Qar tanrısı - “Ən yaxşı hekayəmiz”

Qar tanrısı - <span style="color:red;">“Ən yaxşı hekayəmiz”
1 aprel 2016
# 21:00

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahıya əsasən Mübariz Örənin «Qar tanrısı» hekayəsini təqdim edirik.

“Göylərdə sizin üçün maraqlı heç nə yoxdur...”

K.Abdulla. “Kölgə”

Könlünə alma düşdü, düşdü nədi, lap yeriklədi almaya...

Yatağından quş kimi qıvraq qalxdı. Köhnə daxmasının qapısı açıldıqca buzlaqlardan qaçaraq gecə-gündüz çağlayan Malka çayının qıjıltısı daha aydın eşidildi. Avqust işığında düz-dünyanı ağzına almış ucsuz-bucaqsız günəbaxanlığın şəffaf, dup-duru sarısı sinəsinə yağ kimi yayıldı. O, heç vaxt özünü belə gümrah hiss eləməmişdi. İllər sonra Duqlas Freşfildin ekspedisiyası təkrar bu dağlara dönüb, deyirdilər. Bir tərəfdən də Yesara Dionisovnanı görmüşdü yuxuda. Görmüşdü sağdı Yesara, bax, həmən bu günəbaxan səhrasının tən ortasında dayanıb ona əl eləyir. Yaman xoşbəxt görünürdü. Çöhrəsi şəfəq saçırdı. “Axır ki arzuna çatdın, Yexiya. Əvvəl-axır bu baş verməliydi. O zirvə sənindi!” - dedi və durduğu yerdə, təpədən dırnağa ağ-appaq tüklə örtülü həşəmətli bir varlığa çevrildi. “Sənə alma gətirə bilmədim, Yexiya, - elə bil səsi də kallaşdı. - Əvəzində Qar gətirdim. Daha sənə ölüm yoxdu!..”

Sonra ulduz kimi bir göz qırpımında parlayıb yox oldu...

- Bismillah! Bismillah!.. - əlini sifətinə çəkib vird elədi qoca.

Neçə vaxtdı qəribə söz-söhbətlər gəzməyə başlamışdı qəsəbədə. Ətraf meşələrdə, dağlarda əcaib-qəraib məxluq peyda olub, deyirdilər. Öz mövcudluğunu, varlığını hiss etdirməkdən qaçan həmin məxluq - onun bütün bədənini örtən sıx, dümağ tüklərinin altında qadın əmcəkləri açıq-aydın sezilirmiş, - iti dağ çayını axına qarşı, sərt qayanı dik yuxarı asanlıqla qaça bilir, hərəsi beş-on metrə çatan iri addımlarıyla atı qovub qaranəfəs edirmiş. Adamın bütün sinirinə, beyninə təsir edib vahiməyə salsa da, dumana-torana düşən ovçulara, çobanlara yol tapmaqda, çay keçməkdə, başı pozulmuş sürünü hoylayıb bir yerə yığmaqda köməklik göstərirmiş. Hətta bir nəfəri ölümün əlindən çəkib almışdı, - danışırdılar...

- Bismillah! Bismillah! Bismillah!.. - yenə öz-özünə təkrarladı.

Günəşin ilıq şəfəqcikləri düşdükcə quruyub taxtaya dönmüş ayaqlarına hissiyyatı qayıdırdı. O, bu günü çox gözləmişdi. Onun uzun illər ölməyib, qocalığın lap “dərinliklərinə” enib sağ qalmasına səbəb bu günün eşqi idi; bilirdi ki, bu gün hökmən gələcək və Duqlas Freşfild qayıdacaq.

“O zirvə sənindi, Yexiya!” – yuxuda dedi Yesara...

“...o zirvə hələ insan ayağı görməyib.” – bu sözləri isə birinci uğursuz ekspedisiyası zamanı Duqlas Freşfild demişdi. Bəlkə də bu “sehrli” sözlər olmasaydı Yexiya başını yerə qoyub çoxdan dünyasını tərk eləmişdi. General Emanuelin səs-küylü ekspedisiyası zamanı çoban Kiların fəth etdiyi zirvə Elbrusun şərq zirvəsi imiş. Ondan daha hündür olan qərb zirvəsinə isə hələ də insan ayağı dəyməyib...

***

Dağ-daşa zəlzələ necə lərzə salar, General Emanuelin ekspedisiyası bu dağların əbədi rahatlığını eləcə pozdu. Bəlkə ondan da betər! Yadındadı, - gəl bir, yadında olmasın! - iyul ayı idi, ilin bu vaxtları havalar xoş keçdiyindən sürünün ağzı gəlib Bermamıdın ətəklərinə dirənmişdi. Elə gözəl gün idi!.. Çoban yoldaşları ilə deyib-gülür, zarafatlaşır, çalıb oynaşırdılar, - Kilar idi, oydu, bir də Burqustan tərəfdən iki cavan çoban gəlib onlara qoşulmuşdu. Bir də gördülər, nə? Baksan çayı boyunca üzü yuxarı, sıldırım qayalıqların lap dibiylə, darısqal dağ yoluyla bir qaraltı “sürünür”, ilahi, ucu-bucağı yoxdu! Bir anda kefdən əsər-əlamət qalmadı, bədənlərini bürüyən təlaş sifətlərinə verdi.

Öndə atlılar gedirdi, qurd sürüsü kimi bir-birinin ardınca düzülmüş piyada qoşun isə hər iyirmi addımdan bir dayanır, nəfəs dərib təzədən “sürünürdü”. Eniş-yoxuşların sərtliyi, cığırların darlığı rahat irəliləməyə imkan vermirdi. Tüfənglərini belinə alıb hərəsi bir deşikdən çıxan dağlı kişilər halaylayıb üzük qaşı kimi dövrələmişdi qoşunu. Özgə vaxt bir-birlərini didib-parçalamağa hazır olan xırda xalqlara yad təhlükə qarşısında bir olmağı təbiət özü öyrətmişdi.

Dəhnəni su basar kimi Karbız yaylasında “gölləndi” ordu. Bura bivuak üçün – ordunun açıq səma altında gecələməsi üçün həddsiz əlverişli idi; dərin dərələrin xofundan, sərt qayaların heybətindən yaxa qurtaran qoşun nəhayət rahat nəfəs almaq üçün açıqlıq, genişlik tapmışdı. Lakin axşama yaxın hava qəfil korlandı. Əsgərlər əl-ayağa düşüb şax-şəvəldən, kol-kosdan əllərinə nə keçdi yığıb özlərinə şalaşlar – alaçıqlar düzəltməyə başladılar. Açıq qövs üzrə düzülən bu alaçıqların önündə çadırdan üç mobil palatka da qurulmuşdu. Bunlardan biri General, onun cavan arvadı və on iki yaşlı qızı üçün, ikincisi alimlər, - Generalın fikrincə, alimlərsiz Elbrusun fəthi boş, gərəksiz bir işdi; “dağı fəth eləmək azdı, onu elmə əlçatan etmək əsasdı...” – üçüncü çadır isə qərərgah zabitləri üçün idi.

Üç gün sərasər yağışlar yağdı və bu üç gün bəs etdi ki, onlar bir-birləriylə yetərincə tanış olub dostlaşsınlar. Belə məlum oldu ki, dağlıların ehtiyatı, əndişəsi əbəs imiş; onların üzərinə yeriyən min nəfərlik ordu elmi ekspedisiyadı. Generalın yanında Mirzə Qulu görəndə isə lap arxayın oldular. Görünür, General çox tədbirli adam idi. O, başa düşürdü ki, silah-süngüylə dağlı camaatının üstünə getmək təhlükəli oyundu. Odur ki, Mirzə Qulu qabağa vermişdi. Xasiyyətcə şən, zarafatcıl olan Mirzə Qul bu tərəflərin az-çox savadlı ağsaqqallarından idi. O, dağlıları qonaqlarla həvəslə tanış edir, General Emanuelin şöhrətindən ağızdolusu danışır, - Emanuel deməyə dili dönmədiyindən Mirzə Qul ona gah Maneyel, gah Manelay deyirdi, - onun Napoleonlu Fransaya qarşı dörd döyüşündən şövqlə bəhs edirdi.

Lents adlı bir alim vardı. “Coul-Lents” qanunu eşitmisiz? – dil boğaza qoymurdu Mirzə Qul, - hardan eşidəsiz, a yazıqlar, qoyun-quzu imkan verir ki...”

Havanın düzəlməsini gözləyən ekspedisiya üzvləri hərəsi bir işlə başlarını məşğul edirdilər. Onların arasında milliyətcə macar - madyar olan Bes adlı maraqlı bir tip də vardı, elmdən xəbəri olmasa da, belə bir ekspedisiyanın varlığından xəbər tutub hardansa özünü bura dürtmüşdü və işi-gücü əlləşib hamıya sübut etmək idi ki, yer üzündə bütün dillərin mənşəyi macar dilidi. Hətta Adəmlə Həvvanın adı belə macar adıdı. Xəzər sahillərinə qədər olan ərazilərdəki bütün millətləri öz həmqəbiləsi sayırdı Bes. Xoşbəxtlikdən, ya tərslikdən Emanuel özü də milliyyətcə macar idi. O, belə incə mətləblərdən danışmağı Besə qadağan etmişdi; bu, şəxsi heyət, xüsusən də yerli camaat arasında ciddi narazılığa səbəb ola bilərdi.

Üç günün içində əməlli-başlı qaynayıb qarışdılar. Dağlı kişilər qoyundan-quzudan əllərinə nə keçdi çalıb-çapıb gətirir, əvəzinə min cür əsgər toqqa-nişanı alıb xurcunlarına təpirdilər... Yexiyanın dərdi “toqqa-nişan” dərdi deyildi! Hardansa qəlbinə bir qığılcım çırtlamışdı, od tutub din-imanı yanmışdı! Generalın gözəl saçlı cavan arvadına vurulmuşdu, hara baxırdısa onun surətini görürdü. Elə Generalın arvadı da gözlərini ondan çəkə bilmirdi, baxışları müdam axtarıb bir-birini tapırdı...

Üçüncü gecə də şıdırğı leysan tökdü, bütün gecəni külək uğuldadı, əsdi-coşdu, yalnız səhərə yaxın insanla bənsin əbəsliyindən bezib səngidi. Hava açıldı və səhər tezdən Elbrus bütün əzəmətiylə “qonaqların qabağına çıxdı”.

Ordu hazırlaşıb yoluna davam etdikdə, baxdılar ki, özləri də orduya qoşulub, - ov ovçunun, sürü çobanın eynində deyil.

Tepkskop dərəsini keçib, cığırdan belə əsər-əlamət olmayan sıx meşəliklə üzüyuxarı - boz-qaramtıl dağlara, sərt, sıldırım qayalara qalxdılar. Axşamadək çox çətinliklə üç dağ aşa bildilər, onların birində şiş uclu qayalara dirənib dayandılar. Burdan belə nəinki at keçərdi, bəzi yerlərdə qayalar bir-birinə elə yaxın idi, hətta tək adam güclə sığışardı; sanki təbiət özü gözəli Elbrusun fəthinə əngəl yaratmışdı.

Təzədən alaçıqlar düzəldi, çadırlar quruldu, - düşərgə salındı.

Burdan belə ordu ilə irəliləmək mümkün deyildi. Emanuel iyirmi nəfərlik kiçik bir dəstə yaratmaq qərarına gəlmişdi. Bu dəstəyə üç alim, - onların arasında Lents da vardı, - sərt dağ iqliminə tab gətirə biləcək bir neçə kazak və dağlara yaxşı bələd olan iki nəfər - Kilar və Yexiya aid edildi.

Macar Bes ha dil töküb yalvarsa da Emanuel onu dəstəyə yaxın buraxmadı.

- Orada sənin həmqəbilən yoxdur! Ora hələ insan ayağı dəyməyib. Olsa olsa Yunan qızının qohumları olar, - General öz cavan arvadına baxıb mənalı-mənalı gülümsədi, - Prometeyi bu dağlarda zəncirə çəkiblər!

Zirvəyə ilk ayaq basan adama çox böyük mükafat - dörd yüz əlli frank pul və beş arşin qiymətli mahud parça vəd edildi. Səhər Emanuel dəstəni yığıb sağollaşanda, nəsə şübhələnibmiş kimi, Yexiyanın önündə ayaq saxladı, helləşməyə hazır qoç kimi alnını irəli verib durdu.

Bir neçə günlük azuqə, kəndir, paya, balta və sairlə yüklənib zirvəyə üz tutdu dəstə. Dağlar getdikcə öz hündürlüyünü itirirdi...

Kəskin təzyiq dəyişkənliyi, hava çatışmazlığı ömründə yüksəklik görməyən “gəlmə”ləri get-gedə əldən salır, onları bir-birinin ardınca qarın üzərində sərələ qoyurdu. Tək-tək gözə dəyən qar talaları getdikcə daha çox ərazini zəbt etməyə başlamışdı. Günortaya yaxın onlar qarın tam əsarətində idilər. Günəşin ağappaq qarda əks olunan işığı gözlərinə tikan kimi batırdı. Gün vurduqca əriyib yumşalmış qar ayaqlarına palçıq kimi yapışır, onsuz da ağır çəkmələrini zindana döndərirdi. İndi onlara yaxşıca şaxta kömək ola bilərdi; şaxta vurmuş qarda yerimək daha asandı.

“İnsan öz üzərində qələbə çala bilər, düzdü! Lakin bu fədakarlıq nəyə gərəkdi? - o, əvvəllər heç vaxt özünə belə suallar verməmişdi. - Axı bu qarlı, sıldırım qayalarda azacıq səhv məhvə bərabərdi. Insanı bu təhlükəyə, lüzumsuz riskə çəkən nəydi? Götürək elə Lentsi! Gül kimi alimsən, adın-sanın, var-dövlətin! Sənin nəyinə gərəkdi dağ-dərə?! Nə olsun ki, bu zirvəyə adam ayağı dəyməyib? Bir də... axı ola bilməzdi ki, indiyəcən heç kəsin ayağı dəyməsin bu zirvəyə. Neçə milyon illər keçib, neçə min adam gəlib gedib! Ola bilməz ki, hansısa ulu bir insan bu zirvəni fəth etməsin. Ola bilməz! Sadəcə bunu heç kim bilmir, heç harda yazılmayıb. Əsas məsələ bax budur, – gərək sənin qəhrəmanlığın harasa yazıla!..”

Axşama yaxın yalnız dörd nəfər sıldırım qayalarla əhatə olunmuş terrasaya – sinəsi büsbütün irəli çıxmış qayaya çata bildi. Dik qayaların kənarında heç vaxt qar qalmadığından ağın ağalıq səltənətində öz təbii bozaraq rəngini, “qaşqabağını” qoruyub saxlamışdı terrasa, onu əhatə edən bəyazlıqla əcaib kontrast yaratmışdı. Və... bu “qaşqabaqlı” sıldırımın arxasından əbədi qarla örtülü həşəmətli qoşa konus göründü: Elbrusun Şərq və Qərb zirvələri! Özgə vaxt adama son dərəcə azman görünən ətraf dağlar bu həşəmətin qarşısında miskin idi...

Lentsin ayaqları sözünə baxmırdı, əsməcəsi tutmuşdu. “Lənətə gələsiz” – öz ayaqları ilə idi davası. Onlar burada gecələyib səhər obaşdan yollarına davam etməli idilər. Lakin gecə Lentsin vəziyyəti daha da ağırlaşdı. İstiliyi qalxdı, titrətməsi artdı. Bütün gecəni öz-özünə sayıqladı. Üç nəfər idilər, - Kilar, Yexiya, bir də Kolya adında bir kazak vardı, o, - bu üç nəfərdən biri mütləq Lentsi düşərgəyə düşürməli idi. Kim razı olardı şöhrətin bir addımlığından qayıtsın? Heç kim! Kolya öz adını bəri başdan istisna elədi; bu işdən bilmərrə boyun qaçırdı. Qaldı ikisi, - Kilar və o. Aydın məsələydi ki, Yexiya daha cavandı və bu üç nəfərin içində zirvəyə daha yaxın o idi. Lakin heysiz-hərəkətsiz Lentsi geri düşürmək üçün daha çox güc tələb olunurdu; həm yolun çox hissəsi qət edilmişdi, həm də, çiynində ağır xəstə qarlı-sürüşkən daşları enmək onu çıxmaqdan daha çətindi. Son qərar Kiların idi. Kilar yaşca böyük, ağsaqqal idi.

Səhər səmada bir dənə də olsun bulud yox idi, göy üzü tər-təmizdi. Günəş şəfəq saçırdı. Belə zənn etmək olardı ki, göylər nəhayət o müqəddəs zirvənin fəthinə qol qoyub. Lakin və heyhad! Ürəyindən qara qanlar axan Yexiya düşərgəyə dönməyə məhkum idi. “Qonağı darda qoymaq dağlıya yaraşmaz” – Kilar demişdi. “Rədd olsun dağlı da, onun adəti də! Cəhənnəm olsun hər şey!” - bir neçə dəfə az qala hər şeyə tüpürüb geri dönəcəkdi Yexiya...

İkibir-üçbir düşərgəyə dönən dəstə üzvləri tamam heydən düşmüşdü. Əyin-başları büsbütün islanmış, gözlərinin altı şişmiş, sifətləri qırmızımtıl ləkələrlə örtülmüşdü. Xəstələri yerləşdirmək üçün General öz çadırını ayırmışdı. “Yesara, - General öz xanımını belə çağırdı, sən demə o həkim imiş, - bu qoçaqlara yaxşı bax...”

Yesara!.. Su kimi duru gözləri gülürdü Yesaranın, şırnaq səsli gülüşündən həyat ələnirdi. İncə-titrək barmaqları dəmir qollarında, sinəsində gəzdikcə - ürəyinə baxdı onun, nəbzini yoxladı, sonra yenə ürəyinə baxdı... – sökülüb-töküləcəkdi az qala... “Onun heç vaxt belə qadını olmayacaq! Qu tükü kimi ağappaq, zərif, yüngül bədənli! Qarğıdalı saçağı kimi uzun, qızılı saçlı... O, adi bir çobandı, uzağı nəsibi bir dağlı qızıdı: əlləri iş-gücdən qabar, dabanları daş-kəsəkdən çat-cadar, kobud, köntöy...” – birdən-birə Emanuelə həsədi tutdu, həsəd nədi, Generalla kəllə-kəlləyə gəlməyə hazır idi o!..

Əlində teleskop həyəcanla zirvəni izləyən General uşaq kimi sevincək atlanıb-düşməyə başladı, - zirvə fəth olunmuşdu! Kilar zirvədən əl edirdi! Bunu ancaq General öz teleskopundan görə bilərdi. Qulaqbatırıcı atəşfəşanlıq dağ-daşa səs saldı, nəhəng tonqallar qalandı, Elbrus bəlkə də ilk dəfə öz qoynunda od gördü.

Gecə səhərəcən bir kəsin gözünə yuxu getmədi. Hamı səhərki mərasimə hazırlaşırdı. General ətraf rayonlardan da dəvət olunmuş say-seçmə adamların, ağsaqqalların iştirakilə Kiları təltif edəcəkdi. Kilar zirvədən bir parça bazalt gətirmişdi. General onu iki bölüb, bir hissəsini İmperatora göndərmək üçün ayırıb ayrı qoydu, digər hissəsini isə uşaq kimi sinəsinə basıb əzizləyirdi.

Səhər Emanuel on iki yaşlı qızının inadı ilə onu Baksan şəlaləsinə apardı. Kilar göz xəstəliyinə tutulduğundan - gözlərini ağ işığa aça bilmirdi, - Yesara düşərgədə qalmalı oldu. “Sən bu qəhrəmana yaxşı bax ha, Yunan qızı, daha o elə-belə adam deyil!” – General gethagetdə Kiları bərk-bərk tapşırdı Yesaraya.

“...elə-belə adam deyil!” - Yexiyaya elə gəldi ki, General kinayəylə baxdı ona: “Kilar elə-belə adam deyil, sənsə elə-belə adamsan. Çobansan!”

“Kim nə deyir desin, General ona sataşır. Onu qəsdən cırnadır. Yaxşı, General, gör sənin başına nə oyun açır bu qara çoban!..”

Günorta baş tutacaq təntənəyə aid hər nə var onu qıcıqlandırıb özündən çıxarırdı. Generalın məxsusi bu mərasim üçün bəzədilmiş sevimli atı, yaxası ordenlə dolu kiteli, hər şey, hər şey... “Kiların şöhrəti bütün nəsillərə çatacaq.” – gedib-gəlib irişən Mirzə Qul da bir tərəfdən onu dəli edirdi. Kiları qət-təzə hərbçi paltarında görəndə isə beyninin qurdu tərpəndi. Gözünü əməlli-başlı qan örtdü, nə etdiyini özü də bilmədi, heç bilmədi özünü Generalın çadırına necə təpib!..

Çadırın ortasındaca quruyub qalmışdı Yesara! Ağ-yaşıl paltarında yarıyacan açıq şux, təzə-tər məmələri sinəsinə tökülmüş qızılı saçlar arasından şamma tağdan boylanan kimi boylanırdı. Gözlərində, dodaqlarında yığılıb qalmış illərin ehtirası az qala dilə gəlib, al məni, sor məni, bitir məni, Yexiya, deyirdi...

Hər şey bir göz qırpımında baş verdi. Yesaranı quş kimi yerdən üzüb Generalın bəzəkli atına mindirdi; Yesara əl verdi, at bel verdi!..

Düşərgədən üzü aşağı yolsuz-cığırsız meşəlikləri, Baksan çayı boyunca sərt-sıldırım qayalıqları at neçə uçurdu, ilahi!..

***

Elbrusun eşqi ilə Duqlas birinci dəfə Qafqaza gələndə Yexiyanın artıq səksən altı yaşı vardı. Duqlasın ekspedisiyası o vaxtların ən mahir, peşəkar alpinistlərindən təşkil olunmuşdu. O qədər təhcizatlı, mobil idilər ki, “Arqonavtlar” deyirdilər adlarına. Niyə yadındadı bu söz? Yesara Dionisovnanın ad günündə qəsəbə dükanından bir şüşə konyak almışdı, “Arqo” idi adı. Yesara şüşənin üstünü oxuyub, “ah, yunan konyakıdı, bizim konyakdı!” dedi. Yazıq o qədər sevindi ki, uzun illərdən sonra yetmiş yeddi yaşında nəhayət uşağa qalmışdı elə bil...

“Mənə bu dağların hər cik-bikini, hər dəlmə-deşiyini öz arvadı kimi tanıyan bələdçi lazımdı” – Duqlas hara getmişdisə, Yexiya Sattayevi demişdilər, onun daxmasını nişan vermişdilər. Bu dağları ondan yaxşı tanıyan olmazdı.

Yexiyanın daxması Xara Xora dağının döşündə, gözdən-qulaqdan uzaq bir yüksəklikdə idi. Yesaranı qaçırandan sonra düz on il Xara Xora dağındakı gizli mağarada yaşamışdılar. Emanuel ələk-vələk edib bütün ətraf dağları axtarsa da, İmperatora məktub yazıb əlavə qoşun tökdürsə də, - Qafqazı birdəfəlik ələ keçirmək üçün İmpertorun əlinə bundan yaxşı fürsət düşə bilməzdi, - şəhər-kəndləri çapıb-talayıb ələ keçirsə də onların iz-tozunu da tapa bilməmişdi. Bu gizli mağaranın yolunu ancaq Kilar bilirdi ki, o da, Emanuel ölüb hər şey yaddan çıxanacan öz dostunu ələ vermədi. Əksinə, ev-eşiyindən aralı düşmüş Yexiyaya arxa-kömək oldu.

İllər sonra nəhayət gün işığına çıxsalar da, ayrıca daxma tikib oradaca qaldılar...

Duqlas həmin yeri güclə tapmışdı. O vaxt Yesara Dionisovna hələ sağdı.

Gənc Duqlasın fəth olunmuş zirvəyə niyə bu qədər can atması Yexiyanı mat qoymuşdu. “O zirvə hələ insan ayağı görməyib” – bu sözləri eşidəndən sonra isə özünün də eşqi dombaldı. O vaxt onun vur-tut səksən altı yaşı vardı. Lakin - düz sözdü, zirvə fəth edilmir, dağ səni ya özünə buraxır, ya yox!, - onlar iki həftəyə yaxın oturub gözləsələr da, hava açılmadı ki, açılmadı. Gözləməkdən bezib, nəhayət yığıb-yığışılıb getdilər. O gedən, bu gedən! Üstündən neçə il keçib gör! İndi onun neçə yaşı olar? Öldürsən də tapmaz. Hər halda yüzdən çox olar. Bəlkə də lap çox! O vaxt Duqlas sütül oğlan idi, indi saçı-saqqalı ağarıb...

Bu səfər Yexiyanı özüylə dağa götürmədi Duqlas. Əvəzində cavan bir bələdçi tapmışdı ki, ədası yerə-göyə sığmırdı.

“O zirvə sənindi, Yexiya!” – bir də gördü zirvəyə doğru gedir, gedir nədi, bəlkə də uçur! Elə yüngül, qıvraq idi, kimsə qolundan tutub onu harasa dartırdı elə bil. İsti sırıqlısını geymişdi, yüngül boxçasını çiyninə atmışdı, vəssalam! Hara gedirdi, özü də bilmirdi! Axı bu yaşda onun Elbrus sevdası baş tutan iş deyildi. Duqlasın dəstəsi artıq iki gündü zirvəyə yol almışdı...

Qarşı dağlardakı sıx meşələr yuxarıdan daşda mamır kimi görünürdü... Göm-göy yaylaqlar get-gedə qarla örtülürdü. Lap dibdə təbii göl güzgü kimi bərq vururdu. Dağlardan üzü aşağı tökülən çay ağac budaqları tək şaxələnir, qaynayır, çağlayır, köpüklənirdi...

***

Duqlasın dəstəsi əsas zirvə qabağı qayaya çatanda artıq dağ-daş qarın əsarətində idi; çovğundan göz-gözü görmürdü! Onların xüsusi geyimləri - isti paltarları, əlcəkləri, maral dərisindən untıları, üzə kip oturan enli eynəkləri də onları xilas edə bilmirdi. Üst-başları, papaqları büsbütün qar idi, kiprikləri, qaşları şaxtadan sırsıra bağlamışdı. Əhval-ruhiyələri elə idi, sanki qayıtmaq barədə qərar qəbul etmişdilər. Onlara bələdçilik edən cavan kabardin isə onları elə yarı yoldaca qoyub qaçmışdı...

Ağ şalvarda, ağ əmmamədə, girza çəkmədə qarşılarında peyda olan qocanı gördükdə isə - qoca sanki diki qalxmırdı, uçurdu! - sevincdən it kimi boğuşmağa başladılar. Yexiya sanki dağa göydən düşmüşdü!.. Gecələmək üçün birnəfərlik hazır çadırlar quruldu, kompakt ağneft pilətəsində hətta çay da qaynatdılar... İndi hər şey səmti, yönü bilinməyən buludlardan asılı idi, - dağlarda havanı buludlar müəyyən edir, - əgər hər şey yaxşı olsa, sabah bu vaxt Avropanın ən yüksək zirvəsində olacaqdılar. Lents qayasından sonra zirvənin özü gəlirdi.

“Lents qayası ha! Lentsin leşini neçə kilometr belində daşıyan o, adı heç it dəftərində də yoxdu, - acı təəssüf hissi doldu sinəsinə. – Amma Lentsin adına qaya var! Sənə bu da azdı, Yexiya!”

Gecə yarıyacan yatmadılar, gözlərinə yuxu getmədi. Duqlas qəribə şeylər danışırdı. Elbrusun fəthiylə bağlı arxiv materiallarından danışırdı. Deyirdi, Bes adlı bir macar aliminin - alim ha! - maraqlı əlyazmasına rast gəlib: “Kilar o zirvəni fəth etmədi, - yazırmış Bes, - iki saatlığına qayanın arxasında yox olub sonra üzə çıxdı. Emanuel özü demədi ki, Kiları zirvədə görüb... İmperatora zirvə gərək deyildi, ortada hamıya sərf edəcək bir biclik vardı. Kilara pul lazım idi, Emanuelə İmperatorun yanında nüfuz, İmperatorun özünə isə Qafqaz lazım idi, bəli!”

Bilmədi, huşa gedib, ya nədi, təpədən dırnağa ağ-appaq tüklə örtülü həşəmətli varlığı bir də gördü. “Qalx ayağa, Yexiya, qalx! O zirvə sənindi!” - dedi və yenə parlayıb yox oldu...

Yüngül boxçasını çiyninə alıb gedirdi. Bom-boş boxçasını! İndi zirvəni onun əlindən heç kim ala bilməzdi! Kilar yox ha, lap Kiların ulu babası belə qəbirdən xortdayıb gəlsəydi də!

Göydə ulduzlar bir-birinin ardınca sönür, öləziyirdi... Hava açıldıqca dağ-daş görünməyə başlayır, təbiət “bərpa” olunurdu. Üfüqdə ağappaq bir xətt uzanırdı. Göyümtül dumana, çənə bürünmüş qar təpələri şəfəq düşdükcə şəffaf çəhrayı rəngə boyanırdı və birdən!.. Elbrusun buzdan tacı, İlahi! Səhər bəzəyində saysız-hesabsız, bəlkə milyonlarla gözqamaşdırıcı qığılcımlar bərq vurur, alışıb yanırdı; gah gümüşü, gah qızılı zərxara cübbəsi ətrafına işıq saçırdı; hətta qaramtıl, boz-yorucu sıldırımlar da bir anlıq öz rəngini dəyişib tunc rəngə boyandı...

İndi heç nə onun qarşısını kəsə bilməzdi! Artıq o, özü özünün deyildi! Ayaqları özünün deyildi! Fikri, hissi, ağlı... özününkü deyildi. “Kilar yalan satıb, o, zirvəni fəth etməyib. Bu zirvəni fəht edən kəs qayıdıb öz həyatını rahat yaşaya bilməz.”

Əzəmətli bir qayanın qarşısında heyrətdən donub qaldı, - nəhəng domino daşını dikəldib dik qoymuşdun elə bil, - qayanın zirvəsində zəncir yeri vardı! Sanki nə vaxtsa kimsə zəncirlənibmiş burda! Mat qalmalı işdi: bəni-insan ölçülərinə boy verməzdi bu zəncir izləri! “Prometeyi bu dağlarda zəncirə çəkiblər” – General Emanuelin nə vaxtsa macar Besə dediyi sözlər şimşək kimi çaxdı beynində, - ağlına bir şey batmadı...

Ağla qaranın cəngindən ağ qalib çıxmışdı, hətta öz kölgəsi belə ağappaq qarın üzərində gah göyümtülə, gah yaşıla çalırdı. Qara həyat rəngiymiş, hə! Buradan - ağın ağuşundan öz keçdiyi həyat, sürdüyü ömür özünə qara gəldi; günahı üzə çıxdı; Yesaranın ömrünü oğurlamışdı o!

Sinəsinin başı göyüm-göyüm göynəyirdi. İndi hər şeyindən keçməyə hazır idi o, təki bu yükü çiyinlərindən ata bilsin. Lakin... nəyi vardı ki, nə də keçə, - həyatdan ona qalan bir boxçaydı, o da boş...

“Bütün günahlar qara daşlara çökür, onun da üstünü qar örtür. Sənə qar gətirdim, Yexiya!” – Yesaraydı! Əvvəlki, lap əvvəlki! Yuxuda gördüyü əprimiş, sallaq əmcəkli Yesara yox, əbədi daşlar kimi bərk, şux məməli Yesara! - “Görürsən, deyilənlər oldu! Bu zirvə sənindi, Yexiya! Heç kəsin ayağı bu zirvəyə dəyməyib! Daha sənə ölüm yoxdu!”

“Görən Duqlas öz teleskopunda gördümü onu?!” – dərin bir məyusluq sardı vücudunu; qatı dumanda göz-gözü görmürdü axı. Daha dəhşətli, daha dərin məyusluqsa pikdə haqladı onu; zirvədə heç nə yox idi! Onun ömür boyu can atdığı, sağ qalıb, nəhayət ki, çatdığı zirvədə heç nə yox idi...

Dumanın ağına qarışmış qarlı dağlar öz sərhədlərini itirmişdi, - yer göyə qarışmışdı, göy yerə...

Tək hara gedirdi, özü də bilmirdi...

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal"

Y.Səmədoğlu "Astana"

Ə.Haqverdiyev "Bomba"

Anar "Gürcü familiyası"

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib"

S.S.Axundov "Qaraca qız"

Ə.Haqverdiyev "Mirzə Səfər"

Ə.Əylisli "Nənəmin tütün kisəsi"

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək"

Qan Turalı "Şaxtababanın qətli"

Anar "Asılqanda işləyən qadının söhbəti"

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl"

Anar “Mən, sən, o və telefon”

Ə.Haqverdiyev “Çeşmək”

E.Əlləzoğlu “Doğum”

Y.Səmədoğlunun “İncə dərəsində yaz çağı”

Yaşar “Tabut”

Ə.Haqverdiyev “Şeyx Şəban”

Elçin “Parisdə avtomobil qəzası”

K.Abdulla “Səhvlərimizin qrammatikası”

Ş.Ağayar "Şəkil"

Elçin Qatar. Pikasso. Latur. 1968.”

A. Divanbəyoğlu “Can Yanğısı”

N.Kamal "Nana sevirdi"

E.Hüseynbəyli “Kəndə gün çıxanda qayıdacağıq…”

K.Abdulla "Adaşlar"

S.Əhmədli "Arabaçı"

Y.Səmədoğlu “Soyuq daş”

F.Uğurlu "Dərviş"

S.Baycan “Puqaçov üsyanı”

R.Əlizadə "Əncir qurusu"

# 2452 dəfə oxunub

Müəllifin son yazıları

# # #