Bu gün tanınmış şair Cəlil Cavanşirin doğum günüdür.
Kulis.az onu təbrik edir və şeirlərini təqdim edir.
ikimiz də gileyliyik – taledən, sevgidən, adamlardan
bir daha bataq günaha, sonra tövbə edərik
insanlar unutqansa, biz niyə ruhdan düşək?
Gəl yenidən ağlayaq, əzab çəkək,
gəl bir daha aldanaq, doktor
sonra yenə yorulaq,
sonra bezsək gedərik...
gəl bir də bataq günaha, sonra tövbə edərik....
səni sadəcə gözəl gülüşlərinə görə sevə bilərəm,
və bəlkə də
səni sadəcə gözəl gülüşlərinə görə sevirəm...
bilmirəm
səndən sonra nə olacaq,
düşünmürəm
səndən öncə kim varsa unutmuşam,
özüm də yaddan çıxmışam, doktor
özüm də unudulmuşam...
Mən indi üzgünəm və ruhum paramparçadı
İndi o dərin baxışlarının dolanbacında aza bilərəm.
Sənin oyaq qaldığın, ağladığın bütün gecələrə,
keşik çəkə bilərəm, doktor.
Sənə şeir yaza bilərəm...
Bu gün anladım ki, doktor
Məni bu sərsəri ömrün sonuna sən ötürə bilərsən...
Heç vaxt mənim olmayan xoşbəxtliyi
gətirə bilərsən...
Mənə bir az ümid ver, yaşamaq yox, yaşlanmaq üçün...
Bircə sözün bəs edər
Həyata bərk-bərk tutunmağa,
Bircə gülüşün bəs edir,
Hamını sevməyə...
Səni sevdim ki dəyişim,
Sevdim ki, ümidim olsun həyata bağlanmaq üçün...
***
Mənə çoxdan tanışdı bu sərsəri duyğular
Ruhun cəzası sevgi, ötəsi dəlilikdi.
Bir gecədə doğulub, sonra ölən arzular
Bu da ki, tale yolum...
Cırılmış gündəlikdi.
Bir avarsız qayığam, sevdalar dənizində
Yenə sovurur məni çılğın, dəli küləklər.
Özünlə aparırsan xoşbəxt gülüşlərimi…
Getdi sənli günlərim
Geri gəlməyəcəklər…
Bir yandan da havalar…
Üşüyürəm, donuram…
Heç olmasa sən getmə, nolar, sən getmə hələ…
Mənə əlvida demə, vidalardan qorxuram
Məni belə unutma, məni tərk etmə belə…
Bu şəhərin ən qərib adamıyam bəlkə də
Gəl məni köksünə sıx, məni bərk-bərk qucaqla
Hamıdan getmək olar, hamıyla yola çıxma
Məni ən son tərk elə, məni axıra saxla...
***
Və mən sonra xatırladım ki,
Payızdı,
və mən
aşiq ola bilərəm payızda...
Və mən çox sonra xatırladım ki,
xəzəldi hər tərəf
və mən
Ölə də bilərəm...
***
Olmadı, alınmadı
Parçalandım, dağıldım
Öz içimdə yurd saldım
Yüz ürəkdən qovuldum...
Olmadı, alınmadı
Parça-parça bölündüm
Misralara çevrilib
Yad dillərdə deyildim...
Olmadı, alınmadı
Yerim səhv düşdü nəsə
Öz içimə qısıldım,
Əl açmadım heç kəsə...
Olmadı, alınmadı
İndi əlim boşdu, boş
Gecələrim hüznlü
Sabahlar yarısərxoş...
Olmadı, alınmadı
Bacarmadım, gecikdim
Guya, çox çalışırdım
Guya, dəyişəcəkdim...
Olmadı, alınmadı
Yaş keçdi, ömür ötdü
Dərdlərim doğmalaşdı
Dərdlər məni böyütdü...
Olmadı, alınmadı
Yollar dumanda itdi
Əl etdiyim qatarlar
Hamısı çıxdı, getdi...
Olmadı, alınmadı
Bir çiçək də dərmədim,
Ya dərməyə gecikdim,
Ya da dərə bilmədim...
Olmadı, alınmadı
Beləymiş, bəxtim, belə
Deyin üzü bərk imiş,
Deyin, yaşayır hələ...
Olmadı, alınmadı...