Yolun əhəmiyyətindən danışıb yoldan çıxanlar  - Cavid Ramazanlı yazır

<b>Yolun əhəmiyyətindən danışıb yoldan çıxanlar  - <span style="color:red;">Cavid Ramazanlı yazır </b>
10 aprel 2018
# 17:30

“Bu əsər dünya dillərinə ən çox tərcümə edilən (dilimizə çevrilməyib) və müasir dövrdə ən çox oxunan antik mətnlərdən biridir. Təkcə ingilis dilində onun 100-dən çox tərcümə versiyası var”.

Rəvayətə görə, qoca Lao Tsı Çin ölkəsini tərk edərkən, sərhədi qoruyan mühafizəçi onu tanıyıb və xahiş edib ki, bildiklərini bir kağıza yazaraq ona versin. Lao Tsı sərhədçinin istəyini yerinə yetirib və beləliklə, “Tao Te Çinq” (“Taonun Yolu”) əsəri meydana gəlib.

Bu rəvayət əsərin yazılmasıyla bağlı saysız-hesabsız versiyalardan sadəcə biridir, çox güman elə əfsanədir də. Ümumiyyətlə, Taoizmin təməl kitabı sayılan “Tao Te Çinq”in müəllifi və yazılma tarixi indiyəcən müəmma olaraq qalır. Ən qədim əlyazma eramızdan əvvəl 4-cü əsrə məxsusdur, amma əsərin ondan da qədim olduğu hesab edilir.

Bəzi araşdırmaçıların ortaq rəyinə görə Lao Tsı e.ə. 6-cı əsrdə yaşamış, Konfutsinin müasiri olmuş (ikisinin görüşdüyü də deyilir) bir Çin müdrikidir. Bəzilərinin fikrincə isə həm də bir ədəbi şedevr olan “Tao Te Çinq” bir nəfərin yox, bir neçə nəfərin qələmindən çıxıb. Əsərin müəllifinin dəqiq adı da şübhəlidir, çünki Lao Tsı hərfi mənada “Qədim Usta” kimi tərcümə edilir, deməli, bu, müəllifin əsl adı ola bilməz.

Simvollarla, məcazlarla və söz oyunlarıyla zəngin klassik Çin dilində yazılmış “Tao Te Çinq”in dəqiq tərcüməsini çatdırmaq hədsiz çətin olsa da, bu əsər dünya dillərinə ən çox tərcümə edilən (dilimizə çevrilməyib) və müasir dövrdə ən çox oxunan antik mətnlərdən biridir. Təkcə ingilis dilində onun 100-dən çox tərcümə versiyası var.

Beş-on il əvvəl yazıldıqları halda, insanların köhnədir deyib yaxın durmadığı kitablar dünyasında 2500 il əvvələ aid bir əsərin - üstəlik onu başa düşmək üçün mütləq izahlı şərhlərə də baş vurmalısan -kütləvi şəkildə oxunması doğrudan da maraqlı fenomendir.

Amma bir şey var ki, mətn nə qədər dolaşıq olsa da, şərh olunmağa ehtiyac duysa da, məğz sadədir. “Tao Te Çinq” insanlara əsl, dolğun və zəngin həyat yaşamağın ipuclarını verir. Lao Tsı həyatın mənasını formada deyil, məğzdə; səthdə deyil, dərində; həqiqətin illüziyasında deyil, həqiqətin özündə axtarır. Əsərin ilk misrası belə başlayır: “Getdiyin Yol əsl Yol deyil”. İkinci bəndin ilk misrası isə belədir: “Dediyin Söz əsl Söz deyil”.

Yaşadığımız dünyanı çirkləndirmişik. Şəxsi həyatımız müharibə meydanı kimidir. Günahlarımız, qorxularımız bizi təlaşlı, narahat bir insana çevirib. Özümüzü istədiyimiz kimi ifadə edə bilmirik. Özünəəminliyimizi itirmişik, başqalarından sevgi və diqqət umuruq. Daimi bir fəlakət gözləntisi içində yaşadığımızdan içimizi qurdlar gəmirir. Özümüz başda olmaqla heç kimə və heç nəyə inanmırıq...

Həqiqəti axtarmaq eşqiylə insanın tarixdən əvvələ gedib çıxması, minilliklərin tozunu üzərinə daşıyan mətnlərə üz tutması bəlkə də buna görə başadüşüləndir.

Sadə, təvazökar həyat yaşa, özünü dərk et deyir Lao Tsı:

"Təvazö, şəfqət, təmkin.

Üç böyük xəzinəndir sənin.

Əməldə, düşüncədə təvazö

və sən öz qaynağına qayıdırsan.

Dostlarına, düşmənlərinə təmkin göstərməklə sən,

nəsnələrin yoluyla uyğunlaşırsan.

Özünə şəfqət göstərməklə sən

dünyanın bütün varlıqlarıyla uzlaşırsan".

Kitabda ailə, ictimai quruluş, idarəçilərin xalqla rəftarına dair də fikirlər yer alır. Əxlaq, vəzifə, ailə dəyərləri, dövlətçilik kimi məfhumların danışılmaqdan, şüar kimi qışqırılmaqdan dillərdə yara olduğu bir dünyada, bir cəmiyyətdə yaşayırıq. Ancaq öz gözlərimizlə də görürük ki, elə ən az riayət olunan, tapdalanan məfhumlar bunlardır. Qaydaları pozanlar başqalarından qaydalara əməl etməyi tələb edir, Yoldan çıxanlar yolun əhəmiyyətindən dəm vururlar. “Tao Te Çinq”də belə yazılıb bu haqda:

“YOL harada itirilibsə

Orada əxlaq və vəzifə var

Harada istedad və bilik varsa

Orada ən böyük yalanlar var

Bir ailədə dinclik qalmayıbsa

Orada kiçiklərə qayğı, böyüklərə hörmət var

Bir dövlətdə nizam pozulubsa

Orada dürüst dövlət adamları var”

Çin mədəniyyətinin təməl kitabı hesab edilən “Tao Te Çinq”i oxuyarkən, insani problemlərin əsrlər keçsə də, mahiyyət olaraq heç dəyişmədiyini görürsən. Kitab çox zaman diqqətlərdən kənarda qalıb, amma müəyyən böhran zamanlarında ona hər zaman bir qayıdış olub. İndiki dövrümüzdə olduğu kimi.

İnsanı bəşəriyyətin mərkəzinə yerləşdirən, onu yaradılışın əşrəfi adlandıran təktanrılı dinlərdən fərqli olaraq, Taoizm insana heç də belə yanaşmır, yerdə-göydə tanrının əlamətlərini axtarmır. “Tao Te Çinq”də yer və göy, təbiət neytral məfhumlardır və insan onlara hörmətlə yanaşmalıdır.

Əsərdəki ən gözəl bəndlərdən biri insanın doymaq bilməyən nəfsinin dünyanı ələ keçirmək yanğısı barədədir. 2500 il əvvəl yazılmış misralar sanki dünyanı bölüşdürmək üçün böyük güclərin kəllə-kəlləyə gəldiyi müasir dövrümüz barədə yazılıb.

“Dünyanı ələ keçirmək yanğısı

Dünyanı əldən keçirmək yanğısı

Sınanıbdır, məğlubiyyətə məhkumdur

Dünya müqəddəsdir

Gəlməz ələ

Əlini uzadan kirlədər onu

Əldə saxlamaq istəyən itirər onu”

Hər gün stressdən, gərginlikdən xilas olmağın yolları barədə mətbuatda saysız-hesabsız cəfəng məlumatlar oxuya bilərik. Əcaib meyvə və tərəvəzləri yeməkdən tutmuş, əcaib hərəkətlər və davranışlar sərgiləməyə qədər. Amma bir şeir, nəzm əsəri oxumağın insan sağlamlığına faydaları barədə yazını nadir hallarda görərik, bəlkə də heç görmərik. Lao Tsı-nın “Tao Te Çinq” əsərini oxumaq isə, bu mənada həm böyük bir zövqdür, həm də həyatı yaxşılaşdırmaq, daha faydalı insan olmaq yolunda güclü bir mənbə.

# 1975 dəfə oxunub

Müəllifin son yazıları

# # #