Bir səhər yuxudan durub qəfildən,
Böyük Füzulini tərs oxuyasan:
"... tale zəbun, düşmən qəvi..."
Sonra milli mənəvi-mənəvi,
Bir lavaşarası dolma yeyəsən,
Bir qımız içəsən "oxqay!" deyəsən,
Düşəsən çox milli-mənəvi hala,
Üz tutub gedəsən avtovağzala,
Bir bilet alasan yola düşəsən-
Ən azı üç min il tarixi olan,
Salyan torpağında balıq yeməyə.
Yazıma əziz dostum Qismətin bu hikmətli, fəlsəfi, ümidli, nikbin şeiri ilə başlamağım təsadüfi deyil. Bu şeir mənə yadıma başqa bir dostumu – “xiyarın əbədi əyri bitməyə məhkum olması haqqında” amansız yazısı ilə ədəbi tənqidimizin ağsaqqalı Vaqif Yusiflini əsəbiləşdirən Fərid Hüseyni xatırladır. Fərid Hüseyni xatırlayanda Vaqif Yusiflini, Vaqif Yusiflini xatırlayanda avtomatik olaraq onun qardaşı Cavanşir Yusiflini xatırlayıram. Nədənsə son vaxtlar xatirələr mənə çox əzab verir...
Cavanşir Yusifli haqqında ötənlərdə bir yazı yazmışdım. Olanı yazmışdım. Bircə kəlmə şişirtmədən, heç kəsin dediklərinə qulaq asmadan, sifarişsiz yazmışdım. İncimişdi Cavanşir bəy. Bəlkə də haqlı idi. Bəlkə də mənim onun xəyalən sərhədlərini cızdığı ədəbi çevrəyə, mühitə dəxlim yoxdur. Şair deyiləm, nəsr yaza bilmirəm, istedadsızam, avara bir adamam. Amma and olsun bütün müqəddəslərə ki, mən tənqid etsəm də, igidin haqqını yemərəm, heç kəsə kor-koranə, tanımaza-bilməzə sataşmaram, nahaq bir cümlə də yazmaram.
Əsəbiləşmişdi Cavanşir bəy. İki sutka yorulmadan, usanmadan Feysbukda ironik status yazdı, paylaşımlarımı şərh etdi, nə zamansa mənim də şeirlərimə qiymət (?) verdiyi yazını paylaşdı və deyəsən sonunda başa düşdü ki, mənim onunla heç bir şəxsi-qərəzim yoxdur. Üstəlik həmin yazını yazmamışdan bir müddət öncə tənqidçilərlə bağlı keçirilən bir sorğuda Cavanşir Yusiflini Azərbaycanın iki obyektiv tənqidçisindən biri olduğunu qeyd etmişdim. Tənqid etməyimə baxmayaraq fikirlərimi dəyişməmişəm. Ümid edirəm, Cavanşir bəyin də mənimlə qərəzi yoxdur və haqqımda olan düşüncələrində önyarğılı deyil. Amma and içərəm ki, önyarğılıdır.
Bizdə tənqid, münasibətləri düşmənçilik müstəvisinə çəkir. Şəxsi münasibətlər bir yazı ilə, bir müsahibə ilə pozulur. Um-küsü, narazılıq, gen gəzmələr başlayır. Təbii ki, belə şeylər peşəkarlar üçün qəbuledilməzdir. Könül istərdi ki, tənqidçimiz də, yazıçımız da, şairimiz də önyarğılı olmasın...
Cavanşir bəyin son yazısının yol açdığı polemika da bu qəbildəndir. İradə Musayevanın münasibəti, Mehman Qaraxanoğlunun yazısını oxudum və mənə elə gəldi ki, “bu xəmir hələ çox su aparacaq”. Kaş ki, bütün bu polemikalar şəxsi münasibətlərə ziyan vurmaya, dostları, həmkarları bir-birinə düşmən etməyə. Haqqımızda yazılan tənqidi qəbul etmək niyə bu qədər çətindir? Niyə dərhal bizi tənqid edən adama cavab verməyə, ona ironiya etməyə, ələ salmağa çalışırıq?
Mən bir çox mətləbləri anlamaqda çətinlik çəkirəm, bir çox mətləbləri düşünməkdən qorxuram, bir çox mətləbləri görəndə isə dəhşətə gəlirəm. İnsanların səmimi olmaqdan it kimi qorxduqları bir dövrdə, qalxıb Cavanşir Yusifliyə haqq qazandırsam və ya desəm ki, Cavanşir Yusifli haqsızdır yanlış anlaşılacam. Hər iki halda, əsəblərimi qorumaq üçün məsələnin daxili qatlarına enmədən, üzdən, ötəri bir fikir bildirmək istəyirəm.
Dəstəbazlığın hər cürünə, qruplaşmaların hər növünə, “rumka yoldaşları” cəngavər ordeninə nifrət edirəm! Ədəbiyyatda bu dəstəbazlığı, qərəzi, kini dəstəkləmirəm. Tənqidçilər arasında başlayan bu qovğa, bir çox mətləbləri gün işığına çıxaracaq – hətta lazım olmayan mətləbləri də...
Qorxuram ki, sabah kim kimə, harada araq aldığını, taksi pulu verdiyini, cibinə “pul basdığını”, “şot ” verdiyini də açıqlasın. Onsuz da sandıq açılıb, pambıqlar küləklə sovrulur.
Məndən olsa deyərdim ki, çox dərinə getməyin....