin, bizim işdən kim gəlmişdi yanınıza?”
Ömər Xəyyam bu hekayəsində yaltaqlıqla pillə-pillə irəliləyən adamların bir ömür boyu həmin pillələrdə qorxa-qorxa, əsə-əsə aşağı-yuxarı qalxıb-enmə hərəkətində (əslində ətalətliliyində, ölü, mahiyyətsiz, xaraktersiz hərəkətsizliyində) insanlıqdan necə çıxması süjetini göstərir. Bu pillələrdə yol ölçən insanın ədaləti, sədaqəti, mənliyi və dostu, qardaşı da olmaz. Necə ki, Bayramov üçün iş yoldaşlarının hamısı potensial “sui-qəsdçi” obrazında görünür... “Ümumi şöbənin qapısını açanda Bayramov gördü ki, Cəfərqulu onun iş stolunun arxasında dayanıb, qulağında telefon, əlində kağız.
Birdəncə başına çəkiclə vurdular elə bil, canına üşütmə gəldi. Huşunu itirdi…
…Bayramov üç aydır ki, ruhi-əsəb dispanserində yatır”.
Çexovun “Məmurun ölümü” hekayəsi isə çox qısa, Çexov lakonizminə xas bir cümlə ilə belə tamamlanırdı: “Tez evə gəlib vitsmundirini çıxarmadan divana uzandı və... öldü”.
Ö.Xəyyamın hekayəsində bu əsərin (“Məmurun ölümü”) və müəllifin (A.P.Çexovun) adı təsadüfən çəkilmir. Hekayəçi həm oxucuya ipucu verir ideyasını anlatmaq üçün, həm də mövzu, məzmun, üslub plagiatoru olmadığını, açıq şəkildə Çexov yanaşmasından faydalandığını elə mətnindəcə etiraf edir. Daha doğrusu, Çervyakovu bir az müasirləşdirir və milliləşdirir...
İlqar Kamilin “Çəngəl-bıçaq” hekayəsinin (Bu hekayə isə mənə T.Ş.Simurqun “Qayçı” hekayəsini xatırlatdı.) də məğzi, məzmunu, bədii ovqatı “qorxu” sindromları ilə yüklənib. Hekayəni oxumağa başlayan andan cavan ana (Səmayə) və iki körpənin (Əsmət, Əli) pəncərə qarşısında dayanıb həyəcanla, tir-tir əsə-əsə sərxoş və davakar ailə başçısının (Kərimin) gəlişini gözlədiyi məqama tuş gəlirik. “Səmayə mal-qaranı yerbəyer eləyəndən sonra yuxarı qalxıb 7 yaşlı qızı Əsmət, 5 yaşlı oğlu Əli ilə köhnə evlərinin sınıq-salxaq pəncərələrindən küçəyə baxır, Kərimin yolunu gözləyirdi. Kərim bu uşaqların atasıydısa, bəs niyə qapı hər açılanda onlar belə tir-tir əsir, xırda ürəklərində gələnin Kərim olmamasını arzulayırdılar? Çox ağrılı mənzərə idi, amma nə etməli, onlar bu əzabı yaşamağa bir növ alışmışdılar”.
İlqarın təsvir etdiyi kiçik ailəni qorxu içərisində saxlayan səbəb atanın, ərin sərxoşluğu, dava-qışqırığıdır. Amma müəllif Kərimin bu davranışlarına sosial-ictimai mahiyyət vermək istəyir. (“Zaman çox dəyişdi onu, problemlər yaxasından dartıb get-gedə adamlıqdan çıxardı. Yəni məsələ nə Səmayə, nə də bir başqası idi, Kərimi bu hala salan qalaqlanıb üst-üstə yığılan məlum sosial problemlər idi. Kişi ailəsinə çörəkpulu gətirə bilmirdi, bundan böyük nə dərd olmalıydı ki? Qabaqlar yenə bir köhnə traktoru var idi, onu da satıb-sovurandan sonra elə o çayxana sənin, bu çayxana mənim, veyil-veyil gəzir, tam bir tüfeyli həyatı sürürdü”.) İşsizlikdən, ailəsini dolandıra bilməmək xəcalətindən içkiyə qurşanan Kərimi Səmayə vaxtilə hətta sevmişdi. lakin müəllif bir ailənin dramını açmaq üçün nəzərdə tutduğu ictimai səbəblərin incəliklərinə enə bilmir. Bir-iki cümlə ilə edilən təqdimat hekayədə ideyanın, məzmunun dərindən deyil, üzdən, ötəri nəqlini göstərir sadəcə...
Bir gün Kərim bayırda camaatın qınağından bir az da təngə gəlir və acığını yenə arvadından çıxmaq istəyir. Qızını çağırıb deyir: “– Bura gəl, anasının qızı, bura gəl, -dedi, - get kuxnada çəngəl, bıçaq, nə varsa, hamısını gətir bura. Anon bu gecə hər şeyi boynuna alacaq! - O, Əsməti belindən itələdi, – di tez ol!
Qız üzüqoylu yerə yıxıldı, amma tez də ayağa qalxdı; dizi sıyrılmışdı, baxmadı belə. Həyəcanla mətbəxə girdi, şkafları ələk-vələk elədi: bu nədir, ilahi, çəngəl-bıçaq sərvət olub ərşə çəkilmişdi. Əsmətin qonur gözləri parladı, sevincdən köksü qabardı. Qaça-qaça otağa qayıdıb həvəslə: “atacan, çəngəl-bıçağımız qurtarıb!” – dedi”.
Bu hekayənin də sonu novella gözlənilməzliyi ilə tamamlanır. Əli yoxa çıxır, hamı həyəcan, gərginlik içərisindədir və aydındır ki, günahkar kimi Kərim hədəfdədir. Kərim isə söz verir ki, Əli tapılsa, daha içməyəcək. Sonda məlum olur ki, Əli anasını qorumaq üçün evdəki bütün çəngəl-bıçaqları sandığa yığıb və özü də orda gizlənib. Hekayə Əsmətin bu cümləsi ilə tamamlanır: “- Ata, bax, mənə inanmırdın, hamısını Əli sandıqda gizlədibmiş!”
İlqar Kamilin hekayəsində təhkiyəçinin kimliyini müəyyən etmək istədim, anlaşılmadı. Çünki, hekayə müəllifin dilindən nəql edilirdisə, “müəllif dili” deyilən bir etik, ədəbi-bədii dil qanunlarına müvafiq təhkiyə mədəniyyəti olmalıdır. Müəllif dialektlə, jarqonlarla, vulqar sözlərlə danışmaz əlbəttə ki... Amma bizim bir çox müəlliflər bu qanunu unudur. Hətta yazıçılar var ki, öz dilindən Rusiyaya, “Rusiyet” deyir, obrazlarını “başı batmış qız”, “boynusınmış qonşu” və s. bu kimi ifadələrlə təqdim edir. İlqar isə digər obrazlarının dilindən deyil, öz dilindən hekayəsinin baş qəhrəmanına “eşşək” deyir: “İçirdi Kərim, eşşək kimi içirdi. İçməyi bir yana qalsın, elə ki içdi, vəssalam, "kişilik" damarı tutur, küçədən-bazardan bir söz, bir bəhanə tapıb yazıq Səmayənin gününü qara eləyirdi.”
Bəzi təsvirlərində məcazlılıq təsəvvürə gəlməyəcək qədər abstrakt, qeyri-dəqiq və mətnin ümumi ovqatına uyğun olmayan şəkildə ifadə olunub: “İsti yay axşamlarından birində günəş yenə iş vaxtı bitmiş fəhlə kimi dünyanı tərk eləməyə hazırlaşırdı” (iş vaxtı bitən fəhlə dünyanı necə tərk edir ki? – İ.M.), “Kərim adlı həyat sındırmışdı onu, gəncliyini erkən dəfn etmişdi içinə”, “Sahib müəllim qəfil tapılıb bu nanəcibləri acılamasaydı, Kərim Rusiyada keçirdiyi o “əsrarəngiz” günlərindən hələ bir xeyli basıb-bağlayacaq, onların bekarlıqdan sıxılan canlarını qəşəng-qəşəng əyləndirəcəkdi”, “Əsmətin ağlamsınaraq verdiyi qəfil sualı otağın qatı sükutuna atəş kimi açıldı” Əsmət, qəlbində bir dünya qorxu, dərhal qaçıb evə girdi və s.
Publisistik ton, müəllifin mətnə ritorik, emosional müdaxilələri hekayədə həcmin lüzumsuz yerə çoxalmasına səbəb olub. Və ən təəssüfləndiricisi isə odur ki, bizim ətrafımızda hər gün gördüyümüz kədərli məişət mənzərəsini müəllif bəlkə gördüyümüzdən də zəif şəkildə əks etdirib. Əlbəttə, mənzərə müəllifi kədərləndirib. Lakin bu motiv XXI əsr ədəbiyyatında, çağdaş oxucuya bu qədər primitiv şəkildə nəql edilməməli idi. Müəllif diktələri, yönləndirmələri (Hekayəçi öz təhkiyəsində mütəmadi olaraq kimi sevmək, hansı obraza qəzəbli olmaq, hansına nifrət bəsləmək və s. bu kimi diktəni oxucuya ötürür, özü də hiss etmədən onun mövqeyinə müdaxilə edir, zövqünə, düşüncə və qərarlarına təzyiq göstərir.) hər səhnədə ön plan fonundadır.
Obrazlarına şəxsi münasibətini mətn boyu heç cür arxa plana keçirə bilmir. Məsələn, dialoq prosesində Səmayə nəsə deyir. Müəllif Səmayənin adının qarşısına öz təyinini əlavə edir dərhal: “taleyindən cana gəlmiş” Səmayə...
Və ya, mətnin məzmunu başdan-ayağa sübut edir ki, Səmayəgilin həyatı pis keçir. Amma İlqar məqamı oldu-olmadı təkrar-təkrar bizi uyarır: “Çox ağrılı mənzərə idi, amma nə etməli, onlar bu əzabı yaşamağa bir növ alışmışdılar”, “Kərim adlı həyat sındırmışdı onu, gəncliyini erkən dəfn etmişdi içinə” və s.
Əsil sənətkarlıq odur ki, bu əlavə şərh və izahların heç biri olmadan oxucu özü yazıçının nəzərdə tutduğu, amma demədiyi sözləri düşüncəsindən keçirsin. Tutaq ki, Səmayə özü seçib getdiyi ərin xəcalətini çəkir və valideynlərinə heç vaxt şikayət etmir, ya da nə vaxtsa bu addımı atır. Bu nüans mətnin məzmunundan kənar qeyd, şərh, izahla verilməməlidir. Amma müəllif yazır: “Əlbəttə, qürurunu sındırıb ilk və son dəfə atasına da demişdi dərdini” və s.
Yəni, Səmayənin taleyindən cana gəlməsi, qürurunu sındırıb-sındırmaması, ərinə nifrət etməsi, uşaqlarını çox sevməsi və s. bu kimi açıqca görünən faktları xüsusi vurğulamalarla təqdim etməyə ehtiyac yox idi.
Biz ədəbi gəncliyimizdən həm forma, həm də məzmun etibari ilə bizi diksindirə bilən, təəccübləndirən və ədəbi-estetik zövqümüzə təsir etmək gücündə olan hekayələr gözləyirik. Dünya ədəbiyyatındakı hekayələrlə bütün parametrlər üzrə tən gələ biləcək hekayələr... Bizim həyatımız bu qədərmi məzmunsuzdur, sözə, ədəbiyyata, sənətə mövzu ola bilməyəcək dərəcədə boşluqdadır? Axı boşluğun, yoxluğun, sönüklüyün və ətalətin belə böyük ədəbiyyatı ola bilir...
14 fevral 2017