Kulis.az Cavid Ramazanovun Orxan Həsəninin "Və dalğalandı yaddaş tarlası" romanı haqqında yazdığı "Dalğalanmayan yaddaş tarlası" adlı yazısını təqdim edir.
Təxminən 50 yaşdan yuxarı adamların palaz-palaz yazılar yazdıqları ağ-qara nəşrlər var ölkədə. Hərdən təsadüfən qarşına çıxırlar. Gözəyarı nəzər yetirəndə görürsən, bura nəsə fərqli aləmdir. Müəlliflər elə özləri kimi tanınmayan, bəlkə də, heç mövcud olmayan adamlar barədə təmtəraqlı yazılar yazırlar - tost yazıları. Darıxdırıcı hərf horrasını görəndə istər-istəməz düşünürsən, bunlar yəqin, gülüb keçməyin üçün çap olunur, başqa nə məqsəd ola bilər ki?
Amma nəsə baş verdi, metamorfoz ya mutasiya və bu tendensiya sosial mediaya da sızdı: yeni yazarlar bir-birləri haqda tost yazıları yazmağa başladılar. Tutalım, birinin alababat bir mətni çıxır, çox keçməmiş bu alababat mətni “bənzərsiz”,“orijinal”, “təkrarsız” kimi sifətlərlə, “sarsıldım”, “heyrətləndim“, “təəccübümü gizlədə bilmədim” kimi feillərlə tərifə boğan yazılar peyda olur. Mətn haqqında nə bir analiz var, nə də əsaslı bir tənqid, yalnız tərif, tərif, tərif.
Haqqında yazılan yazar da borclu qalmır, ona tost yazısı yazan müəllifin mətni çıxanda ona eyni ruhda bir tərifnamə hədiyyə edir.
Başa düşmək olmur, onsuz da ədəbiyyat bu ölkədə bir ovuc adamdan başqa kimsəni maraqlandırmır, ədəbiyyatçılar özləri yazıb özləri oxuyurlar. Hamı bir-birinə bələddir, kimin qabında nə var, ortadadır. Belə olan halda bir-birinə mədhiyyə qoşmağın adı nədir? Lap tutalım, səni saxta təriflə beş-üç nəfər tanıdı, sonra? Bu çox miskin təsəlli deyilmi? Gözə kül üfürməkdənsə, bir-birimiz haqqında səmimi və dürüst olmaq daha yaxşı olmazmı? Ən azı yaradıcı inkişaf naminə.
Orxan Həsəninin "Və dalğalandı yaddaş tarlası" romanı haqqında yazılan tərifləri oxuyanda ağlımdan bu düşüncələr keçirdi. Gördüm, bu yazılar kitab barədə heç nə demir, müəllifi də azdıra bilər. Ona görə özüm bacardığım qədər dürüst yazmaq qərarına gəldim, saxta, süni, təmtəraqlı tərifə yol vermədən.
Elə isə gəlin başlayaq romanın ən vacib elementindən, obrazdan.
Romanın dili, süjeti, dialoqları, təsvirləri, keçidləri problemli ola bilər, amma obrazları yaddaqalan və inandırıcıdırsa, o alınır. Bunun ən tipik nümunəsini Dostoyevski yaradıb. Dil, süjet, təsvir baxımından Dostoyevskini güclü yazıçı hesab etmək olmaz, hətta Nabokov kimi estetlər onu yazıçı belə saymayıblar, amma Dostoyevski Rodion Roskolnikov, Karamazov qardaşları, Knyaz Mışkin kimi elə parlaq obrazlar yaradıb ki, əsərlərini oxumayanlar belə onun qəhrəmanlarını tanıyırlar.
Və yaxud götürək, Cerom Devid Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanını. Əsərdə xüsusi hadisə yoxdur, Holden Kolfild məktəbdən qovulur, Nyu-Yorkun küçələrində gəzib dolanır, “Mərkəzi Park”da avaralanır, bir bara girib çıxır, qardaşını, bacısını, valideynlərini xatırlayır, gizlincə evə baş çəkir. Sadəcə qəhrəman bütün baş verənlər barədə elə qeyri-adi danışır, ürəyini elə açıb tökür ki, onu unuda bilmirsən, yaddaşına həkk olunur.
Belə obraz yaratmaq, hər oğulun işi deyil, təbii, amma heç olmasa, obraza azca da olsun qan, can, ruh verməyə çalışmaq istənilən yazıçının bir nömrəli öhdəliyi olmalıdır.
"Və dalğalandı yaddaş tarlası"nda müəllifin bir nömrəli uğursuzluğu da elə budur, onun obrazları cansız-cəsədsizdir.
Bir kitabda bütün obrazlar necə eyni cür düşünə, eyni intonasiyada danışa, oxşar daxili aləmi bölüşə bilərlər? Onlar özlərini ifadə edərkən ancaq bir nəfəri görürsən, müəllifi, ancaq və ancaq müəllifi.
Orxanın qəhrəmanlarının, Bakı Dövlət Universitetinin tələbələrinin həyat tərzi də inandırıcı deyil. Bizdəki orta statistik tələbənin kollektiv əyləncə anlayışı nədir? Hansısa kafedə kekslə çay içmək ya lahmacun yemək, ən çoxu da karaokeyə getmək. Orxanın qələmə aldığı tələbələr isə birlikdə səyahətə çıxır, qızlı-oğlanlı siqaret çəkir, şərab içir, yüksək ədəbi-estetik söhbətlər edir, yaddaşdan, nostalgiyadan dəm vurur və otel otaqlarında sevişirlər!
Sual verməyə bilmirsən, ay Orxan, haradadır bizdə belə tələbələr?
Orxan obraz yarada bilməyib, bunun əvəzində yaddaş, xatirə, xatırlamaq barədə bitməz-tükənməz bir fəlsəfi mükaliməyə girişib.
20-21 yaşlı tələbə, BDU-nun filologiya tələbəsi yaddaş, xatirə, xatırlamaq barədə nə deyə bilər? Mütaliə əsnasında o qədər yaddaş, xatirə, xatırlamaq sözlərinə rast gəldim ki, axırda saymağa başladım. 135-ci səhifədən 185-ci səhifəyə qədər hesabladım, müəllif 50 dəfədən çox bu sözlərdən istifadə etmişdi. 185-ci səhifədən sonra hesablamağın daşını atdım, az qala hər səhifədə, əksərən də yan-yana bu sözlərdən istifadə etmişdi:
“Çünki insanın həyatında qalıcı olmağın yeganə yolu onunla uzun zaman eyni xatirələri bölüşməkdir deyə düşünürdüm. Həyat bir zamandan sonra onsuz da keçmişi xatırlamaqdır, buna görə fiziki təmasla bərabər hər xatırlamada yaddaş sarmaşıqlarında da rastlaşacaqsan. Bu olsaydı, Aniyə ilə evlənə, xoşbəxt ola bilərdikmi?
Aniyə bir yandan hadisənin əhəmiyyətsizliyini jestləri ilə bildirmək istəyir, bir yandan da ən xırda detallara yenirdi. İki il öncə baş vermiş hadisəni belə xırda təfərrüatlarınacan xatırlanması mənim üçün daha böyük əzab idi. O həmin gün içilən çaxırın markasını da demişdi, sonra gözlərini qıyıb otağın nömrəsini eşidilməcəyək tərzdə pıçıldamışdı. Demək, bu hadisəni iki il boyunca dəfələrlə xatırlamışdı, unutmağa çalışmamışdı.
Tez-tez düşündüyümüz, həsrətində yanıb tutuşduğumuz hadisələri detallarınacan xatırlayarıq...
Beləcə, hadisələrin səhnəsini içimizdə yenidən qurmaqla ona əbədilik bəxş edərik...
İllər keçdikcə hadisələr köhnəlir, biz yaddaşımızda qurduğumuzu xatırlamağa başlayırıq”.
Yaddaş, xatirə, xatırlamaq. Orxan bütün roman boyunca bu barədə nəsə deməyə çalışıb.
Romandakı ilk cümlə: “İlk xatirən hansıdır?”
Romandakı son cümlə: “Və dalğalandı yaddaş tarlası”
Yaddaş barədə ədəbiyyatda hər şeyi demiş yazıçı Marsel Prustdur. “İtirilmiş zamanın sorağında” romanında Prustun obrazı "madlen" keksindən dadır və bu dad onu yaddaşın ənginliklərinə aparır, nəticə: 4215 səhifədən ibarət nəhəng roman.
Amma Orxandan fərqli olaraq, Prust hər səhifədə yaddaş barədə nəsə deməyə ehtiyac görmür, heç özümüzün də xəbəri olmadan bizi xatirə okeanına daldırır, biz üzdükcə üzür, özümüzü suda balıq kimi hiss edirik.
Burada bir haşiyə çıxıb Marsel Prustun yeni ədəbi gəncliyə təsirindən və gənclərin onu imitasiya cəhdlərindən danışmaqda da fayda var.
Ümumiyyətlə, Azərbaycan nəsrinin ən böyük çatışmazlıqlarından biri novatorluqda kasad olmasıdır. Dövrdən-dövrə hər ədəbi nəsil hansısa titan yazıçını imitasiya etməyə girişib. Bir vaxtlar rus yazıçılarını təqlid edirdilər, sonra Qabriel Qarsiya Markezə keçdilər, sonra Franz Kafkaya, sonra postmodernistlərə, indi də növbə Marsel Prustdadır. Təqlidlə nabələd oxucunun başını bişirmək olur, amma vaxt keçib sular durulanda məlum olur ki, “novator yazıçı” sən demə, imitatorun böyüyü imiş ki. Türkcə tərcümə kitablarının yerli bazara ayaq açmasıyla yeni ədəbi nəsil Prustla tanış olub və indi 100 il əvvəl yaşayıb-yaratmış müəllifi imitasiya etmək üçün özünü saxlaya bilmir. Yəqin, o, Azərbaycan üçün xam torpaqdır, ona görə.
Əgər Şamxal Həsənov “Səs və ya qırmızı” romanında Prustun üslubunu təqlid edibsə, Orxan Həsəni onun fəlsəfəsini əlhavasına götürməyə çalışıb. Yaddaş barədə nəsə demək üçün isə adam gərək əvvəlcə yaşasın. Volterin sözüdür: “Filosof olmazdan əvvəl yaşamaq lazımdır!”
Orxanı ilk növbədə də elə yaşı ələ verib. Mətnindən apaydın duyulur ki, onun həyat təcrübəsi az, intellektual baqajı hələ kiçikdir, nəticədə o, özünü bələd olmadığı qaranlıq meşəyə salıb və yolunu azıb.
Halbuki bildiyi mövzulardan yazanda Orxan çox yaxşı yazır. Onun bundan əvvəlki hekayələr kitabını bəyənmiş, haqqında yazı da yazmışdım. Hekayələrdə Orxan əsgərlik, məcburi köçkünlük, tələbəliklə bağlı maraqlı xatirələr qələmə almışdı, amma eyni uğuru o, romanında təkrarlaya bilməyib.
Əlbəttə, kitabın yaxşı cəhətləri də var. Dil, müşahidə, tapıntılar var. Eksperiment cəhətdən də parlaq gedişlər edib. Amma necə deyərlər, izmlər, eksperimentlər gəldi-gedərdir, hekayələr yaşayır. “Və dalğalandı yaddaş tarlası” isə inandırıcı hekayət deyil.
Hər bir halda bu kitab yazılmalı idi. Roman yazmağın özü də bir hadisədir. Bu kitabdan, ümumiyyətlə, Orxanın bir müəllif kimi duruşundan hiss olunur ki, onun ürəyi ədəbiyyatla döyünür və yaxşı mətnlər qələmə almaq üçün yanıb-tutuşur. Əsas olan da elə bu yanğıdır, qalanı zamanla düzələr. Növbəti kitablarının yaddaşlarda dalğalanmasını arzu edirəm.