Sən nə söylərsən, söylə...

Sən nə söylərsən, söylə...
14 dekabr 2012
# 14:40

Ədəbi çevrədə gedən münaqişələrə heç vaxt qarışmamışam. Hətta fikir bildirməkdən də çəkinmişəm. Ən azı ona görə ki, özümü ədəbiyyat adamı saymıram. Sadəcə, “qocalar”la “cavanlar”ın mübahisələrini müşahidə etməklə kifayətlənmişəm, vəssalam.

Qan Turalının Anarla müsahibəsini də elə bu kontekstdən oxudum. Şəxsən mənim üçün “Həcv”i nəzərə almasaq, uzun müddətdir susan Anarın nə deyəcəyi maraqlı idi. Eləcə də illərdir bir-birini qəbul etməyən, amma zahirən bir-birinə çox oxşayan bu iki adamın nə danışdıqlarını, Anadoludakı qardaşlarımız demişkən, “merak ediyordum”. Həm də ona görə ki, Anar ötən il Turalın çay içmək təklifini “mənim tövbə qapım açıqdır” deyə geri çevirmişdi. Maraqlı olmayan və həm də anlaşılmaz olan Turalın da, onun opponentlərinin də müsahibə ətrafında yaratdığı ajiotajdır.


Müsahibə ədəbiyyat nümunəsi kimi maraqlıdır, amma Turalın iddia etdiyi kimi, Azərbaycan ədəbiyyatında yeni mərhələnin başlanğıcı deyil. Bu, necə yeni mərhələ ola bilər ki, Anar bir yazıçı kimi Azərbaycan ədəbiyyatına verə biləcəyini verib, bundan sonra yeni nəsə verəcəyi də inandırıcı deyil. Tural isə istedadlı da olsa, gəncdir və ədəbiyyatımıza sovet dövrünün povestləri boyda iki-üç kitab verib, adını da roman qoyub. Hələ bundan sonra nə verəcəyi də bəlli deyil. Bu üzdən onun müsahibəni bu cür qiymətləndirməsi qeyri-təvazökarlıqdır ki, var. Bir müsahibə alıb onu dərc etməzdən öncə özünə bəraət qazandırması isə gənclik təcrübəsizliyindən başqa bir şey deyil.

Təbii, müsahibəni oxuduqca təəssüf doğuran məqamlarla da rastlaşdım. Bir zamanlar cəmiyyətin kumirinə çevrilmiş Anarın yaşa dolduqca kin və təkəbbürünün artmasını, ona müxalif olan gəncləri söz priyomlarından istifadə edərək aşağılamasını, hətta eyni nəsildən olan Əkrəm Əylislini bağışlaya bilməməsini, bütün bunların müqabilində etdiyi səhvləri etiraf edə bilməməsini, bir sözlə, axirət qorxusundan məhrum fikirlərini oxumaq ürəkağrıdıcı idi. Rəsul Rza və Nigar Rəfibəylinin oğlu, 60-cılar nəslinin görkəmli nümayəndəsi, Azərbaycan ədəbiyyatı və kinematoqrafiyası tarixinə adını yazdıra bilmiş nasir, xalq hərəkatının önündə gedən və milli kimlik şüurumuzun bərpasında mühüm xidmətləri olan ziyalı, ana dilimizin türk dili adlandırılmasına tərəfdar çıxan bir aydın belə danışmamalıydı. Adam göz görə-görə ətrafındakıların onu bu vəziyyətə salmasına, kreslo hərisinə çevirməsinə səssizcə razılaşdı. “Növbəti qurultayda yenidən AYB sədrliyinə namizəd olmağımla bağlı qərar verməmişəm” deməsinə baxmayın - o qurultay bu gün olsa, namizəd də olacaq, sədr də. Amma ən yaxşısı günü bu gün çəkilib evə getməkdir ki, heç bir dəyər tanımayan opponentləri tərəfindən daha da aşağılanmasına rəvac verməsin. Nə vaxtsa kumirimiz, sevimli yazıçımız və dəyərimiz olan Anarı bu cür görmək heç birimizə xoş deyil.


Turalın opponentlərinə gəlincə, bu adamlara deyən gərək - bir çay ilə adam nəinki ədəbiyyata, ideyalarına, hətta arvadına da xəyanət etmiş sayılmaz, bacılar və qardaşlar! Sən Anarı tanımadan illərlə söymüsən. İndi əlinə tanımaq imkanı düşübsə, get tanı və tanıyandan sonra söy də. Burda qəbahət nə var ki?

Dünənə qədər Turalla bir qəzetlərdə işləmisiniz. Necə olur ki, bir yerdə işləyəndə onun ədəbiyyata dəxli olurdu, indi yoxdur? Allahı sevərsiniz, insaflı olun bir az!

Anarın müsahibəsinin ikinci-üçüncü hissəsi yayınlanmamış söyməyə başlamağınız onu göstərir ki, siz bu adamı yamanlamaq üçün pusquda durmusunuz. Ağzını açmamış üstündən vurmağa çalışırsınız bu qoca xalq yazıçısının. Məşhur türk şərqisində deyildiyi kimi - “Sən nə söylərsən, söylə!” Amma unutmayın ki, bu misradan sonra gələn ifadə belədir - “Bu həyat keçməz böylə!”

Bir dəfə müxalifətin toplantılarının birində Əkrəm Əylisli rəhmətlik Əbülfəz Elçibəyə xitabən belə demişdi: “Bəy, hakimiyyətə gəlmək istəyirsənsə, əvvəlcə get öz xalqını yetişdir. Sən ona görə hakimiyyətdən getdin ki, bu sənin xalqın deyildi, Heydər Əliyevin xalqı idi. Bu xalqı Heydər Əliyev yetişdirmişdi, sən yox”. Əylislinin bu sözləri Elçibəyin sərt reaksiyası (“Əkrəm, mən sənə ədəbiyyat dərsi keçmirəm, sən də mənə siyasət dərsi keçmə!”) ilə qarşılaşsa da, həqiqət idi.

Mən nəsillər davasını qəbul edirəm, elə 60-cılar nəslini də bu dava yetişdirdi. Amma onlar “qocalar”a qarşı təhqirlə yox, yazdıqları əsərlərlə çıxdılar. Bu nəslin yazdıqlarını oxuyanlar 80-ci illərdə meydana çıxan milyonlar idi. Buyurun, siz də öz oxucu nəslinizi yetişdirin - təhqir yox, ədəbiyyat oxuyan nəslinizi. Bəlkə onda bu cəmiyyətin sürətlə dəyərsizləşməsinə son qoyular.

Və nəhayət, 37-ci ilin repressiyalarına bulaşmaqda ittiham etdiyiniz bir təşkilatdan və onun rəhbərindən mələk olmağı hansı məntiqlə tələb edirsiniz? Şəxsən mən bunu onlardan gözləmirəm də...

# 3641 dəfə oxunub

Müəllifin son yazıları

# # #