Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Şəhriyar Del Geraninin “Türbülans pro” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.
Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.
Nərgiz Cabbarlı
Şəhriyar Del Geraninin “Türbülans pro” hekayəsi üslub və struktur baxımından da, dil və təhkiyə baxımından da maraqlı təsir bağışladı. Mətn içində mətn kimi yazılmış hekayədə müəllifin mətnlə də, məzmunla da, dil, ifadə və məna qatları ilə də maraqlı bir “oyun” içərisində olduğunu görürük. Ədəbiyyatşünasla müəllif arasındakı söhbəti (və gözlənilməz, qəfil gedişi) təqdim edən birinci mətndə də, dayısı tərəfindən gözlənilməz (yenə də qəfil meydana çıxan və elə bununla həm də gülüş doğuran) “yola salınma mərasimini” əks etdirən mətndə də Şəhriyarın çox fərqli yumoru, ironiyası yerində və gözəldir. Bu ironiya özü də aktiv “oyun” elementi olmaqdan yan keçmir. Ədəbiyyatşünasla gedən uzun-uzadı (oxucu səbri tələb edən!!!) söhbətdə gözlənilməz ağıllı görünən: “Məllim, səhih hədislərdə belə bəhs olunur ki, sizə bircə cümlə də olsa bilgi öyrədən adamlara hörmət göstərin, sayğı duyun. Odur ki, mən də sənə hörmət göstərdim, sayğı duydum” cavabı nə qədər effektlidirsə, onun ardınca gələn sözlər ikiqat effekt verərək ürəkdən “tikan çıxarır”.
“Oyun”un – “silkələnmə”nin bir hissəsi ədəbiyyatşünasa yerini elə onun “öz dilində” göstərən qəhrəmanın “şücaəti” kimi məzmun qatında görünürsə, digər hissəsi uzun-uzadı, mürəkkəb, “ütülü”, lakin məntiqli və romantik cümlənin “təsvir qatı”nda və “ifadə qatı”nda meydana çıxır. Müəllif sanki başladığı “oyun”u davam etdirərək “istəsəm belə mürəkkəb, istəsəm, bu qədər sadə, amma yenə də gözəl yaza bilərəm” deyən biri kimi görünür. Bu səbəbdən də “Özümü yiyəsiz bir boşluqda hiss etdim. Hamı var idi, amma eyni zamanda heç kimsə gözə dəymirdi” kimi “ruh halının dəqiq və lakonik” təsvirləri də tamamlayıcı effekt daşıyır.
Hekayənin adından başlayan, xəstəliyin adında davam edən “oyun” dəvəti strukturda da özünü göstərir. Məsələn, birinci mətndə qurulan “yer adları dolanbacı” ikinci mətndə qəhrəmanın yol aldığı “dolanbaclar”a çevrilir. Yaxud qadınlarla ərəblər arasındakı dialoqda səslənən “feminist” sözünün effekti Azad qadın heykəlinin qarşısında göz yaşı ilə bitir.
Bəzən şairlərin şeir elemetlərini və ifadə konstruksiyalarını nəsrə gətirmələri onlara irad tutula bilər. Lakin Şəhriyarda bu maraqlı alınır və üslubu qura bilir. Obrazlarına, təsvir etmək istədiklərinə kolorit qazandırır: “Külək əsdikcə əbasının ətəkləri yellənir, qəribə bir səmavilik qatırdı dayımın yerişinə. Sanki ayaqları yerdən üzülmüş, pərvazlanaraq gəlirdi evə sarı”. Bu cür ifadə konstruksiyası (şeir kimi!) təsvir edilənin dinamikası və plastikası ilə üst-üstə düşdüyü üçün yabançı görünmür. Yaxud “O ucqar dağ kəndindən gəlmiş sufiyanə yazar” obrazı dəqiqdir, canlıdır.
Bir sözlə, məzmun və ideyadan daha çox struktur və üslubi oyun üzərində qurulsa da, eksperimentlərlə zəngin maraqlı hekayədir.
Qismət
Əvvəlcə reklamlar. “Türbülans pro”nun yaddaşı 500 qiqabaytdır, hadisələri göstərən arxa kamerası 13, arabir müəllifi çəkən ön kamerası 6,5 meqapikseldir. Korpusun rəngi ironik qırmızıdır. İki sim kart yeri var, biri Hacı Maili yığmaq üçündür, o biri dostları.
İndi isə efir. Şəhriyarın hekayəsi postmodern metafiksiyadır. Türklər, “üstkurmaca” deyirlər. Metafiksiya mətnin yazılma əhvalatını mətnə daxil etməkdir. Bu, oxucu ilə müəllif arasında ironik məsafə yaratmaq, brextian terminlə desək, “dördüncü divarın yıxılması”dır. Yəni metafiksiya fəndiylə yazılan mətnlərdə müəllifin əsas məqsədlərindən biri oxucunun əhvalata, qəhrəmanların başına gələnlərə uyub getməyinin qarşısını almaqdır. Yəni ayıq olun, bu mətndir, müəllif tərəfindən qurulub, konkret məqsədi var. Burada məsələ “topos”dur, yəni bədii mətndə məkan. Tutalım, Ağcabədinin Qaravəlli, ya da İmişlinin Ağcüyür kəndiylə Bakının Buzovnası arasında fərqlər varmı? Yaxud, ötən əsrin 60-70-ci illərinin nəsrindəki əyalət, ya da paytaxt bugünküylə eyni yerlərdirmi? “Kənd nəsri – şəhər nəsri” anlayışı niyə yaranıb? “Yaza bilmirəm, səs at” kimi bir cümlənin həyatımızın adi reallığına çevrildiyi bir erada yazı necə olmalıdır? Yaxşı qonorar olsa, bunları yazmaq olar.
Maral Yaqubova
Əvvəlcə “Türbulans”ı oxudum, yəni “old” versiyanı, “pro”nun fərqini görə bilim deyə.
Birinci hekayənin təhkiyəçisi (sadə, qeyri-ritorik, obrazsız və bayağı nitqi ilə) epizodik yaddaşında ilişib qalmış hadisəni bütün təfərrüatları və konteksti ilə dəqiq xatırlayır, amma, anlam verə bilmir. Anlam verə bilmədiyi bu hadisə (babanın yalançılığı və situasiyaya ailə üzvlərinin laqeydliyi, əslində, qənddandan qənd oğurlayan yaşda olan oğlanın “inam”ının qırıldığı andır) onun sonrakı davranış və həyata baxış alqoritmini nizamlayır, ünsiyyətinin “Çürük”lüyünə, nitqindəki təkəbbürlü ədasına, münasibətlərinin səthiliyinə qədər təsir edir. Təhkiyəçinin nitqindəki təkəbbür və davranışındakı laqeyd əda hekayədə bilərəkdən sıxışdırılmış psixoloji, sosioloji, siyasi məzmunları oxucunun təcrübə və təxəyyülünün aça bildiyi həcmdə tədricən doldursa da, hekayə anlam yükünü “kozinaki” (bütün fonem oyunları ilə birlikdə) kəlməsində qazanır. İnsan yaddaşının koqnitiv psixoloji şərhində belə bir bölgü var, bizə aid yaşantıların depolandığı epizodik yaddaşımız (“Yadımdadır” deyə başlayan narrativlərlə özünü büruzə verir), yaşam boyunca öyrəndiklərimizi mühafizə etdiyimiz (“Bilirəm” deyə başlayan narrativlər) semantik yaddaşımız. Bu iki yaddaş bir-biri ilə sıx bağlıdır, semantik yaddaşımız epizodik yaddaşımızdakıları izah etmək üçün bir vasitədir, xatırladıqlarımızı dilin dünyasında ifadə etmək üçün semantik yaddaşa baş vururuq. Məhz, “kozinaki” sözü ilə, təhkiyə boyunca mənasızlıqda axan informasiya verballaşır, tələffüz olunur, adlanır, məcazlaşır, semantik və fonemik əsas qazanır. Semantik yaddaşın deposundan seçilmiş söz babadan nəvəyə miras qalan “tərbiyə”ni kodlaşdırır.
“Türbülans Pro” hekayəsi də adından da göründüyü kimi, içindəki informasiyanın başqalığına rəğmən davam hekayəsidir. Üst narrativdəki ironiya bər-bəzəksizdir, çılpaqdır. Sufi yazar və müdrik ədəbiyyatşünasın dialoqundakı “kənd” və “şəhər” nəsri bölgüsü, topoqrafik xəritənin çağırışdırdığı ironik çalar (sosial-mədəni-ictimai “çəki”si) alt narrativdə - sufinin hekayəsinin ironiyası ilə tamamlanır. Sufinin mətnindəki upuzun adlı xəstəlik, upuzun cümlə imitasiya edir, semantik yaddaşın verbal dolanbaclarında gəzişir, niyyətini bəzəkli və obrazlı nitqin arxasında pərdələyir. Sufi yazar müdrik ədəbiyyatşünasa mətnin içində “dərs keçir”, dialoqda işlədilən neqativ sözlərin heyfini alır. Bəzəkli, səliqəli və ütülü cümlələrin nizamını mətndə bir neçə dəfə təkrarlanan qeyri-etik deyim pozur. Bu deyimlər təkcə nitqi pozmur, on beş yaşlı oğlanın gördüyü mənzərələri dəyişir, pəncərədən gördüyü prospektin ruh oxşayan görüntüləri, pəncərənin altına, sonra prospektə, prospektdən şəhərə (üst narrativdəki topoqrafik xəritə boyunca hərəkəti) hərəkət etdikcə tutqunlaşır, qaralır, eybəcərləşir, vulkan (!) püskürtülərinin zəhərli tozlarından xəstələnmiş ağciyərlərin nəfəs alıb-verdiyi dünyanın “ağrısı”nı ifadə edir.
Hər iki hekayə haqqında çox danışmaq olar, amma bu hekayələrin məntiqi-semantik bağlılığını təmin edən bir məsələ var, hər iki hekayə deyir ki, cəmiyyət dili yaratmır, dil də cəmiyyəti yaradır, formalaşdırır. Hər iki hekayə oxucu ilə üslub oyunları oynayır, üst qatında çığıran ikrahedici vulqar dili (əxlaqsız!) ilə, əslində, alt qatda əxlaq institutlarını qoruyur, həm də mühafizəkarcasına. Və hekayələrin gerçək niyyəti ortaya çıxanda ikrah duyğusu aradan qalxır, daha doğrusu, əxlaqsızlıq məğlub olur.
Zahir Əzəmət
Maraqlı eksperimentdir, ləzzətlə oxudum. Müəllif xeyli ciddi mövzunu barmaqlaya bilib.
Ümumilikdə, mənə görə, hekayənin ana obrazı Pəncərədir. Həyatla aramızda dayanan pəncərə! Dünyada real həyata, ciddi mövzulara keçid ciddi prosesdir, Azərbaycanda isə mütləq bir dayı gəlib dəxilsiz-səbəbsiz səni qovmasa, pəncərənin o üzündəki həyatı görməyi öyrənməyəcəksən.
Əslində, hekayənin üslubu onun haqqında belə ciddi müzakirə açanları da tələyə salır. Fərq edilmədən hekayədəki ədəbiyyatşünasa çevrilə bilərik. Yaxşısı budur, dağılışaq.