Şuşan Stepanyana məktub- Sərdar Amin yazır

Şuşan Stepanyana məktub- Sərdar Amin yazır
15 oktyabr 2020
# 11:10

Salam, Şuşan!

Bu məktubu sənə jurnalist olduğun üçün yazıram. Axı sənə də nə vaxtsa, ədalətdən, bitərəflikdən, haqdan qığıldayıblar.

Şuşan, mən yazıçıyam. Bilirsən, bu gün yazıçılar özlərinə bəzən paralel peşə tapmalı olur. Məndə bu jurnalistika oldu, artıq 12 ildir əsl jurnalistikanın içimə səpdiyi o soyuq toxumlar ucbatından bəzən əzizlərimdən belə uzaq düşür, həqiqət naminə hərdən cəmiyyətlə üz-göz oluram. Bütün bunları deməkdə məqsədim odur ki, sən də jurnalistsən - insan həyatını siyasi oyunların fövqünə qaldırmalı olan müqəddəs peşə sahibi!

Şuşan, diksinmirsənmi?!

Heçmi narahat deyilsən?

Barı, yuxuların qarışmırmı?

Şuşan, biz yaşıdıq. Dünyada gedən prosesləri eyni vaxtı izləmişik. Qafqaza güneydən baxmışıq, uşaqlığımız sovet oyuncaqları ilə rənglənib, hətta peşəmiz də eynidir. Necə olur ki, sənin Kəlbəcərin qarlı dağlarından paylaşdığın fotolara baxanda, əvəzinə xəcalət çəkirəm, amma sən narahat olmursan. Axı siz oralarda heç yaşamamışdız...

O dağların qarını basarkən foto çəkdirməyi özünə necə sığışdırdın?

Bilirəm, insan gözəl yerlərə düşəndə, bir müddət yaşayanda, gözü alışır. Elələri də olur, sonra həmin torpaqlarda əzəlilik iddiasına düşür, amma bir gün onlar öz yalanlarına inanmağa başlayırsa, bu, o deməkdir ki, xəstələnib. Bu xəstəlikdir, tibdə adına mitomaniya deyirlər.

Əlində tutduğun mikrofon, haqqın səsini yüksək tribunalara daşımaq istəyi, ən böyük doğrunu ən kütləvi vasitə ilə səsləndirmək ehtirası bir jurnalist kimi içində yuva qura bilmədimi?

Hadrutda doğulmusan. Gözəl yerlərdir, eləmi? Mən təzəliklə gördüm. Sən doğulanda bizimkilər oralardan çıxırdı. Nə az, nə çox, 1 milyon adam. Uzağa getməyək, elə qulağınızın dibindən: Füzulidən, Cəbrayıldan, Şuşadan... O vaxt ən böyük travmanı da elə yaşıdlarımız almışdı, 4-5 yaşlı uşaqlar, analarının qucağında, nənələrinin belində nabələd ünvanlara düşdülər, aylarla yollarda, illərlə vaqonlarda yaşadılar.

Bu gün sizin mətbuatın qəzəblə söz açdıqları zabitlərimiz 30 il əvvəl kəndlərindən, rayonlarından didərgin salınan, yayı qızmar, qışı şaxtalı düzənliklərdə qurulan qaçqın şəhərciklərində, vaqonlarda böyüyən uşaqlardır. Onlar sırf bu səbəbdən hərbi məktəb oxuyub talelərini hərbə bağladılar. Təəssüf ki, həmin şəxslər işğala qarşı yetişmiş meyvələrdir. Dünya firavan olsa, yəqin, kimsə əlinə silah almağa, bu sahəni özünə peşə seçməyə ehtiyac duymaz.

Ən böyük ağrı bilirsən nədir?

İnsan bəzən bütün iddialarından əl çəkərək hər kəsdən küsmək lüksünü son kart kimi çıxarıb doğulduğu yerə qayıtmaq istəyir. Axı bizim bəşəriyyətə etiraz ilkimizə, bəsitə qayıtmaq kimi bir haqqımız var. Adamın içindən tez-tez belə bir hiss keçir. Qayıtmır, ancaq bu şans insanın ömür yelkənidir, Şuşan. Hər an qayıda biləcəyin bir yerin olmaması faciədir. Bizim bir milyon adamımız bu gün müdafiə etdiyin hökumətin əli ilə o şansını itirib.

Bayramlarda, bezəndə, küsəndə getməyə ata ocaqları olmayan insanların ahı ağır olur.

Şuşan, Hadrut azad olundu. Yəqin, bizi indi başa düşərsən. Hadruta gələ bilməyəcəyini bildiyin an, 30 ildir bu ağrını içində yaşadan insanları daha yaxşı anlayarsan.

Ağdamın, Cəbrayılın son görüntülərinə baxdım, daş üstündə daş qalmayıb.

30 il müddətində ora bir qızılgül kolu əkməmisiz. Bilirsən niyə, çünki o yerləri sevmirsiz. Çünki o yerlər sizə doğma deyil. Daha doğrusu, siz o torpaqlara ögeysiz. İnsan doğma yeri viranə qoymaz.

Amma biz Hadrutu dağıtmadıq. Niyə dağıdaq? İnsan öz yurdunu dağıtmaz, viranə qoymaz. Sağlıq olsun, tezliklə Qarabağın viranəliklərində ulayan bayquşlar qovulacaq, yerinə bülbüllər gələcək.

Ordakı evinizi də dağıtmayacağıq.

Əminəm, bir gün yanında olduğun hakimiyyətdən bezəcəksən, küsəcəksən, içindən hər şeyi unudub evinə qayıtmaq istəyi keçəcək, burnunun ucu göynəyəcək. Bax, həmin an bizə məktub yaz. Biz insanları doğulduğu yerdən qovmuruq. Çünki biz yaxşı bilirik, bu amansız dünyada insanın özündən başqa söykənməyə bir şey tapmaması dəhşətlidir – xüsusən də bir qadına!

# 12372 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #