Vətəni ələ salanlar

Vətəni ələ salanlar
18 fevral 2015
# 08:00

Səhnəyə Azərbaycanda bayrağı gətirilir, aparıcı vətəndaş andını kağıza çıxarıb tamaşaçılarına paylayır, “Koroğlu” uvertürasının sədaları altında bekar xalalar-əmilər sıraya düzülüb kəkələyir...

Bir neçə gün əvvəl “Facebook”da belə bir video yayılmışdı. ATV-nin “Gün üzü” proqramının aparıcısı İlqar Mikayıloğlu tamaşaçıları ilə baş-başa verib efirdən xorla vətəndaş andı içirdilər. Daha doğrusu, buna and içmək yox, efirdə məzhəkə qurub vətəni gözdən salmaq, vətəndaşı bambılı yerinə qoymaq deyirlər. Açığı, video ilə bağlı insanların ciddi münasibəti mənə maraqlı idi: kim nə yazıb?! Gəl ki, göz atdığım şərhlərdə, paylaşımlarda daha çox lağlağıdan, mırt tutmadan başqa bir şey görmədim. Məsələn, kimi məşhur Nəriman dayının tamaşaçı sevgisinə təbəssüm göstərir, kimisi verilişə yeni abunə yazılıb kövrək addımlarını atan ağsaqqal kişini yazıçı Anara, məşhur fantast yazıçı Rey Bredberiyə oxşadır, İlqarın eynəyini, köynəyini müzakirə edirdi.

Məsələ bu olayı qamçılamaq, tənqid edib “vətən əldən gedir, ay aman” şivənliyi salmaqda deyil. Bizdə son vaxtlar hər şeyi məqsədli şəkildə hörmətdən salma prosesi gedir. Xüsusən, müharibə, milli faciələrlə bağlı verilişlərdə, müzakirələrdə insanlar sanki bərkdən, gücü çatdığı qədər qışqırmaq istəyir ki, baxın, vətəni hamıdan çox mən sevirəm, ona görə vətəni biabır etməyə hamıdan çox mənim haqqım çatır!

20 Yanvar günü ANS-in səhər proqramına baxanda tüklərim biz-biz olmuşdu: aparıcı xanım başında qırmızı kəlağayı, sevincək telefonla danışır: mən çoxdan ocağıma gözəl gəlin axtarırdım, nə yaxşı oldu, balam evlənir-filan. Bir az keçir, anamızın mobil (?) telefonuna zəng gəlir ki, oğlunu şəhərdə rus əsgərləri öldürüb. Həngamə bundan sonra başlayır. Aparıcının şit kədəri, yersiz dərd yamsılamağı adamda faciəyə izah edə bilmədiyim ikrah hissi yaradır.

Bu adamlar Azərbaycana ermənilərin 20 Yanvarda, Xocalıda törətdikləri vəhşiliklərdən daha böyük zərbə vururlar, bunu bilmərrə yadda saxlamaq lazım!

# 1003 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #