Kulis.az Cavanşir Yusiflinin “Xatirəsinə” yazısını təqdim edir.
Professor Tofiq Hacıyevin xatirəsinə
Bu gün Əli Kərimin anım günüdür.
Əli Kərimin poeziyasında nəsr vurğusu bəzən sezintilərlə, bəzən geniş spektrdə hiss olunur. Zaman məkanın içində əriyib, həll olub, amorflaşıb, məkansa insanı hər bir nöqtəsindən bəlləyən hislər, duyğular səltənətinə dönüşüb. Bu nöqtələrdən biri də onun özü haqqında üçüncü şəxs kimi danışmasıydı. O, dünyada yox imiş/ gördüyüm kəs yuxuymuş... / Nə siqaret çəkərmiş/ hey sümürə-sümürə// Nə də baş qaldırarmış// xırda bir səs-səmirə...
...Əli Kərimdə obrazın trayektoriyası oxucunu naməlumluqdan yenə naməlumluğa, sirdən sirrə aparıb çıxarır. Bu, bəlkə də əksər şairlərdə belədir. Obraz, detal nəsr dəqiqliyi ilə verilir, obrazın yaranma dinamikası elə libasda təqdim edir ki, bunun son məqam olduğunu, yaxud yeni başlanğıca yol açdığını duyursan.
...Az qala sındırdın barmaqlarımı, - deyimi bu qəbildəndir.
Yaxud, intonasiyada “fəvvarə effekti”. Hər yer susuzluqdan quruyub, ağaclar son nəfəsini çəkib durub, yarpaqlar yerdə, həşəm olub və birdən fəvvarədən su fontan vurur. Kiminsə son arzusundan göylərə yüksələn su ağacların ürəyini necə dindirirsə, şeirdəki intonasiya o susuzluğun səsinə, azadlıq yanğısına çevrilir. İnsanın azadlıq duyğusu olmaqla olmamağın sərhədini cızır. “Babək” şeirinə diqqət edin.
Qolu sındırılmış Babək.
Yurdu yandırılmış Babək.
Qan rəngli bir arabada
Şərq boyda bir xarabada
Söyə-söyə,
Döyə-döyə,
Hamıya görk olsun deyə
Kənd-kənd gəzdirilən Babək,
Ölübən-dirilən Babək;
Bu paralel, sinonim deyimlər müxtəlif mənbələrdən çıxsalar da, eyni nöqtədə görüşür və ayrılırlar. Yerə bir damcı da sıçramır. Bunun əksi olan hərəkətli mətn nümunəsi də mövcuddur.
Gecə yağış yağdı...
səhərə qədər...
Başını salmışdı zanbaqlar gölə.
Onları qoruyur bu vaxt su sudan,
Amma güllər, otlar, başqa çiçəklər
Yağışın altında mərd durmuşdular.
Gün doğdu... hər yerdə parladı bahar.
Zanbaqlar başını suyun altında
Şirin bir yuxudan çəkdiyi zaman,
Amma güllər, otlar, başqa çiçəklər
Qaldırdı başını zərbə altından.
Hər şey, bütövlükdə hərəkət aşağıya yönəlir, yağış, leysan altında hər şey başını aşağı salır.
Yaxud “Aut” şeiri. Bu tipli mətnlərdə belə deyək, zərbəni yox, onun ks-sədasını vermək əsasdır; sözlər gül ləçəkləri kimi yerin təkindən, ürəyin ağrısından/sevinc səsindən tökülür, sözlər itir ki, hislərin keçmişiylə indisi baş-başa görünsün. Dərslər sona yetir// O dəqiqə // tökülür keçmişə mühazirələr...Vizuallaşan mənzərə proza çayından keçib poeziyanın pıçıltı vadisinə yetişir. Sevdiyi oğlanın qayıtmayacağı xəbərini alanda hamının yanında olmaq istədiyi qızın hərəkətləri insanın ülvi hislərinin yanından keçib içinə çəkilən gül ləçəyi kimidir... Topu ağlına gələn uzaqlara vurur ki, oğlan görüb geri qaytarsın. Hislərin bu şəkildə verilməsi (müqayisə və epitetlər olmadan) Əli Kərimə xas üslub kateqoriyasıdır. Və başqalarından fərqli olaraq Əli Kərim poetik ideyanı metaforalarla “çəpərləmirdi”, daha dərin hisləri verməyə çalışırdı, həm də çox fərqli rakusdan...
Şeirdən qabaq ideya şəklində mövcud olan deyim mətn daxilində ilkin konstruksiyasını itirir, yeni düzümdə özündən qaçmağa, özgələşməyə meyl edir, ancaq bunu bacarmayacağı bəri başdan məlumdur. Bu “səmərəsiz” cəhd sonradan, yəni bir an içində ideyada mövcud olmayan, yaxud sadəcə işarə biçimində mövcud olan nəsnələri özünə qatıb mükəmməlləşir. Bu səbəbdən Əli Kərimin şeirində bütün artıq və lazımsız təfərrüatlar kəsilir, “içiboş” epitetlər yerini dolğun detallara verir. Onun “Oğluma” adlı şeirindəki obrazlar – uşağın iki şəxsin söhbətlərini havada dənləməsi, karandaşın ucuna alıb rəsm etməsi elə onun poetik sistemini bəlirləyən xüsusiyyətlərdəndir. Əli Kərim də qulağını zaman adlı nəhrə dayayaıb gələn uğultudan çıxan bəlkə də mikroskopik ştrixləri “dənləyir”, bədii mətnə çevirirdi. “Coğrafiya müəlliminin şəhadət barmağı haqqında ballada” tipli şeirlərində artıq bir yox, bir neçə detal aarsındakı hərəkəti nişan alır, onların ümumi mətləbdən uzaqlaşma və yaxınlaşma hərəkətini bütün görüntü gücü ilə təqdim edirdi. Bunlar konseptual şeirlər idi. Daha doğrusu, konseptual şeirə doğru gedən yol idi.