Rəşad Məcidin hay-küyü

Rəşad Məcidin hay-küyü
5 sentyabr 2011
# 12:21
Bu günlərdə Azadlıq Radiosunun “Pen klub” verilişində internetin ədəbiyyatda xaos yaratması ilə bağlı müzakirəni dinlədim.

Müzakirəyə AYB katibi Rəşad Məcid, yazıçı Əli Əkbər və şair Zahir Əzəmət qatılmışdı.

Müzakirə olduqca aktual və maraqlı idi.

Verilişdə internetin və sosial şəbəkələrin ədəbiyyata təsiri, mənfi və müsbət tərəfləri müzakirə olunurdu.

Ümumilikdə verilişin mövzusu haqqında, qoyulan mövzu və problem haqqında heç bir iradım yoxdur.

Mənə elə gəlir ki, bu mövzu ədəbiyyatı inkişafa meyllənən hər bir ölkədə vacibdir.

Ancaq baxır o müzakirədə kimlər iştirak edir.

Müzakirədə Rəşad Məcidin bəzi fikirlərinə münasibət bildirmədən keçmək, onun haqsız fikirlərinə şərik olmaqdır, düşüncəsindəyəm.
AYB-nin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid təxminən belə bir fikir səsləndirir:

“Təhlükə odur ki, böyük bir qrafomanlıq başlayır. Hər əli qələm tutan, hər klaviaturanın düyməsini döyəcləyən, üç cümləni dal-dala qoşanlar özlərini şair və ya yazıçı adlandırırlar. Bu, məncə, əsl ədəbi dəyərin harada olduğuna kölgə salır”.

Əvvəla, çox adamın yazmasının nə pis cəhəti var ki?

Əlisəmid Kür demişkən, əclaflıq eləmirlər ki, şeir yazırlar.

Əsl ədəbi əsərlər də məhz böyük rəqabət şəraitində meydana çıxır.
Mənə elə gəlir ki, ədəbi aləmdə başlayan qrafomanlıqda Rəşad Məcidin də böyük payı var.

Məhz Rəşad Məcidin rəhbərliyi altında iki il davam edən Gənc Ədiblər Məktəbinin 50 məzununa qırmızı üzlü yazıçı diplomu veriləndə Rəşad Məcid qrafomanlığı düşünməli idi.

Həyəcan təbili 50 “gənc ədib” yetişdiriləndə çalınmalı, zamanında münasibət bildirilməli idi.

GƏM-in bir çox üzvləri bildirir ki, GƏM-in toplantılarında demək olar ki, heç nə öyrənməyiblər. Hətta imzasını xilas edə bilmiş bir çox “gənc ədib” yazılarında və müsahibələrində GƏM-ə istehzayla yanaşır.

GƏM ciddi imza yetişdirə bilməyib.

Düzdür, əks-iddia ilə çıxış edib deyə bilər ki, “bunu zaman göstərəcək”.

Ancaq əmin olun, zaman heç nə göstərməyəcək.

Yetişənlər artıq üzdədir.

Mən şəxsən bu fikirdəyəm ki, Qisməti, Cavid Zeynallını, Kəraməti, Feyziyyəni, Elnaz Eyvazlını, Rəbiqəni, Günel Eminlini GƏM yetişdirməyib.

Bəs GƏM nə edib?

GƏM 30-dan artıq qrafoman yetişdirib.

Hər il 20 gənc yazara prezident təqaüdü verilir və birbaşa Rəşad Məcidin rəhbərliyi və nəzarəti ilə həyata keçirilir.

Ən böyük qrafoman istehsalı budur.

Bəyəm Rəşad Məcid narahatçılığını prezident təqaüdçülərinin siyahisi hazırlanarkən, GƏM-dən 50 nəfərə yazıçı diplomu verilərkən bildirməli deyildimi?

Rəşad Məcidin indiki narahatçılığı çox gecikmiş hay-küy təsiri bağışlayır.

Düzdür, etiraf eləmək lazımdır ki, internet və sosial şəbəkələr ədəbiyyatda xeyli geniş üfüqlər açmaqla yanaşı, həm də xaos yaradıb.

Bunu bütün ciddi qələm adamları hiss edir və və narahatçılığını da bildirir.

Ancaq bu təbii prosesdir.

İnternetdə asanlıqla cızma-qaralarını yayanlar bir gün bu mənasız işdən yorulub səhvini anlayacaq.

Ancaq Rəşad Məcidin diplom verib “şair”, “yazıçı” “elan etdiyi” qrafomanlar necə olacaq?

Məncə, Rəşad Məcid internetin yaradıcı adamların həyatındakı rolundan, ədəbiyyatda yaratdığı xaosdan narahat olmamalıdır.
Rəşad Məcid hər il təqaüd siyahısında gənc yazarları təmsil edən 20 “istedadlı” gəncdən əndişələnməlidir.

Məcburiyyətdən nazirliyə təqaüd almaq üçün təqdim etdiyiniz 20 “istedadlı” gəncin adlarına göz gəzdirəndə, təqaüddən kənarda qalan, yazıları ilə artıq özünü təsdiq etmiş AYB üzvü olan gəncləri düşünürsünüzmü?

Məncə, sizi bu narahat eləməlidir.

Yaxşı ki, hər il üç-beş nəfər bu siyahıda sizin üzünüzü ağardır.
Məncə, qrafomanlığa daha çox Rəşad Məcid özü yol açır.

AYB-də istedadlı gənclərdən söhbət düşəndə adını çəkəcəyiniz 5-10 nəfərdən başqa onlarla AYB üzvü olan qrafoman gənclər sizi narahat edirmi, Rəşad bəy?

Heç düşünmüsünüzmü ki, “525-ci qəzet”in səhifələrində yer verdiyiniz istedadsız müəlliflərin uğursuz yazıları, cızma-qaraları sizin ayağınıza yazılır?

Azərbaycan ədəbiyyatı virtual təhlükədən, dediyiniz kimi, internetin yaratdığı xaosdan tezliklə xilas olacaq, amma sizin ədəbiyyata dartıb gətirdiyiniz qrafomanlardan ədəbiyyatımız xilas olacaqmı?

Vaxtınız olanda heç olmasa bu barədə düşünün.
# 1284 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #