Tanrının şair, rəssam, heykəltəraş, memar “dostu”

Tanrının şair, rəssam, heykəltəraş, memar “dostu”
4 iyul 2011
# 15:06
Onu çoxdan tanıyıram. Bəlkə də 15 ildir. Səhv etmirəmsə, bizi rəhmətlik Akif Səməd tanış eləmişdi. Və hər dəfə görüşəndə mən elə gəlib ki, o, həmişə, harasa tələsir. Dostu Ramizin sözü olmasın, səsi gah İrandan gəlir, gah da Turandan.

Elə görüşdüyümüz gün də Gəncəyə gedəcəkdi. Ordakı işinin ardınca. Nə işin?
Hə, bax elə bundan da danışacağıq. Əslində özü danışacaq. Rəssam, şair, heykəltaraş, memar Məmməd Dəmirçioğlu. Məmməd Bəşirov, Məmməd əmi və ya Mamed! Amma gəlin əvvəlcə onu sizə təqdim edək.


“Dəmirçioğlu adını mənə Ağamalı Sadiq Əfəndi verib”


Məmməd Dəmirçioğlu 1951-ci ildə Qazaxın Qaymaqlı kəndində anadan olub. Orta təhsilini də kənd orta məktəbində alıb. Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. Uzun müddət Özbəkistanda yaşayıb. 90-cı ildə köç eləyib həmişəlik Azərbaycana. Amma “Əmi” Orta Asiyaya qayıdacaqdı. Bu dəfə başqa missiya ilə. Biz bu məqama da qayıdacağıq. Hələlik özünü dinləyək:

- Kənddə hamı Mamed çağırardı. Poeziya da ilk imzam isə Məmməd Bəşirov olub. Dəmirçioğlu adını isə sonradan rəhmətlik Ağamalı Sadiq Əfəndi verib. Əslində burda da bir məntiq var. Çünki babalarım dəmirçi olublar. Və yaxşı sənətkar kimi İncə dərəsində, bütün mahalda məhşur idilər. Hə, elə o vaxtdan da oldum Dəmirçioğlu. Neçə illik dostlarım var, Allah haqqı soyadımı bilmirlər. Elə Dəmirçioğlu çağırırlar (gülür).

- Ümumiyyətlə çoxlu dostunuz olduğunu deyirlər. Hətta onlardan biri, məhşur proqramçı Ramiz Hümbətovdan soruşdum ki, səncə Dəmirçioğlunun nə qədər dostu olar. Qayıtdı ki, nə bilim, bəlkə də bir milyon.

- (gülür) Mənim bir dostum var. O da Tanrıdır. Amma salam verib, salam aldğım dostların sayı, Ramiz demişkən, bir milyon olmasa da, sayını özüm də itirmişəm (gülür).

- Özünüzü şair hesab edirsiz, yoxsa, rəsam-heykəltəraş?

- Mənim şair olmaq iddiam heç vaxt olmayıb. Özüm daha çox rəssam hesab edirəm. Elə rəssamlıqda da sözümü deyə bilərəm.

- Üç kitabın çıxıb. Bildiyimə görə, ilk kitabın nə az, nə çox 54 yaşında işıq üzü görüb. Bəs niyə belə gec? Yoxsa, necə deyərlər, ilham pərisi 50-dən sonra gəlib.

- Maraqlı sualdır. Bu yerdə bir məqamı etiraf etməliyəm. Mən şer yazmağa əslində 18-19 yaşlarımda başlamışam. Və yaxın dostlarım, tanışlarım bilirdilər ki, yazıram. Amma Ağamalı Sadiq Əfəndi, sonradan Akif Səməd, Məmməd İlqar xofu mən imkan vermirdi ki, şeirləri necə deyərlər üzə çıxarım. Qəzetlərdə, jurnallarda ara-sıra dərc olunsam da, ilk kitabım 2004-cü ildə işıq üzü gördü (Dostlarından biri nahaq yerə deməyib ki, Məmməd Dəmiçioğlunda fil səbri varmış. 35 il yaz, bir igidin ömrü qədər ildən sonra üzə çıxart - S.M) Hə, kitab belə adlanırdı: “Dəmirçioğlunu dindir”. “Eşqəm” ikinci, keçən il nəşr olunan “Səhra gülləri” isə üçüncü kitabımdır. Hazırda dördüncü kitabımı çapa hazırlayıram.

- Kitab demişkən, “dostunuzun” yanına özünüzlə aparası olsanız, hansı kitabı seçərdiniz?

- “Səfillər”, bir də Ağamalı Sadiq Əfəndinin “Əyil səndən keçim, dünya”sını.

- Nə vaxtlar yazırsız?

- Sizə bir maraqlı məqamı da deyim. Şeir, misralar elə bir göydən işıq kimi, bir ruh kimi süzülüb gəlir mənə. Və ən çox da maşınla gedəndə. Elə olub ki, sürətlə getdiyim vaxt görmüşəm ki, artıq dayana bilmirəm maşını saxlayıb cızma-qaramı eləmişəm.


***

Dəmirçioğlunun yaradıclığında bir sufi xətti keçir. Mənəvi babaları Yunus İmrə, Qaracaoğlan, Seyid Nigaridən üzü bəri axıb gələn ilahi bir xətt.

Elə isə professor Səlahəddin Xəlilovu eşidək: “Tənqidçi Rüstəm Kamalın belə bir fikri ilə razılaşmaq olar ki, onun “şeirlərinin fəlsəfi qatındakı xalq sufiliyini ləhcənin, əslində dilin yaddaşı çəkib gətirir”. “Xalq sufiliyi” deyəndə, müəllif nəyi nəzərdə tutur, – deyə bilmərəm. Hər halda mən sufi filosofların yazdıqları, dərvişlərin yaydıqları və el hikmətinə çevrilən müdrik kəlamları və dərunilik, “bəsirət gözü”, haqq dünyası və s. barədə hekayətlərin, şeirləşmiş, beytləşmiş hikmətlərin el arasında yayılmasını nəzərdə tutmuram. Mən sufiliyi deyil, tarixin daha dərin qatlarından, mifik təfəkkürdən süzülüb gələn, sonralar İslam mədəniyyəti ilə zənginləşən və bütövləşən milli düşüncə və duyum yaddaşını nəzərdə tuturam. Yəni kitabdan oxunmuş bir sufilik yox, xalq yaradıcılığının bəhrəsi olan, dildə qərarlaşan, onun canına, qanına hopan bir düşüncə tərzi; hansı ki, əslində bir sufi fəlsəfəsi olmayıb, dildə yatan milli fəlsəfi fikirdir ki, sonralar onun ifadə və təcəssüm üsullarına klassik fəlsəfi sistemlər, habelə təsəvvüf terminologiyası da təsir etmişdir. M.Dəmirçioğlunun irfan yolu İbn Ərəbidən, Mövlanədən deyil, qara sazdan başlanır:

Bu qara saz ruhanini
Yorub, ürfana yol gedir”.

Həmid Ormanlı da təxminən bu fikirdədir: “Dəmirçioğlu bəzən, hətta mən deyərdim ki, çox vaxt bildiyini yox, duyduğunu yazır. Birdən elə şeirlərinə rast gəlirsən ki, hansı ki, həmin fikrə Qaracaoğlanda da, Yunis İmrədə də, Dadaloğlunda da, bəzi hallarda Xətaidə də rast gəlmək mümkündür”.
Həmid bir məqamda da haqlıdır: “Doğrudan da Məmməd Dəmirçioğlunun poeziyasından danışarkən onu yetişdirən mühiti, ədəbi-ruhani iqlimi dəqiq təyin etməlisən. Ən azından bilməlisən ki, bu haradan gəlir. Axı hər dağa belə qar yağmır, hər gülüstan belə gül bitirə bilmir, hər bağban belə bağ becərə bilmir. “Bu gün çağdaş türk təsəvvüf poeziyasından danışarkən Akif Səmədin, Hacı Məhəmməd Astanbəylinin, Məmməd Dəmirçioğlunun adlarını çəkməsək, keçinmək olmur. Həmin şairlərin üçü də incəlidir. Deməli, Dəmirçoğlu poeziyasına vaqif olmaq üçün İncə dərəsini də dərindən öyrənmək gərəkirir”.

Bəs haradır bu İncə dərəsi, bu sufii məkanı. Bu məqam da müqəddəs Hacı Mahmud Əfəndidən danışmasaq olmur. Hacı Mahmud Əfəndi 19-cu əsrin 30-cu illərində indiki Astanbəyli kəndində anadan olub. Soy-kökü əl-Qəraniyə çıxır. Bu o Qəranidir ki, peyğəmbərimiz öz əbasını namaz qılmaq üçün ona verib. Hacı Mahmud Əfəndi, Seyid Mir Həmzə Nigarinin seçkin xəlifələrindən olub. Sufi təriqətətinin, Nəqşibəndi silsiləsində, altun silsilədə 33-cü şeyxdir. Hacı Mahmud Əfəndinin Borçalı, Qarabağ və Qazax bölgələrinin müxtəlif yerlərindən minlərlə müridi olub. Hacı Mahmud Əfəndi insanlar tərəfindən çox sevilirdi. O, insanların maddi və mənəvi müşküllərinin həll olunmasında vasitəçi olurdu. Ruslara qarşı mübarizədə Dağıstandakı mürüdizim hərəkatına köməklik etdiyinə görə çar Rusiyası tərəfindən iki dəfə həbs edilib.

Hacı Mahmud Əfəndidən müəllimi Mir Həmzə Nigari və Şeyx Şamil hər ikisi İsmayıl Şirvani həzrətlərindən dərs alıb. Hacı Mahmud babanın öz dövründə və dünyasını dəyişəndən sonra minlərlə sevənləri və ziyarətçiləri olub. Hacı Mahmud Əfəndi Azərbaycandakı müridlərdən toplanan yardımlarla Amasiya şəhərində Seyid Mir Həmzə Nigari həzrətlərinin qəbirinin üstündə türbə, yanında isə məscid (Şirvanlı məscidi) tikdirib. Hacı Mahmud Əfəndi 1896-cı ildə Aslanbəyli kəndində dünyasını dəyişib. Vəsiyyətinə uyğun olaraq yaxın dostu Seyid Yasin Xocanın yanında dəfn edilib).
Həmid Ormanlı bu məqamda da haqlıdır: “Dəmirçoğlunun özünə mürşid bildiyi Ağamalı Sadiq Əfəndinin həyat və yaradıcılığına bələdçiliyin ola, azca da olsa, sirli gəlib-sirli gedən Akif Səmədi biləsən. Bax onda biləcəksiniz ki, şeirdən-şeirə Dəmirçoğlunun içini böyüdən, dərinləşdirən o sirri-xuda nədir. Şeirlərini oxuduqca anlayırsan ki, bu şeirlərlə hər yoldan ötən yoldaşlıq eləyə bilməz”. Yuxarıda demişdi axı; onun bir dostu var Uca Tanrı!!!


Bəlkə, göylərdən yerə enək? Çünki Məmməd əmi həm də rəssamdır, hekəltəraşdır. Əslində elə rəssamlıq da, heykəltəraşlıq da “dostu” Tanrının hədiyyəsidir ona. Amma bununla belə Həmid Herisçinin sözü olmasın burda bir mistika da var. Məmməd Dəmirçioğlu harda doğlub? İncə dərəsində. Hə, Vaqif Yusifli haqlıymış: heykəltəraş, rəssam. Bu ki İNCƏSƏNƏTDİR!

Elə Adil Mirseyid də onu deyir:

“Dünyanı Məmməd Dəmirçioğluna etibar etmək olar - o, əsl rəssamdı.
Dünyanı Məmməd Dəmirçioğluna etibar etmək olar, o, əsl şairdi”


Görüşdüyümüz gün Gəncəyə gedəcəkdi. Ordakı işinin ardınca. Məmməd əmi həm də memardı axı? Gəncədəki “İmperial” sarayına dizayn verir. Amma nə Gəncə, nə Bakı. Onun əl işlərinə Moskvada, Alma-Atadakı İncəsənət mərkəzləri. Səmərqənddə, Əndicanda, Namanqandakı çoxsaylı saraylar onun yadigarlarıdır. Mən hələ çoxsaylı özəl tikililəri demirəm.


***

Akif Səməddən eşitmişdim bu sözü : “Arxadaş”. Və bunu tez-tez Dəmiçioğluna ünvanlayırdı. Bu gün altıncı on illiyinə də vida edir Dəmirçioğlu- arxadaş. Bir şeirində deyir:

Qələm əldə, söz dodaqda kiliddi
Mən istəyən yazılmır ki, yazılmır.
Yazdıqlarım yazılıbdı min ildi,
Mən istəyən yazılmır ki, yazılmır.
Amma “dostu” ona mənalı bir alın yazısı yazıb. Hələ bu yazını çooox oxuyacaqsan, Dəmirçioğlu.


Səbuhi Məmmədli
# 1706 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #