Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı İsi Məlikzadənin hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Quşlar uçmayan yerdə”dir.
Gənc aktyor İbrahim İbrahimov birinci mövsüm idi ki, Şaxta baba olurdu. Bu işi ona dünyanın əlləm-qəlləm haqq-hesablarından yaxşı baş çıxardan, burnunu hər yerə soxmağı bacaran ütük bir dostu düzəltmişdi. Düzəltmişdi ki, İbrahim yeni il bayramında bir az qəpik-quruş qazansın. İbrahim dostundan da razı idi, taleyindən də. Düzdü, təcrübəli, yaşlı həmkarları kimi böyük zallarda meydan sulamaq hələ ona qismət olmamışdı, uşaqları bəzəkli ağacın dövrəsində əyləndirmirdi, onlara qoşulub nəfəsli orkestrin çaldığı “Nəlbəki”yə oynamırdı, ancaq nə qəm – İbrahim evlərə gedib körpələrə hədiyyələr paylayırdı – İbrahim sifarişlə çağrılan Şaxta babaydı, ona görə də tay-tuşları adına “zakaznoy Ded moroz” deyirdilər. İbrahim buna da qane idi – vallah, savab işdi bu, xeyirxah işdi – nə olar, İbrahim hələ öyrənir, indi qabiliyyətini, bacarığını görərlər, gələn mövsümdə inşallah, böyük bir mədəniyyət sarayına göndərərlər onu.
İbrahim teatrda xırda-mırda rollar oynayanda ləqəb götürmək fikrinə düşməmişdi: bir tamaşada canavar rolu oynamışdı, birində keçi, birində milisioner... Keçi-meçiyə nə ləqəb? Amma Şaxta babanın libasını geyib, qayırma bığ-saqqal bağlayanda öz-özünə dedi: “Fərli artistin gərək fərli də adı ola – İbrahim İbrahimov yadda qalan ad-familiya deyil. Adamın ləqəbi, məsələn ola “Şeyda”. İbrahim Şeyda! Bəh-bəh, mahnıdı elə bil.”
İbrahimin nəsil-əcabətində Şeyda adlı adam olmamışdı. Şeydanı da bülbül sözünün yanında eşitmişdi. Şeyda bülbül! Hərçənd İbrahim özünü bülbül hesab eləmirdi, amma Şeyda sözü ürəyinə yaman yatırdı.
Şaxta babanın qalın kürkünü geyən gündən İbrahim İbrahimov dönüb oldu “İbrahim Şeyda”. Evlərə gedəndə ürəyindən çox keçirdi ki, adını soruşsunlar, amma soruşmurdular. İşini qurtarıb qapıdan çıxanda özü dillənirdi: “İbrahim Şeydayam mən”. Səsinin ahəngindən otağa, adamların başına təşəxxüs yağırdı. yəni bu adı yadınızda saxlayın, mən sənət aləmində gəldi-gedər deyiləm. Andır bığ-saqqal qoymurdu ki, bu sözləri İbrahimin üz-gözündən oxumaq olsun – uzun-uzun kürən tüklər örtmüşdü sifətini – yoxsa İbrahim ağımtıl üzündə, qaramtıl gözlərində min bir ifadə yaradar.
İbrahim Şeyda neçə gün idi evləri gəzirdi, rus evində rusca, azərbaycanlı evində azərbaycanca şeirlər deyirdi, uşaqlara hədiyyələr paylayırdı. Saşa da həmişə yanında olurdu. Saşa sapsarı rus balasıydı, di gəl ki, azərbaycanca fitil-fitil ötürdü, elə söyüşlər bilirdi, handa özündən deyən azərbaycanlı o qəlizlikdə söyüş eşitməmişdi. Saşa həm şofer kimi, həm də hədiyyələr – torbasını gəzdirirdi. – Bu gün İbrahim “Moskviç”ə oturanda soruşdu ki:
- “Yeddinci köndələn” küçəsi hayandadı?
Saşa maşını yerindən tərpədib:
- Naxalstroydadı, – dedi, sonra da gülümsəyə-gülümsəyə əlavə elədi ki:-Bakıda mənim tanımadığım deşik yoxdu.
İbrahim dedi:
- Əvvəlcə oranı əldən çıxardaq. Saşa dedi:
- Oldu, İbiş!
İbrahim tərs-tərs Saşaya baxdı, amma qayırma bığ-saqqal – andıra qalsın – yenə qoymadı ki, Saşa onun ağımtıl üzündəki, qaramtıl gözlərindəki narazılıq ifadəsini görsün. “Necə yəni İbiş?.. İbiş nədi, ə? Bu Saşa, deyəsən, həddini aşıb, axı. Bir də mənə “İbiş” desə, abrını alacam bunun.”
Maşının taqqıltısı İbrahimin beyninə düşürdü; düz, hamar küçələrdə də taqqıldayırdı şoğərib. İbrahimə elə gəldi ki, nə vaxtsa, bu maşın getdiyi yerdəcə sökülüb dağılacaq, elə söküləcək ki, heç fələk də onu yığışdırıb quraşdıra bilməyəcək. İbrahim ürəyində Allaha yalvardı ki, indi sökülməsin bu maşın, yeni il şənliklərinin qurtarmağına hələ beş-altı gün qalıb, qoy bu beş-altı günü də İbrahimin ayaqlarını yerdən götürsün.
Çəmbərəkəndə çatanda Saşa soruşdu ki;
- Zakaz çoxdu?
İbrahim dedi:
- Beş mənzilə dəyəcəyik.
- Sizinkilərdən var?
- İkisi... Biri indi getdiyimiz... Lalayev... Biri də dördüncü mikrorayondadı... Qalanları sizinkilərdi.
- Allah canlarını sağ eləsin bizimkilərin, onlar olmasaydı, bekar qalardın.
Saşa yenə nəsə deyib güldü, amma İbrahim onun sözlərini eşitmədi, çünki maşının taqqıltısı yaman artmışdı. Elə bu taqqıltıda birdən-birə İbrahimin yadına Südabə düşdü. Axır günlər Südabə barədə fikirləşməyə macal tapmırdı. Səhərdən axşamacan ayaqüstəydi yazıq: o ev sənin, bu ev mənim. Gecələr də xort düşüb yatırdı. Bəs bircə barmaq kağız yazmağa sözün nədi? Sevdiyin adamın məktubuna cavab yazmaq nə çətin işdir axı? “Sağ-salamatam, səni əvvəlki təkin sevirəm, darıxıram, öpürəm...” Vəssalam. Südabənin üç məktubu cavabsız qalıb. Bəlkə daha sevmir Südabəni? Siz Allah, indi iş başında, bu drunqlet “Moskviç”in içində sevdiyi qız barədə fikirləşməyin məqamıdı heç? Ağıllı adam indi bu barədə düşünər?
- Səfehəm də.
- Nə dedin, İbiş? - Saşa təəccüblə İbrahimə baxıb, gözlərini təzədən yola zillədi.
İbrahim təkcə “İbiş” kəlməsini eşitdi. Yenə tərs-tərs Saşaya baxdı. Amma nə faydası? Andır bığ-saqqal qoymur İbrahimin ağımtıl üzündəki, qaramtıl gözlərindəki qəzəb, narazılıq ifadəsi görünsün. İbrahim yenə Saşanın qələtindən keçdi. “Üçüncü kərə mənə “İbiş” desə, bunun rus atasını yandıracam”.
- Özünə səfeh niyə deyirsən?
- Sənin qulağın səsə düşüb.
- Dedin, axı... Yuxu görürdün?
Fələk, neçə vaxtdı İbrahimin yuxusuna da girmir Südabə. Yuxuda tanımadığı qızlar görürdü, tanımadığı gözəllərlə mazaqlaşırdı. Nə yalanı, Südabə heç onların əlinə su tökməyə də layiq deyil. “Lənət şeytana!” Vallah, deyəsən, İbrahim Südabəni day əvvəlki ehtirasla sevmir. Hərdən İbrahimin ürəyinin ən dərin guşəsində şübhəyə oxşayan bir hiss qımıldanırdı və İbrahim bu hissin axarına düşüb, batmaqdan, boğulmaqdan qorxmayaraq əl-qolunu boşaldıb üzürdü. Ürəyini bürüyən bu hisslərin qarşısına hasar çəkmirdi, onu qoynuna alıb aparan axara müqavimət göstərmək istəmirdi. Bəlkə Südabədən birdəfəlik əl çəksin? Südabə ilə birgə ömür sürmək taleyini səhnəyə bağlamış bir adama nə verəcək? Südabə nə bilir səhnə nədir, sənət nədir, yaradıcılığın əzablı yollarında yanıb külə dönmək nədir? Zalımın qızı instituta girməyə heç həvəs də göstərmədi, rayondakı tikiş kombinatında işə düzəldi, indi uşaq-muşağa tuman-köynək tikir.
- Builki bayram pis keçir. Küçələri bəzəməyiblər.
İbrahim sağa-sola baxdı, böyük prospektdə bərbəzək görmədi. Fikirli-fikirli dedi:
- Hə, bəzəməyiblər.
- Qabaqlar yeni il bayramını alayı cür keçirirdilər. Mamam məni həmişə ofitserlər evinə aparırdı. Yolka ağacını elə bəzəyirdilər, gendən baxanda elə bilirdin ağac alışıb yanır. Hamı oynayırdı, oxuyurdu; böyüklər də, balacalar da. Küçələrdə adam əlindən tərpənmək olmurdu. İndi adamlar birtəhər olublar.
İbrahim köks ötürdü.
- İndi adamların dərdi çoxdu, – dedi və ürəyində Allaha yalvardı ki, Saşa soruşmasın: “nə dərddi o?” Çünki İbrahim bir kəlməylə, bir cümləylə cavab verə bilməyəcəkdi. Məyər dərd birdi, ikidi, beşdi? Bu Bakıda nə qədər adam yaşayırsa, o qədər də dərd var. Bu şəhərin yerinə, göyünə, küçələrinə evlərinə iki milyona yaxın dərd səpələnib.
Yaxşı ki, Saşa heç nə soruşmadı, İbrahim də bayaq qırılmış fikrinin halqalarını bir-birinə bağladı. “Hə, harda qaldıq? Demək, Südabə uşaq-muşağa tuman-köynək tikir. Tiksin də. Allah qoluna qüvvət versin... Kaş Südabə buralı olaydı. Özü də varlı-hallı, tanınmış bir kişinin qızı olaydı. Onda mənzil dərdi çəkməzdim, fələk. Kirayədə qalmaqdan təngə gəlmişəm, billah. Yəni mən özgələrin küncündə qocalacam?”
- Çatdıq!
İbrahim fikirdən ayrılıb gördü ki, balaca, darısqal, çirkli-palçıqlı bir küçədi bura. Sağda-solda xırda-xırda evciklər bir-birinin qarnına girmişdi. Tələm-tələsik düzəldilmiş yastı-yapalaq damlar quşxanaya oxşayırdı. Paslı tənəkə hasarlar da bu göbələk evlərin ayıbını örtə bilmirdi.
Maşından düşməyə İbrahimin həvəsi olmadı. “Tufağın dağılmasın Lalayev – hər kimsənsə başıxarab adamsan – heç bu xarabalığa Şaxta baba çağırarlar?.. Görəsən, necə adamdı bu? Familiyası sürüşkən familiyadı; azərbaycanlı deyil bəlkə?”
Saşa nimdaş torbanı çiyninə atıb dayanmışdı, nədənsə, göyə baxırdı – İbrahim də maşından düşən kimi göyə baxdı; səhərdən hava boz idi, amma bu “Yeddinci köndələn” küçəsində elə bil bir az da bulaşmışdı. Adamı qar nəfəsi vursa da, bu qış Bakıya bircə dəfə də qar düşməmişdi. Quru, sərt soyuqdan az qalmışdı yerin sinəsi çat-çat olsun.
İbrahim gözlərini göydən çəkib toxtaq-toxtaq soruşdu:
- Onuncu ev hansıdı, ə?
Saşa:
- Taparıq, – deyib düşdü qabağa.
İbrahim kürkün ətəyini bir balaca yığışdırıb, Saşanın kürəyində ləngərlənən torbaya baxa-baxa irəlilədi.
Bir adamın güclə keçə biləcəyi dar-dütək dalanlardan, döngələrdən adlayıb yaşıl rəngli taxta qapıya dirəndilər. Üstündə poçt qutusu vardı, ev sahibinin də familiyası yazılmışdı:
“Lalayev”.
Sanki kimsə tənəkə hasarın o tayında dayanıb İbrahimgilin yolunu gözləyirdi. Qapı açıldı, orta yaşlı, seyrəksaçlı arıq bir kişi gülümsəyə-gülümsəyə dedi:
- Xoş gəlmisiniz! Buyurun içəri!
İki-üç metrlik həyət idi; asfalt döşənmişdi. Daxma elə torpaqdan başlayırdı, kürsüsü-filanı yox idi.
İbrahim seyrəksaçlı kişinin gülümsər gözlərinə baxıb ürəkləndi, elə çöldəcə Şaxta babalığa başladı. Üzünü örtülü qapıya tutub, yoğun əsasını yerə vura-vura bərkdən dedi:
- Gəldim, əziz köpələr,
Qarlı dağlar aşaraq,
Çox ellər dolaşaraq.
Çöllərdə qurdum dəyə,
Gəldim sizi görməyə...
Şaxta baba əsasını yaş asfalta bir neçə dəfə vurdu, amma daxmanın qapısı açılmadı.
Qapını seyrək saçlı kişi özü itələyib açdı. Lampanın zəif işığı içərini ala-toran rəngə boyamışdı. Ensiz dəmir çarpayıda irigöz, nazikboğaz bir oğlan uşağı oturmuşdu. Bir uşaq da ortalıq stolunun yanında dayanmışdı, əlində yavan çörək vardı, oğlan ya qız olduğu bilinmirdi.
Həmişə içəri girəndə dediyi sözləri, salamı unutdu İbrahim. Kif iyi verən bu ala-toran otaqda şeir söyləmək, divarların rəngi kimi solğun bənizli uşaqları əyləndirmək çox gülməli göründü ona. Gözünün ucuyla Saşaya baxdı; Saşa mat-məəttəl dayanmışdı, torbanı çiynindən hələ götürməmişdi. İbrahim nəzərlərini kişinin üzünə zillədi.
Kişi əvvəlki təbəssümlə gülümsəyə-gülümsəyə dedi:
- Düz gəlmisiniz... Lalayev mənəm.
İbrahim də gülümsədi; nə yaxşı sir-sifətini tük bürümüşdü, yoxsa ağzının necə əyildiyini Saşa da görəcəkdi, kişi də, uşaqlar da. İbrahim otağı bir də diqqətlə nəzərdən keçirtdi: az qala başına toxunan taxta tavana baxdı, şirəli, kələ-kötür divarlara baxdı, ayaqlarının altında laxlayıb cırıldayan döşəməyə baxdı və seyrək saçlı kişinin gülümsəməyinə mat qaldı. Lalayevin sirli-müəmmalı təbəssümü İbrahimin ürəyinə vahimə saldı. Ancaq İbrahim “əsl aktyor ən çətin anlarda da yaradıcılıq ovqatının zirvəsində dayanmalıdır” tövsiyyəsini xatırlayıb, özünü ələ aldı. Uşaqları səksəndirəcəyindən qorxurmuş kimi astadan, çəkinə-çəkinə şeir oxudu:
- Gəldim, əziz körpələr,
Qarlı dağlar aşaraq,
Çox ellər dolaşaraq.
Çöllərdə qurdum dəyə...
İbrahim gördü ki, əlində yavan çörək olan uşaq gözlərini zilləyib onun burnuna. İbrahim qıpqırmızı, düzəltmə burun qoymuşdu özünə, elə bil burnunun ucuna balaca pomidor yapışdırmışdı və uşaq indi bu balaca pomidora baxıb ağlamsınırdı. Sözlər Şaxta babanın dilçəyinə dirənib qaldı. Daha şeirin dalı gəlmədi. İbrahim:
- Ay mənim göyçək balam! Ay mənim çiçək balam! – deyib uşağa doğru bir addım atdı və irəli durmağına peşman oldu.
Uşaq çörəyi sinəsinə sıxıb başladı ağlamağa. İbrahim çaşqın-çaşqın dedi:
- Ağlama, quzu. Mən Şaxta babayam, sənə hədiyyə gətirmişəm. Sənin yeni ilin mübarək! Ağlama.
Uşaq ağlamağını bir az da bərkitdi.
Ara qapı açıldı, cüssəsiz, cavan bir gəlin kölgə kimi içəri girib əlini ehmalca uşağın başına qoydu. Uşaq gəlinin qıçlarına sığındı, qorxudan irilənmiş gözlərini Şaxta babanın az qala qurşağını döyən kürən saqqalına zilləyib, burnunu çəkə-çəkə ağlamağını boğmağa çalışdı. İbrahim bu dəfə dəmir çarpayıda səssiz, hərəkətsiz oturmuş uşağa nəzər saldı və ona elə gəldi ki, bu uşaq bayaqdan bəri bircə kərə də kirpik çalmayıb. Uşağın gözlərinin ağı şəffaf şüşə kimi parıldayırdı. İbrahim hiss elədi ki, yavaş-yavaş boğazı quruyur, daha şeir deməyə, söz danışmağa halı yoxdu. “Lənət şeytana, mən hara düşmüşəm?”
Lalayev çiynini qapının küncünə söykəyib hələ də gülümsəyirdi. Elə gülümsəyə-gülümsəyə də dedi:
- Profkom Paşanın atasına od vuracam. Yolkaya dörd bilet istəyirəm, qurumsaq ikisini verir. Deyirəm, ay müsəlman iki uşağım var, qoy onları bir dəfə filarmoniyaya aparım, bir dəfə dvoresə. Deyir, bir dəfə öz klubumuza apar – “Şmit”ə – bəsindi. Profkom Paşa mənə ikicə bileti qıymadı, mən də acıqdan evə Şaxta baba çağırdım.
İbrahim dedi:
- Əcəb eləmisiniz.
Kişi yenə gülümsəyə-gülümsəyə, sakit-sakit dedi:
- Paşa o biletləri dədəsinin puluynan almayıb ha. Nə gedir hökumətin cibindən gedir... Noolsun ki mən fəhləyəm? Fəhlənin uşağı uşaq döyül? Paşa kənddən gələnləri adam yerinə qoymur, guya özü Vaşinqtondan gəlib. İyirmi ildi bu şəhərdəyəm mən, day mənim haram kəndçi oldu? – Kişi barmağını silkələdi. – Varam o profkom Paşaynan! Mənzil növbəsində on yeddinci adam idim, nə kələk işlətdisə, oldum iyirmi ikinci. Yazmışam. Özümüzünkülərə də yazmışam; mərkəzə də... Paşanın əməllərindən yaxşı xəbərdaram: putyovkaları kimlərə verir, maddi yardımı kimlərə göstərir, mənzil bölgüsündə nə fırıldaq işlədir. Mənə də Lalayev deyərlər.
İbrahim qoyma pırtlaşıq qaşlarının altından arıq gəlinə baxırdı. Gəlin elə bil ağac idi, heykəl idi; bir əlini hələ də kirimək bilməyən uşağın başına qoyub, gözlərini qapının üstünə zilləmişdi.
İbrahim dəmir çarpayıda oturmuş oğlanı danışdırmaq istədi. Soruşdu ki:
- Oğul bala, bu gün ayın neçəsidi?
Uşaq güzgü gözlərini İbrahimin pudralı alnına dikib qaldı.
- İndi hansı aydı?.. Hə, göyərçin bala...
Arxada Lalayev cavab verdi:
- İndi yanvar ayının beşidi, min doqquz yüz doxsanıncı ildi. Biri yanvar İsa peyğəmbərin anadan olduğu gündü. Xristianların yeni il bayramı... Sən də əlinə çəlik alıb düşmüsən qapılara ki, yeni iliniz mübarək. – Öz-özünə danışırmış kimi səsini saldı aşağı. – Saqqalına-zadına bax bunun.
İbrahim cavab verməkdən vaz keçdi; Lalayev tutduğunu buraxan kişiyə oxşamırdı.
- Havayı işdi bu. Yeni ildə nə qədər ağac qırırlar, nə qədər xərc çəkirlər. Kişidirlərsə, bunun əvəzinə mənzil tiksinlər, camaat ev-eşiksiz qalıb.
İbrahimin yaralı yerinə toxundu Lalayev. Yadına saldı ki, işdən sonra yenə kirayədə qaldığı o darısqal, soyuq otağa qayıdacaq. Nə yeməyə fərli xörək tapacaq, nə içməyə isti çay. Taxta peçenye yeyib, girəcək buz kimi yatağa. Sitildəyə-sitildəyə birtəhər yuxuya gedəcək. Bəlkə də bərbəzəkli, işıqlı bir yuxu görəcək, o yuxuda tanımadığı bir qızın alovlu məhəbbətindən isinəcək. Səhər oyanıb özünü ac toyuğa oxşadacaq və təəccüblənəcək ki, görəsən, neçə vaxtdı Südabə yuxusuna niyə girmir.
İbrahim indi bu ala-toran otaqda şampanın öləziyən işığından əsəbiləşə-əsəbiləşə fikirləşdi ki, Südabəni heç vədə Bakıya gətirməyəcək. Gətirsə, hansı “köndələn” küçədəsə yastı-yapalaq bir daxmada yaşamalı olacaqlar, Südabə havasızlıqdan soluxub bax, bu arıq gəlin kimi divar rəngi alacaq, onun doğduğu uşaq da bu dəmir çarpayıda oturan uşaq təkin heysiz-hərəkətsiz, yarımcan olacaq, İbrahim isə hər gün profkomdan özününkülərə də, mərkəzə də şikayət ərizələri yazacaq və bir də gözünü açıb görəcək ki, ömür qurtarhaqurtardı.
İbrahimin ürəyi bərk-bərk döyünürdü, nəfəsi tıncıxırdı. İbrahim çarpayıdakı oğlana baxa-baxa qışqırmaq, yaxasını cırmaq istədi. Təngiyə-təngiyə dedi:
- Saşa, davay!
Saşa da İbrahimin rusca danışmağına təəccüblənə-təəccüblənə torbadan peçenye, konfet doldurulmuş iki bağlama çıxardıb stolun üstünə qoydu.
İbrahim torbanı Saşadan alıb başıaşağı çevirdi. Bağlamalar şarıltı ilə döşəməyə töküldü. Çarpayıdakı oğlan hədiyyələrə gözünün ucuyla da baxmadı. İbrahim boş torbanı Saşanın üstünə atıb daxmadan çıxdı.
Arxadan Lalayevin cır səsi eşidildi:
- Şaxta baba! Varam o profkom Paşaynan! Mənə də Lalayev deyərlər!
Küçədə Saşa başını qaldırıb zəndlə göyə baxdı.
- Hava deyil, zəhrimardı, – dedi. – Göydə bir dənə də quş yoxdu.
Siz Allah, heç quş axtarmağın vaxtıdı? İbrahim də istər-istəməz göyə baxdı; hava boğulmuşdu, elə bil göydən yerə zəqqutun ələnirdi. – Bircə dənə də quş görünmürdü səmada.
Maşında Saşa astadan soruşdu ki:
- Torbanı orda niyə boşaltdın, İbiş?
“İbiş” sözündən İbrahim daha hirslənmədi. Qəhərdən boğulurdu, nə illah eləyirdi, dəmir çarpayıda oturan oğlanın baxışları gözlərinin qabağından getmirdi. Papağını çıxartdı, bığ-saqqalını, pomidor burnunu qopartdı, kürkünün yaxasını açdı.
Saşa İbrahimin üzünə diqqətlə baxdı.
- Bu nədi, İbiş, ağlayırsan?
İbrahim səsi titrəyə-titrəyə dedi:
- Sür gedək, Saşa, mənnən Şaxta baba olmaz! Sür!
1990