Gec tanıyıb, tez itirdiyim Taleh Həmid

Gec tanıyıb, tez itirdiyim Taleh Həmid
19 iyun 2019
# 20:58

Bu gün Taleh Həmidin doğum gündür

Həyatda rastlaşdığımız elə insanlar olur ki, onları gec tanımağımıza və tez itirməyimizə, sağ ikən onlarla çox vaxt keçirməməyimizə dərin peşmançılıq hissi keçiririk. Taleh Həmid mənim üçün belə insanlardan, şəxsiyyətlərdəndir. Təkcə mənim üçünmü?

Onunla 2005-ci ildə tanış olmuşduq. 90-cı illərdə öz rəhbərliyi ilə çıxan məşhur "Müstəqil qəzet"i bərpa etmək qərarı vermişdi. Qəzet bu dəfə istiqlal şairimiz Əhməd Cavadın oğlu, sabiq millət vəkili Yılmaz Axundzadənin təsisçiliyi ilə iki dildə çıxacaqdı. Azərbaycan türkcəsindəki "Müstəqil qəzet"ə Taleh Həmid, rus dilindəki "Nezavisimaya qazeta"ya Rasim Ağayev rəhbərlik edəcəkdi. Qəzet bir ilə yaxın - əvvəl gündəlik, sonra həftəlik formatda nəşr olundu. Bu müddətin cəmi dörd ayını birlikdə işlədik Taleh müəllimlə. Amma bu dörd ay aramızda səmimi dostluq münasibətlərinin yaranması üçün kifayət etdi.

O, tanıdıqlarım içərisində həyatın bicliklərindən uzaq, insanlara tez inanan biri idi. Sanki bu dünya üçün doğulmamışdı. Ondakı saflıq adamı bəzən çox təəccübləndirirdi. Hərdən düşünürdüm - axı necə ola bilər ki, bu qədər saf, sadə(lövh), hamıya inanan bu adam 90-cı illərin siyasət burulğanında ölkənin iki məşhur qəzetinə - "Yeni fikir"ə və "Müstəqil qəzet"ə rəhbərlik edib? Məntiqlə gəncliyində şöhrəti yaxalamış, dövrünün məşhur “Ulduz” jurnalında 12 il şöbə müdiri işləmiş, 1985-ci ildə SSRİ Yazıçılar Birliyinin üzvü seçilmiş, 1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına layiq görülmüş, indinin özündə də nazirlərin sözünü yerə salmadığı adam belə olmamalı idi axı. Amma Taleh Həmid beləydi və inamında dəfələrlə sarsılmasına baxmayaraq, insanlara qarşı münasibətdə yeganə silahından - dürüstlüyündən sonadək əl çəkmədi.

1996-cı ildə həyatdan çox ağır zərbə almış, 12 yaşlı qızı Sevinci sağalmaz xəstəlikdən itirmişdi. Bu hadisə onun sağlıq durumunda ciddi fəsadlar buraxdı və sonrakı xəstəliklərinə rəvac verdi.

Unutdum ömrün

uzaq qatarında

xoşbəxtliyimi,

İtirdim tələbəlik illərində

İtirdiyim çantam kimi.

İndi qaldıqca

Uzaq-uzaq qütblər arasında mən

Təcili bir elan vermək

Keçir ürəyimdən.

Ağrılar var - sinəmboyu yayılır,

Taleh Həmidin adına verilmiş

xoşbəxtlik

İtdiyi üçün etibarsız sayılır…

Amma heç vaxt onu səhhətindən şikayətlənən görmədik. Hətta xəstəxanada olanda belə ziyarətinə getmək istəklərimizi geri çevirirdi.

Lətifə danışmağı çox sevərdi. Bir çox şair və yazıçılarla bağlı lətifələri özünəməxsus yumorla danışmaq bacarığını Tanrı ondan əsirgəməmişdi. Günün istənilən saatında Taleh müəllimdən zəng gələndə bir lətifə eşidəcəyimizi təxmin edirdik. Salam-kəlamdan sonra ən çox eşitdiyimiz cümlə isə "qulaq as, səndən bir söz soruşum" olardı.

Öz soyadı Babayev idi, nəvəsinin adını Taleh, soyadını Həmid yazdırmışdı. Həmişə zarafatla deyirdi ki, mən "kitayski" Taleh Həmidəm, "nastoyaşi" Taleh Həmid nəvəmdir. 60 yaşı tamam olanda "Nastoyaşi" Taleh Həmid" başlıqlı yazı yazmışdım, uşaq kimi sevinmişdi. Deyirdi ki, sözümdən söz tutub başlığa çıxaracağın ağlıma gəlməzdi. O zaman dörd il sonra Taleh müəllimi itirəcəyimiz də bizim ağlımıza gəlmirdi...

Taleh Həmid getdi. Dünyada da, Azərbaycanda da saf, təmiz və təmənnasız insanların sayı bir nəfər də azaldı. Ondan bir də olmayacaq. Xatirəsi isə onu tanıyanların ürəklərində daim yaşayacaq. Əlvida, İşıqlı İnsan!

2016

# 3194 dəfə oxunub

Müəllifin son yazıları

# # #